DGKA tələbəsinin komandası robot olimpiadasında qalib olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Mirməhəmməd Mənsimovun kapitanı olduğu “RoadRunners” komandası Bakıda keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Bölgə Çempionatında qalib olub.
İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının dosenti Asif Qanbayevin mentorluq etdiyi komanda universitet tələbələri arasında təşkil olunan "Fastest Follow Line" kateqoriyası üzrə I yerə layiq görülərək Türkiyədə keçiriləcək və 21 ölkənin iştirak edəcəyi Avrasiya Çempionatına vəsiqə qazanıb.
Bu münasibətlə qalib tələbə ilə görüşən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultduğuna görə ona təşəkkürünü bildirib və qazandığı uğur münasibətilə təbrik edib.
Qeyd edək ki, yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən çox komanda iştirak edib. Sözügedən kateqoriyada komandaların özlərinin dizayn edib hazırladıqları robotlar verilmiş xəritədə qara xətti sensorlar vasitəsilə tam avtonom şəkildə izləyərək marşrutu tamamlamalı idilər. Tələbəmizin komandası tapşırığı 20,63 saniyəyə ən sürətli və səhvsiz şəkildə yerinə yetirərək qalib olmuşdur.
Tələbəni təbrik edir, beynəlxalq mərhələdə uğurlar arzulayırıq!![]()
