Sizin Reklam Burada

Kukla Teatrı 91-ci teatr mövsümünü uğurla başa vurdu

Kukla Teatrı 91-ci teatr mövsümünü uğurla başa vurduİyulun 14-də Azərbaycan Dövlət Kukla Teatrı özünün 91-ci teatr mövsümünü uğurla başa vurdu.

Teatrın rəhbərliyi və kollektivi teatrsevərlər, sevimli və tələbkar tamaşaçılar üçün bu son günü də yaddaqalan etmək üçün əlindən gələni etdi.

Cari mövsümdə hazırlanan maraqlı və baxımlı səhnə nümunələrimizdən olan “Üç donuz balası” (quruluşçu rejissor Saida Haqverdiyeva) tamaşası balacaların böyük maraq və axını ilə müşayiət olundu. Beləcə son tamaşamız da ənənəmizə uyğun olaraq anşlaqla keçdi.
Nümayişin ardınca mövsüm ərzində məhsuldar fəaliyyəti ilə seçilən teatr əməkdaşları – aktyorlar, rejissor və texniki işçilər müxtəlif nominasiyalar üzrə təşəkkürnamələrlə təltif olundular.

Günün sonunda isə teatrın ənənə halını alan növbəti təntənəli mükafatlandırma mərasimi reallaşdı. Belə ki, mövsüm ərzində teatr ilə sıx əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçiləri və mədəniyyət sahəsində imzası ilə seçilən yazarlar “Teatrın dostu” mükafatının təqdimetmə mərasimində bir araya gəldilər.

Mərasimdə çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə yazarları qarşıdan gələn peşə bayramları – 22 iyul – Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbrik etdi, onlara yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.

Azərbaycan Dövlət Kukla Teatrının sadiq dostları sırasında peşəkar qələm adamlarının, mədəniyyətimizə, teatrımıza bağlı insanların olmasından məmnunluqla danışdı. Onların sayəsində kuklaçıların fəaliyyətinin daim geniş auditoriyanın diqqət mərkəzində olduğunu dedi, davamlı əməkdaşlığa görə media təmsilçilərinə və onların simasında çalışdıqları qurumların rəhbərlərinə təşəkkürünü bildirdi: “Mədəniyyət sahəsindən yazmaq, teatra sevgi ilə yanaşıb, onu durmadan təbliğ etmək peşəkarlıq ilə yanaşı həm də bir yazardan yüksək zövq və sevgi tələb edir. Bu mənada illərdir kukla teatrına, kuklaçılara, onun yaradıcılığına diqqət ilə yanaşan bütün qələm əhli teatrın dostu, milli mədəniyyətimizin təəssübkeşidir.

Biz teatr ictimaiyyətinin fəaliyyətini teatrsevərlərin diqqətinə çatdırıb, körpü rolunu oynayan bütün dəyərli qələm əhlinə bir daha təşəkkür və zəngin mədəniyyətimizin təbliğ və tərənnümü yolunda əzmkarlıq arzulayıram”.

Gecədə 40-a yaxın media təmsilçisinə, eləcə də yaradıcı fəaliyyətində kukla teatrına xüsusi yer verən ictimai-sosial simalara “Teatrın dostu” simvolik mükafatı təqdim edildi.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər