Sizin Reklam Burada

“Məhv edilmiş tarixi və dini abidələrin bərpasına kömək edə bilərik” – Əli Purmərcan

“Məhv edilmiş tarixi və dini abidələrin bərpasına kömək edə bilərik” – Əli Purmərcanİranın ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri Əli Purmərcanla ilk dəfəydi görüşürdüm. Olduqca mehriban, gülərüz, istiqanlı adamdır. Mədəniyyət sahəsini əla bilir, təkliflərlə, layihələrlə gəlib Bakıya. Artıq Azərbaycanın məsul şəxsləri ilə bir sıra görüşlər keçirib. Arzusu odur ki, günlərin birində Şuşaya səfər eləsin.

Bu arada, müsahibimizin kimliyi barədə qısa məlumat verək: Əli Purmərcan 1968-ci ildə Təbrizin yaxınlığında yerləşən Marağa şəhərində doğulub. Orta təhsilini Marağada alandan sonra Tehranda universitetə daxil olub. Hüquq üzrə bakalavr və magistr dərəcələrini Tehranda alıb, Cənubi Afrika Respublikasında (CAR) doktorluq dissertasiyasını müdafiə edib. İxtisası beynəlxalq hüquq olsa da, 27 ildir ki, mədəniyyət sahəsində çalışır. Bu müddətdə dünyanın 60-dan çox ölkəsinə səfər edib. İranın, hərəsində 5 il olmaqla, İtaliya, Keniya və CAR-dakı Mədəniyyət Mərkəzlərinin sədri vəzifəsində çalışıb. Ölkəsinə qayıdandan sonra da Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində məsul vəzifə daşıyıb. Son olaraq İslam və Mədəniyyət Təşkilatı sədrinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsində çalışıb...

Əli Purmərcanla mədəniyyət müstəvisində çox söhbət etdik, çox maraqlı adamdır, zəngin həyat keçmişi var. Hətta bəzən şəxsi həyatına da nəzər salmalı olduq. Gəlin onunla söhbətimizi mirvari misralara dönən müsahibəmizi oxumaqla dinləyək:

- Bakıya 4 ay əvvəl gəlmişəm. Özümü çox xoşbəxt hiss edirəm ki, 27 illik fəaliyyətimdən sonra bu ölkədəyəm. Elə bilirəm öz ölkəmdə, öz evimdəyəm. Buradakı insanlar, mədəniyyət, məişət Təbrizdəkindən heç cür fərqlənmir. Bu da çox vacibdir mənim üçün. Çünki fəaliyyətim zamanı elə bilirəm öz xalqım üçün işləyirəm və bundan ilham alıram.

- İlk dəfəydi gəlirdiniz Bakıya, yoxsa?..


- Əlbəttə ki, yox, daha əvvəllər də olmuşdum. Tehranda Beynəlxalq Əlaqələr üzrə müavin işlədiyim dövrdə gəlmişdim. Azərbaycan çox sevdiyim ölkələrdəndir.

- Hansı bölgələrimizdə olmusunuz?

- Gəncədə, Lənkəranda - hələlik başqa yerlərə getməmişəm. Amma çox istərdim ki, imkan düşən kimi Şuşaya gedim. Bilirsiniz, hazırda azad olunmuş torpaqların yenidənqurma prosesi gedir. Əhalinin ora qayıtması üçün mütləq yeni iş yerləri yaradılmalıdr. Xalça ustası olduğum üçün içimdən keçir ki, o yerlərdə xalçaçılıq təərrüfatları yaradaq. Axı hər zaman Təbriz xalçaları ilə yanaşı, Qarabağ xalçaları da şöhrətin zirvəsində olub.

- O zaman yaxşı olardı burada Mədəniyyət Mərkəzinin nəzdində xalça toxuma müəssisəsi açasınız...

- İki il əvvəl İranın mədəniyyət naziri ilə gəlmişdim Bakıya. O vaxt xalça muzeyinə də baş çəkmişdik. Fikrim var ki, İran və Azərbaycan xalça rəsmlərinin sərgisini açaq. İnşallah yeni mədəniyyət naziri ilə görüşəndən sonra görək nə edirik. Hətta işğaldan azad edilmiş bölgələrdə xalça müəssisələri açmaq çox faydalı olardı.

- Maraqlıdır, ixtisasca hüquqşünassınız, amma bütün karyeranızı mədəniyyət sahəsinə həsr etmisiniz...

- Elədir. İxtisasca hüquqşünas olsam da, mədəniyyətə sevgi ürəyimdədir. Mən əslində çox yaxşı xalça ustasıyam. Hələ uşaq vaxtlarımdan çox sayda xalça toxumuşam. Bunlardan ən böyüyü 3 metr eni, 4 metr uzunu olan 12 kvadrametrlik yun xalçadır ki, onu 20 il öncə, 9 aya toxuyub qurtarmışdım. Həmin vaxt bu xalçanı 200 dollara satmışam. Hansı ki, qalsaydı, indi onun 5-6 min dollar qiyməti var. Amma toxuduğum ən bahalı ipək xalçanı - hardasa 2 metr uzunluqda idi - 600 dollara sata bilmişəm. İpək sapları kənardan alırdıq, yun sapı isə özümüz əyirib, emal edib, rəngləyib ərsəyə gətirirdik. Yəni ailə təsərrüfatımızda bir növ bütöv kombinat quraraq məhsul istehsal etmişik. Hətta kəndin başqa sakinləri də bizim ailənin yanında xalça toxumaqla qazanc əldə ediblər.

- Yeri gəlmişkən, İran mədəniyyət sferasında azad olunmuş ərazilərdə nə kimi töhfə verə bilər?

- O bölgələr Azərbaycanın bütün əraziləri kimi tarixi-dini abidələrlə zəngindir. Amma onların əksəriyyəti dağıdılıb, məhv edilib. Məncə dünyanın heç bir ölkəsinin mütəxəssisləri oradakı abidələri tam olduğu kimi bərpa edə bilməzlər. Çünki Qarabağ bölgəsinin adət-ənənələri, tikinti-memarlıq üslubları eynilə İrandakı kimidir. Üstəlik də, İranda bu sahədə çox güclü mütəxəssislər var ki, onlar dağıdılmış abidələrin bərpasında iştirak eləməyə hazırdırlar.

- Ailəniz də burdadır, yoxsa tək gəlmisiniz?

- Hə, ailəmlə birlikdə burdayam. Xanımım da mədəniyyət sahəsində çalışıb, hətta İranda müdir vəzifəsində olub. Ailəlikcə Bakını - bütün Azərbaycanı sevirik. Burada özümüzü öz şəhərimizdəki kimi hiss edirik.

- Bilirsiniz, ölkələrimiz arasında bütün sahələrdə çox geniş əlaqələr var, dövlət başçılarımız bu illər ərzində, səhv eləmirəmsə, altı dəfə görüşüblər. Maraqlıdır, mədəniyyət müstəvisində necədir əlaqələr?

- İranla Azərbaycan arasında siyasi, iqtisadi və sair sahələrdə əlaqələrin qurulması zəruridir, amma mədəni sferanın inkişaf etdirilməsi hamısından daha vacibdir. Hətta iqtisadi və siyasi əlaqələrin özülü də məhz mədəni əməkdaşlığın üzərində qurulub. Bu gün ölkələrimiz arasında mədəniyyət müstəvidə çox sayda sazişlər var ki, onları İranın Məclisi də təsdiqləyib. Bir çox memorandumlar da imzalanıb, bunlar gələcəkdə daha bir sıra layihələrin icrasına stimul verəcək. Yeni niyyətlərimiz var. Mən də, səfirimiz də burda yeniyik, amma istəyirik ki, yeni təyin olunan mədəniyyət naziri ilə görüşüb mövcud və gələcək planlarımızı müzakirə edək.

- Sirr deyilsə, nəyi müzakirə edəcəksiniz?

- Ən azından əməkdaşlıq haqda müqaviləni yeniləmək istəyirik. Birlikdə hansı layihələri həyata keçirəcəyimizi müzakirə etmək istərdik.

- Özünüz də qeyd etdiyiniz kimi, ölkələrimizin mədəniyyət sahəsində ortaqlıqları çoxdur. Bu ortaqlıqlar arasında siz şəxsən daha çox nələrin üzərində dayanardınız?

- İran kinosunun özünəməxsus yeri olduğunu demək istərdim. Çünki İran filmlərinin 90 faizdən artığı məhz müştərək mədəniyyətimizi özündə cəmləyib. Mən İranın kino şirkətlərinin mövqeyini öyrənmişəm, hamısı istəyir ki, Azərbaycanla kino çəkilişi sahəsində sıx əməkdaşlıq etsinlər. Məsələn, Bakıda Azərbaycanfilm Kinostudiyasında olmuşam, onlara da təklif etmişəm ki, İranın dünyada tanınan rejissorları, aktyorları və sair var, gəlin birlikdə müştərək filmlər çəkək.

- Bu məsələ hər zaman gündəmdə olub. Məsələn, biz çox istərdik ki, birlikdə Qarabağ savaşından, qaçqın əhalinin problemindən bəhs edən müştərək filmlər çəkilsin...

- Biz hazırıq. Tehranda yerləşən Fərabi Fondu hələ üç il əvvəl Bakıdakı özəl bir şirkətlə 90 dəqiqəlik film çəkmişdi. Burada bilmirəm, amma İranda nümayiş olunub və çox da reytinq qazanıb. İran Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kino Fondu, əgər sabah Azərbaycan tərəfi müştərək kino çəkmək haqda razılığını bildirsə, bu layihənin icrasına başlayacaq. Hətta imkan yaratmaq olar ki, iki ölkənin kino sahəsində fəaliyyət göstərən özəl şirkətləri də belə layihələrdə iştirak etsinlər. Qarabağla əlaqədar filmlərə gəlincə, niyə də yox, iki ölkənin aktyorları birlikdə çox gözəl sənət əsərləri yarada bilərlər.

- İranda olarkən çox sayda muzeylərə baş çəkmişəm, eksponatlarımızda da sanki bənzərlik var...

- Bu da ciddi məqamdır, İran və Azərbaycan muzeyləri arasında sıx əməkdaşlıq yaratmaq olar. Azərbaycan Əlyazmalar İnstitutunun arxivində, Akademiyada, Milli Kitabxanada böyük həcmdə əlyazmalar saxlanılır ki, onlar fars dilində yazılıb, araşdırılmasında iranlı mütəxəssislərlə əməkdaşlıq etmək yaxşı effekt verərdi. Çünki siz də bilirsiniz ki, gənc nəsil əksərən fars dilini bilmir deyə həmin mənbələrdən faydalanmaqda çətinlik çəkirlər. Biz Mədəniyyət Mərkəzi olaraq tam hazırıq: əgər hansısa universitet müraciət eləsə, fars dilini tədris etməkdə onlara dəstək verə bilərik.

- Sizinlə müsahibəmiz Novruz ərəfəsinə təsadüf edir. Bizli-sizli bu bayramı minillərdir qeyd edirik. Bu sahədə nələr edə bilərik?

- Əvvəla adət və ənənələrimizi qarşılıqlı şəkildə öyrənməliyik. İranda nəyə görə bilməsinlər ki, Azərbaycanda Novruzda insanlar nə edirlər və yaxud da əksinə, Azərbaycanda niyə bilməsinlər ki, İranda bu bayram özü ilə hansı ənənələri canlandırır? Bu barədə ölkələrimizin insanları məlumatlandırılmalıdır. Məsələn, “Şəbi Yəlda” deyilən bayram var, payısın son günü qeyd edilir. Sizdə deyəsən bu barədə bilmir heç kim, eynən Novruz kimi bayramdır.

- Razılaşaq ki, 70 illik Sovet dönəmində bir çox milli adətləri xalqımıza unutdurmağa çalışıblar...

- Doğrudur, sovet dövləti çox sayda milli adət-ənənəni silməyə çalışıb Azərbaycan xalqının hafizəsindən. Dediyim “Şəbi Yəlda” gecəsi də silinən ənənələrdən biridir. Naxçıvanda, Lənkəranda bilirlər bu bayram haqda, niyə, sərhədə yaxındırlar, keçmişin mirasını qoruyub saxlaya biliblər. Hesab edirəm ki, bu xüsusda mətbuatın da üzərinə məsuliyyət düşür.

- Martın 15-də İranda Nizami Gəncəviyə həsr olunmuş tədbir keçiriləcək, bir az bu barədə məlumat verərdiniz...

- Əvvəla deyim ki, prezident İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsi haqda qərarı İranda məmnuniyyətlə qarşılanıb. Artıq neçə illərdir mart ayının 11-də İranda Nizami Gəncəvi ilə bağlı tədbir keçirilir. Bu il də olacaq, amma ayın 15-də. Tehranda keçiriləcək bu beynəlxalq konfransı İranşünaslıq Fondu təşkil edir. Bildiyim qədər, tədbirə Fransa, İspaniya, İtaliya, Azərbaycan və başqa bir sıra ölkələrdən qonaqlar qatılacaqlar. Azərbaycanı Nizamişünas alim, professor Şəfəq Əlibəyli təmsil edəcək. Baxın, prezident İlham Əliyev deyir ki, Xudafərin ölkələrimiz arasında dostluq körpüsüdür. Mən də Nizami Gəncəvi ilə bağlı məqaləmdə yazmışam ki, Nizami İranla Azərbaycan arasında ədəbi körpüdür. Novruz da eyni şəkildə, ölkələrimiz və xalqlarımız arasında birləşdirici vasitədir. Çünki bu bayramı Azərbaycandan İrana, Türkiyədən Pakistana, Orta Asiyadan Hindistanadək böyük coğrafiyada minillərdir qeyd edirlər. Tehranda keçirilən bir konfransa mən də online formada qatılmışdım. Orada dedilər ki, nəyə görə Novruzla bağlı bu bayram ərəfəsində heç bir beynəlxalq tədbir düzənlənmir. Necə ki, Çin qədim İpək Yolu layihəsini reallaşdırmaqla dünyanın nə qədər ölkəsini bir təşkilatda birləşdirib. Mən də təklif verdim ki, gəlin Novruzla bağlı bir mədəni təşkilat yaradaq və bu bayramı qeyd edən bütün ölkələr ora üzv olsun. Nəzərə alaq ki, Novruz ənənəsinə sahib olan ölkələrdə ümumilikdə 400 milyondan artıq insan yaşayır və bu imkan verir ki, biz böyük nəticələr əldə edək.

- Universitetlərimiz, ümumiyyətlə, alimlərimiz arasında da sıx əlaqələr hər zaman olub. Bu əlaqələri gücləndirmək müstəvisində hansı proqramlarınız var?

- Bizim elə vəzifəmiz də odur ki, elm-təhsil, mədəniyyət müəssisələri arasında körpü yaradaq, iranlı və azərbaycanlı alimləri bir-birinə tanıdaq, kitabları qarşılıqlı olaraq tərcümə və çap edək. Hətta bununla bağlı Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda görüş də keçirmişəm. Tək elmi müstəvidə deyil, məsələn, incəsənət sahəsində də. Məşhəddə azyaşlılar arasında rəsm müsabiqəsi keçirilirdi, buradan da altı-yeddi uşaq öz əl işləri ilə qatılmışdı bu tədbirə. Sevindirici haldır ki, məhz 1-ci yeri Azərbaycandan olan bir qız uşağı qazandı. Həmin qalib uşaq mükafat olaraq, Məşhəd bələdiyyəsinin maliyyəsi hesabına 1 həftəlik bu şəhərə qonaq gedəcək.

Vüsal Tağıbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər