"Kıbrıs Türk xalqının ürəyi hər zaman Azərbaycanın yanındadır"

"Kıbrıs Türk xalqının ürəyi hər zaman Azərbaycanın yanındadır"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib.

Avrasiya.net xəbər verir ki, fevralın 26-da Girne Amerika Universiteti Konqres Mərkəzində keçirilən Xocalı Soyqırımı Beynəlxalq Konfransında çıxış edən prezident Tatar Azərbaycan və KKTC xalqlarının ortaq milli dəyərlərə malik olduğunu qeyd edib.

KKTC-yə tətbiq edilən embarqolara və rum-yunan ikilisinin təzyiqlərinə baxmayaraq, Kıbrıs türk xalqının Ana Vətən Türkiyənin dəstəyi ilə müqavimətini davam etdirdiyini qeyd edən Tatar, KKTC-nin yaşamağa davam edəcəyini bildirib.

Xocalı soyqırımının hər zaman Türk Millətinin qəlbində yara olduğunu dilə gətirən Prezident Tatar, “Kıbrıs Türk xalqı olaraq biz də buna bənzər qətliamlar yaşadıq. 1963-cü ildə başlayan yunan hücumlarına və 1974-cü ildə Mehmetçikin adaya enməsinə müqavimət göstərdikdən sonra Kıbrısda yeni sərhədlər çəkildi və KKTC-nin təməlləri atıldı. Kıbrıs türk xalqı o vaxtdan bəri sülh, əmin-amanlıq və təhlükəsizlik içində yaşayır. Biz, böyük türk millətinin övladları olaraq, bu coğrafiyada Azərbaycan və Türkiyə Cümhuriyyəti ilə Şərqi Aralıq dənizində bütün türk dünyasının təmsilçiləri olaraq, aramızdakı mənəvi, sosial, iqtisadi, mədəni dəyərlərin möhkəmlənməsi ilə gələcəyə ümidlə baxmağın bəxtiyarlığı içərisindəyik. Ona görə də Azərbaycanın Qarabağdakı zəfəri ölkəmizdə böyük sevinclə qarşılandı. Sizin qələbəniz bizim qələbəmiz olub. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qırğınlar bitdi. Amma biz heç vaxt unuda bilmərik”, - deyə bildirib.

Tarixi çox yaxşı bilmək və unutmamaq lazım olduğunu vurğulayan prezident Ersin Tatar deyib: “Unutsaq, gələcəyə doğru addımlarla irəliləyə bilmərik. Bizim qırmızı cizgilərimiz var. Bunlar Türkiyə Cümhuriyyətinin qarantörlüyü və bizim suverenliyimizdir. KKTC gələcəkdə bu adada olacaq hər hansı sülh müqaviləsinin bir hissəsi olmalıdır. Biz heç vaxt dövlətimizdən əl çəkə bilmərik. Çünki bizi irəli aparacaq bu dövlətin bizə bəxş etdiyi inam, sülh və əmin-amanlıqdır. Gələcəkdə bu adada mövcud olarkən, biz öz kimliyimizin, mədəniyyətimizin və böyük türk millətimizin bir parçası olaraq əbədi olaraq var ola biləcəyimiz bir müqavilə istəyirik. Biz deyirik ki, rəsmi danışıqlar prosesi başlanacaqsa, Kıbrıs Türk xalqının bərabər suverenliyi və bərabər beynəlxalq statusu qəbul edilməlidir”.

KKTC ilə Azərbaycan arasındakı əlaqələrin sevindirici olduğunu ifadə edən prezident Tatar, adadakı tələbələr və müəllimlərin, mədəni fəaliyyətlər və turizmlə bağlı səyləri gücləndirən elementlər olduğunu bildirib.

Bu əlaqələrin daha da güclənməsini arzulayan prezident Tatar sözlərinə belə davam edib:

“Sizi KKTC-də görməkdən çox xoşbəxtəm. Azərbaycan xalqına, dövlət rəsmilərinə sevgi, hörmət və ehtiramımı bildirirəm. Taleyimiz, keçmişimiz birdir. Eyni millətin övladları kimi mübarizəmizin nə qədər müqəddəs olduğunu bildirirəm. Gəlin birlikdə güclü olmaq üçün birlikdə çalışaq, mübarizə aparaq. Unutmayın ki, KKTC xalqının ürəyi hər zaman Azərbaycanın yanındadır. KKTC-də belə bir konfransın keçirilməsi bizi qürurlandırdı. Çıxışlarda bir daha gördüm ki, bizim keçmişimiz ortaqdır, biz hər zaman əlimizdə olan və yaşayacaqlarımızla vəhdətdə olmalıyıq. Xocalı soyqırımında həyatını itirənlərə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. KKTC-nin qurulması uğrunda mübarizə apararaq şəhid olan vətəndaşlarımıza da Allahdan rəhmət diləyirəm”.