Azərbaycan iqtisadiyyatı iki faiz artıb - Nazir2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

Avrasiya.net-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib:

"Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".
İran ilə Azərbaycan avtomobil, avtobus və traktorun birgə istehsalını planlaşdırırİran ilə Azərbaycan minik avtomobil, avtobus və traktor istehsalı sahəsində birgə əməkdaşlıq etmək niyyətindədir.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabından xəbər paylaşıb:

“Azərbaycan Prezidentinin “İran Khodro” ilə “Azərmaş”ın müştərək layihəsi olan “Khazar” ilə bağlı sərəncamından sonra iki qonşu müsəlman ölkənin yaxın gündəmində habelə avtobus və traktor istehsalı da var”.

Bununla yanaşı, İran Ticarət Sənaye Mədənlər və Kənd Təsərrüfatı Palatası (ICCIMA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri arasında bu günlərdəki görüşdə nitq söyləyən diplomat iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini dilə gətirərək hər iki tərəfin münasibətləri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Azərbaycanın 20 % torpaqlarının artıq işğaldan azad olunduğunu xatırladan səfir İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığını da eynilə 20 % artırmağa çağırıb: “Azərbaycan İran şirkətlərini, özəl sektorunu qəbul etməyə hazırdır”.

Xatırladaq ki, mart ayının əvvəlində İran sənaye, mədənlər, ticarət naziri Əlirza Rəzm Hüseyni də Ərdəbil əyalətində Azərbaycanla müştərək sənaye parkı yaratmağa hazır olduqlarını da bildirmişdi.
Nazirlik “Veysəloğlu” şirkətinin nöqsanları ilə bağlı məlumat YAYDIEnerji içkiləri bazarında haqsız rəqabət hallarına qarşı mübarizə davam edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, sahibkarlar arasında ədalətli rəqabət mühitinin yaradılması və qorunması istiqamətində kompleks tədbirlərini davam etdirir. Xidmət tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.

Araşdırmaların nəticələrinə əsasən, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy” alkoqolsuz içkilərinin üzərində “ORIGINAL FULL ENERGY”, “İMPLUSE FULL ENERGY”, “MAKES YOUR ENERGY FULL” ifadələrinin istifadə olunması, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulunda “ENERGY”, “100% MAXİMUM ENERGY” və “THE GREAT POWER FEEL THE COOLNESS” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “ENERGY” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Məlumat üçün bildirək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
“Azəriqaz”ın baş direktoru müraciət edən vətəndaşlara özü zəng edirSosial şəbəkə üzərindən daxil olan müraciətlərə xüsusi diqqət ayıran “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, “Facebook” üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

“Azəriqaz” İsthesalat Birliyindən Avrasiya.net-ə verilən məlumata görə, bununla da onların problemlərinin daha operativ həllinə çalışılacaq.

“Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib. Telefon danışığı zamanı baş direktor Birliyin müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapması ilə bağlı qeydə alınan müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır. Bununla da, qrup zənglərə qoşulmaq struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edəcək”.

Qurum vətəndaşlara müraciət edərək, öz fikirlərini sərbəst ifadə etməyə çağırıb:

“Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün bundan sonra gün ərzində ayrı-ayrı saatlarda “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin zənglərini qəbul edəcəksiniz. Belə zənglər zamanı fikirlərinizi sərbəst səsləndirməkdən çəkinməyin”.

SOCAR-la Pakistan arasında 220 milyon dollar söhbətiAzərbaycanın dövlət neft şirkəti SOCAR Pakistan hökumətinin şirkət tərəfindən bu ölkəyə ümumi məbləği 220 milyon dollardan çox olan iki güzəştli kredit xəttinin açılması barədə təklifinə hələ də cavab verməməsindən məyusluq ifadə edib. Həmin kreditin əvəzində SOCAR Pakistana neft və sıxılmış qaz təchiz etməliydi. Virtualaz.org xəbər verir ki, bu haqda Pakistanın ingilisdilli “Dawn” nəşri yazır.

Məlumatlı mənbələr nəşrə deyiblər ki, Pakistanın Bakıdakı səfiri Bilal Heyi öz ölkəsinin hökumətini “məsələni iki ölkə arasında dost münasibətlərinə kölgə salmayacaq şəkildə yoluna qoymağı” tövsiyə edib.

Bu ilin yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistana səfəri zamanı iki ölkə hökumətləri razılaşıblar ki, neft-qaz sektorunda SOCAR-ın iştirakı hesabına ikitərəfli əməkdaşlıq möhkəmləndirilsin.

Azərbaycan tərəfinin təklifinə əsasən “Socar Trading” şirkəti (SOCAR-ın kommersiya bölməsi) mart ayında “Pakistan State Oil” (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətlərinə neft məhsullarının və sıxılmış qazın təchizatına dair rəsmi təklif göndərib. Təchizata görə ödəmə isə SOCAR-ın dövlət qarantiyası olmadan Pakistan tərəfinə ayıracağı güzəştli kredit hesabına baş verməliydi.

Təklifə əsasən Pakistan tərəfinə 120 milyon (neft) və 100 milyon dollar (sıxılmış qaz) olmaqla iki kredit xəttinin (60 gün müddətində qaytarılmaqla) açılması nəzərdə tutulur. SOCAR-ın baş əməliyyat direktoru Toğrul Köçərli Pakistanın səfiri ilə əlaqə saxlayaraq bu təklifə indiyədək niyə cavab verilməməsinin səbəbini soruşub. Amma səfir deyib ki, Pakistanın baş nazirinin neft və energetika üzrə köməkçisi Tabiş Goharla əlaqə saxlasa da cavab ala bilməyib.

SOCAR-ın təqdim etdiyi diplomatik notada Köçərli Pakistan tərəfinin təkliflə bağlı “uzunmüddətli sükutundan” məyusluq ifadə edir. Notada bildirilir ki, SOCAR hələ də qardaş Pakistanla energetika sahəsində əməkdaşlıq etməyə hazırdır, amma mart ayında verilmiş təklif cavabsız qalır.

Səfir isə hökuməti məlumatlandırıb ki, Pakistanın ən yaxın dostlarından olan Azərbaycan bu təklifi irəli sürməklə xoş məram və hörmət nümayiş etdirib və iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün bir sıra təşəbbüslər də irəli sürüb. Ona görə də səfir SOCAR-ın verdiyi təklifin Pakistanın milli maraqları və ehtiyacları çərçivəsində dəyərləndirilməsini tövsiyə edib.

virtualaz.org
Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmiAzərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür.

Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.

Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq mümkündür.

İranlı rəsmi deyib ki, İranın Şərqi Azərbaycan vilayətində sənaye sektoru inkişaf etdiyi üçün bir sıra məhsullara, xammala ehtiyac yaranır. Bu tələbatın bir hissəsi MDB-yə üzv ölkələr tərəfindən təmin olunur. Azərbaycanlı iş adamları isə İranın xammala olan tələbatını daha asan şəkildə təmin edə bilərlər: “İran tərəfinin də sənaye sektorunda istehsalı yüksəkdir. Azərbaycanın iş adamlarının köməyi ilə Şərqi Azərbaycan vilayətində istehsal olunan məhsulları üçüncü ölkələrə, MDB ölkələrinə, o cümlədən böyük bazarı olan Rusiyaya ixrac etmək mümkündür. Bütün bunlar ikitərəfli ticarətin inkişafına xidmət edə bilər".

Ə.Cahangiri qeyd edib ki, hazırda Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə ənənəvi ticarətdən, yəni birbaşa alqı-satqıdan uzaqlaşaraq birgə investisiyaların yatırılması, texnologiya sahəsində birgə işlərin aparılması istiqamətində addımlar atılır.

O, bildirib ki, Azərbaycanın təxminən 40 şirkəti İran iqtisadiyyatına investisiya yatırıb. Bu şirkətlərin təxminən yarısı Şərqi Azərbaycan vilayətindədir. Qarşılıqlı olaraq Azərbaycanda da təxminən 900-dən çox İran şirkəti işləyir.
Komitə sədrinin oğlunun şirkəti ləğv edildiPhoenix Group MMC (VÖEN: 1303952411) ləğv olunduğunu elan edib.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yer alıb.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Phoenix Group MMC 7 il əvvəl – 25.12.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Orxan Qurbanlıdır. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının oğludur.

Phoenix Group MMC-nin adı bir qədər əvvəl mətbuatda qanunsuz tender əməliyyatında hallanıb. Belə ki, 2014-cü ildə təsis olunan və Orxan Qurbanlının rəhbərlik etdiyi Phoenix Group MMC 2015-ci ildə atası Mübariz Qurbanlının rəhbərlik etdiyi Komitə tərəfindən keçirlən ümumilikdə 153 min manatlıq tender müsabiqəsinin qalibi olub. Bu tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmaları haqda qanun”un 13-cü maddəsinin 2.1. bəndinin tələblərinə əsasən qanunsuz hesab olunmalıdır.

Orxan Qurbanlının qanuni təmsilçi olduğu daha bir şirkət 29.02.2016-cı ildə eyni ünvanda - Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12-də dövlət qeydiyyatına alınıb. Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı 29.06.2015-ci il tarixində Nəsimi rayonu Nizami küçəsi, ev 203B-də Cyclee MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.

Mübariz Qurbanlının kiçik oğlu Mustafa Qurbanlı isə 21.04.2014-cü ildə Nəsimi rayonu 28 May, ev 58, m. 14-də Studio 5 MMC, 27.08.2020-ci ildə isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 31 ünvanında “Celeste” MMC adlı şirkəti qeydiyyatdan keçirib. Mustafa Qurbanlı eyni zamanda SOCAR-da vitse-prezidentlərdən birinin müşaviri vəzifəsində çalışır.

Azərbaycan və İranın biznes qurumları yeni Anlaşma Memorandumu imzalayıbAzərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) İranın Şərqi Azərbaycan valisininmüavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Avrasiya.net-ə ASK-dan məlumat verilib.

Məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev dost ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirərək, ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycanın MDB, Türkiyə və Avropa bazarlarına geniş çıxış imkanları, logistika infrastrukturu barədə barədə qonaqlara ətraflı məlumat verib.

Ə.Cahangiri 44 günlük Vətən müharibəsində Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik edərək, ərazilərimizin azad olunmasının hər iki ölkə arasında iqtisadi əlaqələr üçün yeni imkanlar yaratdığını bildirib. O, Təbrizin tarixən sənətkarlar şəhəri olduğunu və şəhərdə 4 minədək zavodun, eləcə də 27 minə qədər kiçik və orta sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Ə.Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.

Bu kontekstdə Azərbaycan Sahibkarlar Konfederasiyasının da üzvü olduğu Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin fəaliyyəti və bu platforma üzərindən 30-dək ölkəyə, eləcə də Rusiya bazarına çıxış imkanları barədə qonaqlara məlumat verilib.

Ə.Cahangiri Xudafərində İran və Azərbaycan məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi, gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.

Daha sonra, ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.

TAP Albaniyada ilk qaz çıxışı nöqtəsini istifadəyə verəcəkAzərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün yaradılan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz Sh.a” şirkəti arasında “Fier South” qaz çıxışı nöqtəsinin təhvil verilməsi ilə bağlı Əməkdaşlıq haqqında Saziş imzalayıblar.

Bu barədə “Report” TAP Konsorsiumunun rəsmi saytına istinadən məlumat verib.

Bildirilir ki, TAP ölkəyə milyonlarla avroluq sərmayə olan “Fier South” qaz çıxış nöqtəsini dizayn edəcək, satın alacaq və inşa edəcək.

Razılaşmaya əsasən, “Fier South” təsisinin inşası başa çatdıqdan sonra çıxış nöqtəsi Albaniyaya təhvil veriləcək və Albaniya hökuməti tərəfindən tam mülkiyyətə alınacaq, idarə ediləcək və istismara veriləcək.

Belə ki, TAP nəqliyyat sistemi ilə Albaniyaya nəql ediləcək qaz infrastrukturu arasında qarşılıqlı əlaqə nöqtəsinə imkan yaradacağından yeni qurğu, Albaniyanın qazlaşdırılması üçün əhəmiyyətli bir mərhələdir.

Fierdəki yeni qaz çıxış nöqtəsi Albaniya və Qərbi Balkanlar üçün Xəzər bölgəsindəki qaz ehtiyatlarına strateji bir giriş nöqtəsi təmin edəcək. TAP-ın Fierdəki kompressor stansiyası xaricində inşa ediləcək və genişləndirilə bilən gücə və iki istiqamətli axına imkan verəcək. TAP tərəfindən inşa edilən qaz çıxış nöqtəsinə təzyiq azaldılması və fiskal ölçmə vasitələri də daxil olacaq.

Albaniyanın Baş naziri Edi Rama müqavilənin imzalanmasını Albaniyanın enerji ixracatçısına çevrilməsinə yönəlmiş bir addım kimi qiymətləndirib. "Bu gün Albaniya praktik olaraq xalis enerji ixracatçısına çevirməyə və eyni zamanda qazı başqa bir komponent kimi təqdim edən ölkəyə çevrilir. Bu eyni zamanda, ölkəmizi fərqli edən, ölkənin iqtisadi və sosial həyatına təsir edən müxtəlif enerji mənbələri məkanına çevirməyə davam edir”.

Albaniyanın infrastruktur və enerji naziri Belinda Balluku razılaşmanı Rama Hökumətinin üçüncü müddətinin prioriteti olan Albaniyanın qaz bazarının və enerji infrastrukturunun gələcək inkişafında əsas mərhələ kimi qiymətləndirib.

TAP Konsorsiumunun İcraçı direktoru Luka Şieppati (Luca Schieppati) bildirib ki, TAP-ın missiyası və vizyonuna uyğun olaraq, boru kəməri yeni etibarlı, sərfəli və daha təmiz enerji mənbəyi əldə etmək üçün tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin etməyə davam edir. Bu boru kəməri Albaniya və Cənubi Şərqi Avropanın gələcəyidir. Fier çıxış nöqtəsi Albaniyanın enerji yol xəritəsini asanlaşdıracaq vacib bir sərvətdir”.

TAP-ın Albaniya üzə meneceri Malfor Nuri isə əlavə edib ki, TAP Albaniyaya üçün böyük bir qatqıdır: “Fier” çıxış nöqtəsi ölkədəki enerji infrastrukturunun inkişafına xidmət etməklə yanaşı, Albaniyanın bölgədəki coğrafi-strateji və ticarət rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək”.

Xatırladaq ki, Fier qaz çıxış nöqtəsi TAP-ın Qərbi Balkanlar bölgəsindəki rolunu təkcə etibarlı bir Nəqletmə Sistemi Operatoru kimi deyil, həm də Avropanın enerji keçidində aktiv tərəfdaş kimi gücləndirir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
İyulun 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ilə onlayn formatda görüşüb.

Avrasiya.net xəbər verir ki, komitə sədri iki ölkə arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Səfər Mehdiyev sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndiriməsi istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. DGK sədri, xüsusilə pandemiya dövründə, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi iki ölkə arasındakı tarixi-mədəni əlaqələrdən, sosial-iqtisadi sahədəki işgüzar münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. Mehdi Mirəşrəfi bildirib ki, tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə bilər və bu istiqamətdə gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlərlə bağlı müzakirələr aparılıb.