Fərhad Acalovun film təqdimatı olunubBu gün gənclər arasında boks üzrə ilk dünya çempionu olan Fərhad Acalovun film təqdimatı olundu. Film Fərhad Acalovun uşaqlıqdan idmana necə başlaması, əldə etdiyi uğurlar, qazandığı mükafatlar, bu yolda qarşısına çıxan əngəllərdən bəhs edir.

Filmdə bu əngəllərə baxmayaraq Fərhad Acalovun bu günə qədər idman sahəsində yeni işlər gördüyü, hər bir gəncə və idmançıya dəstək olması nümayiş olundu. Filmin təqdimatında Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan Peşəkar Boks Federasiyasının Baş Katibi Orxan Muxtarov, Azərbaycan Respublikasının əməkdar məşqçisi Rəhim Allahverdiyev və bir sıra media nümayəndələri iştirak edib.

Film çox böyük maraqla izlənib və sonda xatirə şəkillərinin çəkilməsi ilə tədbir yekunlaşıb.
Fərhad Acalov filmin təqdimatından sonra bu sözləri bildirib : Filmin ərsəyə gəlməsində "Motivator Azerbaijan" layihəsinə və onun təsisçisi Rüfət Həsənova öz dərin təşəkkürümü bildirirəm.


"Azərsu"da görüş"Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qonaqları salamlayaraq Səhmdar Cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Sədr müavini layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə qurumları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. K.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, iqlim dəyişmələri, su ehtiyatlarının azalması sudan qənaət və səmərəli istifadəni zəruri edir və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzun təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, əsas vəzifə su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsini təmin etmək, bu sahədə qanunvericilik bazasını təkmilləşdirmək, su ehtiyatlarının milli və beynəlxalq idarəçiliyini koordinasiya etməkdir. Ölkənin su ehtiyatlarını kəmiyyət və keyfiyyət baxımından qorumaq, inkişaf etdirmək su sektorunda həyata keçirilən siyasətin başlıca istiqamətlərindəndir.

Görüşdə Türkiyənin su təsərrüfatı ilə bağlı geniş təqdimat keçirilib, su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cəlilabadda polis qəzaya düşdü, Bakıya göndərildiCəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda VAZ-21214 markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Report-a polis əməkdaşının vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə təxliyə edildiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.
Bayram günlərində İTV-də nələr olacaq?Qarşıdan gələn bayramlarla əlaqədar İctimai Televiziyanın proqram setkasında yeniliklər edilib. İTV-dən verilən məlumata görə, artıq dekabrın 30-dan başlayaraq, “Mosfilm” kinostudiyasının lisenziyalı ən maraqlı və məşhur filmlərindən “Uğur centlemenləri” (saat 18:25), “Taleyin istehzası və ya həmişə təmizlikdə (22:35), dekabrın 31-də isə "I" əməliyyatı və Şurikin digər macəraları” (16:20) yüksək keyfiyyətli dublyajla nümayiş etdiriləcək. “Mosfilm”lə ikitərəfli razılaşmaya görə, kinostudiyanın baxımlı filmləri yaxın bir il ərzində yalnız İTV-də göstəriləcək.

Tamaşaçıların maraqla izlədiyi və geniş auditoriyaya malik “3D” verilişində aparıcı Dadaş Dadaşlinski bu dəfə 2021-ci ilin mühüm hadisələrinə diqqət çəkib, özünün maraqlı təhlil və yanaşmalarıyla yola saldığımız ilə yekun vuracaq. Verilişdə ən maraqlı məqamlardan biri aparıcının müxtəlif nominasiyalar üzrə bir sıra şəxslərə, qərarlara və sitatlara “koronavirus” mükafatları təqdim etməsi olacaq. Veriliş bu gün 21:35-də efirdə olacaq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar İTV efirində həmrəyliyə dair verilişlər göstəriləcək. Bu bayramın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilməsi və əhəmiyyəti nəzərə alınaraq, həmin gün saat 15:20-də “Heydər Əliyev və azərbaycançılıq” verilişi efirə veriləcək. Bunun ardınca 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin bir bayraq altında düşmənə qarşı yumruq kimi birləşməsindən bəhs edən “Qarabağ Azərbaycandır!” sənədli filmi nümayiş etdiriləcək. Rejissoru Emil Quliyev olan “Həmrəylik Günü” filmini isə 19:40-da izləmək mümkündür. Film yeni il axşamı Bakıdan kənarda avtomobillərin toqquşmasından və həmin avtomobillərin sürücülərinin və sərnişinlərinin bir-birilərini günahlandırmasından bəhs edir. Bu qızğın mübahisə əsnasında yeni ilə artıq sayılı dəqiqələr qalması qəhrəmanların tamamilə yadından çıxmaq üzrədir və onlar yeni ili necə keçirmələri barədə təcili qərar verməlidirlər... Xalq artisti Sabir Məmmədov, tanınmış aktyorlar - Azər Aydəmir, Rauf Şahsuvarov və başqalarının iştirak etdiyi film komediya janrındadır.

Bundan dərhal sonra “Səs Azərbaycan” (The Voice) televiziya şousunun növbəti – “Nokautlar” mərhələsi efirə gedəcək. Ardınca isə bir vaxtlar televiziyada bayramlar öncəsi yayımlanmış “Mavi işıq”(Qoluboy oqonyok) formatında çəkilən “İlin son gecəsi” bayram proqramı saat 23:00-da başlayacaq, gecə yarısı Prezident İlham Əliyevin xalqı təbrik nitqindən sonra davam edəcək. Proqram tanınmış simaların iştirakı ilə peşəkar səviyyədə, bayram ovqatında hazırlanmış musiqi, əyləncə məzmunludur. Bunun ardınca isə “Mosfilm”in təqdim etdiyi “Karnaval gecəsi” bədii filmini izləmək olacaq.

Ümumiyyətlə qarşıdakı 5 gün ərzində efirə gedəcək verilişlərin əksəriyyəti - “Yaxşısı budur”, “Ustad dərsi”, “Ötən günlər”, “Camaat nə deyir?”, “Fatehin divanı”, “Yeməsəm olmaz”, “Gəl qonaq ol!”, “Ozan məclisi”, Nə? Harada? Nə zaman? İntellektual oyun, “Haradasan bu vaxtacan?” və s. bayram əhval-ruhiyyəsində hazırlanıb.
Yanvarın 2-si saat 15:15-də dünyaca məşhur Vyana Filarmoniya Orkestrinin yeni il konsertinin nümayişi nəzərdə tutulur. Konsert proqramı İTV-nin aparıcısı Şəfiqə Əfəndiyeva və xalq artisti Yalçın Adıgözəlovun şərhilə təqdim olunacaq. Elə həmin gün 18:50-də lisenziyalı layihələrdən olan “Kim zəngin olmaq istəyir? Milyonların şousu”nda bu dəfə İTV-nin bəzi tanınmış simalarını çətin suallar gözləyir.

İctimai Televiziya məşhur şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən film çəkilişlərinə də xüsusi diqqət yetirir. Bu cür filmlərdən bayram günlərində bir neçəsi nümayiş etdiriləcək. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalı Polad Həşimovun doğum günü – yanvarın 2-də “Poladın 7 anı” filmi 17:45-də efirdə olacaq.

Yanvarın 3-də 10:00-da dahi bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyova həsr olunmuş “Bir arşın malçı əhvalatı” sənədli filmi, 15:20-də Azərbaycanın tanınmış pianoçusu, professor Kövkəb Səfərəliyevanın 115 illik yubileyilə əlaqədar “Asəf” bədii-televiziya filmi və bunun ardınca məşhur Azərbaycan dramaturqu, ictimai xadim C.Məmmədquluzadənin vəfatının ildönümü ərəfəsində “Qaranlıqdan işığa. Cəlil Məmmədquluzadə” verilişi (16:00) nümayiş etdiriləcək. Yanvarın 4-ü 12:55-də efirə gedəcək “Əkinçinin doğru sözü. Həsən bəy Zərdabi” filmi də bu sıradandır.
Yanvarın 3-də “Jara” Beynəlxalq Musiqi Festivalı zamanı çəkilən “Jara” filmi (11:00) dublaj olunmuş versiyada efirə gedəcək. Eləcə də İTV istehsalı olan verilişlərdən “Qovğalı kəndinin gecələri” bədii-televiziya filmi (13:15), ”“Oxşarabad”(17:30), ardınca “Oxşarabaddan konsert proqramı”, daha sonra “Zəfər səsi” Film-konserti nümayiş olunacaq. Azərbaycan ordusuna həsr olunmuş “Zəfər səsi” 44 günlük Vətən müharibəsində sosial şəbəkələrdə Azərbaycan hərbçilərilə bağlı yayılmış müxtəlif maraqlı videomateriallardan ilhamlanaraq döyüş öncəsi son bir gecədən bəhs edir. Proqramın ifaçıları “Səs Azərbaycan” layihəsinin iştirakçılarıdır.

Yanvarın 4-də isə bədii film “Oxşarabad 2: Karifeylər” (18:35) və ardınca müvafiq konsert proqramı efirə veriləcək. Daha sonra “Sən demə” bədii filmi, saat 22:45-də isə ilk dəfə olaraq “Sevgi romanı” bədii filmi nümayiş olunacaq.

"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan köhnə və yeni filmlərdən “Bəyin oğurlanması”, “Yoxdur belə söhbət” və başqa bədii filmlərə də efir setkasında günün müxtəlif vaxtlarında yer ayrılıb.

İctimai TV həmişə olduğu kimi kiçik yaşlı uşaqların da zövqünü nəzərə alıb. Yanvarın 1-dən 4-dək səhər saatlarında “Maşa və ayı”, “Santanın məxfi dəstəsi”, “Qəzəbli quşlar”, “Şirinlər” və s. yüksək keyfiyyətdə dublyaj olunmuş filmlərin nümayişi uşaqlar üçün yaddaqalan olacaq.

Lisenziyalı filmlərdən Amerika kino akademiyasının Oskar mükafatını almış quruluşçu rejissor Sidni Pollakın “Tutsi” filminin 4 yanvar 11:00-da, həmin gün 15:20-də “Mosfilm”in istehsalı olan “İşdə məhəbbət macərası”nın nümayişi də kinosevərlərin ürəyincə olacaq.

İTV futbol azarkeşlərini də sevindirəcək. Yanvarın 1-də 16:30-da İngiltərə premyer liqası. Arsenal-Mançester Siti, yanvarın 2-si saat 20:30-da İngiltərə premyer liqası. Çelsi-Liverpul oyunları İTV efirində nümayiş olunacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir.
Media qanununu III oxunuşda qəbul edildiMilli Məclis “Media haqqında” qanunu üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Avrasiya.net xəbər verir ki, layihəni İnsan hüquqları komitəsinin sədri Zahid oruc təqdim edib.

Komitə sədri deyib ki, qanun layihəsi ilə bağlı üç ictimai müzakirə keçirilib, ölkənin 162 media rəhbəri bu müzakirələrə qatılaraq fikir və tövsiyyələrini verib.

Zahid Oruc qeyd edib ki, qanun layihəsinin hər bir maddəsi ciddi analiz olunub. Biz Milli Məclis sədrinin göstərişi ilə ekspertlərlə də müzakirələr aparmışıq.

Qanun layihəsinə etiraz edərək parlament qarşısında iki aksiya keçirənlərə gəldikdə Zahid Oruc bildirib ki, bu aksiyalarda qanun layihəsinə dair hər hansı fikirə rast gəlinməyib: “Əgər onların niyyəti azad media ilə bağlı olsaydı bu müzakirələrə qatılar, təklif və fikirlərini açıqlayardılar.

Qanun layihəsi kimisə həbs etməyi və ya cəzalandırmağı, ifadə azadlığına qarşı deyil. Azərbaycan dövləti mətbuatın güclənməsində maraqlıdır”.

***

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Sənəd bu gün parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Daha sonra isə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
İTV-nin Yayım Şurasının tərkibi DƏYİŞDİRİLDİİctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilib.

Avrasiya.net-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklə, aşağıdakı şəxslərin 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilməsi təklif edilib:

1. Zeynalov Vüqar Eldar oğlu
2. Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:

1. Əliyev Azər Ruslan oğlu
2. Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:

1. Yusifova Sevil Şərif qızı
2. Mansurova Zirəngiz Dəmirçi qızı.

Müzakirələrdən sonra Yayım Şurasının tərkibi səs qoyularaq təsdiq edilib.
ALDP sədri həmvətənləri təbrik etdiƏziz həmvətənlər!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il - 2022-ci il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm!

Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Bayramınız mübarək olsun!

Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

“Alov qüllələri”nin qarşısında partlayış: xəsarət alanlar varBakıda qaz sızmasından partlayış olub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzzafinin Səddam Hüseynə görə pul ödədiyi üzə çıxdıLiviyanın keçmiş prezidenti Müəmmər Qəzzafi və Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsini maliyyələşdirmək üçün vəsait ayırıblar.

Axar.az xəbər verir ki, bunu Səddam Hüseynin vəkili Büşra Xəlil deyib.

“Qəzzafi və Əli Abdulla Saleh vəkillər komissiyasına ödəniləcək pulları Əmmanda komitənin ofisində işləyən Səddam Hüseynin qızı Rağada göndərmişdilər”, - Büşra Xəlil bildirib.

Qeyd edək ki, İraqın keçmiş lideri Səddam Hüseyn 2006-cı ilin dekabrın 30-da edam olunub.
Saakaşvili yenidən türməyə qaytarıldıEks-prezident Mixail Saakaşvili Qori hərbi hospitalından Rustavi şəhərindəki türməyə qaytarılıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri onun vəkili Nika Qvaramiya deyib.

Qeyd edək ki, aclıq aksiyasından sonra Saakaşvili müalicə olunması üçün Qori hospitalına köçürülmüşdü. hazırda onun səhhəti yaxşı olmasa da, Penitensiar Xidmət Saakaşvilinin artıq müalicə olunduğu və həbsxanaya geri qaytarılacağını açıqlamışdı.

Türmənin önünə Mişanın tərəfdarları da toplanıb.

Ədliyyə Nazirliyi hələlik Saakaşvilinin türməyə qaytarıldığını rəsmən açıqlamayıb.