Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Bildiyimiz kimi cari ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevirdə yerləşən və ölkənin ən mühüm energetika layihələrindən biri olan “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışında iştirak etmişdir. Təkcə ölkəmiz üçün deyil, ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə çıxış edən Möhtərəm cənab Prezident ölkəmizin enerji sektorunda əldə etdiyi uğurlardan, həyata keçiriləcək layihələrdən geniş bəhs edərək həm iqtisadi, həm də siyasi baxımdan olduqca əhəmiyyətli mesajlar verdi.
Cənab Prezident çıxışında yeni inşa edilmiş Elektrik Stansiyanın “8 Noyabr” adlanmasının təsadüfi olmadığını vurğulayaraq qeyd etdi ki, məhz bu tarix – 8 noyabr 2020-ci il – Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsi ilə Azərbaycanın Vətən müharibəsində parlaq Qələbəsini rəsmi olaraq tərənnüm etdiyi üçün olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı xüsusi olaraq bildirmişdir ki, bu stansiyanın adı həm energetika, həm də milli qürur tariximizdə əbədi yer alacaqdır.
Bundan əlavə bu layihənin ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin iştirakınının önəminə toxunan cənab Prezident Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlərdən bəhs edərək, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsini ölkənin enerji təhlükəsizliyi, ixrac potensialı və davamlı inkişafı baxımından mühüm addım kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, bu stansiyanın istismara verilməsi ölkənin enerji infrastrukturunu gücləndirəcək, iqtisadiyyatın müxtəlif sahələrinin fasiləsiz enerji ilə təmin olunmasına mühüm töhfə verəcəkdir.
Cənab Prezidentin çıxışında xüsusi toxunduğu məqamlardan ən önəmlisi ölkələrin enerji təhlükəsizliyi ilə bağlı məsələ oldu. Hər birimizə məlumdur ki, hazırda mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı müzakirə edilən məsələlər olduqca aktualdır və bu gün enerji təhlükəsizliyi məsələsi artıq hər bir ölkə üçün milli məsələ səviyyəsinə qədər yüksəlib. Möhtərəm cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan yeni dünya düzənində öz layiqli yerini tutur. Bu gün enerji təminatı məsələsi hər bir dövlət üçün əsas prioritetlərdən biridir. Məhz bu baxımdan ölkəmiz hazırda enerji təminatında əsas tərəfdaşlardan birinə çevrilib. Enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz bu istiqamətdə reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirməkdədir. Məhz yerli resurslardan istifadə olunmaqla ölkəmizin daxili imkanları hesabına inşa edilmiş “8 Noyabr” Elektrik Stansiyası bir daha göstərir ki, Azərbaycan öz texniki və mühəndis potensialını inkişaf etdirərək strateji obyektlərini xarici asılılıq olmadan həyata keçirə bilir.
Möhtərəm cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mühüm aktora çevrildiyini xüsusi olaraq vurğulayaraq qeyd etdi ki, elektrik enerjisinin həm daxili, həm də ixrac istiqamətində inkişafı, ölkəmizin regional enerji bazarlarında rolunu daha da möhkəmləndirəcəkdir. Bu kontekstdə “8 Noyabr” elektrik stansiyası təkcə texniki layihə deyil, həm də siyasi və iqtisadi güc nümunəsidir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Son xəbərlər
