Jurnalistlərə veriləcək imtiyazlar bağlı müzakirələr gedir“İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək?”

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq.
Putin də Piterə gedir: MDB-dən hansı liderlər olacaq?MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiya lideri Vladimir Putin bu gün Sankt-Peterburqa gedəcək.

Bu barədə Kremldən məlumat yayılıb.

Qeyri-rəsmi görüşün təşəbbüskarı da Putindir. Görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan liderlərinin, həmçinin Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin iştirak edəcəyi gözlənilir.

Görüşün önəmi həm də MDB-nin yaradılmasının dekabrda 30 illiyinin tamam olması ilə bağlıdır.

Ümumi görüşlərdən əlavə ikitərəfli görüşlərin də olacağı bildirilir. Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşəcəyini qeyd edib. “İkitərəfli görüşlə bağlı hələlik qərar yoxdur, ancaq qeyri-rəsmi görüş yəqin ki, olacaq”, – Paşinyan bildirib.
Prezident Sankt-Peterburqa getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Avrasiya.net xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.
Məktəblilərin qış tətili günləri açıqlanıbTəhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 dekabr 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.

Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 yanvar tarixləridir: “Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.

Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir”.

Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.
Azərbaycanın təhvil verdiyi erməni mayor həbs edildiAzərbaycanın Ermənistana təhvil verdiyi mayor Narek Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, bunu news.am-a açıqlamasında Narek Yeremyanın vəkili Karmen Poqosyan deyib.

Apellyasiya Məhkəməsində hakim Tiqran Simonyanın sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti təmin edilib və əsirlikdən qayıdan mayorun qolları qandallanıb.

Həbs edilən mayorun vəkili Karmen Poqosyan prokurorun təqdim etdiyi şikayətin əsaslandırılmasını zəif və əsassız adlandırıb:

“Bu, çox xoşagəlməz vəziyyətdir. Ermənistan dövləti öz hərbçilərini "yeməyə" başlayıb. Hərbçilərin və onların ailələrinin yenidən stressə ehtiyacı yox idi".

Xatırladaq ki, Narek Yeremyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozma) ilə ittiham olunur.

Bu maddə ilə erməni mayoru 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.
Bakıda məmur bağ evində MTN-də işləmiş şəxsi niyə güllələyib öldürdü? - ŞOK FAKTLARKeçən il dekabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində 1962-ci il təvəllüdlü Azər Cəfərovun kürəkəni, 1985-ci il təvəllüdlü Rəşad Məmmədovu “MÜ 21-12” modelli tüfənglə güllələyərək qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub.

Bəlli olub ki, qətli törədən A.Cəfərov dövlət qurumlarında bir sıra yüksək vəzifələr tutub, hadisəni törədərkən isə Həmkarlar Konfedrasiyasının Xəzər rayon şöbəsində çalışıb. Naxçıvan şəhərində anadan olmuş, ali təhsilli A.Cəfərovun hadisəni əvvəlcədən planlaşdırmadığı, kürəkəni Rəşadın onun Mərdəkandakı bağ evinə gələrək dava-dalaş salması nəticəsində belə bir hadisənin baş verdiyi məlum olub.

Bildirilib ki, qayınatası tərəfindən qətlə yetirilən R.Məmmədov da bir sıra vəzifələr tutub. O, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili kimi çalışıb və daha sonra xəstəliyi ilə əlaqədar işdən çıxıb. Atasına məxsus zavodda direktor müavini vəzifəsində çalışan Rəşadın ailəsində son vaxtlar ciddi problemlər yaranıb və onun həyat yoldaşı övladları ilə birlikdə atası evinə gedib. Bundan sonra R.Məmmədov özünə məxsus “Lexus” markalı avtomobillə Mərdəkana gedib və məlum qətl hadisəsi baş verib. Hadsədən sonra onun avtomobilindən tapança və dəyənək aşkar edilərək götürülüb.

İstintaq materiallarından o da məlum olub ki, R.Məmmədov daha əvvəl də qayınatasının evinə gələrək dava-dalaş salıb, hətta bağ evinin qarşısında tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Məhkəmədə ifadə verən A.Cəfərov olayı belə nəql edib: “Qızım 12 il əvvəl Rəşadla nigaha girərək ailə qurub, onların iki qız övladı olub. Toydan qısa müddət keçmiş bildik ki, Rəşadın pis vərdişləri var. Belə ki, Rəşad narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızıma qarşı kobud davranırdı. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm onun valideynləri, həm də öz tərəfimdən səylər göstərilib, pul verilib, lakin nəticəsi olmayıb. Demək olar ki, qızım Rəşadla evləndiyi vaxtdan onun pis vərdişlərinə görə əziyyət çəkib, amma ailəsini qoruyub saxlamaqdan ötrü neqativ hərəkətlərinə dözüb. Hətta təxminən 2010-cu ildə qızım boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi, lakin ağsaqqalların tövsiyyəsi və səyi nəticəsində qızım onunla barışdı, onlar yenə birgə yaşadılar. Həmin vaxt Rəşadın valideynləri ilə yenə qərara gəldik ki, onu müalicə etdirək. Lakin Rəşad müalicəni yarımçıq qoydu, müalicədən yayındı. Sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə qızım boşanmaq üçün yenidən məhkəməyə müraciət etdi, həmin vaxtdan övladları ilə birlikdə köçüb mənim şəhərdə olan mənzilimdə yaşadılar. Qızım bizdə qaldığı vaxtlarda həftədə 2-3 dəfə Rəşadın öz uşaqlarını görməsi üçün şərait yaradılıb. Nə qızım, nə yoldaşım, nə də mən heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışıq. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında Rəşad öz mobil nömrəsindən mənə zəng edib aqressiv şəkildə harada olmağımı soruşdu. Mən isə Rəşada Mərdəkanda bağ evində olduğumu dedi. Rəşad bağa çatanda ona darvazanın ağzında olduğumu dedim, o, evdən həyət qapısının düyməsini basdı və qapı açıldıqdan sonra Rəşad həyətə daxil oldu. Rəşadın həyətdə söyüş söyməsindən, qışqırıb səs-küy salmasından ehtiyat edib onu evə dəvət etdim, masa arxasında əyləşib söhbət etdik, ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım, heç kəsin ona qarşı pis hərəkət etmədiyini izah etməyə çalışdım. Hətta Rəşada dedim ki, vaxt keçər yenə barışarlar, yenə ailələləri bir-birinə qovuşar. Lakin Rəşad mənim danışıqlarıma əhəmiyyət vermədi, aqressiv formada məni alçaltmağa çalışdı, əxlaqsız sözlər, mənə qarşı yaşıma uyğun olmayan ifadələr işlətdi.

Əsəbini cilovlayaraq ona cavab vermədim, Allahdan səbr diləyib, lənət şeytana deyə-deyə özümü toxtamağa, ələ almağa çalışdım. Bundan sonra Rəşad ayağa qalxıb evdən həyətə çıxdı, geri dönərək yenidən daha ağır söyüşlər söydü. Artıq buna dözmədim, elə bil ki, havalanaraq çönüb evə girərək girişdə olan ov tüfəngini çıxarıb bayıra çıxdım və bundan sonra nə baş verdiyini xatırlamıram. O zaman ayıldım ki, bağban kürəyimdən tutaraq silkələyir . Bu zaman gördüm ki, yerə çöküb oturmuşam, əlindəki tüfəng yerə düşüb, Rəşad isə aralıda torpaqda uzanıqlı vəziyyətdədir. Bağbana təcili tibbi yardıma zəng etməsini dedim, özüm isə polisə zəng etdim. Rəşadı vurmağıma səbəb məni və övladlarımı öldürməsi barədə hədəsinin real olması və ən axmaq söyüşlərlə məni,arvadını, övladlarımı, atamın qəbrini belə söyüb təhqir etməsi olub. Mən Ovçular cəmiyyətinin üzvüyəm, 4 tüfəngim var. 3 tüfəng şəhərdəki mənzilimdə seyfdə, bir tüfəng isə hadisə baş verdiyi bağ evində idi. Belə ki, həmin bağda çox vaxt tək qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərindən bu tüfəngi bağda saxlayırdım. Həmçinin qeyd etmək istəyirəm ki, Rəşadın tapançası var idi, həmin tapança ilə Rəşad bir dəfə bu bağda qızımı və oğlumu qorxutmaq üçün bağda olduğu zaman havaya atəş açıb. Həmin vaxt mən xaricdə olmuşam. Həmçinin bilirdim ki, Rəşad həmin odlu silahı daima üzərində gəzdirir, hətta bir neçə dəfə həmin tapançanı görmüşəm. Bu səbəbdən Rəşadın övladlarımı və məni öldürəcəyi ilə hədəsini həqiqi kimi qəbul etmişəm. Yaxınlarımı qorumaq üçün və ağır təhqirlər səbəbindən bir anlıq üzərimə nəzarətimi itirərək bu hadisəni törətmişəm. Təbii ki, hadisənin bu cür baş verməsinə görə peşmanam. Məhkəmənin nəzərinə çatdırıram ki, onkoloji xəstəyəm, bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müayinə olunmuşam və müalicə almışam”.

Məhkəmədə qətlə yetirilmiş 35 yaşlı Rəşad Məmmədovun yaxınları hadisənin baş verməsinə A.Cəfərovun həyat yoldaşının səbəb olduğunu, onun qızını öyrətdiyini və son vaxtlar Rəşadım övladlarını görməyə əngəl yaratdığını deyiblər. Mərhumun qardaşı ifadəsində Rəşadın həyat yoldaşını çox sevdiyini, ailəsinə yaxşı baxdığını, evdə cüzi söz-söhbətlərin ola biləcəyini deyib: “2008-ci ildə qardaşım Azərin qızı ilə ailə həyatı qurub. Rəşadla yioldaşı mehriban olublar, Rəşad onu demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparıb, birgə nigahdan olan iki qızını da Rəşad həddindən artıq çox istəyirdi. Onların ailələrində ola bilsin ki, cüzi söz-söhbətlər olub, lakin mərhum atam Rəşadın qayınatası Azərləbirlikdə müdaxilə edib yoluna qoyurdu. Təqsirləndirilən şəxsi də yaxşı bir insan kimi tanımışam, Azərin heç vaxt qardaşı Rəşadın ailə işlərinə qarışmadığını bilirəm Lakin hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daima müdaxilə edib, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edirdi, tələbi yerinə yetirilmədikdə isə qızından boşanmağı tələb edirdi. Hər dəfə gəlin anasının təhriki ilə evdən küsüb getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşım ona bahalı qızıl-zinyət əşyaları alıb verirdi. Sonuncu dəfə də yoldaşı qardaşımdan küsüb valideynlərinin evinə getdikdən sonra onun anası Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratdı. Rəşad bundan bərk əsəbləşərək 12.12.2020-ci il tarixdə Mərdəkan qəsəbəsində öz bağından 150-200 metr aralı olan qayınatası Azərin bağına getdi ki, onun öz uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsın. Cinayət işinin materiallarından və məhkəmə iclasında verilən ifadələrdən bilirəm ki, Rəşadla təqsirləndirilən şəxs bağda mübahisə edib. Rəşad ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüş edib. Azər də tüfənglə 3 güllə ilə atəş açaraq Rəşadı öldürüb. Bəyəm, söyüşə görə adam öz nəvələrinin atasını öldürərmi? İş materiallarından bilirəm ki, Rəşad Azərin bağına özünə məxsus «Lexus» markalı maşınla gəlib, həmin maşından axtarış zamanı bir ədəd dəyənək və bir ədəd tapança aşkar edilib. Lakin tapançanın darağında güllələr olmayıb”.

R.Məmmədovun digər yaxınları da oxşar məzmunda ifadələr verib. Həmçinin məhkəmə prosesində digər sənəd və sübutlar, ekspertiza rəyləri araşdırılıb. Ekspertiza A.Cəfərovun hadisə vaxtı fiziki affekt vəziyyətində olmaması qənaətinə gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasının ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.
ABŞ ekspertindən şok: Gələn ay müharibə başlayacaqCo Bayden və onun administrasiyasının qlobal çağırışlara ləng reaksiyası təhlükəli nəticələrə, o cümlədən müharibəyə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə amerikalı politoloq Çak Devor deyib.

“Baydenin yöndəmsizliyi Çin və Rusiyanı qətiyyətli və təcavüzkar addımlar atmağa sövq edir. Gələn ay dünyada müharibə başlaya bilər, Amerika və onun müttəfiqləri isə tamam nüfuzdən düşəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, dünya təkcə Ağ Evin prosesləri düzgün analiz edə bilməməsi səbəbindən deyil, eyni zamanda çevik reaksiya verməməsindən dolayı da təhlükəli vəziyyətdədir.
İsrail rus bazası yaxınlığındakı limanı vurduİsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına aviazərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

“Bu gün saat 3:21-də (Bakı vaxtı ilə saat 5:21) İsrail Aralıq dənizindən Latakiya şəhərinin qərbindəki ticarət limanının konteyner meydanına havadan raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.

Zərbələrdən sonra ərazidə yanğın başlayıb, böyük ölçüdə maddi ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, Latakiya limanı Rusiyanın Hmeymim hərbi bazasının yaxınlığında yerləşir.
Müharibə başlasa, vəziyyət pis olacaq - SanduRusiya və Ukrayna arasındakı gərginlik Moldovaya da təsir edəcək.

Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

“Vəziyyət çox ciddidir, qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm, bu yolu tapmaq olacaq və vəziyyət pisləşməyəcək. Biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq”, - Sandu bildirib.
Ronaldo tarixin ən yaxşı bombardiri seçildiPortuqaliya millisi və "Mançester Yunayted" klubunun hücumçusu Kristiano Ronaldo "Globe Soccer" tərəfindən tarixin ən yaxşı bombardiri seçilib.

Avrasiya.net xəbər verir ki, mükafatların təqdimetmə mərasimi Dubayda keçirilib. K.Ronaldo mərasimə gəlməyib, onun mükafatını meneceri alıb.

Qeyd edək ki, daha əvvəl Fransa yığmasının və PSJ klubunun hücumçusu Kilian Mbappe "Globe Soccer" tərəfindən Dubayda keçirilən mərasim zamanı ilin ən yaxşı futbolçusu seçilib.