Vətənimiz, övladlarımız, gələcəyimiz əmin əllərdədir!

Vətənimiz, övladlarımız, gələcəyimiz əmin əllərdədir!Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbu orqanı olan “Əsgər” qəzeti 30 ilə yaxındır ki, işıq üzü görür və şəxsi heyətin, xüsusilə də Daxili Qoşunların hərbi hissələrində müddətli xidmət keçən gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük töhfə verir.

Qəzetin redaktoru mayor Anar Əhmədov Daxili Qoşunların şəhid və qaziləri haqqında çoxsaylı məqalələrin müəllifidir. Anar Əhmədovun şəhid və qazilər haqqında məqalələri indiyədək 136 kütləvi informasiya vasitəsində dərc olunub. Mayor Əhmədov bu missiyanı şərəflə və böyük qürur hissi ilə yerinə yetirdiyini deyir.

Ölkəmizin ərazi bütövlüyünün, ictimai asayişin qorunmasında müstəsna rolu olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 30 illik tarixinin hər səhifəsi qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu nümunələrin hər birində milyonlara örnək ola biləcək insan taleləri, xalqımıza xas yüksək mənəvi keyfiyyətləri əks etdirən xarakter cizgiləri yer alır. Birinci Qarabağ savaşının, Dövlətimizin, Millətimizin böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının ömür yolu, nümayiş etdirdikləri misilsiz rəşadət və mərdlik nümunələri, əsgər və zabitlərimizin müharibənin ən dəhşətli anlarında belə ləyaqət hissini, əsgər və zabit şərəfini qorumaq məharəti Azərbaycan xalqının möhtəşəm yenilməzlik portretini, mücadilə əzmini, humanist mahiyyətini əks etdirir.

Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Daxili Qoşunların bütün hərbi hissələrində şəhidlərimizin xatirəsi əziz tutulur, birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, qazilərimizin və bütövlükdə Vətənimizin ərazi bütövlüyü uğrunda sinəsini düşmənə sipər edən həmvətənlərimizin döyüş yolu nümunə kimi göstərilir, onların sərgilədikləri qəhrəmanlıq nümunələri gənc nəslin qan yaddaşına əbədi olaraq həkk olunur.

Martın 12-də müstəqil və bütöv Azərbaycanın Daxili Qoşunlarının yaranmasının 30-cu ildönümü qeyd olunacaq. Əlamətdar tarixdir. Və bu tarixi mənim üçün əlamətdar edən amillərdən biri də oğlum baş əsgər Murad Mirzəbəylinin Daxili Qoşunların sırasında xidmət keçməsi və bu mühüm hadisənin şahidlərindən biri olmaq şərəfini qazanmasıdır.

Murad artıq 9 aya yaxındır ki, hərbi xidmətdədir. Pandemiya şərati, karantin rejimi və təbii ki, mövcud reallıqlar çərçivəsində şəxsi heyətin sağlamlığının qorunmasının vacibliyi, bütün valideynlər kimi mənim də oğlumla görüşə bilmək imkanlarımı məhdudlaşdırıb.

Bu gün şəklini Daxili Qoşunların “Əsgər” qəzetində gördüm. Nümunəvi əsgər kimi xidmət keçdiyinə sevindim, qürur duydum. Heç dəyişməyib, Amma yox... Dəyişib, mətinləşib! Duruşundan qürur yağır! Vətənə xidmət etmək arzusunda olduğunu bildirir. Və bu gün həyatımın ən gözəl anlarını yaşadım, desəm, yanılmaram!

Fürsətdən istifadə edib, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, o cümlədən Daxili Qoşunlarda xidmət keçən övladlarımız üçün yaradılan şəraitə görə Ali Baş Komandanımıza, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və oğlum Murad Mirzəbəylinin xidmət keçdiyi hərbi hissənin rəhbərliyinə və bütün şəxsi heyətinə dərin minnətdarlığımı bildirirəm!

Vətənimiz, övladlarımız, gələcəyimiz əmin əllərdədir!

Tanrı Azərbaycanı qorusun!

Elçin Mirzəbəyli
Azərbaycan Respublikasının Əməkdar jurnalisti