Erməni vandalizmi dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidirƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Biz "BBC News" telekanalında işğaldan azad edilmiş Cəbrayıl şəhərində guya "erməni kilsəsinin yoxa çıxması" barədə məlumatın yayılmasına və Ermənistanın UNESCO işləri üzrə milli komissiyasının Azərbaycana qarşı "mədəniyyət cinayəti" ilə bağlı iddia irəli sürməsinə qətiyyən təəccüblənmirik. Çünki bu gün “Human Rights Watch” təşkilatı kimi, Avropa Parlamentinin (AP) bəzi üzvləri kimi "BBC News" telekanalı və UNESCO da necə deyərlər, "erməni vaxtı" ilə işləyir və açıq-aşkar ermənipərəstlik edirlər. Odur ki, onların Azərbaycanı "mədəniyyət cinayətlərinin" törədilməsi kimi əsassız bəyanatlarla ittiham etməsini ölkəmizə qarşı növbəti qaralama kampaniyası kimi qiymətləndiririk.

Mədəni və dini müxtəlifliyin qorunmasına sadiqliyini sözdə deyil, hər zaman əyani şəkildə nümayiş etdirən Azərbaycan Respublikasını və tolerantlığı heç kimdə zərrə qədər də şübhə doğurmayan Azərbaycan xalqını hansısa "mədəni cinayətlər"də ittiham etmək həqiqətən də absurddur. Cəbrayılda işğalçı əsgərlər üçün tikilmiş qondarma kilsə nə vaxtdan "mədəni abidə" sayılmağa başlanıb? Axı "yoxa çıxması" iddia edilən bu tikili Ermənistanın 30 illik işğalı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında tamamilə qanunsuz olaraq tikilib. Bəs indi siz hansı beynəlxalq hüquq normalarına söykənərək belə bir qanunsuz tikilini dünya ictimaiyyətinə "mədəni irs" kimi, maddi-mədəniyyət nümunəsi kimi, yadaki tarixi abidə kimi sırımağa çalışırsınız?

Yaxşı, işğalçı ölkənin zəbt etdiyi özgə torpaqlarında öz işğalçı əsgərləri üçün tikdiyi qanunsuz tikili "mədəniyyət" faktıdırsa, bəs onda elə həmin işğalçıların son 30 il ərzində bizim ərazilərimizdə dağıtdıqları, talan etdikləri muzeylər, məscidlər, məbədlər, pirlər, qəbristanlıqlar, qalalar, məktəblər sizcə nədir? Siz bunları tarixi, mədəni, dini abidələr hesab etmirsinizmi? Ötən 30 il ərzində Azərbaycanın tarixi-mədəni abidələrinin ermənilər tərəfindən dağıdılmasına göz yuman beynəlxalq ictimaiyyətin təmsilçiləri olaraq nə üçün indi birdən ayılıb, Qarabağda xirstianlıq izi axtarmağa başlamısınız? Axı özünüz də yaxşı bilirsiniz ki, Azərbaycanın bu bölgəsində Birinci Qarabağ müharibəsindən əvvəl xristian dininə etiqad edən bir nəfər də sakin olmayıb. Cəbrayılda heç vaxt ermənilər yaşamayıb. Elə isə Cəbrayılda Ermənistanın iddia etdiyi "tarixi-mədəni kilsə" necə peyda ola bilərdi ki?

Hamıya gün kimi aydındır ki, işğal dövründə Ermənistan rəhbərliyi orada erməni əsgərləri üçün qalmağa yer tikib. Cəbrayıl işğaldan azad edildikdən sonra həmin tikilini dünyaya “kilsə” kimi təqdim etmək isə Ermənistanın yeni hiyləsidir. Məskunlaşdıqları bütün ərazilərdə kilsə tikmək və beləliklə, bir müddətdən sonra oranın ermənilərə məxsus olduğunu iddia etmək ənənəsi indi də yeni formada təzahür edir. Daima saxta "tarix" yaradaraq özlərinin bu bölgənin qədim xalqlarından biri olduğunu sübut etməyə çalışan ermənilər indi də saxta "kilsə" söhbətini ortaya atmaqla bu dəfə də Cəbrayılı "erməniləşdirməyə" çalışırlar. Lakin bu planları baş tutmayanda isə, köhnə ənənələrinə sadiq qalaraq hay-küy salmaq, dünyanı üzərimizə qaldırmaq metoduna əl atırlar.

Məhz bu metoddan çıxış edərək hiyləgər ermənilər işğal dönəmində qeyri-qanuni fəaliyyətə yol verib və Azərbaycanın bir sıra başqa ərazilərində də bu cür tikililər tikiblər. Belə ki, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 "kilsə" tikilib. Cəbrayılda tikilmiş sözügedən "kilsə" də bunlardan biridir. Lakin bu kilsələrin heç biri həqiqi Allah evləri sayıla bilməz. Çünki işğal dövründə işğalçılar tərəfindən "kilsə" adıyla tikilən istənilən tikili sadəcə və sadəcə işğalçılıq faktıdır. Bu tikililər işğalın maddi təsdiqi sayılır.

Biz hesab edirik ki, bu gün beynəlxalq təşkilatlar və nüfuzlu dünya KİV-ləri işğal illərində Azərbaycan ərazilərində peyda olmuş saxta erməni "mədəniyyət nümunələri"ndən ötrü yersiz hay-küy qaldırmaq əvəzinə, 30 il ərzində davamlı şəkildə erməni vandalizminə məruz qalmış Azərbaycanın tarixi-mədəni-dini irsinin taleyi ilə maraqlanmalıdırlar. Məlum məsələdir ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. Bizim mədəni irsimizə, abidə və məscidlərimizə bu cür barbarcasına münasibət əslində bütövlükdə dünya mədəniyyətinə qarşı barbar münasibətdir. Bəli, erməni faşizmi təkcə bölgəmizə yox, həm də dünya mədəniyyətinə qarşı təhdid kimi dəyərləndirilə bilər. Bu isə əlbəttə ki, dünya birliyinin erməni faşizminin dağıdıcı nəticələrinə ədalətli yanaşmasından asılıdır.

Dünya mediası erməni işğalının ağır nəticələrini gəlib əyani surətdə görməli və göstərməlidir. Azərbaycan öz torpaqlarını azad edəndən sonra işğalçı Ermənistanın törətdiyi çoxsaylı vəhşiliklər aşkarlanıb, üzə çıxıb. Həmin ərazilərdə Azərbaycana məxsus mədəni-tarixi abidələrinin hamısı dağıdılıb, mülki binalar, bağ-bağçalar, meşələr və başqa təbii gözəllikləri məhv edilib. Salamat bir şey qalmayıb. Hansı tarixi-memarlıq abidələrini dağıda bilməyiblərsə, onları təhrif edib, "erməniləşdirməyə" çalışıblar.

Həmçinin, beynəlxalq hüquqa zidd olaraq Ermənistan işğal zamanı Azərbaycan ərazilərindən qarət etdiyi daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarıb, bir qismini nüfuzlu şəxslərə hədiyyə edib. Bir qismi isə hazırda Ermənistanın paytaxtında müxtəlif muzeylərdə saxlanılır, sərgilərdə nümayiş etdirilir.

1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londonda auksionda 80 min ABŞ dollarına satılıb. 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matenadaran qədim əlyazmalar muzeyinə təhvil verilib. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.

İşğala qədər Cəbrayıl rayonunda 5 tarixi məscid olub. Həmin məscidlər Daşkəsən, Süleymanlı, Məzrə, Çələbilər və Papı kəndlərində yerləşirdi. İndi həmin məscidlərdən Papı və Süleymanlı kəndlərindəki məscidlərin yalnız qalıqları qalıb. Digər rayon və kəndlərimizdəki məscid, türbə və ziyarətgahlar ya dağıdılıb, ya da tamamilə baxımsız vəziyyətdədir.

Füzuli rayonunun Merdinli kəndi erməni vəhşiliyinin qurbanı olub. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub. Ermənilər qəbiristanlıqlarda uyuyan insanlarımızın sümüklərini çıxarıb təhqir ediblər.

Həmçinin, XIX əsrə aid Ağdam məscidi də işğalçılar tərəfindən dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib.

Ümumiyyətlə, rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 məscid uçurulub, yararsız hala salınıb. Habelə 7 min memarlıq abidəsi baxımsızlıqdan uçmaq təhlükəsi qarşısında qalıb, 71 türbə, 500 qəbiristanlıq dağıdılıb.

Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. Eyni zamanda 1161 arxeoloji abidə üzərində qeyri-qanuni qazıntılar aparılıb.

Eləcə də, mənim doğulduğum Qubadlı rayonunda 8 məscid tamamilə bərbad vəziyyətə salınıb. O cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də olduqca acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Diqqətinin (Reza Deghati) Məmər kəndindəki məsciddən çəkdiyi fotolar ermənilərin "mədəni donuz"luğunu bütün dünyaya göstərdi. Ötən ay Azərbaycandakı diplomatik korpusun nümayəndələri də işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Qubadlı şəhərində olarkən, erməni vandalizminin ağır fəsadlarını öz gözlərilə görüblər.

Bu yaxınlarda Qubadlı şəhərinə, o cümlədən Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də orda gördüyü erməni vandalizminin hüdudsuzluğundan dəhşətə gəlmişdi. Cənab Prezident həmin gün Qubadlının acı durumunu bütün dünyaya göstərdi: “Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər".

Prezidentimiz Qubadlıda törədilmiş erməni vəhşiliklərini bütün dünyaya göstərərkən, məgər bir əcnəbi lider, bir beynəlxalq təşkilat cınqırını çıxarıb "mədəni" ermənilərin bu qeyri-mədəni, anti-insani əməllərini pislədimi? Xeyr, heç kim səsini çıxarmadı. Hamı bu cür tükürpərdici, vandallar sayağı faktları görməzdən gəlir. Amma bu faktların sayı-hesabı yoxdur.

30 illik işğal dönəmində Qarabağda elə bir kəndimiz, qəsəbəmiz, şəhərimiz yoxdur ki, ora erməni vandalizminin dağıdıcılığına məruz qalmasın. İndi biz onların hamısını burda bircə-bircə qeyd etmək istəmirik. Hələ biz Ermənistanın özündə, o cümlədən Zəngəzurda dağıdılan, məhv edilən çoxsaylı tarixi abidələrimiz, qalalarımız, məscidlərimiz, qəbristanlıqlarımız haqda isə ümumiyyətlə, heç danışmırıq.

Əslində bütün bu vandalizm hərəkətləri Ermənistan dövlətinin və bir çox sıravi ermənilərin digər dinlərə münasibətini, onların həqiqi simasını əks etdirir. Qeyd etdiyimiz və etmədiyimiz faktlar bir daha Ermənistan dövlətini idarə edənlərin hansı mənəviyyata sahib olduğunu göstərir. Bütün dinlərdə məscid, kilsə və sinaqoq Allahın evidir, onlara xələl gətirmək və sökmək günah sayılır. Ancaq erməni işğalçılarına isə günah anlayışı tamamilə yaddır. Vəhşiləşmiş işğalçılar nəyin günah, nəyin normal olduğunu ayırd etməyiblər.

Biz beynəlxalq təşkilatları, dünya KİV-lərini Azərbaycana və Ermənistana münasibətdə "ikili standartlar"dan əl çəkməyə çağırırıq. Biz dünya liderlərini və xalqlarını Ermənistan dövlətinin işğal dönəmində Azərbaycanın tarixi və mədəni irsinə qarşı rəsmən "səlib yürüşü" təşkil etməsini pisləməyə səsləyirik. Erməni vandalizmi dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Azərbaycanı "mədəni cinayətlər" törətməkdə ittiham edən medialar və təşkilatlar, öncə erməni vəhşiliklərinə qiymət verməlidirlər. Erməni barbarlığına göz yuman KİV-lərin və təşkilatların tolerantlığın simvoluna çevrilmiş Azərbaycana dil uzatmağa qətiyyən haqqı yoxdur. Onlar bilməlidirlər ki, Azərbaycanın xristian keçmişi də vardır. Azərbaycan tarixinin Qafqaz Albaniyası dönəmi bizim xristianlıq tariximizdir. Odur ki, xristianlıq bizə yad və düşmən deyil. Ermənilərin İslama və məscidlərimizə düşmən gözüylə baxmasından fərqli olaraq biz kilsələrə düşmən yuvaları kimi baxmırıq. Azərbaycan dövləti hər bir kilsəni, məbədi xüsusi qayğıkeşliklə qoruyur, mühafizə edir. Deməli, beynəlxalq təşkilatların və KİV nümayəndələrinin erməni təbliğatına uyub, Azərbaycanı xristianlıq və mədəniyyət düşməni obrazında təqdim etmək cəhdləri də yolverilməzdir.

Mən həm partiya sədri kimi, həm tarixçi-hüquqşünas kimi, həm də ermənilərin işğalçılığı ucbatından 28 il məcburi köçkün həyatı yaşamış bir azərbaycanlı kimi "BBC News" telekanalını da, UNESCO-nu da, digər maraqlı tərəfləri də bu yaxınlarda işğaldan azad edilmiş doğma rayonuma - Qubadlıya dəvət edirəm. Əgər siz özünüzü həqiqətən də vicdanlı, ədalətli media qurumu və əsl mədəniyyət təəssübkeşi hesab edirsinizsə, gəlin Qubadlıdakı erməni vandalizminin izlərinə öz gözlərinizlə şahidlik edin. Bir işğalçı "kilsə"nin taleyi sizi bu qədər narahat edirsə, mənim rayonumda ermənilər tərəfindən dağıdılmış 8 məscidin taleyi də sizləri eyni dərəcədə narahat etməlidir. Mən hesab edirəm ki, məscidlərin dağıdılmasına göz yuman BBC-nin və ya UNESCO-nun, bir "kilsə" üçün haray-şivən salmağa mənəvi ixtiyarı yoxdur. Ədalətsiz xristian təəssübkeşliyiniz həddindən artıq qabarıq görünür, cənablar!

Yeri gəlmişkən, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir. Ermənilər isə bu Konvensiyanı ayaqlarının altına ataraq, 30 il ərzində Qarabağda hər cürə barbarlığa yol veriblər. Siz ermənilərdən bunun hesabını sorun. Talibançıları və İŞİD-çiləri barbarlıqda, vandallıqda ittiham etdiyiniz kimi ermənilərin də vandallığına eyni qiyməti verin. Alman faşistlərinə Nürnberq məhkəməsi qurduğunuz kimi erməni faşistlərinə də Strasburqda və ya Brüsseldə, yadaki elə Haaqanın özündə məhkəmə qurun. İşğalçı və vandal ermənilərə əsla və əsla havadarlıq etməyin. Əlbəttə, işğalçılara, mədəniyyət düşmənlərinə havadarlıq etmək asandır və "qoca Avropa" bunu çox yaxşı bacarır. Lakin bu eyni zamanda əsl rüsvayçılıqdır.

Bakıda gənc özünü 10-cu mərtəbədən atıbBakı şəhərində intihar hadisəsi baş verib.

Hadisə Xətai rayonu "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı çoxmərtəbəli binada baş verib. Təxminən 20-25 yaşlı oğlan özünü 10-cu mərtəbədən ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma aparılır (apa).
Azərbaycanda koronavirus: 1759 yoluxma, 24 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.
Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıbBakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

Avrasiya.net APA-a istinadən məlumat verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.


15 Şaban və MəhdəviyyətQ. Əli. Purmərcan
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri


Hicri qəməri təqvimi ilə 15 Şaban – 29 mart tarixi islam dünyasında mühüm günlərdən biri sayılır. Çünki bu gün şiələrin 12 ci imamı Hz. Məhdinin (ə.c) mübarək mövlud günüdür. Həzrəti Məhdi hicri tarixi ilə 255 ci ildə anadan olmuş və bir müddət sonra insanların gözlərindən qeybə çəkilmişdir. Bu qeybət hələ də davam edir. Bu mövlud gününü İranda , İraqda, Azərbaycanda və digər islam ölkələrində dindarlar bayram kimi qeyd edirlər.

Bu il şəmsi təqviminə əsasən (1400 cü il) 15 Şaban bayramı iki dəfə qeyd olunacaqdır. Bu da hamının sevincinə səbəb olmşdur. Bu ümid və nur günü münasibətilə bütün dünya xilsakarını gözləyənləri təbrik edirəm.

On beş Şaban haqqında bütün islam məzhəblərinə məxsus hədis kitablarında sənədlər mövcuddur. Bu gün üçün çoxlu fəzilətlər nəql edilmişdir. Bu gündə dua etmək, oruc tutmaq, namaz qılmaq və s.. tövsiyə olunmuşdur. Yaxşı olar ki, biz müsəlmanlar bu günün və gücənin fəzilətlərindən bəhrələnək, tövsiyə olunan ibadətlərdən yerinə yetirək və İmam Zamanın (ə.c) zühuru üçün dua edək. Burada bir neçə məsələ barədə izah yerinə düşərdi:

Birinci məsələ:

Şiə məktəbində intizar savabdır. İmamSadiqdən (ə) zühuru gözləyən şəxs barədə sual etdilər. O, buyurdu: İmam Mehdini gözləyən şəxs İslam Peyğəmbəri ilə birlikdə olan şəxs kimidir. Digər yerdə isə belə buyurur: elə bil onunla birlikdə qılınc vurmuş şəxs kimidir. Qeybət zamanında imanı qorumaq çox çətindir. Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurmuşdur: Ey Əli! Bil ki, ən təəccüblü imanlar və ən böyük yəqinlər Axirəz-zamanda olan bir qrupa aiddir. Onlar Peyğəmbəri görməyib və İmam da gözlərindən qeybdə olar. Onlar ağ üzərndə olan qaraya (kağız üzərində olan yazıya) iman edərlər. Buna görə də İmam Səccad (ə) Əba Xalid Kabuli adlı səhabəsinə belə buyurmuşdur: insanlar qeybət dövründə yaşayan insanlar əgər iki xüsusiyyətə malik olsalar bütün zamanlarda olan insanlardan üstün olarlar 1 imamətə inanmaq 2 intizar. Çünki onların imanı Peyğəmbərin və imamların sözlərinə əsasən olar. Onların heç birini görmədən iman gətirərlər. İmam Mehdi zahirdə görməsək də həyatdadır və bizlər gərək dua, sədəqə və sair ilə özümüzü ona yaxın edək.

İkinci məsələ:
İmam Zamanın (ə.c) qeybət dövründəki rəftarını bilməliyik:

1 Şiələr barədə məlumatlı olmaq. Həzrəti Məhdi (ə.c) Şeyx Müfidə belə buyurmuşdur: sizdən heç nə bizə gizli deyildir. Bu bizim canlı bir imamı gözlədiyimizi göstərir. Digər dövrlərdə olanlar imamlarının harada olduğunu bilirdilər lakin biz bunu bilmirik. Bununla da biz onun zühurunun gözləyənlərik.

2 Şiələrin işlərinə diqqət etmək. Bəzi vaxtlar bir dua və ya bir nəzir ilə çətinliklər həll olur. İmamın özü buyurur: Əgər biz şiələrin fikrində olmasaydıq düşmənlər onları məhv edərdilər.

3 Dualarmız, sədəqə və sairə ilə İmam Zamanı xatırlatmağımız

4 Şiələrin işlərini və əməl dəftərlərini Ona verirlər. Bunlar imamın diri olması və zühur edəcəyini göstərir. Biz İmamın anadan olmasını gözləmirik, onun zühurunu gözləyirik. Diqqət etməliyik ki, bəzi şübhələr bizi yoldan azdırmış olmasın. Zühur üçün vaxt təyin edənlər yalançı insanlardır. Çünki Onun özü zühur vaxtını təkzib edir və bir yerdə buyurur: zühur üçün vaxt təyin edənlər həlak oldular.

Üçüncü məsələ: İmam zühur etdikdə haradan başlayacaq və nə işlər görəcək? Görəsən kapitalizm yoxsa kommunizm iqtisadiyyatını yayacaq?
Bu salın cavabında imamlardan nəql olunan bir hədisdə deyilir: İmam zühur etdikdə 4 iş əsas olacaq:

1 Allahın kitabına üz tutacaq və bu onu ölümdən xilas edəcək. Quranda buyurulanları yayacaq. Valideynə hörmət, insanlar arasında məhəbbət, sələmsiz iqtisadiyyat, halal yemək, qeybətsiz həyat və Allah kitabında buyurulanların hamısı.

2 Allah Rəsulunun (s) sünnəsinə əməl etmək
3 əli ibn Əbu Talibin (ə) vilayəti
4 düşmənlərindən ebzarlıq
Şiələrin əqidəsinə görə hər bir şey Quranda var və imam Mehdi (ə.c) Qurani Kərimə əsasən hərəkət edəcək

Dördüncü məsələ: bu gün İmam Zamanın zühuru islam cəmiyyətlərində bir neçə xətər ilə üzbəüzdür:

1 Birincisi budur ki, bəziləri digərlərinin cahil olmasından istifadə edərək qeybət mövzusundan suistifadə edirlər. Özlərini İmam Zaman bilir və ya onunla əlaqədə olmalarını iddia edirlər ki digərlərini öz arxalarınca çəksinlər və bu hədsilərin ziddinədir.

2 Zühur əlamətlərinin tətbiq edilməsi. Bəziləri rəvayət və hədislərdənə istifadə etməklə onları tətbiq etmək istəyirlər. Misal üçün Yəmən müharibəsi, İŞID ın qara bayraqlar ilə ortaya çıxması kimi məsələlər . Zühur üçün dəqiq vaxt deyilməyib və xalqın etiqadları ilə oynamaq olmaz. Bəli 5 qəti əlamət vardır bunlar Süfyaninin çıxması, onun Məkkə yaxınlığında öldürülməsi, Asimani səs, Yəmaninin çıxması və Nəfsi Zəkiyyənin qətli. Ancaq bütün bunlaırn nə zaman baş verəcəyini bilmirik.

3 Həmişə İmam Zamnın kobud olması göstərilir və onun hamını qılınc ilə öldürəcəyi deyilir. Burada İmamın əsl simasını göstərmirik və onun rəhmani sifətini tanıtmırıq. Onun rəftarı Peyğəmbərin (s) rəftarı kimidir. Təəsüflər onun qəzəbi mehribançılığından daha çox təbliğ olunur. İmam mehribandır və daima müsəlmanlara dua edir və onları Allah yoluna dəvət edir. əlbəttə Allah düşmənləri ilə yola getməyəcəkdir.

4 Dördüncü isə vaxt təyin etməkdir. Kitablar yazaraq vaxt təyin edirlər. Ancaq İmam özü buyurur: Vaxt təyin edənləri təkzib edin. Zühur məsləsi Qiyamət məsələsi kimidir. Məxsus zamanı yoxdur və birdən baş verəcəkdir. Buna görə də İmam Zamanla daima ilaqəsi olduğunu deyən yaxud o filan tarixəd zühur edəcək deyən yalançıdır.

Bu məsələlər ilə anlayırıq ki, islam dini və şiə məktəbi ümidverici və məntiqidir. Allahın rəhmani və lütf sifəti burada hakimdir. Biz İmam Zaman yolu getməklə Qeybət fəlsəfəsi və İmamın zühuru ilə xurafatdan çəkinməliyik. Dini fəlsəfənin gücü ilə bu məsələni olduğu kimi dünyaya çatdırmalıyıq. İmam Mehdi (ə.c) mehribanlıq, ədaləti sabit edən, İlahi ədaləti yayan imamdır. Bu gün bayram və dua etmək lazımdır ki Allah Onun zühurunu tezləşdirsin. Mütləq O da bizim üçün dua edirdir. Çünki O da Peyğəmbər və digər imamlar kimi Axırzamanda ümmət üçün narahatdır. Onlar öz imamlarını görmür ancaq yazılı olanlarla həqiqi dinə əməl edirlər.

Bir daha bu gün münasibətilə bütün müsəlmanları və azadlıq sevənləri təbrik edirəm.
Paşinyan Qarabağda tikintiyə 200 milyon ayırdı - VideoErmənistan hökuməti Qarabağda ev və infrastruktur tikintisinə 110 milyard dram (200 milyon dollardan çox) ayırıb.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, xərclərin 58 milyard dramını “Hayastan” ümumerməni fondu, 52 milyardını isə hökumət maliyyələşdirəcək.

Separatçı-terrorçu Araik Arutyunyan isə rəxminən 4 min evin inşası üçün layihələrin hazır olduğunu deyib.

Qeyd edək ki, bu, Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində özbaşınalıqların davam etməsi deməkdir. Rəsmi İrəvanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğal siyasətinin nəticəsi 44 günlük müharibə və Ermənistanın ağır məğlubiyyəti ilə nəticələndi. Buna baxmayaraq, İrəvan işğalçılıq siyasətindən əl çəkmək istəmir.
İllər sonra Qarabağda öz həyətlərində yenə tonqal qaladılar... – Bir ailənin hekayəsiAzərbaycan Televiziyasında bayram günlərində daha bir premyera olacaq.

Martın 26-sı saat 21:00-da TV-də ilk dəfə yayımlanacaq qısametrajlı bədii film “Ocaq yeri” adlanır.

“Sabah” Yaradıcılıq Studiyasının ərsəyə gətirdiyi televiziya filmi erməni tapdağından azad olunmuş torpaqlarımıza “Böyük qayıdış”ın bir epizodunu özündə əks etdirir.

Filmdə həm işğal dövrü, həm də müasir dövr göstərilir.

Belə ki, filmdə 1992-ci ilin Novruz bayramı günlərində 41 yaşlı Rüstəmin əlinə silah götürüb doğma kəndini erməni quldurlarından qoruması nümayiş olunur. Lakin elə həmin gecə Novruz tonqalı ətrafında olan ailənin həyətinə mərmi düşür, Rüstəmin qızı həlak olur. Səhərə yaxın isə ermənilər yenə kəndə hücum edirlər. Rüstəm və həmkəndliləri öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar.

Daha sonra isə bu hadisələrin üzərindən 29 il sonrakı – yəni müasir dövr göstərilir. Azərbaycan Ordusu Qarabağı düşməndən azad edib, Rüstəmin  ailəsi Novruzu öz kəndində qarşılayır. Ailəni isə xaraba qalmış kəndlərinə Rüstəmin zabit oğlu aparır. Onlar həyətlərini tapıb yenə tonqal qalayırlar.

Bədii televiziya filmində əsas rolları aktyorlar Zilli Namazov, İlqar Musayev, Rauf Ağakişiyev, Günel İmanova, Aygün Fətullayeva, Mübariz Nağıyev oynayırlar.

Qanunsuz ov edən ərəb turistlər nə qədər cərimə olunub?Son bir neçə gün ərzində Qax rayonunun Acınohur adlanan ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz davranma barədə məlumatlar yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlmə icazəsinin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, digər turistlər kimi, ərəblər də ölkəmizə gələ bilərlər: "Amma istirahət zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, müvafiq orqanlar ona qarşı tədbirlər görür. Məlumatlar daxil olduqdan sonra apardığımız araşdşrma zamanı məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarərəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin araşdırmanın gedişatlnda ərəb turistlərin bir neçə gün əvvəl həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı cərimələndilər".

H.Əlizadə qeyd edib ki, həmin ərazidə ovun aparılması ilə bağlı yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bunun nəticəsində fakt qismən müəyyən edildi: "Sosial şəbəkələrdə əvvəlki dövrlərə aid olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan foto və video çəkilişləri paylaşılıb və iddia olunub ki, onlar həmin ərazidə baş verib. Bəzi faktlar öz təsdiqini tapdığı üçün tərəfimizdən iki ərəb turist təqribən 4000 manat məbləğində ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildi. Hazırda yasaqlıq ərazisində onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb, ərazidə postlar quraşdırılıb. Araşdırmalar davam etdirilir".
Ərəblər Azərbaycana xüsusi reyslə gəliblər - VideoAzərbaycanda nadir quş növlərini ovlayan ərəblərin ölkəmizə martın 15-də xüsusi reyslə gəldikləri məlum olub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edək ki, ərəblərin Qax rayonunun Acınohur çölündə nadir quş növlərini ovlaması birmənalı qarşılanmayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırma nəticəsində qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.