
“Bu gün mənim doğum günümdür. Ömrümün 41-ci baharıdır. Dostlarım, doğmalarım, yaxınlarım məni təbrik edir. Buna görə sağ olsunlar”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezident Cəlal Qurbanov bildirib.
“Amma mən 41 illik ömrümün 30 ilini Vətənim Şuşasız, Cıdır düzüsüz, Qarabağsız keçirmişəm və yalnız indi öz arzularıma çatmışam, torpaq həsrətindən xilas olmuşam. Bütün bunlar isə qəhraman şəhidlərimizin canı, qanı bahasına başa gəlib. Bəs mən necə doğum günü keçirə bilərəm?
Əslində, ürəyində həqiqi Vətən sevgisi ilə yaşayan insanların hər biri bu yurdun təsadüfən sağ qalmış şəhidləridir. Ürəyi döyünən, nəfəs alıb-verən, yeriyən, oturub-duran, qəbri açıq qalmış şəhid. İnanın səmimiyyətimə, 44 günlük Vətən müharibəsindən sonra ürəyim sanki şəhidlərimiz üçün döyünür, sanki şəhidlərimiz üçün nəfəs alıb-verirəm, sanki onlar üçün yeriyir, onlar üçün gedib-gəlir, onlar üçün oturub-dururam. Yeni il, Novruz bayramımı şəhidlərimizə həsr etmişəm, doğum günümü də onların müqəddəs ruhuna bağışlayıram.
Bu vətəndə xoşbəxt yaşamağa ən çox şəhid övladları, şəhid ailələri, eləcə də qazilərimiz layiqdir. Çünki mən onların hansı hisslər keçirdiyini çox yaxşı anlayıram. Mənim 41 yaşım olsa da, axşamlar evə bir az gec gələn kimi anam, atam narahat olur, zəng edir, ailə üzvlərim, övladlarım həyacan keçirir, zəng edir. Bir anlıq təsəvvür edirəm ki, ilahi, balasına bir ömür zəng çatmayan, balası bir ömür geri dönməyən analar, atalar nələr çəkir, hansı hisslər keçirir. Bir ömür geri dönməyən, telefonuna bir ömür zəng çatmayan ataların övladları, xanımları nələr çəkir, hansı hisslər keçirir, mən bunu ürək ağrısı ilə anlayır, dərk edirəm.
Bəs o şəhid ataları, şəhid anaları, şəhid balaları, şəhid xanımlarına bir az da olsa təsəlli verən, onları ayaqda tutan, başlarını dik saxlayan nədir, hansı hissdir? Əlbəttə, şəhid adı və bu adın onlara ötürdüyü enerji. Dövlətimizin, Ali Baş Komandanımızın, vətənpərvər insanlarımızın şəhid adına sayğısı, onların ruhu qarşısında dərin hörmət və ehtiramı.
Biz yaxşı bir şeir yazanda, dünyaya sağlam bir övlad gətirəndə, vətəndaş olaraq üzərimizə düşən öhdəliyi ləyaqətlə yerinə yetirəndə arxayın hisslər keçirir, xoş duyğular yaşayırıq. Bu çox təbii və insani bir haldır. Hərdən düşünürəm ki, Ali Baş Komandanın əmrinə hər an hazır olub, ölümün üzərinə gülə-gülə, qorxmadan gedən, canından keçən şəhidlərimizin ata-anaları, övladları, xanımları qolundan, əlindən, ayağından, gözündən keçən və bu boyda zəfərə müəlliflik edən qazilərimiz, Ali Baş Komandanımız hansı xoş hissləri, hansı xoş duyğuları keçirir. Bax, bu hisslər, bu duyğulardır şəhid analarını, şəhid balalarını, şəhid xanımlarını yaşadan, onları alnı açıq, üzü ağ, başı dik və ayaq üstə saxlayan. Bəli, məhz şəhidlərimiz, qazilərimizdir bu Vətənin, bu torpağın, bu zəfərin müəllifləri.
Onlar canından keçdi, əlindən, qolundan, ayağından, gözündən keçdi, mən isə doğum günümdən keçirəm və öz ad günümü çiçək dəstəsitək bu şəkildəki məğrur, başı dik duruşumun müəllifi olan şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin qəhramanlığına bağışlayıram”.