Sizin Reklam Burada

Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib

Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilibDahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı paytaxt və bögələrdə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində sözügedən qurumun 1 saylı filialının təşkilatçılığı ilə baş tutub.

“Füzulinin yaradıcılığı işığında” adlı tədbirdə bədii-ədəbi mühitin görkəmli nümayəndələri, Füzulişünas alimlər, bir sıra səlahiyyətli qurumların təmsilçiləri iştirak edib.

Tədbirin aparıcısı, Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının baş kitabxanaçısı Suzana Məmmədova əvvəlcə sözü qonaqları salamlamaq üçün Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilovaya verib. Qonaqları salamlayan Nərmin Xəlilova tədbirin Füzulinin 530 illiyinə bir töhfə olduğunu söyləyib və onun təşklində əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib. Nərmin Xəlilova deyib ki, rəhbərlik etdiyi qurum müntəzəm olaraq oxşar tədbirlər təşkil edir, dahi mütəfəkkirlər, ədəbiyyat adamlarının yubiley tədbirlərini keçirir. Nərmin Xəlilova əmin olduğunu bildirib ki, “Füzulinin yaradıcılığı işığında” adlı tədbir iştirakçıların hər birinin ürəyincə olacaq.

Çıxışına davam edən Suzana Məmmədova deyib ki, bu il XVI əsr Azərbaycan şairi, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri olan Məhəmməd Füzulinin anadan olmasından 530 il keçir:

“Dahi mütəfəkkirin 530 illiyi ilə əlaqədar paytaxt və bölgələrdə bir sıra silsilə tədbirlər keçirilir və il sonuna qədər yubiley tədbirləri davam edəcək. Biz də öz növbəmizdə dahi mütəfəkkirin 530 illiyinə öz töhfəmizi vermək istədik və bu məqsədlə “Füzulinin yaradıcılığı işığında” adlı tədbir təşkil etdik.

"Məlumat üçün qeyd edim ki, bu günkü tədbirimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncamınn icrasından irəli gəlir. Dövlət başçısının sözügedın sərəncamında vurğulanırdı ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. Biz də bayaq qeyd etdiyim kimi dahi şairin 530 illiyinə az da olsa töhfəmizi verməyə çalışdıq. Bu gün bu tədbirə demək olar ki, dövlət başçısının sərəncamında adı keçən səlahiyətli qurumun nümayəndələri təşrif buyurub. Buna görə hər birinizə, Təhsilin İnkişafı Fondundan Jalə Məmmədovaya təşəkkürümü ifadə edir, bir daha xoş gəlmisiniz deyirəm”.

Suzana Məmmədova qeyd edib ki, Cənab Prezidentin bu sərəncamı dövlətin, şəxsən dövlət başçısının hər bir sahə kimi mədəniyyət sahəsinə, mədəniyyət nümayəndələrinə, dahi mütəfəkkirlərə nə dərəcədə önəm verdiyini, diqqətdə saxladığını bir daha təsdiqləyir. Azərbaycanın tanınmış şair və yazıçılarının, görkəmli ədiblərin yubiley tədbirlərinin keçirilməsi ilə bağlı müntəzəm olaraq Cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlar dediklərimizin əyani sübutudur:

“Bütün bunlar mədəniyyətə, incəsənətə, şerə olan münasibət, uğurla həyata keçirilən mədəniyyət siyasətidir. Bu siyasət, bu yol isə Ulu Öndər Heydər Əliyev yoludur. Ümummilli lider də istər sovetlərin zamanında, istərsə də müstəqillik illərində hər zaman şair və yazıçılar, sənət adamları, mütəfəkkirlərin yubiley tədbirlərinin keçirilməsi məqsədilə müvafiq sənədlər imzalamışdı. 1994-cu ildə Füzulinin 500 illiyinin qeyd edilməsi ilə bağlı Ümummilli liderin imzaladığı fərman bunun əyani sübutudur. Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Daha sonra tədbir iştirakçıları Füzulinin qəzəlindən ibarət videoroliki izləyiblər.

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi Zəkulla Bayramlı Füzuli yaradıcılığı, onun qəzəlləri, Füzuliyə əsərlərinə olan maraqdan danışıb. Bildirib ki, Füzuli poeziyası, nəinki Azərbaycan, hətta bütün Yaxın və Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran, özbək, türkmən, tatar və s. şair və yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, ölməz qəzəllərinə bənzətmə və nəzirələr yazmışlar.

"Yalnız Füzulini yetişdirən Azərbaycan sahəsi deyil, Osmanlı və cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Kazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya və İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran və Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardır".

Zəkulla Bayramlı deyib ki, Avropa və rus imperializminin parça-tikə edib bir-birindən uzaq saldığı Türk dünyasının yüz illərlə vahid-bütöv orqanizm kimi qorunub saxlanmasında, türk-oğuz dil birliyinin bu gün də yaşamasında Füzuli dühası və istedadının misilsiz xidmətləri olmuşdur:

“Bu baxımdan, Füzuli divanını Yalnız Dədə Qorqud kitabıyla müqayisə edə bilərik. Son olaraq, demək istərdik ki, orta yüzillərdə - ümmətçiliyin milli-etnik əsasları üstələdiyi dövrdə, ərəb İraqı kimi xurafat və cəhalət mühitində yaşasa da, Füzuli milli kimliyini aydın dərk etmiş, dini və etnik mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə və soykökünün fərqində olmuş və öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir”.

Tədbirdə gənc ifaçı Aysel Rzayevanın Füzuli Kontatasını ifası xoş ovqat yaradıb.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov dahi mütəfəkkirin yaradcılığı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Füzuli yaradıcılığı bütün dövrlər üçün aktual olub, onu qəzəlləri hər zaman sevilə-sevilə oxunub. Günümüzdə də Füzulinin qəzəllərinə müraciət edildiyini deyən Qədim Qubadov dahi şairin əsərlərində ibrətamiz fikirlərin yer aldığını, onun şerlərində insanların doğru yola dəvət edildiyini diqqətə çatdırıb:

“Orta əsrlər Azərbaycan ədəbiyyatınının ən qüdrətli təmsilçisilərindən biri də Məhəmməd Füzulidir. Onun yaradıcılığı coğrafı hüdudları aşaraq bütün türk islam coğrafiyasına yayılmışdır. Hələ həyatda olarkən böyük şöhrət tapan Füzuli ədəbi məktəb səviyyəsinə yüksəlmiş, sonsuz sayda şairlər onun əsərlərini özünə nümunə saymış, bunun nəticəsində çoxlu ardıcılları yetişmişdir. Bu baxımdan Füzulidən sonra yaranan Azərbaycan ədəbiyyatında, xüsusən də poeziyasında Füzulinin cazibəsinə bu və ya başqa dərəcədə düşməyən az ədib tapmaq mümkündür.

Füzuli hələ gənc yaşlarından tanınmış bir şairə çevrilmiş, şeirləri Yaxın Şərqin bütün ərazilərinə yayılmışdır. Onun dövrünün ən geniş yayılmış üç əsas: türk, ərəb və fars dillərində mükəmməl şeir yazması məhşurlaşması və şöhrətinin islam dünyasının hər təfəfinə yayılması üçün əsas vasitələrdən biridir. Füzulinin ədəbi məktəb kimi formalaşmasından bəhs açarkən, onun inkişaf mərhələlərindən də söz açmaq lazımdır. Belə ki, artıq XVI əsrin ikinci yarısından başlayaraq Azərbaycanda yaranan əksər ədəbi məhsullarda Füzuli təsiri az və çox dərəcədə hiss olunur. XIX əsrin birinci yarısında bu təsir bir az səngisə də ikinci yarısından başlayaraq təşkil edilmiş ədəbi məclislərin fəaliyyəti ilə əlaqədar Füzuli əsərlərinə müraciət yenidən artmışdır. Füzuli qəzəlləri dilinin anlaşıqlı olması və həmçinin kiçikliyinə görə sənətkarlıq dərslərində tədris vəsaitinə çevrilmişdir. Onun ədəbi təsiri yalnız Azərbaycan ədəbiyyatına deyil, ümumtürk ədəbiyyatının üzərində bütün orta əsrlər boyu hiss olunmuş və bu gün də hiss olunmaqdadır”.

Daha sonra çıxış edən AMEA Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Xəyalə Ağayeva Füzuli əsərlərində olan ibrətamiz fikirlərə diqqət çəkib. Bildirib ki, Füzulinin hər bir şeri, qəzəlindəki fikirlər, ifadələr insanları doğru yola dəvət etmiş, onları tərbiyələndirmişdir. Xəyalə Ağayeva qeyd edib ki, Füzulinin şerləri bu günümüz üçün də aktualdır və sevilə-sevilə oxunur. O Füzulinin qəzəllərindən bir neçə misra səsləndirməklə fikirlərini əsaslandırıb:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlyevin də qeyd etdiyi kimi Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır. Hər zaman Füzuli yaradıcılığı bizim üçün istinad mənbəyi olub, hər zaman Füzuli əsərləri, orada insanlar üçün qeyd edilən ibrətamiz fikirlər bizləri doğru yolla addımlağa, doğru yolla getməyə istiqamətləndirib. Füzuli əsərləri, yaradıclığı hər zaman sevilə-sevilə dinlənilib, oxunub”.

AMEA Mərkəzi Elmi Kitabxanası Biblioqrafiya şöbəsi Elmi biblioqrafiya sektorunun baş biblioqrafı Afət Məmmədova Füzuli yaradıcılığına olan dövlət qayğısı, ona ayrılan diqqətdən danışıb. Bildirib ki, şairin yaradıcılığına dövlətimiz tərəfindən hər zaman xüsusi qiymət verilib. Afət Məmmədova ümummilli lider Heydər Əliyev tərəfindən Füzulinin 500 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı fərman, eləcə də dahi şairin 530 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamı bunun bariz nümunəsi hesab edib.

Qeyd edib ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, onun bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Çıxışlardan sonra AMK tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin müəllimi Nurlan Rzayev, 16 nömrəli texniki humantiar liseyin 8a sinif şagirdləri Hüsna Əliyeva və Leyla Abdullazadə Füzulinin qəzəllərini səsləndiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər