"Qalib gələcək dəyərlər ağıl, bilim, demokratiya və hüquq olacaqdır"
Vasif Əfəndi
Politoloq
Bəşəriyyət tarix boyu müxtəlif imperiyaların, ideologiyaların və hegemon güclərin təsiri altında yaşamışdır. Bu güclər müəyyən fasilələrlə dünyaya sabitlik gətirsələr də bəzi hallarda müharibələrə, qarşıdurmalara və siyasi gərginliklərə səbəb olmuşlar.
Bu gün isə dünya yeni bir mərhələyə qədəm qoyur , Qlobal hegemonluq modelinin tədricən zəiflədiyi bir dövrə keçid dövrü başlamışdır. Geosiyasi proseslər göstərir ki, beynəlxalq münasibətlər sistemi dəyişir. XX əsrin sonlarında formalaşmış siyasi balans artıq əvvəlki kimi deyil. Bu dəyişikliklər xüsusilə ABŞ siyasətində də müşahidə olunur.
Düşünürəm ki, yaxın gələcəkdə ABŞ siyasəti daha təmkinli və balanslı xarici siyasət xəttinə qayıda bilər, bu isə müəyyən mənada 1980–90-cı illərin balanslaşmış diplomatiyanı xatırladan bir yanaşma ola bilər.
Son illərdə Yaxın Şərqdə baş verən gərginliklər də bu böyük dəyişikliklərin bir hissəsi kimi qiymətləndirilməlidir. Bu gün siyasi analitiklərin böyük əksəriyyəti münaqişələri konkret liderlərin qərarları ilə izah etməyə çalışsalar da, əslində bu proseslər çox daha uzunmüddətli strateji planların nəticəsidir. Bu baxımdan, regionda baş verən hadisələr bəzən “aysberqin görünən hissəsi”dir, yəni onların arxasında illərlə formalaşmış siyasi məqsədlər dayanır.
Liderlər dəyişir, hakimiyyətlər gəlir və gedir. Tarix göstərir ki, heç bir siyasi fiqur və ya siyasi model əbədi deyil. Tramp da Netenyahu da gedəcəklər, Xamenei getdi. Dövlət rəhbərləri müəyyən dövrün siyasi proseslərini yönləndirə bilsələr də, böyük tarixi proseslər adətən daha köklü dəyişikliklər nəticəsində baş verir.
Bu baxımdan, bəşəriyyətin qarşısında duran əsas məsələ Şərq və Qərb arasında uzun müddət mövcud olmuş siyasi və ideoloji qarşıdurmaları aşaraq daha sabit və ədalətli dünya qurmaqdır. Bir çox düşünürlər hesab edir ki, bu problemlərin həlli yalnız güc siyasəti ilə deyil, mədəni, elmi və demokratik inkişaf yolu ilə mümkündür.
İnsanlığın gələcək inkişafının əsas dayaqları isə dörd fundamental prinsipdə cəmləşir. Bunlar ağıl,bilim, demokratiya və hüquqdur. Ağıl və sağlam məntiq cəmiyyətləri fanatizm və radikalizmdən qoruyur.Bilim və texnoloji tərəqqi inkişafın ən güclü mühərrikidir. Demokratiya xalqın iradəsinin ifadəsidir və məsuliyyətli idarəetmə yaradır.Hüquq qanunun aliliyi və insan hüquqlarının qorunması ədalətli cəmiyyətin əsas şərtidir.
Tarix boyu zorakılıq və avtoritarizm üzərində qurulmuş sistemlər uzunömürlü olmamışdır. İnsan cəmiyyəti hər dəfə böhranlardan sonra yenidən qurularaq daha yüksək mərhələyə keçmişdir. Bu gün də dünya yenilənmə dövrünü yaşayır.
Bu yenidənqurmanın sonunda qalib gələcək əsas dəyərlər isə bilim , ağıl, demokratiya və hüquq olacaqdır. Məhz bu prinsiplər insanlığın daha azad, daha ədalətli və daha aydın gələcəyini təmin edəcək.
