"Göyçə" dünya bazarlarında - Fotolar
Dünya bazarında yeni, prestijli bir spirtli içki markası – "Göyçə" artıq təqdim olunub. Avstriya Respublikasında yaradılan "Göyçə" içki brendi öz adı ilə tarixə və dərin mədəni irsə istinad edir.
Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov Avrasiya.net-ə bildirib ki,
"Göyçə" brendi GOİCHA MMC-yə məxsusdur.
O, qeyd edib ki, "Göyçə" adı təsadüfi seçilməyib – bu, İrəvan xanlığının tərkibində olmuş qədim Göyçə mahalına istinad edilir.
Yeni brendin təqdimatı 21 mart 2025-ci ildə Avstriya Respublikasının Salzburg şəhərində baş tutub.
Tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov və Avstriyada yaşayan həmyerlilərimiz iştirak ediblər. Fərid Əzizov yeni yaradılan "Göyçə" brendinin təbliğində Azərbaycan mədəniyyətinin və tarixinin rolundan bəhs edərək, Göyçə mahalının qədimdən bu günədək varlığını və onun Azərbaycan tarixi üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Təqdimat zamanı çıxış edənlər "Göyçə" brendinin yalnız bir içki brendi olmadığını, həm də Azərbaycan tarixini və mədəniyyətini dünyaya tanıdan bir layihə olduğunu bildiriblər. Azərbaycanın zəngin üzümçülük və şərabçılıq ənənələrinin yaşadılması və dünya bazarına çıxarılması "Göyçə" brendin əsas missiyalarından biridir.
Bundan əlavə, "Göyçə" markası artıq geniş satış şəbəkələrinə daxil olub. Metro, Billa və digər iri mağaza şəbəkələrində təqdim olunan bu brend həm keyfiyyəti, həm də tarixi ilə seçilir. Marka öz içkilərinin hazırlanmasında yalnız seçilmiş üzüm sortlarından istifadə edir və Avropanın qabaqcıl texnologiyalarını tətbiq edir.
Bu brend artıq Avropa bazarında Azərbaycanı tanıdacaq və milli irsimizi dünyaya təqdim edəcək. Bu, təkcə içki deyil, həm də keçmişin və gələcəyin, tarixin və müasirliyin vəhdətidir.
"Göyçə" markasının təqdimatı ilə bir daha sübut olunur ki, tarix unudulmur, əksinə, yeni formada yaşadılır və dünya səviyyəsində tanıdılır.
Xatırladaq ki, İrəvan xanlığı XVIII əsrdə Cənubi Qafqazda mövcud olmuş Azərbaycan xanlıqlarından biri idi. Osmanlı və Səfəvi dövlətləri arasında geosiyasi mübarizənin mərkəzində yerləşən bu ərazi strateji əhəmiyyətə malik idi. Xanlıq 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yaranmış və 1828-ci ildə Rusiya imperiyasının işğalına qədər fəaliyyət göstərmişdir.
İrəvan xanlığının tərkibində olan Göyçə mahalları dövrünün iqtisadi, mədəni və ticarət baxımından inkişaf etmiş bölgələrindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmiş, xüsusilə üzümçülük və şərabçılıq böyük əhəmiyyət kəsb edirdi. Bu regionun sakinləri yüksək keyfiyyətli üzüm sortları yetişdirərək, onlardan ləzzətli şərablar hazırlayırdılar. Elə məhz buna görədə "Göyçə" brendi bu qədim ənənəni müasir dünyaya gətirir.