"Speys"in yeni rəhbəri beş gün sonra istefa verdi - ŞokBir neçə gün əvvəl "Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

News24.az-ın məlumatına görə, Ü.Mikayılova Speys TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Speys TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Xatırladaq ki, Ü. Mikayılova Speys TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
Musa Yaqub vəfat etdiXalq şairi Musa Yaqub vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat yayıb.

Xalq şairi bu gün 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, vəsiyyətinə uyğun olaraq İsmayıllı rayonunun Buynuz kəndində - xanımının yanında dəfn ediləcək

Allah rəhmət eləsin!
Arif Quliyev vəfat etdiAzərbaycanın xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Xatırladaq ki, xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.
"Speys"in yeni rəhbərindən ilk açıqlamaXəbər verdiyimiz kimi, Ülviyyə Mikayılova "Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Avrasiya.net xəbər verir ki, Ülviyyə Mikayılova Unikal.org-a açıqlamasında artıq kollektivə təqdim olundğunu bildirib:

"Məni kollektivə MTRŞ-nın sədri İsmət Səttarov təqdim etdi. Təqdimatda da kollektivə bildirdim ki, "Speys" maarifləndirici televiziya olmalıdır. Sabahdan etibarən kollektivlə tanış olacam. İslahatların və yeni təyinatların olacağı ilə bağlı hələ ki, indidən nəsə deyə bilmərəm".
Fikrət Qoca vəfat edibAzərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza "Report"a faktı təsdiq edib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Arif Quliyevin vəziyyəti pisləşdiTəəssüf ki, xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.

Avrasiya.net xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O, “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

İbrahim Tatlısəs özündən 43 yaş kiçik xanımla evləndiTürkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs aparıcısı olduğu “İbo Show” verilişində maraqlı açıqlamalar edib.

“Haber Global”ın məlumatına görə, sənətçi bu yaxınlarda gizli şəkildə ailə həyatı qurduğunu bildirib.

Onun həyat yoldaşı isə özündən 43 yaş kiçik Gülçin Karakaya olub.

“Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyyətdə deyiləm”, - deyə ifaçı sayca beşinci evliliyini şərh edib.

Qeyd edək ki, Tatlısəsin 69, həyat yoldaşının isə 26 yaşı var.

Koronaya yoluxan nazir sağaldıKoronavirusa yoluxan Mədəniyyət naziri Anar Kərimov sağalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb:

“Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.

Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.
Meyxanaçı Ağakərimin son halı - VideoMeyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimə baş çəkib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi Ağakərimin yaxşı olduğunu bildirib. O, meyxanaçının yeni görüntülərini yayıb.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.