Enerji təhlükəsizliyi - Komitə sədrinin çıxışı

Enerji təhlükəsizliyi  - Komitə sədrinin çıxışıMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə çıxış edib.

Avrasiya.net həmin çıxışı təqdim edir.

Dəyərli Sahibə xanım,
Hörmətli millət vəkilləri


Təqdim olunan qanun layihəsinin məram və məqsədi ölkə başçısı tərəfindən prioritet kimi irəli sürülən enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bu kimi məqsədlərə xidmət edir. Qeyd edim ki, bu istiqamətdə kompleks irimiqyaslı işlər görülür. Bu işlər eyni zamanda qanunvericilik, institusional, təşkilati və sair istiqamətləri əhatə edir. Onu da qeyd etmək istəyirəm ki, müzakirəyə çıxarılan qanun layihəsi həmin kompleks işlərin yalnız bir hissəsidir.

Enerji səmərəliliyi məsələsi bir neçə gün öncə - fevral ayının 3-də hörmətli sədrimizin dəstəyi və tövsiyəsi ilə komitəmizin təşkilatçılığı ilə keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə aidiyyəti qurumların və bu sahədə tanınmış ekspertlərin iştirakı ilə ətraflı müzakirə olundu. Enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyildir, o iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından olduqca aktual və strateji əhəmiyyət kəsb edir. Hal-hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. Ictimai müzakirədə qeyd edildiyi kimi enerjidən səmərəli istifadənin üstünlükləri ən müxtəlif sahələri təsir edir.

Bunlardan bəzilərini qeyd etmək istəyirəm. iqtisadi faktor: yeni istehsal güclərinin yaradılmasına tələbatın azaldılması, son nəticədə bu sahəyə qoyulacaq investisiyanın digər prioritet sahələrə yönəldilməsi imkanı, iqtisadiyyatda rəqabət qabiliyyətinin güclənməsi, məhsulların, xidmətlərin maya dəyərinin azalması; ekoloji faktor: ekoloji balansın qorunması, təbii resursların səmərəli idarə olunması, ətraf mühitə atılan tullantıların azaldılması; enerji təhlükəsizliyi faktoru: möhkəmləndirilməsi; sosial faktor: istehlakçıların enerjiyə sərf etdiyi xərclərin azalması. Enerjidən səmərəli istifadə özü enerjinin yeni bir mənbəyi kimi çıxış edir.

İctimai müzakirənin keçirilməsinə verdiyiniz dəstəyə görə bir daha dəyərli Sahibə xanım sizə öz adımdan, komitəmiz adından minnətdarlığımı bildirirəm. Qeyd edim ki, közərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələ də bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri ona da şamil edilir. Qanun layihəsinə dair sizə təqdim olunan sənədlərdə geniş arayış verilmişdir.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanun layihəsinin

İQTİSADİ ƏSASLANDIRILMASI

Bu gün dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulmuşdur. Buna səbəb, onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunmuş, lakin artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənmişdir, çünki CFL lampalarının insan sağlamlığına və ətraf mühitə mənfi təsirləri müəyyən edilmişdir.

LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilmişdir ki, 15000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində 2 dəfəyə qədər, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.

Bundan əlavə, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanmış və LED lampa ilə müqayisə edilmişdir (cədvəl

Müqayisə zamanı müəyyən edilmişdir ki, 1 il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaqdır.

Közərmə lamplarına (istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla) mərhələli qadağanın tətbiqi məqsəduyğun hesab edilmişdir.

Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər