İlham Əliyev Ərdoğana zəng etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Rusiya yenə Zelenskinin qaçdığını iddia etdiUkrayna lideri Vladimir Zelenskinin Kiyevi tərk edərək, təcili Lvova gedib.

Avrasiya.net xəbər verir ki, bu iddia ilə Rusiya Dumasının spikeri Volodin çıxış edib.

O bildirib ki, Zelenski artıq gecədən Kiyevdə deyil.

Qeyd edək ki, Zelenskinin Kiyevdən qaçması ilə bağlı vaxtaşırı xəbər yayılır. Zelenski isə gündə bir neçə dəfə video yayaraq, Kiyevdə olduğunu bildirir.

Ötən gecə də Zelenski video-müraciət yayaraq, Kiyevdə olduğunu görüntüləmişdi.
150 helikopter Belarusla Ukrayna sərhədində - FotoBelarusun cənubunda Ukrayna ilə sərhəddən təxminən 32 km aralıda 150-yə yaxın helikopter və quru qoşunları yerləşir.

Axar.az xəbər verir ki, bunu “Maxar”ın peykdən çəkilmiş görüntülərində görmək olar.

Xüsusilə helikopterlər Belarusun Xoyniki şəhəri yaxınlığındadır - burada 90-dan çox helikopter yolda dayanıb. Yerləşdirmənin uzunluğu 8 km-dən çoxdur.

Şəkillər həmçinin bölgədə konvoy halında bir neçə yüz avtomobillə böyük quru qüvvələrinin yerləşdiyini də göstərir.

Qeyd edək ki, Rusiya qoşunları Ukraynaya həmçinin Belarus ərazisindən də daxil olub. Müharibə başlamazdan əvvəl Rusiya və Belarus hərbçiləri birgə təlimlər keçirib.
Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyirƏkrəm Bəydəmirli

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri Xocalı hadisələrinə qiymət verərək soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir. Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyib. Ukraynada baş verən son proseslər bunu bir daha sübut edir.

Xocalı soyqırımı məsələsi hüququ müstəviyə çoxdan çıxarılmalı idi. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə, Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır. Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar.

Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistanın o zamankı prezidenti Levon Ter Petrosyan, həmin dövrdə Qarabağda cinayətkar rejimə rəhbərlik etmiş Robert Köçəryanın, Serj Sarkisyanın, digər ermənilərin və həmçinin onlara dəstək verən rus hərbiçilərinin məsuliyyətə cəlb olunması istiqamətində proseslər çoxdan başlamalı idi. Çox təəssüf ki, həmin soyqırımda iştirak etmiş şəxslərin hələlik məsuliyyətə cəlb olunmasının şahidi olmuruq. Xocalıya ədalət o zaman olacaq ki,, törədilmiş soyqıma hüquqi qiymət verilsin, həmin cinayətkarlar məhkəmə qarşısına çıxarılsın.

Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünyada məhkəmələrində kifayət qədər nümunələri var. Bu dəfələrlə qeyd olunub. II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.

Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətlərində birbaşa iştirakı olan şəxslərin cəzalanmaması dünyada hərbi zorakılığı təşviq edir.

Hərbi zorakılıq siyasətindən bəzi qüvvələri çəkindirmək məqsədilə Xocalı soyqırımında iştirakı olan və həmin hadisələrin təşkilatçıları hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa, adları bəlli olan həmin şəxslərə qarşı yenə loyal münasibət davam edərsə, o zaman beynəlxalq hüquq indikindən daha bərbad vəziyyətə düşəcək.

Xocalı soyqırımında, ümumilikdə Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.
6 ölkə Rusiyaya “öldürücü sanksiya” ilə razılaşdıRusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Qərbin sanksiya təhdidi daha da artıb. Artıq son çarə kimi görülən Rusiyanın SWIFT qlobal banklararası ödəniş sistemindən çıxarılması variantı müzakirə olunur.

Axar.az xəbər verir ki, NATO-nun ötən gün keçirilən sammitində Böyük Britaniya Baş naziri Boris Conson NATO ölkələrinin Rusiyanın SWIFT-dən təcridi ilə bağlı təcili qərar verməyi təklif edib.

Artıq indiyə qədər İtaliya, Kanada, Almaniya, Çexiya, Fransa Britaniyanın təklifinə qoşulub və çağırışı təkrarlayıb.

Əgər Rusiya bu banklararası sistemdən çıxarılarsa, maliyyə institutları Rusiyaya pul göndərmək və geri pul almaq imkanlarını tam itirəcək. Bu, Rusiya şirkətləri ilə yanaşı, bu ölkədən dollarla neft və qaz alan xarici müştərilər üçün də ağır zərbə olacaq.
Kiyev uğrunda qanlı döyüşlər gedirRusiya silahlı qüvvələrinin bölmələri Ukrayna patyaxtı Kiyevə hücumları gücləndiriblər.
Hazırda paytaxt uğrunda döyüşlər gedir. Şəhərin müxtəlif yerlərində partlayış səsləri eşidilir.

Bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da yerli vaxtla səhər saat 4:26-a olan vəziyyətlə bağlı danışarkən belə deyib.

O, bu barədə Facebook-da məlumat verib.

"Amma Ukrayna Silahlı Qüvvələri düşmənin təxribat və kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir", - o deyib.

Daha əvvəl xəbər verildiyi kimi, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskayada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb.
Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcəkHamı başa düşməlidir ki, Putin Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko çıxış edib.

Paytaxt Kiyev küçələrində silahlı və müdafiə qüvvələrinin ətrafında dayanan Poroşenko CNN-ə bildirib ki, ukraynalılar öz ölkələrini müdafiə etməyə hazırdır:

“Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək”.

Poroşenko ABŞ və Böyük Britaniyaya silah dəstəyi verdiyi üçün təşəkkür edib: "Bu, tək olmadığımızı, birgə olduğumuzu hiss etməyimiz baxımından vacibdir”.

“Nə qədər əsgər öldürürsə-öldürsün, nə qədər raketi, nüvə silahı olursa-olsun, biz ukraynalılar gələcəyi Avropada olan azad insanlarıq”, - Poroşenko qeyd edib.