Adam öldürməyə görə tutuldular, qoyun oğrusu çıxdılarTovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin oğru olduğu üzə çıxıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, onların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar. Araşdırma aparılır.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilibBakı şəhər regional miqrasiya baş idarəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclas keçirilib. Tədbirdə cari ilin birinci yarısında həyata keçirilmiş işlərə nəzər salınıb, ilin ikinci yarısında icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

Gündəlikdə duran məsələlər ətrafında danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov vurğulayıb ki, illik fəaliyyət planında yanvar-iyun aylarına dair yer almış fəaliyyətlər əsasən icra olunmuş və bu barədə məlumat həm mediada geniş işıqlandırılmış, həm də hesabat şəklində aidiyyəti üzrə Xidmətə təqdim edilmişdir. Xüsusilə qeyd olunub ki, Şuranın nəzdində psixoloji yardım, əmək miqrasiyası, təhsil, turizm və digər sahələrdə fəaliyyət göstərən işçi qruplar aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş, əcnəbilərin inteqrasiyasını şərtləndirən əlverişli mühitin yaradılması üçün zəruri səylər göstərmişlər.

Tədbir iştirakçılarının ümumi qənaətinə görə, cari ilin birinci yarısında həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.
2022-ci ilin ikinci yarısında icra olunacaq fəaliyyətlər barədə danışan İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra ediləcək tədbirlər barədə danışıb, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış ediblər.

Xüsusilə qeyd olunub ki, qarşıdan gələn aylarda miqrasiyanın aktual məsələləri ilə ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək, bölgələrdə monitorinqlər aparılacaq, əcnəbi miqrantların inteqrasiyası üçün dəstək proqramları icra ediləcəkdir.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şuranın illik planına uyğun icra edilmiş fəaliyyətləri müsbət qiymətləndirib, irəli sürülən yeni təkliflərə münasibət bildirib.
"Azərbaycan xalqı öz liderinə inanır"Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev cənabları Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxış edərkən bir sıra vacib məqamlara toxunmuş və yeni təyin olunan icra başçılarına müvafiq tapşırıqlarını vermişdir.

Cənab Prezident ölkəmizin son illərdə daxili və xarici siyasətində əldə edilən uğurlardan geniş bəhs edərək bildirmişdir ki, hazırda Azərbaycan bütün sahələrdə böyük nailliyyətlər əldə edib. İqtisadi sahədə əldə edilmiş uğurlar digər sahələrin də inkişafına mühüm təkan vermişdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmizdən sonra dövlətimizin tarixində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Hazırda qalib dövlət kimi qarşıda duran əsas vəzifələrdən biri kimi işğaldan azad edilmiş və erməni vandallığı nəticəsində dağıdılmış yaşayış yerlərinin yenidən bərpası və qurulmasıdır. Bu istiqamətdə hazırda çox böyük işlər görülür. Bütün infrastruktur yenidən qurulur, müasir tələblər səviyyəsində tikinti-quruculuq və bərpa işləri ən müasir tələblər səviyyəsində aparılır. Sevindirici haldır ki, öz torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz tarixi torpaqlarına Böyük Qayıdışını reallışdırmaq üçün artıq əməli addımlar atılmaqdadır. Belə ki, bir neçə gün öncə Zəngilanda yenidən qurulmuş Ağalı kəndinə sakinlərin köçürülməsinin ilk mərhələsi həyata keçirilmişdir.

İnanırıq ki, Azərbaycanın öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri tezliklə yekunlaşacaq və soydaşlarımızın Böyük Qayıdışı başa çatacaqdır.

Cənab Prezidentin çıxışında toxunduğu digər vacib məqamlardan biri də Vətən müharibəsində qazandığımız şanlı qələbənin reallaşmasında böyük rolu olan şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğının daha da artırılması istiqamətində olmuşdur. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğının göstərilməsi, onların problemlərinin həlli dövlətimizin sosial siyasətində əsas məqamlardan birini təşkil edir.

Qeyd etməliyik ki, tarixi qələbəmiz ölkəmizin ən böyük problemlərindən biri olan Qarabağ münaqişəsini birdəfəlik həll etmiş oldu. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Bundan sonrakı dövrdə Azərbaycanın daha da inkişaf etməsi üçün böyük perspektivləri və böyük potensialı vardır. Hazırda biz müzəffər dövlətin müzəffər xalqı kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Cənab Prezident bu məsələ ilə əlaqədar çıxışı zamanı qeyd etmişdir ki, “ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Ölkə başçısının Azərbaycanın gələcəy inkişafı barədə proqram xarakterli çıxışı, verdiyi tövsiyyə və tapşırıqlar inanırıq ki, bütün dövlət məmurlarının fəaliyyətində əsas istiqaməti təşkil edəcək və ölkəmizin qarşısında duran bütün problemlər qısa müddət ərzində həll ediləcəkdir. Azərbaycan xalqı öz liderinə, dövlət başçısına inanır və ölkəmizin gələcəyinə böyük ümid bəsləyir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Hökumət qapanmaya hazırlaşır? - AçıqlamaÖlkədə virusa yoluxanların sayı günbəgün artır. Bu səbəbdən də düşünürəm ki, qapanma olacaq. Hətta ola bilər ki, dərslər nəzərdə tutulduğu vaxtdan bir qədər gec başlasın. Əgər virusa yoluxma sayında ciddi artım olarsa, hökumət təhsil müəssisələrinin qapanmasına gedəcək və ölkədə yenidən distant təhsilin tətbiqinə başlanılacaq.

Bu sözləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

E.Qafarov qeyd edib ki, heç bir halda tədris prosesini dayandırmaq olmaz:

"Biz bir dəfə buna getdik və acı nəticələrini gördük. Hələ də bu nəticələr tam olaraq aradan qaldırılmayıb”.

Ekspertin dediyinə görə, əyani təhsilin yerini heç nə verə bilməz: "Bunu birmənalı şəkildə qəbul etməliyik. İndiki halda əyani təhsil əvəzolunmazdır".

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əgər aktiv xəstə sayı çox olarsa, məktəblərdə distant təhsil tətbiq oluna bilər:

“İndidən qəti bir söz demək bir qədər çətindir. Ancaq bütün dünyada, eyni zamanda Azərbaycanda da koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin mütəxəssisləri də yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacağını deyir. Fikrimcə, əgər yoluxma sayında kəskin artım müşahidə olunsa, təhsil müəssisələrində distant təhsil tətbiq olunacaq. Şagirdlər arasında kütləvi şəkildə virusa yoluxma hallarının qarşısını almaq üçün bu, qaçılmazdır”.
Neqativ halların qarşısı qətiyyətlə alınacaq - Əli NağıyevBəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.

Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb.

O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq.
Ordumuz haqda xəbərə görə Şahmuradov həbs olunduSon günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.

Avrasiya.net Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət Fərəməz oğlu İbişbəyli, “miq.az” saytının rəhbəri Aqil Balabəy oğlu Alışov, Şirvan şəhər sakini Elçin Xankərəm oğlu İsmayıl, Lənkəran rayon sakini Əli Allahverdi oğlu Cabbarlı və Xaçmaz rayon sakini Nuranə Etibar qızı Fətəliyevaya “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, Feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Tofiq Təhmuraz oğlu Şahmuradovun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


AMEA-nın ləğvi təklifinə dəstək gəldi - Qərar gözlənilirSon günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yarıtmaz fəaliyyəti ciddi tənqidlərə tuş gəlib. AzTV-nin AMEA-nı "vuran" süjetindən sonra ölkənin elm ocağının ləğv olunması, ya da Təhsil Nazirliyinə birləşdirilməsi təklif edilir.

Bəs, ahıl insanların yığıncaq yerinə çevrilən AMEA ləğv oluna bilərmi?

Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, bütün dünyada hər 5 ildən bir elm sahələrinin inkişaf strategiyaları hazırlanır. Deputatın sözlərinə görə, elmin inkişaf strategiyaları əsasında elmə ayrılan vəsaitlərə, elmi tədqiqatların aktivlik indeksinə və sənaye tətbiqinə baxılır:

“Bu gün geniş spektrli işlərdə elm mərkəzləri çox böyük rol oynayır. Ancaq indiki vəziyyətdə AMEA ölkədə elmin missiyasını həyata keçirə bilmir. Mütləq hansısa dəyişiklik olmalıdır. AMEA-da struktur dəyişikliyindən, gəncləşmə siyasətindən tutmuş, əlavə institutların qalıb-qalmaması, ayrılan vəsaitin nəticəyönümlü xərclənib-xərclənməməsi məsələləri müzakirə olunmaldır. Çox təəssüflər olsun ki, AMEA son 10 ilə yaxın müddətdə özünün durğunluq dövrünü yaşadı. Ramiz Mehdiyevin təyinatından sonra intriqalar gücləndi, alimlər arasında qarşıdurmalar artdı. Əlavə yaradılan strukturlar elmin inkişafına heç bir təsir göstərmədi. Ayrı-seçkiliklər, yerlibazlıqlar, elmə yad olan məsələlər daha qabarıq şəkildə özünü göstərdi”.

E.Əliyev hesab edir ki, indiki durumda Elm və Təhsil Nazirliyinin yaradılmasına böyük zərurət var:

“İnstitutların birləşdirilməsi məsələsi önə çəkilə bilər. Elə institutlar var ki, bir istiqamətdir, ancaq şaxələnib bunların birləşdirilməsi islahatların tərkibinə daxil ola bilər. Hər halda AMEA-dakı ətalət aradan qaldırılmalıdır, bunun üçün ciddi siyasi qərarlara ehtiyac var. Elmi tədqiqatların aparılması hər bir ölkənin sənayesinin, iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu bütün dünyada qəbul olunub. Təəssüflər olsun ki, AMEA bu funksiyanı yerinə yetirə bilmir. Elm adamlarının, akademiklərin demək olar ki, bütün məsələlərdə ictimai rəyə təsiri çox zəifdir. AMEA haqqında siyasi qərarın qəbul olunmasına ehtiyac var”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi təklifinə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var:

"Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".
"AMEA-nı ləğv etmək çox asandır"Azərbaycan Televiziyasının (AzTV) “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı süjetin yer alması bugünlərdə cəmiyyətdə "Elmlər Akademiyası ləğv olunsunmu" səpkisində müzakirələrin yenidən aktuallaşmasına səbəb olub. Biz demək olar ki, hər iki-üç ildən bir ölkədə bu mövzuda kəskin diskussiyaların şahidi oluruq. Lakin həmin diskussiyalar bir müddətdən sonra səngiyir, mövzu da öz aktuallığını itirir, AMEA sistemində isə heç bir dəyişiklik, yenilənmə baş vermir və yaxud da ki, bu nəhəng elm mərkəzinin ləğv edilməyə başlanmasını görmürük.

AzTV-nin AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlərin əks olunduğu məlum süjetdən sonra Akademiyanın fəaliyyətində hər hansı bir dönüş başlayacaqmı və yaxud, bu strukturun ləğvinə start veriləcəkmi - bu gün bu barədə də hər hansı bir qəti fikir söyləmək mümkün deyil.

Ancaq məhz həmin süjetin yayımlanmasından sonra, "AMEA ləğv olunmalı, onun bazasında bir neçə universitet yaradılmalıdır", deyə ənənəvi təkliflə çıxış edənlərin sayı əvvəlki illərlə müqayisədə indi biraz da artıb. Əlbəttə, AMEA-nı ləğv etmək çox asandır. Bunu bir sərəncamla necə deyərlər, bir göz qırpımında reallaşdırmaq mümkündür. Eyni zamanda Şuşada, Ağdamda və hətta Xocalıda, Xankəndidə də universitetlər açmaq mümkündür. Ancaq Qarabağın və Şərqi Zəngəzurun müxtəlif şəhərlərində gələcəkdə açıla biləcək universitetlərin AMEA-nın ləğvi və ya saxlanması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bunlar tamam fərqli məsələlərdir.

Zənnimcə, biz hazırkı mərhələdə "Elmlər Akademiyası ləğv olunsunmu" sualına optimal cavab axtararkən ilk növbədə Akademiyanın ləğv edilməsinin bizə nə verəcəyi və ya hansı fəsadlara səbəb ola biləcəyinə tam aydınlıq gətirməliyik. Həmçinin, akademiya sistemini qoruyub saxlayan ölkələrlə, yerli akademiyaları ləğv edən ölkələrin yaxşı-pis təcrübələrini də mütləq və mütləq nəzərdən keçirməliyik.

Sadəcə, AMEA-nı ləğv etməklə və onun bazasında bir neçə elmi-tədqiqat institutu və ya universitetlər yaratmaqla hər şeyin yoluna düşəcəyini və elm-təhsil sferasında dərhal böyük bir canlanmanın baş verəcəyini düşünməyimiz sadəlövhlük olardı. Bu sahədə hər şeydən öncə uzunmüddətli köklü islahatların aparılmasına ciddi ehtiyac var. Həm də elmə, elmi-texniki tərəqqinin perspektivlərinə münasibətimiz kökündən dəyişməlidir. Ortaya yeni yanaşmalar qoymalıyıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Elmin gerçək üzüAzərbaycan Milli Elmlər Akademiyasının elmin təkanverici mərkəzi funksiyasını yerinə yetirə bilməməsi, qlobal trendlərdən və inkişaf proseslərindən geridə qalması uzun müddətdir ki, müzakirə mövzusudur. Mövzu ilə bağlı son 15 il ərzində bir neçə dəfə yazı ilə çıxış etmişəm, sözügedən təsisatın mövcud idarəçilik mexanizmləri və yanaşmalarla irəliyə doğru bir addım da ata bilməyəcəyini bildirmişəm. Bu kimi məqamlara yenidən qayıtmaq istəmirəm. Bu yazıda isə dünyada mövcud olan elmlər akademiyalarının bir qismi ilə bağlı məlumatları və baxışlarımı dəyərli oxucularla bölüşmək istəyirəm.
Beləliklə texniki tərəqiddə ön sıralarda yer alan Yaponiyadan başlayaq:

Yaponiya Elmlər Akademiyası ölkənin Təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərir, elmin inkişafına töhfə verə biləcək layihələri maliyyələşdirir, həmçinin yüksək akademik nəticələrə nail olan alimlərə bir sıra güzəştlər təqdim edir. Vəssalam! Onu da qeyd edim ki, Yaponiyada çoxsaylı müstəqil elmi-tədqiqat institutları da mövcuddur və onlar elmi kəşfləriylə biznesin lokomativi rolunda çıxış edirlər. “Çörəkləri” də kəşflərindən çıxır. Yəni Yaponiyada əlindən heç bir iş gəlməyən, elmi-texniki inkişafı əngəlləyən fərsizlərə münasibətdə “filankəsin çörəyinə bais olmaq” kimi yanaşmalar yoxdur. Çünki hər kəs öz potensialını büruzə verə biləcəyi yerdə və sahədə çalışır. Bu arada bir məqama da diqqət çəkməyi özümə borc bilirəm: Bu “çörəyə bais olmaq” “fəlsəfəsi” ki, var, bizi inkişafdan saxlayan ən böyük maneələrdən biridir. Baxırsan, kimsə daha intellektual, daha bacarıqlı, daha işgüzar və birgəyaşayış qaydalarına əməl etməyi bacaran, kəsəsi cəmiyyət üçün hər mənada faydalı olan bir adamın yerini tutur və sözün bütün mənalarında əyləc funksiyasını yerinə yetirir. Amma beləsini kənarlaşdırmaq, işi irəli apara biləcək kadrla əvəz etmək istəyəndə, “çörəyə bais olmaq” “fəlsəfəsi” nəinki ictimai qınaq, linç üçün əsasa çevrilir. Ah-nalə, qarğış və milli mentalitetimizin daha neçə-neçə bəşəriyyətin kəşf və dərk edə bilməyəcəyi neqativ təzahürləri qoşun kimi hücuma keçir. Nəticədə isə yerində saymalı olursan...

Nə isə keçək mətləbə... Göründüyü kimi, Yaponiya kimi bir ölkənin Elmlər Akademiyası aid olduğu nazirliyin bir təsisatı kimi fəaliyyət göstərir, yekə-yekə institutları-filanı yoxdur. Amma Yaponiyanın 25 Nobel laureatı var. Daha 3 nəfər isə, mənşə etibarilə yapon olsalar da, başqa ölkələrin vətəndaşları kimi bu mükafata layiq görülüblər.

Dünyanın ən qədim elmlər akademiyalından biri də Fransa Elmlər Akademiyası İnstitudur. 1666-cı ildə yaradılıb və bir neçə dəfə reformlara məruz qalıb. Fransa Elmlər Akademiyası institunda sonuncu islahat 2002-2003-cü ildə həyata keçirilib. Hazırda qüvvədə olan qaydalara əsasən, təsisatın seçkili orqanlarında təmsil olunan şəxslərin ən azı yarısının yaşı 55-dən aşağı olmalıdır. Quruma müxbir üzvlərin qəbulu 2003-cü ildən dayandırılıb. Və Fransa vətəndaşları arasında Nobel mükafatı alanların sayı 60 nəfərdir. Onlardan biri – Mariya Küri Nobel mükafatına 2 dəfə layiq görülüb.

Başqa bir nümunə:

Finlandiya Elmələr Akademiyası təhsil və mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərir və əsasən yüksək keyfiyyətli elmi tədqiqatları maliyyələşdirən elmi-təqdiqat ekspert təşkilatı funksiyasını yerinə yetirir. 5,5 milyon sakini olan Finlandiyanın isə, nə az, nə çox 4 Nobel mükafatı laureatı var...

İndi dünyanın ən qədim elmlər akademiyalarından biri - 80 Nobel laureatı olan üzvüylə fantastik nəticə göstərən Almaniyanın Berlin-Brandenburq Akademiyası ilə bağlı bəzi məlumatlara nəzər salaq: Deməli, sözügedən akademiyanın layihələrinin mütləq əksəriyyəti, təxminən 90%-i üçüncü şəxslər, yəni biznes strukturları və müstəqil fondlar tərəfindən maliyyələşdirilir. Kəsə desək, Almaniyaya və dünyaya 80 Nobel mükafatçısı bəxş edən akademiya dövlət büdcəsindən asılıb qalmayıb.

Dşünürəm ki, əhalisinin sayı 9,2 milyon nəfər olan İsrailin Elmlər Akademiyasının fəaliyyəti haqqında məlumatlar da Azərbaycan oxucusu üçün maraqlı olacaq. Açıq mənbələrdən əldə edilməsi mümkün olan statistikaya görə, yəhudilər arasında Nobel mükafatı alan şəxslərin sayı 213 nəfərdir. Başqa bir etibarlı mənbədə dünyada iqtisadiyyat üzrə Nobel mükafatı alanların 41%-nin, tibb üzrə 28%-nin, fizika üzrə isə 19%-nin yəhudi olduğu bildirilir. Akademiyanın üzvləri arasında Nobel mükafatı laueratı olanların sayı isə 5 nəfərdir. Akademiya dövlət təsisatı olsa da, büdcəsinin əhəmiyyətli hissəsini kəşflər və onların tətbiqi nəticəsində əldə olunan gəlirlər və hətta reklam gəlirləri təşkil edir.

Qənaətimə görə, ayrı-ayrı ölkələrin təcrübəsindən təqdim etdiyim nümunələr oxucularda bütövlükdə “Elmlər Akademiyası necə olmalıdır” sualına cavab tapmaq üçün müəyyən təsəvvür oyatdı...
Mənə qalarsa, elm, təhsil və və bu iki mühüm istiqamətin özünü büruzə verə biləcəyi sahələr iç-içə fəaliyyət göstərməli və hər ikisi gəlir gətirməli, istedadlı, intellektual, bacarıqlı və işgüzar insanlar üçün cazibədar olmalıdır. Cazibədarlığın öılçüləri isə dünyanın hər yerində eynidir…

Elçin Mirzəbəyli
Nazir tədrisin müddətinin artırılmasını təklif edir“Təhsilin keyfiyyətinə təsir edən əsas amil tədris günlərinin sayıdır. Bizim cəmiyyətimiz isə hələlik tədris günlərinin sayının artırılmasına ürəklə yanaşmır”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, nümunə göstərilən ölkələrdə təhsil həftələrinin sayı təxminən 42-44 həftədir: “Azərbaycanda isə bu müddət 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq hesab edirəm ki, bu müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır.

Tədris müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa gələcəyi yaxşı olar. Təbii ki, oxumağı da qədərindən nisbətən 2 saat çox vaxt nəzərdə tutulur. Uşaq çox dincələrsə böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyət də tədris müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.