Erməni vəhşiliyinin növbəti izi: Malıbəylidə kütləvi məzarlıq
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.
Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb.
Qeyd edək ki, Xocalı şəhərinin separatçılardan təmizlənməsindən sonra ərazidə bir neçə dəfə kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqlarda Xocalı qırğınları zamanı qətlə yetirilən soydaşlarımıza məxsus fraqmentlər tapılıb.
Xocalıdan olan Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov Modern.az-a bildirib ki, ekspertizadan sonra insan qalıqlarının kimə aid olduğu müəyyən ediləcək.
"Tapılan insan qalıqlarınınn kimə aid olduğunu demək çətindir. İnsan qalıqlarının kimə məxsus olduğu ekspertiza aparıldıqdan sonra dəqiq bilinər. Bu kütləvi məzarlıq erməni vəhşiliyinin növbəti izidir. Ermənilərin vəhşiliyi, onsuz da, göz önündədir. Malıbəylidə də, Xocalıda da vəhşiliklər törədiblər. Bunların vəhşilikləri yalnız bu ərazilərlə məhdudlaşmır".
Qeyd edək ki, Malıbəyli kəndi 1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.