Belarusdan daha 20 helikopter Kiyevə hücuma keçdiBelarus ərazisindən 20 helikopter Kiyev istiqamətində gəlir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi əlaqə və informasiya müdafiəsi Dövlət Xidməti məlumat yayıb.

“Belaruslar məlumat verir ki, son 10 dəqiqədə Belarus ərazisindən Kiyevə doğru 20 helikopter uçub”, - məlumatda qeyd edilib.

Helikopterlərin nə olduğu və nə qədər hərbçi daşıdığı bəlli deyil.
"Kıbrıs Türk xalqının ürəyi hər zaman Azərbaycanın yanındadır"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib.

Avrasiya.net xəbər verir ki, fevralın 26-da Girne Amerika Universiteti Konqres Mərkəzində keçirilən Xocalı Soyqırımı Beynəlxalq Konfransında çıxış edən prezident Tatar Azərbaycan və KKTC xalqlarının ortaq milli dəyərlərə malik olduğunu qeyd edib.

KKTC-yə tətbiq edilən embarqolara və rum-yunan ikilisinin təzyiqlərinə baxmayaraq, Kıbrıs türk xalqının Ana Vətən Türkiyənin dəstəyi ilə müqavimətini davam etdirdiyini qeyd edən Tatar, KKTC-nin yaşamağa davam edəcəyini bildirib.

Xocalı soyqırımının hər zaman Türk Millətinin qəlbində yara olduğunu dilə gətirən Prezident Tatar, “Kıbrıs Türk xalqı olaraq biz də buna bənzər qətliamlar yaşadıq. 1963-cü ildə başlayan yunan hücumlarına və 1974-cü ildə Mehmetçikin adaya enməsinə müqavimət göstərdikdən sonra Kıbrısda yeni sərhədlər çəkildi və KKTC-nin təməlləri atıldı. Kıbrıs türk xalqı o vaxtdan bəri sülh, əmin-amanlıq və təhlükəsizlik içində yaşayır. Biz, böyük türk millətinin övladları olaraq, bu coğrafiyada Azərbaycan və Türkiyə Cümhuriyyəti ilə Şərqi Aralıq dənizində bütün türk dünyasının təmsilçiləri olaraq, aramızdakı mənəvi, sosial, iqtisadi, mədəni dəyərlərin möhkəmlənməsi ilə gələcəyə ümidlə baxmağın bəxtiyarlığı içərisindəyik. Ona görə də Azərbaycanın Qarabağdakı zəfəri ölkəmizdə böyük sevinclə qarşılandı. Sizin qələbəniz bizim qələbəmiz olub. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qırğınlar bitdi. Amma biz heç vaxt unuda bilmərik”, - deyə bildirib.

Tarixi çox yaxşı bilmək və unutmamaq lazım olduğunu vurğulayan prezident Ersin Tatar deyib: “Unutsaq, gələcəyə doğru addımlarla irəliləyə bilmərik. Bizim qırmızı cizgilərimiz var. Bunlar Türkiyə Cümhuriyyətinin qarantörlüyü və bizim suverenliyimizdir. KKTC gələcəkdə bu adada olacaq hər hansı sülh müqaviləsinin bir hissəsi olmalıdır. Biz heç vaxt dövlətimizdən əl çəkə bilmərik. Çünki bizi irəli aparacaq bu dövlətin bizə bəxş etdiyi inam, sülh və əmin-amanlıqdır. Gələcəkdə bu adada mövcud olarkən, biz öz kimliyimizin, mədəniyyətimizin və böyük türk millətimizin bir parçası olaraq əbədi olaraq var ola biləcəyimiz bir müqavilə istəyirik. Biz deyirik ki, rəsmi danışıqlar prosesi başlanacaqsa, Kıbrıs Türk xalqının bərabər suverenliyi və bərabər beynəlxalq statusu qəbul edilməlidir”.

KKTC ilə Azərbaycan arasındakı əlaqələrin sevindirici olduğunu ifadə edən prezident Tatar, adadakı tələbələr və müəllimlərin, mədəni fəaliyyətlər və turizmlə bağlı səyləri gücləndirən elementlər olduğunu bildirib.

Bu əlaqələrin daha da güclənməsini arzulayan prezident Tatar sözlərinə belə davam edib:

“Sizi KKTC-də görməkdən çox xoşbəxtəm. Azərbaycan xalqına, dövlət rəsmilərinə sevgi, hörmət və ehtiramımı bildirirəm. Taleyimiz, keçmişimiz birdir. Eyni millətin övladları kimi mübarizəmizin nə qədər müqəddəs olduğunu bildirirəm. Gəlin birlikdə güclü olmaq üçün birlikdə çalışaq, mübarizə aparaq. Unutmayın ki, KKTC xalqının ürəyi hər zaman Azərbaycanın yanındadır. KKTC-də belə bir konfransın keçirilməsi bizi qürurlandırdı. Çıxışlarda bir daha gördüm ki, bizim keçmişimiz ortaqdır, biz hər zaman əlimizdə olan və yaşayacaqlarımızla vəhdətdə olmalıyıq. Xocalı soyqırımında həyatını itirənlərə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. KKTC-nin qurulması uğrunda mübarizə apararaq şəhid olan vətəndaşlarımıza da Allahdan rəhmət diləyirəm”.
10 azərbaycanlı tələbə Kiyevdən çıxarıldıBir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər. Diasporla İş üzrə Dövlət Komitəsi tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir.

Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.
Gənclər arasında badminton üzrə rayon birinciliyi keçirilib5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında badminton idman növü üzrə rayon birinciliyi keçirilib.

“İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə fevralın 28-də şəhər 3 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 40-a yaxın yeniyetmə və gənc iştirak edib. Tədbirin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev və məktəbin direktoru Ülviyyə Talıbova çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Siyəzəndə ilk dəfə təşkil olunan birincilikdə əsas məqsəd badminton idman növünün rayonda yayılması və inkişaf etdirilməsi, yeniyetmə və gənclərin idmanın bu növünə maraqlarının artırılması, perspektivli badmintonçuların üzə çıxarılması, həmçinin sağlam həyat tərzinin və idmanın təbliğ edilməsidir.

Olimpiya sistemi üzrə qaliblərin müəyyən edildiyi yarışda yeniyetmələr arasında Səfərli Xəzər I, Səfərli Nihad II, Musayev Xaliq III, gənclər arasında isə Yunisov Azər I, Səfərli Əziz II, Nadirov Murad III olub. Qızların yarışında Səfərli Şəbnəm I, Zərbəliyeva Fidan II, Əhmədova Lalə III yeri tutub. Birinciliyin qalibləri təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif ediliblər.






#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Putin Ukrayna ilə bağlı şərtlərini açıqladıRusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb

Axar.az xəbər verir ki, o, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib.

Vladimir Putin qeyd edib ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür.
"Roma Papasından da artıq katolik olmağa çalışanlar kənardan çox pis görünürlər"Dünən Bakıdakı Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyasına bəziləri müxtəlif cür don geyindirməyə çalışırlar. Ancaq bu aksiya sadəcə dəstək aksiyası idi, siyasi mitinq deyildi. İnsanlarımız Ukraynaya mənəvi dəstəklərini ifadə etmək üçün toplaşmışdılar. Ukrayna-Azərbaycan və Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin bu aksiya ilə heç bir əlaqəsi yoxdur.

Yeri gəlmişkən, biz bu cür aksiyalardan düşmən "ov"una çıxmaq üçün yox, dostlarımızın sayını artırmaq üçün istifadə etməyə çalışmalıyıq. Ancaq vaxtilə Rüstəm İbrahimbəyovun vasitəsilə, "Milyarderlər ittifaqı"nın araçılığı ilə Rusiyadan dəstək alan "Milli Şura"nın dünənki aksiyadakı mövqeyi həqiqətən də dərin təəssüf hissi doğurur. Belə ki, aksiyada çıxış edən "Milli Şura"nın üzvü Tofiq Yaqublu çıxışına "Biz hakimiyyətimizin hərəkətinə görə çox xəcalət çəkirik..." deyə başladı, bu üsulla mənsub olduğu düşərgə üçün əlavə xal qazanmağa çalışdı.

Lakin Ukraynalı diplomat əsl diplomat məharəti ilə onun sözünü yarımçıq kəsərək, bütün Azərbaycana çox minnətdar olduqlarını bildirdi, prezident İlham Əliyevə Ukraynaya göstərilən köməyə görə təşəkkür etdi. Tofiq Yaqublunun bu hərəkəti nə qədər utancverici hadisə idisə, Ukrayna diplomatının onu qətiyyətlə susdurması da bir o qədər təqdirəlayiq hal idi. Bu hadisə hamıya dərs olmalıdır.

Belə baxanda Tofiq Yaqublu siyasətdə təzə adam deyil. O, hansı sözü harda deməyin yerini, məqamını yaxşı bilməlidir. Bu cür fürsətçilik bir azərbaycanlı siyasətçiyə əsla yaramaz. Belə məqamlarda iqtidar da, müxalifət düşərgəsinin təmsilçiləri də ümummili maraqlardan çıxış etməlidir.

Özgə dövlətə dəstək niyyətilə aksiyaya qatılan və çıxış edən bir azərbaycanlı siyasətçinin orada öz dövlətinin, mövcud iqtidarın addımlarını pisləməyə cəhd göstərməsi heç də xoşagələn davranış tərzi deyil. Roma Papasından da artıq katolik olmağa çalışanlar kənardan çox pis görünürlər.

Özünü Ukraynaya daha yaxın göstərməyə çalışan Tofiq Yaqublunun dünənki addımı da uğursuz "katoliklik" cəhdindən başqa bir şey deyildi. Adam ukraynalı diplomatın sərrast cavabından pərt oldu. Bu da bir siyasətçi üçün naşılıq əlamətidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Qostomeldə Rusiyanın bütün kolonları məhv edildiUkraynanın Qostomel şəhərinin çıxışında Rusiyanın bütün maşın və zirehli texnikalardan ibarət kolonları məhv edilib.

Bu barədə ukraynalı deputatı Aleksey Qonçarenko məlumat verib.

“Məhz Qostomelin çıxışında hərbçilərimiz Rusiyanın bütün maşın və zirehli texnikalardan ibarət kolonlarını məhv etdilər. Söhbət onlarla texnikalardan gedir. Qostomel təslim olmur. Düşmən cəhənnəmə gedir!”, - məlumatda qeyd olunub.
Edilli kütləvi məzarlığı soyqırım cinayətinin tərkib hissəsidirBu ilin fevral ayının 23-də Xocavənd rayonu Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyevin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi ifadələr əsasında Edilli kəndi ərazisində kütləvi məzarlığın yerinin müəyyənləşdirilməsi mümkün olmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işçi qrup yaradılıb. İşçi qrupuna Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya İnstitutu, Azərbaycan Respublikası Hərbi Prokurorluğu əməkdaşları daxil edilmişdir. Kütləvi məzarlıq aşkar edildikdən iki gün sonra 25 fevral tarixində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 10-a yaxın qeyri-hökümət təşkilatı Xocavəndin Edilli kəndinə səfər edib.

Xocavənd rayonu Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Etnotoponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin 3 paytaxt şəhərindən birinin adı İdil, Volqa çayının keçmış adlarından biri İtil olmuşdur. Hal-hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.

Edilli kəndi təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Səfər zamanı Edilli kəndinə girdikdə bizim diqqətimizi iki məsələ cəlb etdi. Birincisi, kənd ərazisində işlək vəziyyətdə olan lakin sayğacları sökülmüş qaz xətləri, ikincisi isə kəndin yollarına döşənmiş daşlar idi. Ərazidə xidmət aparan hərbçilərimizin verdiyi məlumata görə, Azərbaycan Ordusu həmin əraziləri işğaldan azad edənə qədər İran İslam Respublikası tərəfindən bu əraziyə qaz verilirmiş. Küçələrin səliqəli formada İçərişəhərə bənzər daşlarla düzülməsinin isə daha acı hekayəsi var. Əldə edilən məlumatlara görə, Edilli kəndinin küçələrinə döşənilmiş daşlar Füzuli ərazisindən götürülən azərbaycanlı əsirlər tərəfindən daşıdılaraq gətirilmiş və küçələrə döşənilmişdir.

Kütləvi insan cəsədi olan məzarlıqda üst-üstə qalaqlanmış insan sümüklərinə həyacansız baxmaq mümkün deyildi. Hər biri bir ailənin ümidi, bir ocağın çırağı, bir nəslin davamçısı olan Azərbaycan türklərini məhz etnik milli mənsubiyyətinə görə ermənilər tərəfindən insanlığa sığmayan dəhşətli işgəncələrə məruz qoymaqla qeyri-insani şəraitdə də basdırıblar.

Şəmsi Şıxəliyev şahidlik edir.

1993-cü ilin avqust ayında Bakı şəhərində öz doğmalarını müharibə zonasından daha təhlükəsiz yerlərə köçürmək məqsədilə əraziyə gələn Şəmsi Şıxəliyev erməni hərbçilər tərəfindən girov götürülüb və 48 gün əsir saxlanılıb. O, Edilli kəndində saxlanılarkən qorxunc mənzərənin şahidi olub. Erməni hərbçilərinin döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin və digər kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu əraziyə gətirərək quyulara töküldüyünü öz gözləri ilə görüb. Ş.Şıxəliyevin şahidliyi ilə aşkarlanan kütləvi məzarlıqda 15-20 nəfərin cəsədlərinin olması ehtimal edilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Zaur İsmayılov isə bildirib ki, Edillidə tapılan kütləvi məzarlıq barədə ilkin məlumatlara görə burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da onların olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək.
Zaur İsmayılovun verdiyi məlumata görə, təkcə Xocavənd rayonunda deyil, o cümlədən, Ağdam, Füzuli, Şuşa rayonları ərazisində fərdi və kütləvi məzarlıqların olması barədə məlumatlar daxil olub. Bu məlumatlar toplanmış materiallara, şahid ifadələrinə əsasən ümumiləşdirilmişdir. Artıq Dövlət Komissiyası bu məlumatlar əsasında həmin məzarlıqların yerləşmə yerini müəyyən edib, orada dəfn olunan insanların təxmini sayı müəyyənləşdirilib. Ardıcıl olaraq ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq.

Zaur İsmayılov onu da bildirdi ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar əldə olunub. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin qeydiyyata alınıb. Hazırda 3079 itkinin ailəsindən DNT nümunələri götürülüb və proses bu ilin avqustunda başa çatdırılacaq.

Edilli kütləvi məzarlığının aşkar edilməsi 3 aspektdən qiymətləndirilməlidir.

1) Əsir, girov götürülmüş, itgin düşmüş Azərbaycan vətəndaşlarının şəxsiyyətinin müəyyən edilərək onların ailələrinə təhvil verilməsi.
2) Soyqırım cinayətlərinin tərkibi olan bu cinayətin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) səviyyəsində qiymətləndirilməsinə nail olmaq.
3) Hərbi əsirlərlə qeyri-insani davranış.

Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.
Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə eyni zamanda hərbi əsrlərlə davranış qaydaları müəyyən edilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.

Beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri" kimi nəzərdə tutulub.

1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı. 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 1 yanvar 2017-ci il tarixində BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi).

Lakin fikrimizcə, burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın.

Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi
Vətənimiz, övladlarımız, gələcəyimiz əmin əllərdədir!Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbu orqanı olan “Əsgər” qəzeti 30 ilə yaxındır ki, işıq üzü görür və şəxsi heyətin, xüsusilə də Daxili Qoşunların hərbi hissələrində müddətli xidmət keçən gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük töhfə verir.

Qəzetin redaktoru mayor Anar Əhmədov Daxili Qoşunların şəhid və qaziləri haqqında çoxsaylı məqalələrin müəllifidir. Anar Əhmədovun şəhid və qazilər haqqında məqalələri indiyədək 136 kütləvi informasiya vasitəsində dərc olunub. Mayor Əhmədov bu missiyanı şərəflə və böyük qürur hissi ilə yerinə yetirdiyini deyir.

Ölkəmizin ərazi bütövlüyünün, ictimai asayişin qorunmasında müstəsna rolu olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 30 illik tarixinin hər səhifəsi qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu nümunələrin hər birində milyonlara örnək ola biləcək insan taleləri, xalqımıza xas yüksək mənəvi keyfiyyətləri əks etdirən xarakter cizgiləri yer alır. Birinci Qarabağ savaşının, Dövlətimizin, Millətimizin böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının ömür yolu, nümayiş etdirdikləri misilsiz rəşadət və mərdlik nümunələri, əsgər və zabitlərimizin müharibənin ən dəhşətli anlarında belə ləyaqət hissini, əsgər və zabit şərəfini qorumaq məharəti Azərbaycan xalqının möhtəşəm yenilməzlik portretini, mücadilə əzmini, humanist mahiyyətini əks etdirir.

Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Daxili Qoşunların bütün hərbi hissələrində şəhidlərimizin xatirəsi əziz tutulur, birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, qazilərimizin və bütövlükdə Vətənimizin ərazi bütövlüyü uğrunda sinəsini düşmənə sipər edən həmvətənlərimizin döyüş yolu nümunə kimi göstərilir, onların sərgilədikləri qəhrəmanlıq nümunələri gənc nəslin qan yaddaşına əbədi olaraq həkk olunur.

Martın 12-də müstəqil və bütöv Azərbaycanın Daxili Qoşunlarının yaranmasının 30-cu ildönümü qeyd olunacaq. Əlamətdar tarixdir. Və bu tarixi mənim üçün əlamətdar edən amillərdən biri də oğlum baş əsgər Murad Mirzəbəylinin Daxili Qoşunların sırasında xidmət keçməsi və bu mühüm hadisənin şahidlərindən biri olmaq şərəfini qazanmasıdır.

Murad artıq 9 aya yaxındır ki, hərbi xidmətdədir. Pandemiya şərati, karantin rejimi və təbii ki, mövcud reallıqlar çərçivəsində şəxsi heyətin sağlamlığının qorunmasının vacibliyi, bütün valideynlər kimi mənim də oğlumla görüşə bilmək imkanlarımı məhdudlaşdırıb.

Bu gün şəklini Daxili Qoşunların “Əsgər” qəzetində gördüm. Nümunəvi əsgər kimi xidmət keçdiyinə sevindim, qürur duydum. Heç dəyişməyib, Amma yox... Dəyişib, mətinləşib! Duruşundan qürur yağır! Vətənə xidmət etmək arzusunda olduğunu bildirir. Və bu gün həyatımın ən gözəl anlarını yaşadım, desəm, yanılmaram!

Fürsətdən istifadə edib, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, o cümlədən Daxili Qoşunlarda xidmət keçən övladlarımız üçün yaradılan şəraitə görə Ali Baş Komandanımıza, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və oğlum Murad Mirzəbəylinin xidmət keçdiyi hərbi hissənin rəhbərliyinə və bütün şəxsi heyətinə dərin minnətdarlığımı bildirirəm!

Vətənimiz, övladlarımız, gələcəyimiz əmin əllərdədir!

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli
Azərbaycan Respublikasının Əməkdar jurnalisti