Əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasına işgüzar səfəri ölkə mətbuatında geniş müzakirə edilir. Mehriban qonşuluq və dostluq əsasında uğurla inkişaf edən bu münasibətlərin dünəninə və bugününə baxış oldu və gələcək addımlar müzakirə olundu. Azərbaycan və Rusiya prezidentlərinin iştirak etdikləri Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində Ümummilli Lider Heydər Əliyevin bu nəhəng layihənin tarixində müstəsna rolu xüsusi qeyd edildi. O da vurğulandı ki, iki ölkə arasındakı dostluq münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub. 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xarici siyasətdə qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verir. Bunun nəticəsidir ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Onu da qeyd edək ki, Rusiya Azərbaycanın şanlı Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən üç ölkədən biridir.
Ölkələr arasında əlaqələrin inkişafından bəhs edərkən ilk olaraq göz önünə iqtisadi sahədə əməkdaşlıq gəlir. Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin hazırkı inkişaf səviyyəsi diqqətdədir. Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarına çatıb. 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar oldu. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə yüksəltdi.
Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edildi.
İki ölkə arasında bu günədək imzalanan sənədlərin hər biri əlaqələrin inkişafında hüquqi baza rolunu oynayır, əməkdaşlığa yeni əlavələr edir. Sözügedən səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən də göründüyü kimi, iki dost, qonşu ölkənin əlaqələrinin gündəliyi zəngindir. “Şimal-Cənub” nəqliyyat dəhlizi bir daha ətraflı müzakirə edildi. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.
Göründüyü kimi, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin daha yüksələn xətlə inkişafı üçün geniş imkanlar yaranır.