Regionlarda ictimai iştirakçılıq təşviq ediləcəkİnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlayıb.

Bu barədə layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Təşkilat sədri qeyd edib ki, layihənin məqsədi ictimai iştirakçılığı təşviq etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına dəstək göstərməkdir.

Cəsarət Hüseynzadə bildirib ki, ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. İdarəetməyə yeni baxış formalaşıb. Bu baxımdan paralel olaraq ictimai iştirakçılığın inkişafı da köhnədən qalan bəzi mənfi tendensiyaların aradan qaldırılmasına ictimai töhfə olacaqdır: “Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub. Vətəndaş cəmiyyətinin ictimai iştirakçılıqla bağlı mövqeyinin gücləndirilməsi üçün dəstək layihələrinə ehtiyac vardır.”

Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Sumqayıt, Şirvan şəhərləri, Salyan və Quba rayonlarında ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbirlər təşkil ediləcək.

Eyni zamanda həmin regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq. Həmçinin layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq vətəndaş cəmiyyəti təşkilatları və dövlət qurumları nümayəndələri arasında paylanılacaq. Layihənin 3 ay müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub.
ANA SÜDÜ – SAĞLAMLIĞA ZƏMANƏT"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ana südünün əhəmiyyətinin təşviqi” layihəsi çərçivəsində “Ana südü körpənin sağlamlığının qızıl zəmanətidir” mövzusunda təlimlərə start verdi.

İctimai Birliyin sədri Könül Quliyevanın Avrasiya.net-ə verdiyi məlumata görə, ilk təlim 22 fevral 2022-ci il tarixində paytaxtın “Şüa” Sağlamlıq-İdman Kompleksində 18 nəfər gənc ana və subay xanımların iştirakı ilə baş tutub. Tədbirdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının 2-ci Mama-ginekologiya kafedrasının rezident-həkimi Ayan Abduləliyeva ana südünün faydaları ilə bağlı təqdimat keçirib. Həkim ana südünün ən önəmli xüsusiyyəti - körpənin yaşına və fiziki durumuna uyğun olaraq onun orqanizminə müsbət təsir göstərməsi, zaman keçdikcə ağız südünün tərkibində dəyişikliklərin baş verməsi və 10-15 gün ərzində yetkin süd tərkibinin formalaşması barədə təlim iştirakçılarına geniş məlumat verib, gənc anaların çoxsaylı suallarını ətraflı cavablandırıb.

Təlimə qatılan ali dərəcəli mama-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Cavadova körpənin düzgün qidalanmasından söhbət açaraq, ana südünün miqdarının artması üçün körpənin tez-tez və hər dəfə ağladığı zaman əmizdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, yenidoğulmuşlar gün ərzində minimum 8-10 dəfə ana südü ilə qidalanmaq istəyirlər və bu rəqəm zaman keçdikcə azalır. Həkim ona ünvanlanan sualları cavablandıraraq, tez-tez əmizdirmə nəticəsində sinədə şişkinliyin və ağrıların da qarşısının alındığını gənc anaların diqqətinə çatdırıb.

Təlim zamanı psixoloq Ruhiyyə Məmmədova ana südünün körpənin fiziki və psixi sağlamlığı üçün ən uyğun qida hesab olunduğunu, əmizdirmənin ana ilə körpə arasında psixoloji təmas yaradılmasında ən yaxşı vasitə olduğunu diqqətə çatdırıb. Psixoloq ananın südünün körpənin immun sisteminin möhkəmlənməsində faydalı olması ilə yanaşı, əmizdirmənin ananın öz sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsiri barədə geniş məlumat verib.
Təlim zamanı İctimai Birliyin layihəsindən faydalananlara ana südünün körpənin sağlamlığı üçün əhəmiyyətini əks etdirən maarifləndirici bukletlər paylanılıb.

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölübBakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi çoxmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
KİV: “Volodimir Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərilib”“Ukraynanın paytaxtı Kiyev şəhərində Kremlin tapşırığı ilə 400 muzdlu fəaliyyətdədir”.

“Report” “The Times”a istinadən bildirir ki, onlara Ukrayna Prezidenti Volodimir Zelenski və nazirləri öldürmək, habelə şəhərin Rusiyanın nəzarətinə keçməsi üçün zəmin yaradılması tapşırığı verilib.

“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”, - nəşr vurğulayıb.

“Vaqnerçilər”in missiyası haqqında məlumat fevralın 26-da Ukrayna hökumətinin masasında olub və bir neçə saat sonra paytaxt Kiyevin Rusiya diversantlarından təmizlənməsi üçün 36 saatlıq komendant saatı elan edib.

Xatırladaq ki, hazırda Mərkəzi Afrika bölgəsində Rusiya dəstəkli “Vaqner” qruplaşmasının muzdluları fəaliyyət göstərir. Onlar Liviya, Suriya kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.
İmtahanda iştirak üçün COVID pasportu TƏLƏB EDİLMİRİmtahanlarda iştirak üçün COVİD pasportu tələb olunmur.

Bu barədə Dövlət İmtahan Mərkəzinin "Facebook" səhifəsində qeyd edilib.

Bildirilib ki, iştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və onunla bir yerdə çap olunan “Sağlamlıq haqqında bəyannamə”ni gətirməlidirlər.
Rusiyalı senator Ukraynaya hücumu pislədiRusiya Dövlət Dumasının sabiq deputatı, senator, Kommunist Partiyasının üzvü Vyaçeslav Marxayev Rusiyanın Ukraynaya hücumunu kəskin tənqid edib.

Bu barədə o, Feysbuk səhifəsində yazıb.

“Çox təəssüf edirəm ki, “dxr” və “lxr”in tanınması üçün bütün kampaniyanın əvvəlcə gizlədilmiş tamamilə fərqli ideya və planı var idi və nəticədə biz iki dövlət arasında genişmiqyaslı qarşıdurma və müharibə vəziyyətində özümüzü tapdıq.

Qərbin əsassız strategiyasını, ikili standartlar siyasətini, bəyənmədikləri ölkələrdə legitim hakimiyyəti dəyişdirərək öz maraqlarını müdafiə etmələrini, saxta demokratiyanı müdafiə şüarları altında yeni ərazilər ələ keçirmələrini pisləyirəm. Eyni ikili standart üsullarından istifadə etməyə başlayan Rusiya hakimiyyətin də tənqid edirəm”, - deyə Marxayev bildirib.
Şəmkirdə qadın boğazı kəsilərək öldürüldüŞəmkir rayonunun İrmaşlı kəndin sakini 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisəni törətməkdə isə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompüter kursuna gedib. Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarınakı boş sahəyə aparıb və orada qadının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var. Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
ABŞ-dan çağırış: Rusiyanı dərhal tərk edin!ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etmək barədə düşünməyə çağırır, hələlik kommersiya çıxışı variantları mövcuddur.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytı məlumat yayıb.

"Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər", - müraciətin mətnində deyilir.

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib.
Pentaqon Putinin nüvə təhdidlərinə cavab verdiPentaqon Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı hədələrinə cavab verib.

Bu barədə Ukrayna mətbuatı ABŞ Müdafiə Nazirliyindəki rəsmiyə istinadən məlumat yayıb.

“Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumaq qabiliyyətimizə əminik”, - Pentaqon rəsmisi bildirib.