Azərbaycan-Mərakeş dostluğu
Mərakeş haqqında söhbət düşəndə ilk növbədə gözlərimiz önündə füsunkar, təkrarolunmaz təbii gözəlliklərə malik, səmimi və qonaqpərvər insanların yaşadığı bir diyar canlanır. Təsadüfi deyil ki, bu ölkəni Afrikanın qapısı, Avropaya gedən körpü də adlandırırlar. Son illər Mərakeş Kralı VI Məhəmmədin daxili və xarici siyasət sahəsində ardıcıl həyata keçirdiyi məqsədyönlü siyasət və iqtisadi islahatlar sayəsində Mərakeş Krallığı beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. 1666-cı ildə Sultan Moulay Raşidin dövründə rəsmi olaraq hakimiyyətə gələn Alavi dinastiyası 350 ildən çox Mərakeşi idarə edir. Dinastiya Peyğəmbər Məhəmmədin nəslindən olduğunu iddia edir ki, bu da onun tarixi və dini legitimliyini artırır.
Alavi dinastiyasının uzunömürlülüyü müstəmləkə dövründən tutmuş müstəqilliyə qədər müxtəlif tarixi dövrlərdə Mərakeşə sabitlik və davamlılıq təmin edib. 1999-cu ildə taxtə çıxan indiki kral VI Məhəmməd ölkəni modernləşdirməyə davam edərkən zəngin mədəni irsini qoruyub saxlayır. Dinastiyanın davamlı mövcudluğu Mərakeşdə milli birlik və kimliyin rəmzidir. 30 iyul Mərakeşin milli bayramı - Taxt-Tac Günüdür.
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlər
1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılıb. Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilib.
1994-cü ilin 12 dekabr tarixində Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanıb.
1994-cü ilin 13-15 dekabr tarixlərində Kasablankada keçirilən İslam Konfransı Təşkilatı Dövlət və Hökumət başçılarının 7-ci Zirvə Görüşü zamanı Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə Mərakeşin mərhum Kralı II Həsən arasında keçirilən görüş zamanı Azərbaycan-Mərakeş əlaqələrinin inkişafı və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Bakı şəhərində Mərakeş Səfirliyinin və Rabat şəhərində Azərbaycan Səfirliyinin fəaliyyət göstərməsi ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafına öz vacib töhfəsini verir.
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. 2007-ci ilin 04-06 yanvar tarixlərində iki ölkə arasında siyasi məsləhətləşmələrin 1-ci raundu Rabat şəhərində, 2018-ci ilin 5 mart tarixində isə ikinci raundu Bakı şəhərində keçirilib.
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında səfər mübadiləsində son illərdə müəyyən dinamik tendensiya müşahidə edilib. Bu dövrdə müxtəlif səviyyələrdə (nazir və nazir müavini, parlament sədri, komitə rəhbəri və müavini, agentlik sədri, ombudsman, şeyx həzrətləri, məhkəmə sədri) qarşılıqlı səfərlər həyata keçirilib.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri: 02-05 may 2007
- Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Buritanın Azərbaycana rəsmi səfəri: 04-05 mart 2018
Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasına həmsədrlik etmək məqsədilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il noyabrın 13-14-də Mərakeşdə səfərdə olub. Səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Mərakeşli həmkarı Nasser Burita, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Talbi El Alami, Müşavirlər Palatasının sədri Naam Miyara və ICESCO-nun Baş direktoru Səlim AlMaliklə görüşləri keçirilib. Nazir həmçinin, Birgə Komissiyanın 2-ci iclasına həmsədrlik etmiş və noyabrın 14-də ilk Azərbaycan-Mərakeş Biznes Forumunda açılış nitqi səsləndirib.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələri üzrə işçi qrupu və Mərakeş Krallığının Nümayəndələr Palatasında Mərakeş-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
- 23-28 sentyabr 2010-cu il - Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Əbdülvahid Radinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri;
- 29 iyun 2 iyul 2022-ci il - Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Rəşid Talbi Al Alaminin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfəri;
- 15-17 may 2023-cü il - Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi Al Alaminin işgüzar səfəri.
- 14-16 dekabr 2023-cü il – Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova Mərakeşə səfər edib.
Hərbi əməkdaşlıq
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib.
30.10.2024-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdə olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri "Mərakeş Aviaşou 2024" sərgisinə dəvətə görə həmkarına təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş" imzalayıb.
Qarşılıqlı rəsmi səfərlər
2014-cü ilin 12-14 iyun tarixlərində AR Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin Daxili İşlər naziri Məhəmməd Həssadın dəvətilə Mərakeş Krallığında səfərdə olub.
29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda Mərakeş Krallığı Parlamentinin vitse-spikeri xanım Rəşidə Benməsud iştirak edib.
07 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərakeş Krallığının Azərbaycana təyin olunan səfiri cənab A.Embarşın etimadnaməsini qəbul edib.
21-25 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Mərakeşdə işgüzar səfərdə olan və mərakeşli həmkarı Dris Jettu ilə görüşüb.
2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Burita Azərbaycanda rəsmi səfərdə olub.
Əhəmiyyətli və mühüm razılaşmalar
Ölkələr arasında Parlament ölçüsünün möhkəmləndirilməsi baxımından Milli Məclisin sədri Sahibə Qafarovanın 2023-cü il dekabrın 13-16-da Mərakeşə səfəri də mühüm rol oynayıb. Səfəri çərçivəsində Milli Məclisin sədrinin Mərakeş parlamentinin hər iki palatasının sədri, R. Talbi El Alami və Naam Miyara ilə, eləcə də Mərakeş Baş naziri Əziz Akhanuşla görüşlərində əlaqədar sahələrdə ölkələr arasında münasibətlərin hazırkı durumu və gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilib.
2024-cü il mayın 4-də Qambiyanın paytaxtı Banjul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı çərçivəsində iki ölkənin xarici işlər nazirləri, Ceyhun Bayramov və Nasser Burita arasında görüş zamanı Azərbaycanla Mərakeş arasında ümumvətəndaş pasportlarına münasibətdə viza tələbinin arada qaldırılmasına dair saziş imzalanıb. Saziş avqustun 28-də qüvvəyə minib. Bu da 2025-ci ilin yanvar–may ayları ərzində Mərakeşdən Azərbaycana gələn turistlərin sayının 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 faiz artaraq 1500-ə yaxın ziyarətçiyə çatmasına imkan yaradıb.
Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Mərakeşli həmkarı Abdellatif Ludiyinin dəvəti ilə 30 oktyabr- 2 noyabr 2024-cü il tarixində Marrakeş şəhərində keçirilən 7-ci Beynəlxalq Aeronavtika və Kosmos sərgisi çərçivəsində “Mərakeş Avia Şousu”nda iştirakla əlaqədar Mərakeşdə işgüzar səfərdə olub. Səfər çərçivəsində Z.Həsənovun mərakeşli həmkarı ilə görüşündə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"i imzalanıb.
BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2024-cü il 12-13 noyabr tarixlərində təşkil edilmiş Dünya Liderləri İqlim Fəaliyyəti Sammitində iştirak məqsədilə Mərakeşin Baş naziri Əziz Akhannuş Azərbaycanda səfərdə olub.
Humanitar sahədə əməkdaşlıq
2010-cu il 27-30 oktyabr tarixlərində Mərakeş Krallığının Rabat, Meknes, Fəs və Kasablanka şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
2011-ci ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Mədəniyyət günləri keçirilib.
2012-ci ilin 4-5 oktyabr 9 oktyabr tarixlərində İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Mərakeş Parlamenti Nümayəndələr Palatasının sabiq sədri A.Radi, V Məhəmməd Universitetinin rektoru V.Bencalun və “Diplomatika” müəssisəsinin prezidenti A.Habek ölkəmizdə səfərdə olublar.
2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olub.
İki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi də humanitar sahədə əlaqələrə öz töhvəsini verməkdədir.
2023-cü ilin fevralında Rabatın Məhəmməd V Universitetinin dəvəti ilə Azərbaycan Universitetlərinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti və Azərbaycan Dillər Universiteti - təmsil olunduğu nümayəndə heyəti Mərakeşdə səfərdə olub.Səfər zamanı iki ölkə ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi məsələləri müzakirə edilib. Mərakeşdə Azərbaycan Universitetləri haqqında Məhəmməd V Universitetində təqdimatlar baş tutub və təhsil sahəsində iki ölkə arasında Anlaşma Memorandumu sənədi ilə bağlı müzakirələr aparılıb.
17.05.2024-cü ildə Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Bensaid ilə görüşüb.
15.03.2025-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
Müqavilə və Hüquq bazası
Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 35 sənəd imzalanıb.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi 2024-cü il də 7,8 milyon ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2023-cü illə müqayisədə 40%-lik artım deməkdir.
Müştərək Komissiya
Adı: Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya
Yaranma tarixi: 28 sentyabr 2007-ci il
2018-ci ilin 5 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilib.
2023-cü ilin 13 noyabr tarixində Rabat şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit, səhiyyə və əmək və məşğulluq sahələrində əməkdaşlığın inkişafını ehtiva edən sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanıb.
Azərbaycan ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulması ötən əsrin sonlarına təsadüf edir. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illər yüksək inkişaf mərhələsinə qədəm qoyan dövlətlərdən biridir. İftixar doğuracaq faktdır ki, hər iki ölkə rəhbərlərinin mükəmməl siyasəti sayəsində Mərakeş və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf etməkdədir. Hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin açılması əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə daha da imkan yaratdı. 2006-cı ilin sentyabrında ilk dəfə olaraq Mərakeşdə Azərbaycan səfirliyi, 2008-ci ilin noyabrında isə Bakıda Mərakeş səfirliyi fəaliyyətə başlayıb...
... İki ölkə qarşılıqlı faydalı əməkdaşlıq imkanları təklif edən bütün sahələrdə güclü siyasi iradə nümayiş etdirir. Azərbaycan və Mərakeş münasibətləri təkcə dini və mədəni əlaqələrə məhdudlaşmır, eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan və ikitərəfli əməkdaşlığın gedişatında dönüş nöqtəsini təşkil edən təcrübə çərçivəsində iqtisadiyyat və müdafiə kimi strateji sahələri əhatə edir.
Avrasiya.net