Prezident hərbçilər üçün nəzərdə tutulmuş mənzillərin açılışındaDekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.
“Azpetrol”un yaxınlığında polislər bıçaqlandıDekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.
Qarabağda 2 yeni su anbarı tikiləcəkİşğaldan azad edilən ərazilərdə iki yeni su anbarı inşa ediləcək.

Avrasiya.net xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var:

“Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir. Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərində su təminatını yaxşılaşdıracaq. 11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin edəcək”.
Azərbaycana “TURKOVAC” vaksinləri gətiriləcək“Bir neçə ay əvvəl "TURKOVAC” vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik”.

Bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri, professor Erhan Akdoğan “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb: “Ortaq elmi araşdırmalar platforması çərçivəsində “TURKOVAC” vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür”.
Ermənistan Qarabağdakı itkilərin yeni sayını AÇIQLADIErmənistan İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda baş vermiş 44 günlük müharibədə ölənlərin sayı və meyit qalıqlarının DNT analizinin nəticələri ilə bağlı yeni məlumatlar açıqlayıb.

İstintaq Komitəsinin məlumatına görə, 24 dekabr 2021-ci il tarixinə kimi 44 günlük müharibə zamanı 3808 nəfər erməni hərbçi və mülki şəxs ölüb.

Komitə bildirib ki, bu il dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti və qalıqları müəyyən edilib.

16 avqust 2021-ci il tarixinə 53 meyitin qalıqları əlavə DNT analizi üçün Hollandiyaya göndərilib, onların nəticələri alınıb. Daha 4 meyit qalıqları noyabrda göndərilib, onlardan 42-sinin DNT-si əldə edilib, 37-sinin şəxsiyyəti müəyyən edilib, 5-nin müayinəsi heç bir nəticə verməyib
Fransada eyni gündə iki məscidə hücum olubÖtən gecə Fransada iki məscidə hücum olub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb.

Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb.

Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.
Rus artistləri Qarabağa gəldiRusiyanın Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının artistləri Qarabağa gəliblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıları və erməni icmasını Yeni illə bağlı təbrikə gəliblər.

Ansambl kollektivi bayram ərəfəsində Qarabağdakı bütün 27 müşahidə məntəqəsində rus sülhməramlıları, Əsgəran, Xocavənd və Ağdərə rayon sakinləri üçün konsert verəcək, həmçinin Xankəndi internat məktəbində humanitar aksiya çərçivəsində çıxış edəcəklər.
Elnur Allahverdiyev “Qorqud” Vikipediya Metodik Klubunun 1 illiyi münasibətilə paylaşım edibMillət vəkili Elnur Allahverdiyev “Qorqud” Vikipediya Metodik Klubunun 1 iliyi münasibəti ilə paylaşım edib.

Avrasiya.net həmin paylaşımı təqdim edib:

"Düz 1 il əvvəl, dekabrın 29-da “Qorqud” Vikipediya Metodik Klubun əsasını qoyduq. Dövlətimiz Ermənistanla müharibədə qələbə qazanmışdı, işğalçını torpaqlarımızdan qovmuşduq. Ancaq hamımız bilirik ki, əsrlərdir torpağımıza, tariximizə, mədəniyyətimizə, mətbəximizə göz dikmiş düşmənlə informasiya müharibəmiz hələ davam edir. Döyüş meydanında məğlub olan düşmən tarixi saxtakarlığa əsaslanan məkrli niyyətlərini daha kəskin aqressiya ilə informasiya məkanında sürdürəcək.

44 günlük müharibədən sonra Vikipediyaya nəzər yetirdikdə gördüyümüz ilk fakt bu oldu: iki ay ərzində Vətən müharibəsinə dair ingilisdilli məqaləyə 3 milyondan çox baxış olmuşdu. Məhz bu statistika bizi Vikipediya platformasında könüllülük əsasında fəaliyyət göstərməyə həvəsləndirdi, stimul verdi. Ötən il ərzində ekspertlərimiz Sübhan Xıdırzadə və Ayxan Zaidzadənin rəhbərliyi ilə keçən təlimlərimizə yüzlərlə gənclərimiz qatılıb, onların bir qismi Vikipediyada onlarla məqalələr yaradıblar. Biləsüvar və Gədəbəydən olan gənclərimiz Vətən müharibəsi şəhidlərimizin adlarını açıq ensiklopediyaya daxil edib, onlar barədə məqalələr yaradıblar. Almaniyada, Özbəkistanda və Gürcüstandakı soydaşlarımız “Qorqud”a qoşularaq yaşadıqları öılkələrin dövlət dillərində Azərbaycana həsr edilmiş məqalələr yaradaraq Vikipediyada yerləşdiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllim və tələbə heyəti tərəfindən xüsusi qrup yaradılıb və təlimlərimizdə iştirak edib. Bugünədək könüllülərimiz ingilis dilindən tutmuş xorvat dilinədək müxtəlif dillərdə 1015 məqalə yaratmağa müvəffəq olublar. Minlərlə məqaləyə əlavələr ediblər. Azərbaycan dilində yaradılan məqalələrin sayı 400-ü keçib. İngilis və rus dillərini mükəmməl bilən dostlarımız fəaliyyətimizə dəstək verərək bu dillərə onlarla məqalə təcürmə ediblər.

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə keçirdiyimiz tədbirdə ötən 1 ilin hesabatı dinlənildi. Həmkarlarım Ramil Həsən, Naqif Həmzəyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla birlikdə təlimlərdə fəallıqları ilə seçilən BDU-nun tarix və jurnalistika fakültələrinin tələbələrini diplomlarla təltifləndirdik.

Hər birimiz Vətən qarşısında üzərimizə düşən və gücümüz çatan formada borcumuzu verməliyik. 1 il əvvəl bunu cəngavər döyüşçülərimiz etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, “Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir".