Cavid Qurbanovun atası vəfat etdiKəlbəcər rayonunun keçmiş icra başçısı, Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri Qənbər Şəmşiroğlu vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Q.Şəmşiroğlu 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Şəmşiroğlu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun atası, Aşıq Şəmşirin oğludur.
Tonoyan: "Sensasion açıqlamalar verəcəyəm"Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, iş yanvarda məhkəməyə gedəcək.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu günlərdə onun vəkilləri müstəntiqə cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırsalar da, təmin edilməyib.

Tonoyanın vəkilləri rədd cavabı ilə bağlı prokurorluğa müraciət edəcəklər.

Keçmiş nazir David Tonoyan isə vəkillərə bildirib ki, şikayət rədd edilərsə, o zaman danışmağın vaxtı gələcək və o, daha susmayacaq: "Danışsam, sensasion açıqlamalar verəcəyəm".

Xatırladaq ki, keçmiş nazir sursatların əldə edilməsi prosesində baş verən sui-istifadə halları, xüsusən keyfiyyətsiz, yararsız raketlərin alınması ilə bağlı ittiham edilir. Tonoyan milyonlarla dolların mənimsənilməsində günahlandırılır.

Ermənilər atəş açdı, "Baksel" əməkdaşı yaralandı - RəsmiErmənilər Ağdamda xidməti vəzifəsini icra edən Baksel MMC-nin əməkdaşını yaralayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimlinin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Baksel MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

ABŞ erməni hərbçilərin qaytarılmasını alqışladıABŞ 2021-ci il noyabrın 16-da saxlanılan erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Tvitter hesabında paylaşım edilib.

"Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq", - paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib:

“Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq”.
Dünyada koronaya yoluxmada rekord qeydə alındıKoronavirus pandemiyası başlayandan bəri dünya üzrə ən yüksək həftəlik yoluxma halı qeydə alınıb.

Axar.az xəbər verir ki, 22-28 dekabrı əhatə edən həftə ərzində dünya üzrə koronavirusa yoluxanların sayı gündəlik orta hesabla 935 min nəfər olub. Həmin həftə ərzində 6,55 milyon yoluxma halı qeydə alınıb ki, bu da bu ilin aprel ayındakı rekordu (5,71 milyon) üstələyib.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib ki, oktyabr ayından dünya üzrə koronavirusa yoluxma hallarında artan temp müşahidə olunur. Virusun Delta və Omikron ştammları bu tendensiyanın sürətlənməsinin əsas təkanverici amilləridir. 22-28 dekabr həftəsində yoluxmalar ondan öncəki həftədən 37 faiz çox olub.

Həmçinin qeyd edilib ki, yoluxmaların sürətlə artması fonunda koronavirus səbəbindən ölənlərin sayında vəziyyət fərqlidir və optimist olmağa əsas verir. Belə ki, son üç həftədə ölüm hallarının statistikasında azalma müşahidə olunur.

Avropada isə Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələrdə yoluxmalar yenidən rekord həddə çatıb.
Erməni lobbisi növbəti fiaskoya uğradıABŞ Konqresinin ermənipərəst millət vəkillərinin növbəti dəfə Azərbaycanı, habelə Türkiyəni hədəf alan qanun dəyişikliklərini qəbul etdirmək cəhdi nəticəsiz qalıb.

Axar.az xəbər verir ki, Konqresdə ermənipərəstlərin “ağır top”larından sayılan Frank Palloni jurnalistlərlə söhbəti zamanı prezident Cozef Baydenin “Azərbaycanı və Türkiyəni məsuliyyətə cəlb etməyi” nəzərdə tutan qanunu imzaladığını deyib. Lakin məlum olub ki, nə Azərbaycana hərbi yardımların dayandırılması, nə də 907-ci düzəlişə qoyulan müvəqqəti moratoriumun ləğv edilməsi kimi məsələlər sözügedən qanunda öz əksini tapmayıb.

Bunun əvəzində əhəmiyyətsiz, hər hansı konkret nəticə verməsi mümkün olmayan bəndi daxil edə biliblər: “Bu Qanun qüvvəyə mindikdən sonra 180 günədək müddət ərzində müdafiə katibi başqa federal departamentlər və idarələrin rəhbərləri ilə razılaşdırılaraq Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki münaqişəyə dair hesabatı Konqresin aidiyyəti komitələrinə təqdim etməlidir”.

Aqrar Universitetdə valideynlərlə görüş keçirilibGörüşün məqsədi valideynlərin universitetdən məmnunluq dərəcəsinin müəyyən edilməsi, universitetdə tələbələrin təhsil alması üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-universitet əlaqələrinin vacibliyi, tələbələrin sosial-məişət problemləri kimi məsələlərin müzakirəsi, həmçinin, valideynlərin rəy və təkliflərinin dinlənilməsi olub.

Çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, professor-müəllim heyətinin tərkibində gənclərin sayının artması, yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlərin verilməsi, tələbələr arasında məmnuniyyət sorğusunun keçirilməsi və digər görülən işlər yalnız yüksək ixtisaslı kadr hazırlığı üçündür.


Azərbaycan daha 5 ermənini geri qaytardıAzərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Avrasiya.net-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməniəsilli hərbi qulluqçunu qaytarıb.
Prezident bu şəxslərə “Müharibə veteranı” adı verdiPrezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1.“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etsinlər;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsinlər.

4. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Baş infeksionistdən əhaliyə MÜRACİƏTSəhiyyə Nazirliyinin mütəxəssis -eksperti, infeksionist Təyyar Eyvazov Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Avrasiya.net xəbər veriri ki, "COVID-19" mövzusunda çıxışı zamanı bayramlarda qonaq getmə hallarının çox müşahidə olunduğunu və beləliklə təmasların artacağını deyib.

“Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm".

T.Eyvazov bildirib ki, ölkədə “Omicron” ştamı qeydə alınmayıb.

“Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldən verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır”, - T.Eyvazov əlavə edib.