"Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığa ciddi töhfələr verən nüfuzlu platformadır"
Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti dəfə dünya siyasətinin mühüm müzakirə mərkəzinə çevrilərək, müasir dövrün ən nüfuzlu platformalarından biri sayılan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumuna ev sahibliyi edir. Dünyanın aparıcı beyin mərkəzlərindən sayılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbir, Bakının qlobal çağırışların həllində həlledici məkana çevrildiyini bir daha bütün dünyaya nümayiş etdirir.Bu mötəbər toplantı Azərbaycanın beynəlxalq aləmdə sülh, dialoq və əməkdaşlıq tərəfdarı kimi artan nüfuzunun növbəti təsdiqidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Forumun açılış mərasimində dövlətimizin başçısı Azərbaycanın təkcə regional deyil, həm də qlobal miqyasda dialoq və əməkdaşlıq mərkəzi kimi strateji rolunu xüsusi vurğulayıb. Mərkəzin illər ərzində formalaşdırdığı yüksək səviyyəli fəaliyyət bu gün onu beynəlxalq münasibətlər sistemində əvəzolunmaz bir instituta çevirib.
Xüsusilə xanım Vike-Freyberqa və cənab Serageldin kimi təcrübəli siyasətçilərin rəhbərliyi ilə fəaliyyət göstərən bu qurum, dəyişən dünya nizamına uyğun yeni və obyektiv yanaşmaların işlənib hazırlanmasında misilsiz töhfələr verir. Bu gün Qlobal Bakı Forumu öz nüfuzuna və iştirakçı heyətinin səviyyəsinə görə dünyanın ən mötəbər sammitləri ilə eyni sırada dayanır. Forumda bir araya gələn prezidentlər, baş nazirlər, parlament rəhbərləri və görkəmli ictimai xadimlər müasir dünyanı narahat edən təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji çağırışları müzakirə edərək, bəşəriyyətin gələcək inkişafı üçün konkret təkliflər irəli sürürlər.
Deputat diqqətə çatdırıb ki, Nizami Gəncəvi irsinin humanizm prinsiplərini rəhbər tutan bu platforma, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayaraq, xalqların həyatını daha təhlükəsiz və daha yaxşı etmək naminə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir. Bakıdan yayılan bu sülh və əməkdaşlıq mesajları, Azərbaycanın beynəlxalq aləmdə sülhün qarantı və dialoq carçısı kimi statusunu bir daha sarsılmaz edir. Ölkəmiz regional təhlükəsizlik məsələsində dünya miqyasında nadir və həlledici bir təcrübəyə malikdir.
Təxminən 30 il ərzində ərazilərinin 20 faizinin işğal altında qalmasından, etnik təmizləmələrdən və beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkən ölkəmiz, beynəlxalq hüququn kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra etdi. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edən Azərbaycan, suverenliyini həm döyüş meydanında, həm də diplomatik masada bərpa etdi. Azərbaycan və Ermənistan arasında 2023-cü ilin sentyabrından 2025-ci ilin avqustuna qədər olan qısa müddətdə sülhün əldə edilməsi dünya münaqişələr tarixinə "normallaşmanın görünməmiş sürəti" kimi düşüb.
Cəmi yeddi aydır sülh şəraitində yaşayan regionumuz artıq bu sabitliyin real bəhrələrini görməkdədir. Bu uğur sübut edir ki, güclü siyasi iradə və sadiqlik olduqda, ən mürəkkəb münaqişələr belə ədalətli həllini tapa bilər. Bu gün qlobal xəritədə yeni gərginlik nöqtələrinin yaranması beynəlxalq hüquq sisteminə ciddi təhdiddir. Dövlət başçısının qeyd etdiyi kimi, beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
K.Bayramov vurğulayıb ki, Qlobal Bakı Forumunda dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycanın həm regional sülhün memarı, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı zəmanətçisi olduğunu bir daha sübut etdi. Ölkəmizin təcrübəsi göstərir ki, ədalətli sülhə nail olmaq üçün bəzən qətiyyətli güc tətbiqi qaçılmazdır, lakin bu güc hər zaman beynəlxalq hüququn aliliyinə xidmət edir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında dünya diplomatiya tarixinə yeni bir model qazandırdı.
Onilliklər boyu münaqişəni dondurmağa və təzyiq alətinə çevirməyə çalışan vasitəçilik formatlarından imtina edən rəsmi Bakı, ikitərəfli birbaşa dialoqun effektivliyini sübut etdi.
Bu gün Azərbaycan təkcə sülh bəyanatları vermir, həm də bu sülhü real iqtisadi addımlarla möhkəmləndirir. Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün maneələr ləğv edilib. Qonşu ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılıb. Bu addımlar Azərbaycanın müvəqqəti deyil, əbədi sülhə sadiq olduğunun və bölgədə iqtisadi inteqrasiyanın tərəfdarı kimi çıxış etdiyinin göstəricisidir. Müasir dünyada enerji təhlükəsizliyi artıq iqtisadi məsələ deyil, milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycan bu sahədə həm istehsalçı, həm də tranzit ölkə kimi məsuliyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan bütün enerji seqmentlərinin - neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur: “Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.”
K.Bayramov əlavə edib ki, dövlətimizin başçısının Forumdakı çıxışı Azərbaycanın həm hərbi-siyasi qüdrətinin, həm də humanitar və iqtisadi diplomatiyasının təntənəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın iki hissəsini birləşdirəcək nəqliyyat infrastrukturunun qurulması təkcə milli deyil, həm də beynəlxalq əhəmiyyətli bir layihədir. Bu yeni istiqamət bölgədəki bütün ölkələr üçün iqtisadi dividend və təhlükəsizlik vəd edir. Ölkəmiz artıq sadəcə enerji ixracatçısı deyil, həm də müasir nəqliyyat arxitekturasının və sülh modellərinin əsas müəllifidir. Xüsusilə COP29-un yüksək səviyyədə təşkili və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə səmərəli əməkdaşlıq göstərir ki, Azərbaycan bəşəriyyəti narahat edən iqlim dəyişikliyi kimi qlobal çağırışlarda aparıcı rol oynayır. Bu il ev sahibliyi edəcəyimiz Ümumdünya Şəhərsalma Forumu isə Bakının dayanıqlı inkişaf sahəsindəki uğurlarını dünyaya təqdim etmək üçün növbəti bir platforma olacaqdır. Biz bir daha şahidi olduq ki, Azərbaycanın xarici siyasət strategiyası real nəticələrə söykənir. Ermənistanla əldə edilən birbaşa sülh, bərpa olunan nəqliyyat əlaqələri və qlobal forumlardakı aktiv iştirakımız göstərir ki, dövlətimiz dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi yolunda öz tarixi missiyasını layiqincə yerinə yetirir.
