Nizami Gəncəvinin Xəmsəsinin bir səhifəsi Bakıya necə gətirilib?Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Fəridə Pənahova Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsinin Bakıya gətirilməsi ilə bağlı fikirlərini bölüşüb.

“Bu ilin may ayında Londonun məşhur Sothebys auksionunda Nizami Gəncəvinin Xəmsəsinin 16-cı əsrə məxsus bir səhifəsi hərraca çıxarıldı. Turan Qafarlı bu haqda facebookda paylaşım etdi. Belə bir əsəri mütləq Azərbaycana gətirmək lazım idi.

Bakıda idim deyə, auksionda iştirak etsəm də bankdan o məbləği keçirə bilməyəcəkdim. Dostlarla əlaqə saxladım. Onların arasında Əslən Güney Azərbaycandan olan, Londonda yaşayan iş adamı, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Savaş Mərəndli heç düşünmədən kömək edəcəyini söylədi. Auksionda iştirak edib əsəri aldı. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov auksion xərclərini qarşılayaraq əsərin çətin də olsa Azərbaycana göndərilməsini təmin etdi.

Bu bizim “Nizami ili”nə töhfəmiz oldu. Bu işdə bizə dəstək olan komitə sədri Fuad Muradov başda olmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səhlət Abbasova və Xəyalə Hüseynliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyeva ürəkdən təşəkkür edirik”.
[media=https://www.sothebys.com/en/buy/auction/2021/arts-of-the-islamic-world-india-including-fine-rugs-and-carpets/an-illustrated-and-illuminated-leaf-from-a-2?fbclid=IwAR2gj1gKIiIZ08PHa4w-DVmvNVnlWAqOBnYUHE3g--F7u8M8LCr-rAzV3jI]
Elnur Eltürk
Töreğali Törealı və məşhur idmançı Timur Spatayev Azərbaycana gəlir- VİDEODünyaca məşhur, Qazaxıstanlı sənətçi Töreğali Törealı və məşhur Qazaxıstanlı idmançı, dünya çempionu Timur Spatayev 03 yanvar.2022-ci ildə Hanlı Pazara gələcək.

Tanınmış iş adamı Yılmaz Okuklunun dəvəti və təşkilatçılığı ilə görüş və konsert Hanlı Restoranda keçiriləcək.

İş adamı Yılmaz Okuklunun bildirdiyinə görə, Hanlı Pazarda ticarətlə birlikdə incəsənət və mədəniyyət mərkəzi açılacaq.

"Türk dünyası öz mədəniyyətinə, sənətinə qayıtmayınca hədəfini tapa bilməyən ox kimi dolanacaq. Biz Hanlı Pazar komandası olaraq qarşımıza məqsəd qoymuşuq, hədəfimiz var. Qızıl alma... Qızıl almaya yaxınlaşdıqca, mədəniyyət, incəsənət, ticarət və idman sahələrində dünya xalqlarına əlavə dəyər verən, özümüzü təmin edən və ixrac edən bir cəmiyyətə çevriləcəyik!"-deyə Yılmaz Okuklu bildirib.
Fərhad Acalovun film təqdimatı olunubBu gün gənclər arasında boks üzrə ilk dünya çempionu olan Fərhad Acalovun film təqdimatı olundu. Film Fərhad Acalovun uşaqlıqdan idmana necə başlaması, əldə etdiyi uğurlar, qazandığı mükafatlar, bu yolda qarşısına çıxan əngəllərdən bəhs edir.

Filmdə bu əngəllərə baxmayaraq Fərhad Acalovun bu günə qədər idman sahəsində yeni işlər gördüyü, hər bir gəncə və idmançıya dəstək olması nümayiş olundu. Filmin təqdimatında Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan Peşəkar Boks Federasiyasının Baş Katibi Orxan Muxtarov, Azərbaycan Respublikasının əməkdar məşqçisi Rəhim Allahverdiyev və bir sıra media nümayəndələri iştirak edib.

Film çox böyük maraqla izlənib və sonda xatirə şəkillərinin çəkilməsi ilə tədbir yekunlaşıb.
Fərhad Acalov filmin təqdimatından sonra bu sözləri bildirib : Filmin ərsəyə gəlməsində "Motivator Azerbaijan" layihəsinə və onun təsisçisi Rüfət Həsənova öz dərin təşəkkürümü bildirirəm.


AzTV-dən İLK – Pakistan televiziyası ilə ortaq yayım olacaqTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu gün AzTV Pakistan televiziyası ilə ortaq yayıma çıxacaq.

Söhbət Pakistanın nüfuzlu “BOL” Media Qrupundan gedir. Bu gün saat 21:30-da AzTV-nin “Əsas məsələ” tok-şousu “BOL” televiziya kanalı ilə ortaq yayımlanacaq.

Verilişdə Azərbaycan tərəfdən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Qənirə Paşayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Pakistan tərəfdən isə “BOL” Media Qrupunun prezidenti, tanınmış siyasi ekspert Syed Sabez Ali və “BOL”un baş redaktoru, politoloq Əmir Ziya müzakirələr aparacaqlar.
Pakistan və Azərbaycan tamaşaçıları üçün nəzərdə tutulmuş ortaq yayımda qardaş ölkələrin yüksək səviyyəli əməkdaşlığından, dünyaya nümunə olan dostluğundan, tarixi Bakı Bəyannaməsindən, Heydər Əliyev Fondunun Azərbaycan-Pakistan münasibətlərinə töhfəsindən söz açılacaq.

Ortaq yayımın moderatoru aparıcı Elnar Məmmədli olacaq.

Məlumat üçün bildirək ki, AzTV ilə Pakistanın sözügedən TV kanalı arasında bir müddətdir əlaqələr qurulub. “BOL” TV Vətən müharibəsi zamanı Azərbaycana ciddi informasiya dəstəyi verib. Bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
“Nizami – iki dünyanın möhtəşəmliyi” yaradıcılıq müsabiqəsinin qaliblər mükafatlandırılıbYaşar Məsimov: "Tam əminliklə deyə bilərik ki, “Nizami – iki dünyanın möhtəşəmliyi” yaradıcılıq müsabiqəsi uğurla başa çatıb”

Orenburqda "Orenburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti"nin rəhbəri Yaşar Məsimovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Nizami – iki dünyanın möhtəşəmliyi” interaktiv mədəni-maarif yaradıcılıq müsabiqəsinin nəticələrinə yekun vurulub və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Azerforum.com xəbər verir ki, Müsabiqənin keçirilməsində əsas məqsəd Yaşar Məsimov aksiyanın başlandığını elan edərək qeyd etdiyi kimi, Orenburq və Orenburq vilayətinin, eləcə də Rusiyanın digər regionlarının sakinlərinin diqqətini Azərbaycan mədəniyyətinə, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına cəlb etməkdir.

Müsabiqə distant formatda keçirilib - iştirakçılar öz ifalarını videoformatda müsabiqənin təşkilatçısına elektron poçt vasitəsilə göndəriblər. Onun iştirakçılarının coğrafiyası müxtəlifdir - bunlar Rusiya və Azərbaycanın müxtəlif regionlarıdır.

Münsiflər heyəti fədakarcasına çalışıblar. Onlar bütün videoçarxlara baxaraq, çıxışları qiymətləndirdikdən sonra bir çox müsabiqə işlərinin yüksək ifa səviyyəsini qeyd ediblər. Bu da münsiflər heyətinə əsl estetik zövq verib. Münsiflər heyətinin ümumi qərarı ilə Müsabiqənin altı iştirakçısı qalib və mükafatçı olub.

İlk olaraq 3-cü yeri tutan müsabiqə iştirakçıları elan edilib. Bunlar Yelizaveta Rojkova (Orenburq) və Asim Primovdur (Bakı). Onlar üç min rubl pul mükafatı alıblar.

İvan Teleqin (Bakı) və Hüseynov Riyad (Bakı) ikinci yerə çıxıblar və beş min rubl pul mükafatına layiq görülüblər.
Və yalnız dünən məlum oldu ki, Günel Rüstəmova (Nijni Novqorod) və Zlata Marina (Bakı) 1-ci yerin və on min rubl pul mükafatının sahibi olublar.

Qaliblər və iştirakçılar, həmçinin diplomları ilə təltif olunublar.

Bu münasibətlə "Orenburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti"nin ofisində Yaşar Məsimov Münsiflər Heyətinin üzvləri - Orenburq vilayəti Yazıçılar Birliyinin sədri Vitali Mitrofanoviç Molçanov, şair Diana Yeliseevna Kan və tədbir iştirakçıları ilə görüşüb. Yaşar Məsimov müsabiqə iştirakçılarına diplom və hədiyyələr, münsiflər heyətinin üzvü isə bu yaxınlarda çapdan çıxmış “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabını təqdim ediblər. Tədbir çərçivəsində keçirilən müsabiqə və onun nəticələrinin müzakirəsi aparılıb.

“Tam əminliklə deyə bilərik ki, “Nizami – iki dünyanın möhtəşəmliyi” yaradıcılıq müsabiqəsi uğurla başa çatıb”, – Müsabiqənin təşəbbüskarı və təşkilatçısı Yaşar Məsimov vurğulayıb.
O bildirib ki, münsiflər heyətinin üzvlərinin qarşısında çətin seçim olub, lakin onlar bunu bacarıblar, qaliblər müəyyənləşib və artıq pul mükafatları verilib: "Qeyd etmək istəyirəm ki, bütün iştirakçılar çətin işə məsuliyyətlə və ciddi yanaşaraq onun öhdəsindən mükəmməl şəkildə - böyük şair və mütəfəkkir Nizami Gəncəvinin poetik sətirlərini oxuyaraq nail oldular. Şəxsən mən videoəsərlərə baxmaqdan böyük zövq aldım, çox xoş emosiyalar hiss etdim və hesab edirəm ki, bütün iştirakçılar öz mütaliələrini ləyaqətlə təqdim etdilər, Nizami poeziyasını şərh etdilər, lakin buna baxmayaraq, müsabiqənin qaydalarına uyğun olaraq , münsiflər heyəti ən yaxşıların ən yaxşılarını seçdi və layiqincə qaliblərimiz vəd edilmiş pul mükafatlarını aldılar.
Qalib olmayanlara da müraciət etmək istəyirəm. Ağlın varlığını heç vaxt itirmə, hər zaman irəli get, kiməsə uduzsan belə, bu əsəbiləşmək üçün səbəb deyil, hər şey sənin əlindədir, uğura aparan yol yalnız iradən və zəhmətindən asılı olacaq.
Yarışmamızda iştirak edən hər kəsə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Əziz dostlar! Həyatınızda çoxlu müxtəlif parlaq hadisələr və təəssüratlar olsun, sizə cansağlığı arzulayıram ki, həmişə uğurlar və uğurlar sizi müşayiət etsin, dostlarınız, ailəniz və dostlarınız sizi dəstəkləsin."


"Qızıl əllər" adlı yaradıcılıq müsabiqəsi təşkil olunubTəsviri sənət əsərləri və əl işlərindən ibarət "Qızıl əllər" adlı yaradıcılıq müsabiqəsi təşkil olunub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə iştirakçılar tərəfindən 80-ə yaxın əl işi təqdim olunub. Dekabrın 22-də Gənclər Mərkəzində müsabiqəyə təqdim edilmiş əl işlərindən ibarət sərgi formatında tədbir təşkil olunub. Sərgidə toxuma və hörmə işləri, müxtəlif materiallardan hazırlanmış fiqurlar, rəsm əsərləri, bəzək əşyaları və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3. yarımbəndinin icrasının təmin edilməsi, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, bacarıqlarının nümayiş olunması və cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan gənclərə diqqətin artırılmasıdır.

Müsabiqənin nəticəsinə əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Gülayət Məmmədova və şəhər 5 saylı tam orta məktəbin şagirdi Ayşən Novruzova I, şəhər 2 saylı tam orta məktəbin şagirdi Mirsalam Tağıyev, şəhər 3 saylı tam orta məktəbin şagirdi Vəli Məmmədov, şəhər 5 saylı tam orta məktəbin şagirdi Polad Poladov və Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Türkan Axundova II, şəhər 1 saylı tam orta məktəbin şagirdləri Zümrüd Məmmədova və Aliyə Abusəlimova, şəhər 3 saylı tam orta məktəbin şagirdi Aylin Nadirli, şəhər 5 saylı tam orta məktəbin şagirdi Zərif Süleymanova, şəhər 6 saylı məktəb-liseyin şagirdi Qulu Novruzlu və Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Aytel Əliyeva III yerə layiq görülüblər.

Müsabiqənin qaliblərinə fəxri fərmanlar təqdim edilib.






Azsaylı xalqların Prezidentlə görüşmüş ən yaşlı nümayəndələri AzTV-yə danışdıAzərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə bir neçə sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hazırlanmış filmlərdən biri olan “Xalqın sözü” mövzu fərqliliyi ilə diqqət çəkir.
Kinoproqramlar və dublyaj redaksiyasının istehsalı olan filmdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan yaşlı insanların, həmçinin azsaylı xalqların yaşlı nümayəndələrinin həyat hekayələri yer alıb. 88 yaşlı Aydın müəllim, 74 yaşlı fermer İldırım kişi, 87 yaşlı Xanımbacı nənə, 80 yaşlı Qriqori Smirnov və digərləri öz həyatları barədə danışıblar.

Onlar hər biri müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə görüşüblər və filmdə görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Çəkilişlər Quba, İsmayıllı, Balakən, Qax, Zaqatala, Lənkəran, Naxçıvan və digər bölgələrdə aparılıb.
Filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Nadir Diridağlı, quruluşçu operatoru Anar Dadaşov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri Elnur Məmmədovdur.

“Xalqın sözü” bu gün – dekabrın 21-i saat 21:00-da AzTV-də yayımlanacaq.

https://www.youtube.com/watch?v=sQ79zxlnvx0
AzTV-nin yubiley münasibətilə hazırladığı filmlərdən biri isə “Prezidentin gəncləri” adlanır. Sənədli film artıq yayımlanıb. (https://www.youtube.com/watch?v=A_1YXiVxdeE)

Filmdə uşaqlığı və gəncliyi Ali Baş Komandanın ölkəyə rəhbərlik etdiyi dövrə, yəni 2003-cü ildən sonraya təsadüf edən Azərbaycan vətəndaşlarına vətənpərvərlik hisslərinin aşılanmasından, onlara göstərilən qayğıdan bəhs edilir.
“Prezidentin gəncləri”ndə Vətən müharibəsi iştirakçılarının müsahibələrinə yer verilib.
Filmin ssenari müəllifləri Mintac Elsevər və Anar Şuşalıdır. Quruluşçu rejissor Emil Babayev, rejissor Bəhruz Qədirovdur.
“Xalq Əmanəti” layihəsinin yeni nəşri: “Şamo Abasov”Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib

Xalq Bank “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini dünən sənətsevərlərə və oxuculara təqdim edib. Böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub. Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub.

Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Əzim Əzimzadə adına dövlət incəsənət məktəbini bitirən gənc rəssam, 1978-84-cü illərdə Vera Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinin keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvülüyünə qəbul edilib.

Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olur. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İllər sonra sevdiyi sənətə – rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanır, maraqlı əsərlər yaradır.

Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyayamalik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. İstedadlı rəssam Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. 2014-cü il mayın 7-də Bakıda dünyadan köçüb.

Rəssamın yaratdığı bir-birindən maraqlı əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur.

Tədbirdə çıxış edənlər mərhum rəssam haqqında xatirlərini bölüşüb, “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini bir daha qeyd etdilər, Xalq Bankın xeyriyyəçilik missiyasını yüksək qiymətləndiriblər.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov mərhum Şamo Abasovu öz dəsti-xətti olan fırça ustası adlandırıb: “Bu gün biz ənənəvi olaraq Xalq Bankın təşkil etdiyi “Xalq Əmanəti” layihəsinin növbəti nəşrinin təqdimatına toplaşmışıq. Bu gün təqdim olunan kitab rəssam Şamo Abasova həsr olunub. Çox heyif, Şamo bu həyatdan tez köçdü. O, hər zaman öz sözünü deməyə bacaran sənətkar idi. Şamonu Azərbaycanın ən gözəl rəssamlarından biri sayıram. Rəsmlərinə baxan kimi bilirsən ki, bu onun əsəridi. Hamıya dost kimi yanaşırdı. Çox az yaşasa da Şamo öz işini axıra kimi görə bildi. Onun yaratdığı əsərlər hər zaman yaşayacaq”.

Xalq rəssamı Hüseyn Haqverdiyev tələbə yoldaşı və həmkarı Şamo Abasovu minnətdarlıqla yad edib: “Bu gün mənim üçün olduqca həyəcanlı bir gündür. Şamo haqda yalnız xoş xatirələrim var, biz onunla Leninqradda təhsil almışıq. O, pedaqoqların və tələbələrin sevimlisi idi. O, dostlarına, sənətsevərlərə zəngin bir irs qoyub getdi”.

Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova xatirələrini bölüşüb: “Bu, “Xalq Əmanəti” layihəsi çərçivəsində rəssamalara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir. Şamo Abasov rəngkarlıq sənətində çoxçox böyük bir iz qoymuş sənətkardır. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm.

Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı “Qarabağın göz yaşları” adlı silsilə əsərləri onun vətən itkisi ilə bağlı ağrısını əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Biz Ali Baş komandanımızın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Şamonun doğulduğu Cəbrayıl rayonu müzəffər əsgərlərimiz tərəfindən azad edildi”.

Mərhum rəssamın oğlu Turqut Abasov ailəsinin minnətdarlığını ifadə edib: “Ailəmizin adından kitabın ərsəyə gəlməsinə görə Xalq Banka, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Atamın yaradıcılıq dünyası ilə bu albom vasitəsilə tanış olmaq mümkündür. İnanıram ki, belə də olacaq”.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.