İrəvandan Zəngəzur dəhlizi açıqlamasıErmənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupu xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib.

Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirirlər.
Rusiya şirkətləri Qarabağın bərpasında maraqlıdırRusiya şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən qurulmasına qoşulmaqda maraqlıdır.

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

"İki ölkə birgə layihələr üzərində işləyir və 2021-ci ildə ticarət rekord həddə çatıb. Moskva və Bakının üzərində işləmək barədə razılığa gəldiyi yeni layihə Şimal-Cənub nəqliyyat dəhlizidir və onun bir hissəsi Rusiya Federasiyası, Azərbaycan və İran ərazisindən keçəcək", - deyə XİN başçısı bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.
Erməni deputatlar Qarabağa qanunsuz səfər etdilər - Separatçılar qızışdırılırErmənistan parlamentinin müxalifətin Müqavimət Hərəkatında təmsil olunan deputatları vitse-spiker İşxan Saqatelyanın başçılığı altında iyunun 21-dən 23-nə kimi Qarabağda qanunsuz səfərdə olublar.

Onlar Qarabağdakı separatçılarla - keçmiş və hazıkı başçılarla, “siyasi qüvvələr”lə görüşlər keçiriblər.

Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan bu gün Qarabağ səfəri barədə açıqlama yayıb.

“Biz Müqavimət Hərəkatının tərkibində Qarabağa səfər etmişik. Bu, kifayət qədər səmərəli, hərtərəfli və yalnız rəsmi görüşlərlə məhdudlaşmayan hadisəli səfər idi”,-deyə o bildirib.

Deputatın sözlərinə görə, onlar Ağdərə, Əsgəran, Xocavənddə, eləcə də Qarabağın mərkəzi şəhəri Xankəndidə müxtəlif peşə sahibləri ilə çoxlu sayda görüşlər keçiriblər.

“Əsas vəzifə danışmaq yox, soydaşlarımızı dinləmək idi”, - Abramyan qeyd edib.

Bundan əlavə, Abramyan Qarabağdakı qondarma rejimin “parlamentində” yerli "siyasi qüvvələr"lə görüş keçirildiyini qeyd edib.

“İştirak edənlərin hamısı razılaşdı ki, Ermənistan və Qarabağ heç bir halda azərbaycanlaşmamalı və türkləşməməlidir”, - deyən deputatın sözlərinə görə, bu, indi prioritet gündəmdir.

Onun sözlərinə görə, separatçıların keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşlərdə Qarabağda milli məsələlərdə ictimai-siyasi konsensusun olduğu, “Qarabağ xalqının” öz haqlı tələbini reallaşdırmaqda həmrəyliyi vurğulanıb.
Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram - Sadiq QurbanovBu gün Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin növbəti birgə iclası keçirilib.

Avrasiya.net təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışının tam mətnini təqdim edir:

Hörmətli yığıncaq iştirakçıları, hörmətli həmkarlar!

Sizləri tarixi Şuşa torpağında salamlamaqdan böyük fərəh hissi keçirirəm!

Şuşa torpağı Azərbaycan şəhidlərinin qanı ilə yoğurularaq bizim üçün müqəddəsləşmişdir! Şuşa Azərbaycan xalqının tarixi yaddaşı, bir çox dahi şəxsiyyətlərin, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin Vətəni, qədim, əvəzsiz memarlıq abidələrinin yerləşdiyi şəhərdir.

Bu gün Şuşada həmkarlarımla birgə olmaqdan qürur duyuram!

Milli Məclisin digər komitələri ilə birlikdə təşkil olun iclasın gündəliyinə daxil edilmiş İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa olunması mövzusu həddindən artıq aktual bir məslədir.

Ekoloji obyektlərə vurulmuş ziyanlar və mineral-xammal yataqları sahəsində görülmüş işlər, meşəbərpa tədbirləri üzrə, bərk məişət tullantılarının idarə edilməsi üzrə, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər və görüləcək tədbirlər barədə Sizə məlumat vermək istəyirəm.

Məlumat üçün bildirm ki, işğal dövründə meşə fonduna aid olmayan yaşıllıq sahələrində 845 941 ədəd ağac və kolun, 54 328 hektar meşə ilə örtülü sahənin, ümumi sahəsi 43 000 hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü 6 800 hektarının, 131 təbiət abidəsi statuslu qədim ağacın məhv edildiyi, 32 hidrometeoroloji stansiya və məntəqənin tamamilə dağıdıldığı, 52 mineral-xammal yatağının istismar edildiyi müəyyən olunmuşdur. İşğaldan azad edilmiş rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilmiş, işğal dövründə istismar edilmiş 52 yatağın təftişi və monitorinqi aparılmış, dəymiş ziyan ilkin olaraq qiymətləndirilmişdir.

Oxçuçayın ekoloji vəziyyətinə nəzarət edilməsi məqsədilə görülmüş işlər

İşğaldan azad edilmiş ərazilərdən axan çaylarda ekoloji vəziyyətin öyrənilməsi və onların çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yerli və beynəlxalq laboratoriyalar tərəfindən monitorinqlər keçirilmiş və su nümunələri üzərində fiziki-kimyəvi analizlər aparılmışdır. Ermənistan tərəfindən Oxçuçayın davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma, çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilmişdir. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir)

Meşəbərpa tədbirləri üzrə görülmüş işlər

Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd (Hadrut qəsəbəsi) rayonlarının ərazisində ümumilikdə 54 hektara yaxın sahədə 38 mindən çox ağac tingi əkilmiş (çinar, sərv, şam, xurma, göyrüş, dağdağan, qarağac, meliya və akasiya) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Həmçinin Ağdam rayonu ərazisində salınmış 13 ha yeni yaşıllıq sahəsinin suvarılması üçün damcılı suvarma sistemi qurulmuş və hazırda Zəngilan şəhərinin girişində 55 ha sahədə salınan yeni yaşıllıq sahəsində damcılı suvarma şəbəkəsinin qurulması işləri həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə meşələrin inventarlarlaşması və meşəbərpa sahəsində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq edilir. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı Kök Sistemli Tinglik Sahəsi”nin, “Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Mərkəzi”nin yaradılması, həmçinin “Dostluq meşəsi”nin salınması nəzərdə tutulur. Bu məqsədlə 40 ha torpaq sahəsi ayrılmış və layihələndirmə işlərinə başlanmışdır. Tinglik sahəsinin yaradılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcəkdir

Bərk məişət tullantılarının idarə edilməsi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış “İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Komissiya” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının təşkili ilə bağlı əlaqələndirilmiş şəkildə tədbirlər görülür.

İşğaldan azad edilmiş ərazilərdə yaranan tullantılarının yerləşdirilməsi məqsədilə poliqon əraziləri müəyyən edilmişdir. 1-ci mərhələdə Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, 2-ci mərhələdə isə Qubadlı və Cəbrayıl rayonlarında 7 poliqon ərazisinin inşası planlaşdırılır. Müəyyən edilmiş poliqon ərazilərinin layihələndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

Şuşa şəhərinin turistik görünüşü və ekoloji təhlükəsizliyi nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən şəhərin bərk məişət tullantılarının müasir standartlara uyğun olaraq (yeraltı konteynerlərin quraşdırılması və s.) idarə olunmasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə tədbirlər görülür.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş tədbirlər

İşğal dövründə regionun təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə ziyan vurulması, qiymətli meşələrimizin məhv edilməsi ilə bağlı 15-dən çox beynəlxalq təşkilata (UNEP, FAO, UNDP, UNECE və s.) və 30-dan çox ölkənin ətraf mühit, ekologiya və iqlim dəyişmələri sahəsində səlahiyyətli nazirliklərinə müraciət edilmişdir. Eyni zamanda Azərbaycanın qoşulduğu 20-dək çoxtərəfli ekoloji sazişlərin və konvensiyaların katibliklərinə müraciət edilmiş, Ermənistanın qanunazidd fəaliyyətinin ölkəmizin konvensiyalar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə ciddi maneələr törətməsi diqqətə çatdırılmışdır. Ölkəmizin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsi istiqamətində “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanması məqsədilə 2021-ci ilin 12-25 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlərinin ölkəmizə səfəri çərçivəsində ekspertlərin Qarabağa səfəri təşkil edilmişdir.

Bununla yanaşı, işğaldan azad edilmiş və münaqişənin təsirinə məruz qalmış ərazilərdə ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi üçün post-münaqişə zonalarında ekoloji zərərin bərpası üzrə təcrübəyə malik BMT-nin Ətraf Mühit Proqramının (UNEP) müvafiq missiyasının Xarici İşlər Nazirliyinin koordinasiyası ilə 2022-ci il 8-18 mart tarixlərində ölkəmizə səfəri təmin edilmişdir. UNEP Missiyasının həmin ərazilərin yerində qiymətləndirilməsi və ehtiyaclara uyğun olaraq ekoloji bərpası prosesinə dəstək məqsədilə Bakı şəhərində işçi görüşləri ilə yanaşı, 11-14 mart tarixlərində işğaldan azad edilmiş ərazilərə sahə səfərləri də təşkil edilmişdir
Missiya tərəfindən həmin ərazilərin meşə ehtiyatları, su resursları, sənaye və kimyəvi çirklənməsi, tullantılar və onların idarəolunması, bioloji müxtəliflik və digər ekoloji bərpa ehtiyaclarının müəyyən edilməsi üçün hesabat və növbəti mərhələdə bərpa üçün Fəaliyyət Planı hazırlanacaqdır.

İşğal dövründə biotik və abiotik amillərin təsirindən itirilmiş meşə ilə örtülü əraziləri bərpa etmək və müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün yerli meşəbitmə şəraitinə uyğun ağac və kol cinslərindən istifadə edilməklə Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionunda minatəmizləmə işlərinin aparılması dinamikasına uyğun olaraq Nazirlik tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcəkdir.

Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması məsələsi təhlil edilərkən yeni yaşıllıq sahələrinin salınması üçün Ağdam rayonu üzrə 31,3 ha, Cəbrayıl rayonu üzrə 89,8 ha, Füzuli rayonu üzrə 251,1 ha və Zəngilan rayonu üzrə 63,5 ha torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edildiyi və sözügedən rayonların ümumi və baş plan layihələri hazırlanarkən həmin torpaq sahələrinin nəzərə alınacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bildirilmişdir. Məsələnin zəruriliyi nəzərə alınaraq, Nazirlik tərəfindən həmin torpaq sahələrinin 2022-ci ildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə müraciət edilmişdir.

Görüləcək tədbirlər

Hidrometeorologiya sahəsində görülmüş işlərin davamı olaraq Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji, Füzuli şəhərində 1 avtomat aqrometeoroloji və 1 arxeoloji, Xocavənd rayonu ərazisindən axan Köndələnçay çayı üzərində hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Qoruğun sərhədlərinin müəyyənləşdirilməsi, inventarizasiyası və zəruri infrastrukturun yaradılması üzrə işlərə başlanılmışdır. Hazırda Qoruq üçün inzibati binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb, eləcə də “Qoruğun sanitar-mühafizə zonasının xəritəsi”nin təsdiq edilməsi yekunlaşmaq üzrədir.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı növbəti mərhələdə
Qaragöl Dövlət Təbiət Qoruğunun və Arazboyu, Daşaltı, Qubadlı və Laçın Dövlət Təbiət Yasaqlıqlarının fəaliyyətinin bərpası, bioloji müxtəlifliyinin, ekoloji vəziyyətinin qiymətləndirilməsi və ekosistemin bərpası həyata keçiriləcəkdir.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin, “Qarabağın təbii ehtiyatlar atlası”nın və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri göstərilməklə onların xəritələrinin hazırlanması, eləcə də yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının, elektron su xəritəsinin hazırlanması və fauna növlərinin reintroduksiyası layihələrinin həyata keçirilməsi planlaşdırılır

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan dövləti güclü dövlətdir. Məlumat verdiyim kimi dövlətimiz işğaldan azad olunmuş ərazilərdə həm monitorinqlər, həm marifləndirici tədbirlər həm də bərpa işləri aparır. Şübhəsiz ki, biz bütün gücümüzlə ekoloji tarazlığın bərpa olunmasına çalışacayıq və buna nail olacayıq! Lakin bir məsələni qeyd etməliyəm ki erməni vandalları tərəfindən bizim təbiətimizə elə zərərlər vurublub ki, onları aradan qaldırmaq mümkün deyil. İşğaldan azad olunmuş ərazilərimizdə vaxtı ilə minillərlə yaşı olan qədim ağaclar və s. təbiət abidələri var idiki onlar məhv edilib onları təəssüf ki, bərpa etmək mükün deyil! Çünki onlar təbiət abidləri olmaqla bərabər həm də tariximizin bir parçası idi!

Yeri gəlmişkən, S.Qurbanov iclasdan sonra Cıdır düzünə gedərək oradan canlı yayım edərək ictimaiyyətə rəşadətli ordumuzun qəhrəman əsgərlərinin sıldırımlı qayalara çıxaraq erməni işğalçılarını necə diz çökdürdükləri yerləri göstərib. Millət vəkili daha sonra deyib ki, yaxın zamanda bu yerlər dünyanın ən gözəl turizm guşələrindən birinə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasəti, əsgərlərimizin cəsurluğu nəticəsində Azərbaycan regionun qüdrətli ölkəsi olmaqla, dünyanın aparıcı dövlətləri sırasında yer alıb.
Ermənilər Laçını talayır – PolkovnikRus sülhməramlılar müvəqqəti məsuliyyət zonalarında olan ərazilərdə separatçı ünsürlərin qanunsuz, vəhşi əməllərinə göz yumublar və yumurlar. Orada biabırçı bir vəziyyət var. Separatçı tör-töküntüləri, orada yaşayanlar alternativ yol açıldıqdan sonra Laçını tərk etməli olacaqlarını bilirlər. Ona görə əllərinə keçən hər şeyi talayırlar və əgər imkanları olsa, torpağı da maşınlara yükləyib apararlar.

Bu sözləri Axar.az-a Laçında separatçıların və orada yaşayan ermənilərin talançılıq etməsindən danışan hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik bu talançılığın, vəhşiliyin qarşısının alınmalı olduğunu bildirib:

“Müdafiə Nazirliyimiz, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi həm sülhməramlılara, həm də Ermənistan tərəfinə konkret və qəti xəbərdarlıq etməlidir. Törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçıların beynəlxalq səviyyədə mühakimə edilməsinə nail olmalıyıq. Ukraynanın da sözügedən istiqamətdə fəaliyyətləri var və artıq nəticəsini verir – o təcrübədən istifadə edə bilərik. Əgər torpaqlarımızda talançılıqla məşğul olan və milyonlar yığan separatçıların bir neçəsi Bakıda cinayət məsuliyyətinə cəlb olunsa, digərləri bu əməlləri davam etdirməyə cəsarət etməz. Bir daha vurğulamaq istəyirəm ki, sülhməramlılar və Ermənistanın qarşısında məsələni elə qoymaq lazımdır ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”.
ORDUMUZ LAÇIN ŞƏHƏRİNƏ DAXİL OLDU - Laçın dəhlizi bağlanır... + VİDEOAzərbaycan ordusunun bölmələri iyunun 17-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın şəhərinə daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə AzTV eksklüziv görüntülər paylaşıb.

Görüntülərdə Azərbaycan ordusunun Laçın şəhərinin mərkəzində hərəkət etdiyi əks olunur.

Qeyd edək ki, bu gün bir sıra erməni KİV-lərində yayılan məlumatlara görə, iyulun 1-dən Laçın şəhəri, Zabux və ermənilərin vaxtilə qanunsuz olaraq məskunlaşdığı və hələ də yaşadığı daha bir neçə kənd Azərbaycan ordusunun nəzarətinə qaytarılacaq.

Xatırladaq ki, bu ayın sonlarında Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yolun istifadəyə verilməsi gözlənilir. Bu isə Laçın dəhlizinin də Azərbaycan ordusunun nəzarətinə veriləcəyi və bağlanılacağı deməkdir.

Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, yeni hərəkət marşrutu hazır olduqdan sonra Laçın dəhlizi boyunca dayanan Rusiya sülhməramlı kontingentinin də yerdəyişməsi həyata keçiriləcək. Onlar müvəqqəti olaraq Laçın şəhərindən yan keçən yeni marşrut xətti üzrə yerləşəcəklər.
Püşk atıldı: Zəngilana qayıdış başladıYaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Amerikanın səsi"nə müsahibəsində bildirib.

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək", - o qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Rəsmi statistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.

Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı, əhalinin yenidən doğma yurdlarına qaytarılması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda, elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.

Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.

Ordumuz bu istiqaməti nəzarətə götürdü – Şok detallarBiz İkinci Qarabağ müharibəsindən sonra davamlı şəkildə belə informasiyalarla rastlaşırıq. Ya Rusiya sülhməramlıları adlandırılan hərbi kontingent hansısa əraziləri nəzarətə götürməyə çalışır, yaxud da Azərbaycan Ordusu təhlükəsizlik tədbirləri üçün hansısa əraziyə qalxır. Bu proses permanent, yəni daimi gedən prosesdir.

Bu sözləri Axar.az-a açıqlamasında Aşağı Şorca kəndi yaxınlığındakı mövqeləri Azərbaycan Ordusunun nəzarətə götürməsi ilə bağlı yayılan informasiyalar haqda danışan təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib.

Ekspertin sözlərinə görə, hazırda strateji nöqtələr uğrunda mübarizə gedir:

“Etiraf etmək lazımdır ki, burada bəzən dezinformasiya, qeyri-dəqiq məlumatlar olur. Məsələn, Fərrux kəndi və yüksəkliyi ilə bağlı məsələdə də həddindən artıq ziddiyyətli məqamlar var idi. Hələ də bəhs etdiyimiz məsələdə qeyri-müəyyənliklər qalmaqdadır. Hətta Fərrux kəndində rus sülhməramlılarının bayraq sancmalarının da görüntüləri yayıldı.

Burada söhbət nədən gedir? İlk növbədə qeyd etməliyəm ki, rus sülhməramlıları Qarabağın dağlıq hissəsinə yerləşdirildikləri zaman bütün strateji nöqtələri, yüksəklikləri öz nəzarətlərinə götürməyə çalışdılar. Onlar Laçında, Şuşanın ətrafında bəzi nöqtələrdə, eyni zamanda bizim üçün vacib əhəmiyyətli Ağdərə məsələsində qismən buna nail oldular. Müharibə zamanı torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın məğlub statusundan qalib statusuna keçməsi deməkdir. Amma bütün müharibələrin arxasında regional siyasi və geosiyasi amillər dayanır. Bu mənada Qarabağ müharibəsi, ümumiyyətlə, oradakı separatizmin hələ SSRİ dönəmindən başlayaraq qızışdırılması, stimullaşdırılması, dəstəklənməsi, Azərbaycan torpaqlarının faktiki olaraq Rusiya tərəfindən işğal edilərək Ermənistana verilməsi ilk gündən etibarən geosiyasi məsələ olub. Əgər biz aparılan işlərə, atılan addımlara diqqətli şəkildə nəzər yetirsək, onda kəndlərin, yüksəkliklərin, üçüncü dərəcəli önəmli məntəqələrin ələ keçirilməsi uğrunda gedən gizli mübarizənin əsasən strateji nöqtələrin ətrafında getdiyini görərik”.

Ərəstun Oruclu Aşağı Şorca kəndinin Basarkeçər-Ağdərə yolu üzərində yerləşdiyini, sözügedən yolun isə Ağdərənin, Tərtərin və digər bölgələrin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Bizim bəhs etdiyimiz Aşağı Şorca kəndi də Basarkeçər və Ağdərə yolunun üzərindədir. Diqqət yetirirsinizsə, Azərbaycan Ordusu da həmin yolun yaxınlığındadır. Hədəf isə ən azından həmin yola artilleriya məsafəsində yaxınlaşmaqdır. Bütün hallarda söhbət həmin yola nəzarətdən gedir. Biz həm də rus sülhməramlılarının və onların himayə etdikləri separatçı tör-töküntülərin silahlı dəstələrinin Tərtər istiqamətində fəallaşdığını müşahidə etdirik. Bu, təsadüfi deyil. Ağdərəyə çıxışı təmin edən həmin Basarkeçər-Ağdərə yoludur. Təbii ki, Azərbaycan Ordusu o yolu atəş nəzarətinə götürməlidir ki, sabah hansısa bir gərginlik yarandığı halda Ağdərəni əldə saxlasın. Rus-erməni koalisiyasının Ağdərədən Tərtər istiqamətində fəallaşması isə oranı təhlükə altında qoymaqdır. Çünki Tərtər strateji əhəmiyyət kəsb edir, hazırlanmış düşmən planına görə, 44 günlük müharibə ərzində işğal olunmalı idi. Rus qoşunları yalnız Qarabağın dağlıq hissəsinə deyil, həm də Goranboya daxil olmalı idi ki, Gəncə dəhlizini nəzarətə götürsün. Bu, faktiki olaraq Azərbaycanı iki yerə bölmək, o cümlədən Bakı-Tiflis-Qars dəmir yoluna, Bakı-Tiflis-Ceyhan neft kəmərinə, TANAP qaz kəmərinə, Trans-Avropa-Asiya internet və kommunikasiya xəttinə, Bakı-Tiflis avtomobil yoluna nəzarət demək idi. Mübarizə kommunikasiya xətləri uğrunda gedir. Ona görə də Azərbaycan Ordusunun Basarkeçər-Ağdərə yolunu nəzarəti bərpa etmək, yaxud onu təmin etməklə bağlı atdığı addım strateji məsələdir. Çünki Azərbaycana təhdid yarana biləcək nöqtələrdən biri, bəlkə də birincisi Ağdərədir. Məhz o səbəbdən Rusiya Ermənistanı Kəlbəcərdən çıxmağa və rayonu Azərbaycana qaytarmağa məcbur etdi, lakin Ağdərədə bunu etmədi. Kəlbəcərə gedən yol Ağdərə ərazisindən keçir. Azərbaycana Basarkeçər-Ağdərə yolunun nəzarətə götürülməsi çox ciddi üstünlük qazandırır”.

Ekspert Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamətdən də bəhs edib:

“Azərbaycanda Rusiya üçün əhəmiyyətli olan üç strateji istiqamət var. Bunlardan biri Gəncə dəhlizinə çıxmaq və onu kəsmək üçün Tərtər istiqamətidir, digəri Tovuz istiqamətidir, üçüncüsü isə Şuşadan keçməklə Cəbrayıl istiqamətidir. Cəbrayıldan Xudafərin nəqliyyat-kommunikasiya xətti İrana, oradan da Yaxın Şərqə keçir. Bu, Azərbaycan üçün böyük siyasətin tam mərkəzində, ortasında olmaq deməkdir. Diqqət yetirsək görərik ki, əslində İkinci Qarabağ müharibəsi 2020-ci ilin iyul ayında Tovuzdan başladı. Çünki Tovuz Gəncə dəhlizinin çıxışına ən yaxın məsafələrdən biridir. İkinci yaxın məsafə Tərtərdir.

Biz hər üç nöqtədə təxribatları gördük. İyulda Tovuza, sentyabrda Tərtərə hücum oldu. Nəticədə müharibə başladı və Azərbaycan çox unikal əməliyyat keçirərək Şuşanı işğaldan azad etdi. Sonra Şuşaya iki “İsgəndər” raketi atıldı. Bu fakt artıq sübut olunub və nəhayət biz bəhs etdiyimiz üç istiqamətdə Azərbaycan Ordusunun öz mövqelərini gücləndirdiyini görürük. Komandolar üçün Cəbrayıl istiqamətində yeni hərbi hissələrin, bazaların inşası təsadüfi deyil. Azərbaycan Şuşada, Kəlbəcər istiqamətində güclənir, Tovuz istiqamətində də yəqin ki, mövqelərimiz möhkəmləndirilir. Bütün sadaladığımız addımların atılması, qarşı tərəfin təhdid yarada biləcəyi strateji yollara, yüksəkliklərə nəzarət ərazi bütövlüyümüz üçün zərurətdir”.
Qarabağda ölən 86 erməni hərbçinin cəsədi hələ də morqdadırİkinci Qarabağ müharibəsində ölmüş 86 erməni hərbçinin cəsədi hələ də Ermənistandakı Metsamor və Heratsi morqlarlarında saxlanılır.

Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, yaxınları cəsədlərin onların övladları olduqlarını qəbul etmək istəmirlər.

“Müharibədən təxminən 2 il keçməsinə baxmayaraq, övladlarını itirən bəzi valideynlər onların sağ olduğuna inanır, ümidlərini itirmirlər”, - deyə qəzet yazır.

Qeyd edilir ki, Ermənistanda bəzi valideynlər ölkədə həyata keçirlən DNT testinə etibar etmirlər. Bu səbəbdən də bəziləri öz vəsaitləri hesabına xaricdə DNT testini təşkil etdiriblər. Nəticədə 1 il əvvəl morqlarda saxlanılan 100 cəsəd sayı 86-ya enib.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri durmadan davam edirBiz XX əsrdə iki dəfə müstəqillik əldə etdik. Ilk müstəqillik dövründə çox güclü ola bilmədik ,hətta bir gün sonra qədim diyarımız İrəvan ermənilərə verildi .Xalqımız bundan sonra da faciələrlə üz-üzə gəldi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı.1920 ci ilin noyabrında əsassız bir şəkildə Qərbi Zəngəzur Ermənistana verildi.

Əsl müstəqillik 1993 cü ildən başladı.Ulu Öndərin yenidən başlatdığı güclü siyasəti nəticəsində Azərbaycan iqtisadi ,hərbi gücü olan ,dünya miqyasında sürətlə inkişaf edən ölkəyə çevrildi. Prezidentimiz İlham Əliyevin də dediyi kimi bizim kimsənin yardımına ,kreditinə ehtiyacımız yoxdur. Biz Azərbaycanın sabit və təhlükəsiz bir diyar halına gəlməsi üçün əlimizdən gələni əsirgəmirik.

Ermənistandakı bu günki vəziyyət onun işğalçı siyasətinin nəticəsidir.Biz 44 günlük müharibə zamanı gücümüzü onlara göstərdik.Biz onlardan fərqli olaraq kimsənin torpağına göz dikmirik,dinc əhaliyə etnik təmizləmə etmirik. Biz sərhədlərimizin müəyyənləşdirilməsini ,sülh müqaviləsinin imzalanmasını istəyirik. Ermənistanın 5 prinsipi qəbul edib,ərazi bütünlüyümüzü tanıması,sərhədlərin dəqiqləşməsi çox önəm daşıyir.Biz çoxmillətli dövlətik.Bütün xalqlar heç bir problem olmadan əmin amanlıq içində torpaqlarımızda yaşayır .

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və"Böyük qayıdış"prosesinə start verildi.Bərpa quruculuq işləri sürətli bir şəkildə davam edir.Zəngilan gözəl təbiəti olan rayonumuzdur.Ermənilər vəhşilik etmiş evləri yerlə_yeksan etmiş ,meşələri məhv etmişdir.Bizim birinci pilot layihəmiz məhz Zəngilanda tətbiq edildi.Ağalı kəndində "Ağıllı kənd "layihəsi tətbiq olundu.200 evdən ibarət kənd salınıb ,məşğulluq ,məktəb ,bağça ,tibb məntəqəsi"Asan","Dost" xidmətləri mövcuddur. Dəmir yolları, avtomobil yolları çəkilir.Zəngilanda hava limanı tikilir. Böyük aqropark salınıb ,bu il ilk məhsul əldə ediləcək.Gənclərimiz bu qayıdışa artıq hazırdır. Onlar öz yurdlarına qayıtmağa çox həvəslidirlər. Vətən müharibəsi dövründə belə öz yurdlarını görməyən gənclər onun uğrunda ölümə belə getmişdilər.

Artıq Zəngilanın yeni dövrü başlayır.Zəngilanda müasir gözəl kəndlər, gözəl şəhərlər salınır.Zəngilan artıq öz doğmalarını qəbul etməyə hazırlaşır.

Quruculuq işləri bütün bölgələrimizdə gedir və tezliklə hamı öz yurduna qayıdacaq və Qarabağımıza dogma nəfəs ,doğma səs geri qayıdacaq. Bunun üçün dövlətimiz ,prezidentimiz durmadan çalışır. Bizim birliyimiz ,əzmimiz sayəsində torpaqlarımız daha abad , daha firavan olacaq.

Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru