Energetika və nəqliyyat sahələrinin böyük potensialı var
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana etdiyi səfər böyük əhəmiyyət kəsb edir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb ki, onların da arasında iki ölkənin dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” xüsusi önəm kəsb edir. Ölkələrarası münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edən və imzalanan sənədlərin hər birinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir: “Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”.
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur". Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib", - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə və Ağdam rayonunda orta məktəbin tikintisinə görə Qırğızıstana təşəkkür edib: "Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır: “24 aprel 2024-cü il tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı xalqlarımız arasında mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, bu mühüm mədəni hadisə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Dünya şöhrətli yazıçı Çingiz Aytmatov həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Qeyd olunmalıdır ki, Azərbaycan xalqı Çingiz Aytmatovun yaradıcılığı ilə kifayət qədər yaxından tanışdır, onu yüksək qiymətləndirir və sevir.
Bu gün bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.
Qırğızıstan və Azərbaycan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə faydalı əməkdaşlığın geniş miqyasda güclənməsində siyasi iradə nümayiş etdirir.
Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri