Azərbaycanda 5 günlük bayram tətili başladıBu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

Avrasiya.net xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.

Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.
Ölkəmizin hərbi sənayesi daha da inkişaf edəcəkSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Dəyərli dostlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsini qürurla bir daha oxudum. Müsahibədə cənab Prezident vurğulayır: "Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var.”

Həmin müsahibədə dövlət başçısının ölkəmizin hərbi sənayesinin günü-gündən inkişafını önə çəkməsi, ətraf mühit və ekologiyaya təsir baxımından mənim diqqətimi bu sahəyə ayırmağa sövq etdi. Düşünmək olardı ki, hərbi sənaye ağır sənaye sahələrindən biri hesab olunduğundan, zavodlarda aparılan istehsalat fəaliyyəti ölkəmizin ekoloji mühitinə ciddi ziyan vurur. Bu haqda məlumat almaq üçün dünən müvafiq qaydada alınmış icazə əsasında Müdafiə Sənayesi Nazirliyinin ən iri müəssisələrindən biri hesab olunan “Şərq” İstehsalat Birliyinə oldum və deyə bilərəm ki, şübhələrimin tam əksini müşahidə etdim.

Belə ki, müəssisədə istehsal prosesində əmələ gələn bərk tullantıların təhvil verilməsi atmosferə atılan tullantıların buraxıla bilən hədd daxilində atılması normalar çərçivəsində həyata keçirilir. Bölmələrdə atmosfer havasına atılan zərərli maddələrin miqdarını azaltmaq üçün 14-ədəd toz-tutucu qurğu quraşdırılmışdır. Həmin qurğular il ərzində 3,989 ton zərərli maddə tutulmuşdur ki, bunlardan 0,086 ton qeyri-üzvi toz, 0,401 ton abraziv metal tozu, 0,688 ton ağac tozu, 1,701 rəng aerozolları, 1,113 ton isə həlledicilərdir. İstehsal sahələrinin yay mövsümündə soyudulması üçün 14-ədəd "Ruftop" tipli kondensioner, qış mövsümündə qızdırılması üçün isə 5-ədəd müasir tipli qazan mövcuddur.

Bundan əlavə qalvanika sahələrində hava sovurucu ventilyatorların giriş və çıxışında filtrlə, metal əritmə və taxta emalı bölmələrində siklonlar quraşdırılmışdır.
Müəssisə tərəfindən ətraf mühitə atılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyətcə miqdarı, o cümlədən ekoloji faktorları nəzərə alaraq tullantıların normativ miqdarı müəyyənləşdirilir. Bu zaman çirkləndirici maddələrin yayılma istiqaməti ətraf mühitin metroloji və iqlim şəraitinə uyğun həyata keçirilir.

Müəssisədə əmələ gələn istehsalat və məişət tullantıları ərazidən kənarlaşdırılır, yaz-yay mövsümündə quru və yanar otalaqlar təmizlənir. Müəssisədə su ehtiyatının yığılması üçün hər birinin həcmi 2000m3 olmaqla 6 tutum vardır. İstehsalat tulantı sularının təmizlənməsi üçün müəssisədə neytirallaşdırıcı stansiya fəaliyyət göstərir. Kimyəvi neytirallaşdırma üsulundan istifadə edilir. İstehsalat tullantı suları ayrı-ayrı istehsalat sahələrindən müstəqil kanalizasiya xətti ilə neytiralizasiya qurğusuna verilir. Təsərrüfat-məişət suları yeməkxana və sanitariya xətlərindən müəssisənin ərazisində yığılaraq mexaniki təmizləyici qurğuya nəql edilir. Mexaniki təmizləmədə xlorlama üsulundan istifadə olunur.

Beləliklə tullantı suları təkrar təmizlənərək suvarmaya, eyni zamanda istehsalatda avadanlıqların soyudulması prosesində istifadə olunur. Ümumiyyətlə müəssisədə əmələ gələn tullantıların azalması istiqamətində total işlər aparılır, texnoloji əməliyyatlarda mümkün olan tədbirlər görülür. Əlavə olaraq qeyd etməliyəm ki, müəssisə ərazisində il ərzində yaşıllaşdırma məqsədilə 1000-dən çox müxtəlif növ ağac əkilir. Əməkçilərin fasilə zamanı istirahəti üçün guşələr yaradılmışdır. Burada yaradılan şərait və təkrar istehsala maraq Istehsalat Birliyinin rəhbəri İlqar Nəzərovun və onun zəhmətkeş kollektivinin gərgin əməyinin nəticəsidir.

Danılmaz faktdır ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Azərbaycanda müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətlərdən biridir. Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib.

Məhz həmin dövrdə onun şəxsi təşəbbüsü və səyi nəticəsində Bakı şəhərində və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, bu günə qədər Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülmüşdür. Bu gün də Müzəffər Ordumuz yeni texniki imkanlar əldə etməklə müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyərək dünya hərb tarixinə öz qürurlu imzasını atmışdır.

Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Diqqətçəkən başqa bir cəhət də odur ki, Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə imkan verir. Bunu qeyd etmək xoşdur ki, xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq müşahidə olunur. İndiyə qədər keçirilən beynəlxalq sərgilərdə ölkəmizin istehsalı olan müdafiə məhsullarının da nümayişi dediklərimi təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir.

Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar. Xüsusi ilə qeyd etmək istərdim ki, bu sahədə son dövrlər müşahidə olunan inkişafda və qazanılan nailiyyətlərdə Müdafiə Sənayesi Naziri Mədət Quliyevin xidməti böyükdür. Əminəm ki, cənab Ali Baş Komandan İlham Əliyevin bu sahəyə xüsusi diqqəti ölkəmizin hərb sənayesini daha da inkişaf etdirəcək və dünyada sülhün geniş məkan almasına xidmət edəcəkdir.
"Pakistanın Ermənistanı dövlət kimi tanımaq niyyəti yoxdur"Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi və “THE” Beynəlxalq Cəmiyyətinin baş icraçı direktoru Qaiser Nəvab bu gün İslamabad Parlament Evində Pakistanın federal xarici işlər naziri cənab Şah Mehmud Qureşi ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, o, regional və qlobal kontekstdə gənclər diplomatiyasının rolunu, eləcə də 5-ci nəsil müharibəsinin çağırışlarına cavab verməsini müzakirə edib.

Qaiser Navab həmçinin Ermənistan prezidenti Armen Sarkisyanın Pakistanla ikitərəfli münasibətlərlə bağlı son müsahibəsini müzakirə edib. Şah Mehmud Qureşi bildirib ki, Pakistan istənilən təcavüzə qarşıdır və dinc yanaşı yaşamaq Pakistanın xarici siyasətinin əsas prinsipidir. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə təcavüzü əsassızdır və hələlik Ermənistanın tanınması ilə bağlı belə bir təklif və niyyət yoxdur. Pakistan qardaş ölkə kimi Azərbaycanın yanındadır. Pakistan-Azərbaycan Məzunları Assosiasiyası qlobal miqyasda erməni təcavüzünə qarşı səslərin ucaldılması üçün daim ön plandadır.
Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunubUkraynanın Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Qeyd olunub. Tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə baş tutub. Azerforum.com xəbər veriri ki, bayram şənliyində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, musiqiçilər, milli və yerli rəsq ansamblının üzvləri iştirak ediblər.

Tədbirin açılışında Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsində, onların birlik və həmrəyliyinin artırılmasında mühüm rol oynayır: “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olub. Dünya Azərbaycalılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində, həmçinin Ukraynada da diaspor üzvləri tərəfindən xüsusi qeyd olunur”.

Daha sonra Dnepropetrovsk vilayət şurasının deputatları Qoşqar Muxtarov, Natalya Keda, Natalya Demidova, Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Süleyman Rəhmanov, Dnepropetrovsk Şəhər Sovetinin Daxili siyasət idarəsinin rəisi Stanislav Bondura və digərləri çıxış edərək Dünya Azərbaycalılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafından, Ukraynada yüksək tolerantlıq ab-havasından danışıblar.

Tədbirdə diaspor işində fəallığı ilə seçilən bir qrup azərbaycanlı Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Yeni il tədbirinin simvolu olan Şaxta baba və Qar qız uşaqları əyəndirərək onlara hədiyyələr təqdim ediblər. Sonra konsert proqramı olub. Həmçinin milli və yerli rəsq ansamblının üzvləri müxtəlif rəqslər ifa ediblər.
MHP sədri soydaşlarımızı təbrik etdiMilli Həmrəylik Partiyasının (MHP) mətbuat xidməti xəbər verir ki, partiyanın sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Dəyərli həmvətənlər,

Sizi – ölkədə və dünyada yaşayan bütün azərbaycanlıları Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm.

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının sonuncu təqvim gününü böyük coşqu ilə qeyd edir, birlik və həmrəylik nümayiş etdirirlər. Bu gün sıradan bir təqvim günü deyil. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın ən ucqar guşələrində belə soydaşlarımız tərəfindən birlik bayramı kimi qeyd edilməsi sadəcə bir ənənə deyil, bu artıq hər bir azərbaycanlı üçün milli şərəf işinə və mənəvi tələbata çevrilmiş ümummilli bir hadisədir. Həmrəylik Günü bayramı bütün azərbaycanlıları üçrəngli bayrağımızda təsbit olunmuş dəyərlərimizin – Türkçülük, Müasirlik və İslamçılıq vəhdətinin çətiri altında bir araya gətirir və bir daha hamımıza Vətənə məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, yenilikçiliyi aşılayır.

Bu mənada Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təqvim ilinin son gününə təsadüf etməsi də tamamilə yerinə düşür. Belə ki, ilin son günündə hamımız ruhən və fikrən bu dəyərlərin işığında toplaşaraq milli varlığımızı təsdiqləyir, azərbaycanlı olmağın qürurunu yaşayır, Bütöv Azərbaycan amalımıza köklənir, Vətənimiz və dövlətimiz naminə daha da sıx tellərlə birləşirik. Biz bunun əyani nümunəsini 44 günlük Vətən müharibəsinin gedişində də gördük. Məhz milli birllik və həmrəylik hissləri 2020-ci ilin 27 sentyabr – 10 noyabr günlərində hamımızı Qarabağ uğrunda Şanlı Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın ətrafında Dəmir Yumruq kimi sıx birləşdirdi. Bu Zəfər ölkəmizin 10 millyon vətəndaşını da, dünyadakı 50 milyondan çox azərbaycanlını da bir araya gətirib tarixin sınağından üzüağ çıxardı. İşğalçı Ermənistan üzərindəki Zəfərimiz milli birliyimizin, həmrəyliyimizin gücünü bütün dünyaya göstərdi.

Biz şəhidlərimizin qanı bahasına, Ordumuzun rəşadəti və qazilərimizin misilsiz igidliklləri sayəsində əldə edilmiş Qələbəmizin nəticələrini qorumaq və postmüharibə dönəmindəki vəzifələrimizi millət və dövlət olaraq alın açıqlığı ilə və müvəffəqiyyətlə həyata keçirmək üçün 44 günlük müharibə zamanı nümayiş etdirdiyimiz həmrəyliyi, birliyi bundan sonra da eyni ruh, eyni əzmkarlıqla davam etdirməyi bacarmalıyıq. Ərəfəsində olduğumuz 2022-ci ildə qarşımızda kifayət qədər mühüm vəzifələr durur. İşğal dövründə viran edilmiş yurd yerlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdışa start verilməsi, torpaqlarımızın qalan hissəsinin separatçı və terrorçulardan tamamilə təmizlənməsi, sərhədlərimizin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, revanşizmə can atan erməni millətçi dairələrinin və xaricdəki erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyalarının dəf edilməsi, beynəlxalq arenada nüfuzumuzun daha da gücləndirilməsi və Azərbaycanlla hesablaşılması, siyasi islahatların dərinləşdirilməsi, iqtisadi qüdrətimizin artırılmasına nail olmaq üçün eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi mütəşəkkil olmalı, milli birliyimizi qorumalı və gələcək qələbələrimizə hamımız birlikdə imza atmalıyıq.

“Biz birlikdə güclüyük!” sözü heç də təsadüfən ərsəyə gəlməyib. Biz bu həqiqəti artıq bir dəfə sübut etmişik, bundan sonra da sübut etməliyik. Ümummilli hədəflərimizə doğru çıxdığımız bu böyük yolda qərarlılığımızı, davamlılığımızı daim nümayiş etdirməliyik. Bizi içimizdən zəiflətməyə, parçalamağa çalışan qüvvələrə heç bir fürsət verməməliyik. Anti-Azərbaycan qüvvələrinin bütün məkrli planları bizim həmrəyliyimiz qarşısında puç olmağa məhkumdur. Həmrəylik bizim ən güclü sipərimiz və silahımızdır. Bizim gücümüz həmrəyliyimizdədir. Siyasi xaos və iqtisadi kataklizmlər burulğanının hökm sürdüyü, münaqişələrin və hibrid müharibələrin genişləndiyi hazırkı mürəkkəb dünyada bir millət olaraq özümüzü qorumaq və tərəqqi etmək istəyiriksə mütləq həmrəylik silahımıza sarılmalıyıq

Əziz soydaşlarım!

İkinci Qarabağ müharibəsindən sonra həyatımızda yeni bir dönəm başlayıb. Biz 30 illik işğal dönəminin məğlubiyyət sindromundan, natamamllıq kompleksindən qurtulmuşuq. Biz bundan sonra daim qalib xalq kimi yaşayacağıq. Azərbaycanlı olmağızla fəxr etməyimiz üçün indi əlimizdə daha çox əsaslarımız var. 2001-ci ilin noyabr ayında dünya azərbaycanlılarının birinci qurultayında Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamını böyük bir iftixar hissilə söyləməsi həm də uzaqgörənliyin təzahürü idi. Ulu Öndərin bu sözləri zamanla hər bir azərbaycanlı üçün milli qürur mənbəyinə çevrildi. Bu gün isə bu sözü qalib ölkənin, qalib xalqın övladlları kimi var gücümüzlə hayqırmağa, dünyaya bəyan etməyə daha çox haqqımız çatır.

Mən fürsətdən istifadə edib bütün soydaşlarımızı Milli Həmrəylik Partiyasının adından bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir, hər bir azərbaycanlıya irili-xırdalı çoxlu uğurlar arzulayıram. Qoy 2022-ci ildə arzularınız çin olsun, xeyirli günlər nəsibiniz olsun. Tanrı Azərbaycanımızı qorusun! Tanrı bütün Türk dünyasını qorusun!

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı”

/
Quzey Kibrıs Türk Cümhuriyyətinin bayrağını Antarktidanın ən hündür nöqtəsində dalğalandırdıQuzey Kibrıs Türk Cümhuriyyətinin (KKTC) vətəndaşı alpinist Birkan Uzun Antarktidanın ən hündür nöqtəsi olan Vinson dağının zirvəsində KKTC bayrağını dalğalandırıb.

Avrasiya.net xəbər verir KKTC Prezidenti Ersin Tatar və Baş nazir Faiz Sucuoğlu Uzunu təbrik edib.

ABŞ-da yaşayan və əslən Güzelyurtdan olan Birkan Uzun dekabrın 16-da Antarktidanın ən hündür nöqtəsi olan 4892 metr hündürlükdə olan Vinson dağının zirvəsinə çıxıb və KKTC bayrağı sancıb. Uzun bu anın fotosunu Facebook hesabından mesajla paylaşaraq, bura qalxan ilk kiprli türk olmaqdan qürur duyduğunu bildirib.

Birkan Uzun, “Zirvədə ölkəmizin bayrağını dalğalandıra bilmək və xalqımıza böyük və ya kiçik, əzmlə, əzmkarlıqla, inamla qarşısına qoyduğu məqsədə çata biləcəyini göstərmək mənim üçün bir şərəfdir”, dedi.
Bankda valyuta satan şəxsə hücum edildi - VideoDekabrın 23-də paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən orada 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib. O ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib. Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bir olaq, iri olaq, diri olaq!2021-ci ili də başa vururuq. “İldırım sürəti ilə ötdü, keçdi”, - deyə bilməyəcəyəm. Geridə buraxdığım zamanın az qala hər saatını, hər gününü xatırlayıram. Amma saysız-hesabsız olayların, an etibarilə dəyişən, həyatımızın əhəmiyyətli hissəsini qəsb edən xəbər yükünün altında çat verən düşüncəmizin, azadlığı internet sürətindən asılı olan varlığımızın, palitranın bütün rənglərinin virtouz qarışığının xaotik bir şəkildə yer aldığı həyat tablomuzun doğurduğu təəssüratların basqısı altında, çoxları kimi mən də ötən günlərin xatirələrini bir araya gətirməkdə, toparlamaqda çətinlik çəkirəm. Çox sürətli, dəyişkən, ağrılarıyla sevinci qolboyun olan bir il yaşadıq.

Doğmalarımızı, yaxınlarımızı itirdik... Lakin həyatın ritmi hətta kədərimizi, üzüntümüzü belə tam, bütöv bir şəkildə yaşamağa imkan vermədi. Gün başladı – gün bitdi...

Bəzən ən xoş hadisə belə içimizi saran, anlaşılmaz, bir az da qeyri-müəyyən, səbəbsiz “kədəri” unutdurmaq üçün yetərli olmur. Qısamüddətli “ağrıkəsici” təsiri bağışlayır, vəssalam...

2020-ci ilin son günlərində 2021-dən böyük gözləntilərimiz vardı...

Zəfərin gətirdiyi ovqatdan doğan maksimalizm beynimizə qısa bir zaman kəsiyində bütün hədəflərimizə çatacağımız barədə fasiləsiz siqnallar ötürür, bizi gözümüzün önündəki reallıqlardan daha çox təxəyyülümüzdə yaratdığımız sintetik uğur rənglərinin üzərində kökləyirdi... Hər şeyin 44 günlük Zəfər yolunun temporitminə uyğun bir şəkildə baş verəcəyini düşünürdük. 44 gün... Sadəcə 44 günmü? Separatizm dalğasının başlandığı gündən nələrdən və nələrindən keçmişdi Azərbaycan?! Yüzminlərlə insanın paramparça olnuş taleyi... Sonunda işığın belə “talon”la göründüyü qaranlıq “tunellər”dən, bir millət olaraq bizi toparlanmağa qoymayan sarsıntılardan keçən ömrümüz... Yolun başlanğıcında məğlub edilmiş, əzilmiş, dünyanın küncünə atılmış bir ovqat “qatarı”nın çarəsiz sərnişinləriydik, sadəcə... İndi heç geridə buraxdığımız 30 illik zaman kəsiyinin hissəciklərini bir-birinə “yamayıb” qazandıqlarımızın, əldə etdiklərimizin miqyasını təsəvvürümüzdə canlandıra bilmirik. Bizim o müqəddəs 44 günədək yaşadıqlarımızın 30 yox, 300 yaşı var!

...2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin “ömür yükü” ən azı 100 ildir! Torpaqlarımızı işğaldan azad edəcəyimizə inamımızı itirməsək də, nə zamansa Azərbaycan-Türkiyə müttəfiqliyini ən üst səviyəyə daşıyan bir sənədin imzalanacağını heç ağlımızın ucundan belə keçirə bilməzdik. Həm də harada? Şuşada! Fəthi misilisiz cəsarət, fədakarlıq tələb edən alınmaz qalada!
Çox yox, cəmi 2 il öncə, nə zamansa indiki Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı bir mücadilənin içərisində olacağımızı təsəvvür belə edə bilməzdik. Qulaqlarımızı deşən “Dağlıq Qarabağ” və “münaqişə” sözlərinin separatizmi, işğalı körükləyənlərin özlərinin siyasi leksikonundan silinəcəyini də, həmçinin...

Çox yox, cəmi 2 il öncə bizi okeanın o tayından “yeni ərazilərimizi işğal edəcəkləri” ilə hədələyənlərin liderinin öz ölkəsinin paytaxtında Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı ərazilərimizdə yaşayan etnik ermənilərin taleyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməli olduğu barədə danışa biləcəyini hansısa fantastik əsərin qəhrəmanının monoloqu kimi qarşılayardıq...

Şuşaya Zəfər yolu çəkəcəyimizi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edəcəyimizi, Şuşada “Xarı bülbül” festivalı, Vaqif Poeziya Günləri keçirəcəyimizi də həmçinin... Amma bütün bunlar gerçəklikdir! Bəlkə də baş verənlərin sürəti əldə etdiklərimizi yetərincə qiymətləndirməyə imkan vermir. Amma 2021-ci ildə bu kiçicik yazıda sadaladıqlarım və sadalamadığım çoxsaylı hadisələr baş verib. Biz bütün bunları bacarmışıq! Xalq olaraq! Dövlət olaraq!

Bir ilin ərzində 100 illik məsafəni qət etmişik. Bu səbəbdən də geridə buraxdığımız zaman kəsiyinin hər anından qürur duymalı, bütün hədəflərimizə çatacağımıza varlığımız qədər inanmalıyıq!
2022-ci il sözün bütün mənalarında Bütöv Azərbaycan ili olacaq! Fikirdə, sözdə və işdə birliyimiz maneələri dəf etmək üçün yetərlidir!

Bir olaq, iri olaq, diri olaq!

P.S. 2021-ci ilin son yazısında bizə böyük Zəfərin qürurunu yaşadan şəhidlərimizi ehtiramla yad edir, onları Vətən üçün doğuran, böyüdən və yetişdirənlərin əllərindən öpürəm!

Qazilərimizə, Vətən müharibəsinin iştirakçılarına və hər bir Azərbaycan vətəndaşına Allahdan möhkəm cansağlığı diləyir, firavan həyat arzulayıram.
Tanrı Millətimizi və Dövlətimizi qorusun!

Elçin Mirzəbəyli
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib2021-ci il dekabrın 29-da Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. Sədr Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, Şuranın qərarına uyğun olaraq 8 Noyabr Zəfər bayramı ərəfəsində İctimai Şura üzvləri bu zəfərin qazanılması uğrunda canlarından keçən Daxili Qoşunların hərbi qulluqçularının ailələrini ziyarət ediblər.

Ə.Nuriyev İctimai Şuranın gender əsaslı zorakılıq və narkomaniya əleyhinə mübarizəyə dəstək məqsədi ilə tədbirlərinin keçirilməsi ilə bağlı yaradılan İşçi qrupun təkliflər hazırladığını diqqətə çatdırıb. Qeyd edib ki, bu tədbilərin 2022-ci il yanvar ayınada keçirilməsi nəzərdə tutulub.

O, İctimai Şuranın DİN-in müvafiq strukturları ilə görüşlər keçirməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib.

İctimai Şuraya daxil olun müraciətlər haqqında Şura sədrinin müavini Xalid Kazımov məlumat verib. Qeyd edib ki, Şuranın sonuncu iclasından ötən müddət ərzində Şura sədri və üzvlərə 24 müraciət daxil olub. Həmin müraciətlər üzrə Daxili İşlər Nazirliyinə məlumat verilib. 10 müraciətlə bağlı artıq nəticə var, digərləri ilə əlaqədar araşdırmalar davam edir.

Şura sədri Ə.Nuriyev isə qeyd edib ki, Daxili İşlər Nazirliyinə ünvanlanan ayrı-ayrı müraciətlərə daha operativ reaksiya verilməsi üçün müzakirələr aparılır: “Ümimilikdə isə müraciətlərə müsbət reaksiya var. Tofiq Yaqublunun döyülməsi faktı ilə bağlı müraciətimizə də dərhal reaksiya verildi və bir gün sonra Daxili İşlər Nazirliyində görüş keçirildi. Vətəndaş müraciətlərində qaldırılan və həllini tapmayan problemlərlə bağlı da işlər davam etdirilir”.

Toplantıda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planınında əksini tapan Monitorinq qruplarının yaradılması məsələsi də müzakirə olunub. İctimai Şuranın tərkibində polis orqanlarının müvəqqəti saxlama yerlərinin, yol hərəkətinin təşkili və təhlükəsizliyinin, şikayətlər və şikayətlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üzrə Monitorinq qruplarının formalaşdırılması üçün namizədlər irəli sürülüb.

Qərara alınıb ki, 2022-ci il yanvarın 10-dək namizədlərin irəli sürülməsi və Monitorinq qruplarının formalaşdırılması başa çatdırılsın.
Erməni generaldan Aprel savaşı ilə bağlı – SensasiyaErməni mediası bu ilin mart ayında ölən general-mayor Arkadi Ter-Tadevosyan 2016-cı ilin aprel müharibəsilə bağlı səsləndirdiyi fikirləri indi tirajlayıb.

Axar.az xəbər verir ki, erməni mediası Tadevosyanın Azərbaycan Ordusunun hələ 2016-cı ilin aprelində Qarabağı tam nəzarətə götürə biləcəyi haqda sözlərini xatırladıb.

“Azərbaycan Silahlı Qüvvələri elə o vaxt Qarabağa nəzarəti götürə bilərdi. Lakin erməni komandirlər əldə etdiyi kəşfiyyat məlumatları ilə bunun qarşısını ala bildilər. Bizdə dəqiq kəşfiyyat məlumatları (döyüş rütbələri və imkanları, potensial hədəflərin yerləşdiyi yerlər, Azərbaycan Ordusunun əsas obyektləri, düşmənin zəif yerləri haqda informasiyalar) var idi. Sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterini vurmağa nail olduq. Bu zaman uçuş xəritələri, pilotlardan birinin şəxsi bloknotu, ACR500-A 30-420 MHz VHF radiostansiyası, optoelektronik sistem modulu əlimizə keçdi. Ələ keçirilimiş məlumatların (uçuş sənədləri) təhlilinə əsasən, məlum oldu ki, 2016-cı ildə Mi-24G helikopteri Kəlbəcər hava limanında eniş edib. Biz onu da öyrəndik ki, ekipaj 3-10 kilometr dərinlikdə Ermənistan Silahlı Qüvvələrinin əsas hədəflərini vurmaq imkanına sahib olub”, - deyə Arkadi Ter-Tadevosyan bildirib.

Bu fakt Azərbaycan Ordusunun 4 günlük savaşda Kəlbəcərə qədər irəlilədiyinin etirafıdır.

Əlbəttə, Şuşanın işğalında və mülki azərbaycanlıların qətlində xüsusi fərqlənən Tedovasyanın “qarşısını aldıq” deyə səsləndirdiyi iddia manipulyasiya xarakteri daşıyıb. Ancaq kəşfiyyatın və yaxud hərbi ekspertlərin Azərbaycan Ordusunun qısa müddətdə Qarabağı nəzarət altına ala biləcəyi haqda məlumat aldıqlarını deməsi məntiqlidir. Görünür ki, məhz bu məlumat və cəmi 4 gün müddətində erməni ordusunun ön hissələrinin darmadağın edilməsi Sərkisyanı Rusiyaya yalvarmağa və öhdəlik götürməyə vadar etmişdi.

Qeyd edək ki, Aprel savaşında, cəmi 4 gün ərzində Ordumuzun işğal altında olan 4 rayona girməyi bacardığı, ildırımsürətli hücum gerçəkləşdirdiyi haqda da elə erməni mediası məlumat yaymışdı. Məhz buna görə o vaxt Ermənistan Prezidenti olan Serj Sərkisyan Rusiyaya yalvararaq, Kremlin müdaxiləsinə nail olmuş və öhdəlik götürmüşdü. Öhdəliyə əsasən, Ermənistan ordusu işğal etdiyi bütün rayonlardan çıxmalı, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmaqla statusu ilə gələcək danışıqlarda müəyyən edilməli idi. Lakin Sərkisyan vədindən qaçaraq, hakimiyyəti Paşinyana ötürməklə “kapitulyant” məsuliyyətini varisinin üzərinə yıxdı.

Xatırladaq ki, Tadevosyan Şuşanı Azərbaycan Ordusunun misilsiz əməliyyatla azad etməsini gördü, həyatını həsr etdiyi qırğınların acı nəticələrini yaşadı və bu il 31 martda bu hisslərlə də öldü...