Belarusun müdafiə naziri: "Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir""Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir".

"Report" xəbər verir ki, bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin Prezident İlham Əliyevin bugünkü qəbulunda çıxışı zamanı deyib.

"Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim. Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq", - nazir əlavə edib.
Azərbaycan Ordusu anti-terror əməliyyatına hazırlaşır - Tapşırıq verildiAzərbaycan Ordusunun təlimləri davam edir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Tanınmış jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDIJurnalist Pərvanə İbrahimovanın Misirin nüfuzlu “Nilenews” və Əlcəzairin “Əl Hərir” portallarında “Ermənilər tərəfindən Azərbaycan məscidlərinin murdarlanması mədəni irsə barbar münasibətdir” sərlövhəli geniş məqaləsi dərc olunub.

Avrasiya.net xəbər verir ki, məqalədə 1988-1993-ci illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktına diqqət çəkilir, Azərbaycan ərazisinin 20 faizinin itirilməsi, qaçqınların və məcburi köçkünlərin sayının 1 mln. nəfəri keçməsi qeyd olunur.

Müəllif BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunur, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi olduğuna diqqət çəkir. Qeyd edir ki, Birinci Qarabağ müharibəsindən ikinci Qarabağ müharibəsinədək olan müddətdə Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıb, sadəcə münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələnib.

44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasına diqqət çəkən müəllif Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirməsini xüsusi olaraq vurğulayır.

Həmçinin qeyd edilir ki, erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri - məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb ki, bu da Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.

Müəllif qeyd edir ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam məscidinin düşmən tərəfindən vəhşicəsinə dağıdılmasını, təhqir edilməsini böyük üzüntü ilə seyr edib, dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının, onun şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına dönməyin mümkün olduğunu vurğulayıb: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.

Erməni vandalizminin dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) narazılığına səbəb olduğunu qeyd edən jurnalist təşkilatın Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edilən qətnaməyə, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərinə toxunaraq onların İslam dini abidələrinin bu cür təhqir olunmasının insanlıqla bir araya sığmadığı ilə bağlı fikirlərinə diqqət çəkir.

Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində xalqımızın milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığı qeyd edilir, yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki erməni işğalından zərər çəkmiş ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçiriləcəyi vurğulanır.

Müəllif onu da qeyd edir ki, “İkinci Qarabağ müharibəsində Azərbaycan prezidenti, Azərbaycan dövləti, ordusu, xalqı birləşərək bir tarix yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına baş verdi.

Jurnalist məqaləni belə bitirir: “Çox şükür ki, biz öz əzəli torpaqlarımıza qayıtdıq. Biz Qarabağı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə yenidən çiçəkləndirəcək, yaşayış üçün yararlı, turistlər üçün görməli məkana çevirəcəyik”.

Məqalə xəbər resurslarının əsas başlığında yer alıb və məscidlərin təhqir olunmasını əks etdirən fotoşəkillərlə təqdim edilib.

Yazılara bu linkdən daxil olmaq mümkündür:

https://alharir.info/%D8%AA%D8%AF%D9%86%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%A3%D8%B1%D9%85%D9%86-%D9%84%D9%84%D9%85%D8%B3%D8%A7%D8%AC%D8%AF-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%85%D9%88/


https://www.nile1.com/%d8%af-%d8%a8%d8%a7%d8%b1%d9%81%d8%a7%d9%86%d8%a7-%d8%a5%d8%a8%d8%b1%d8%a7%d9%87%d9%8a%d9%85%d9%88%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%aa%d8%af%d9%86%d9%8a%d8%b3-%d8%a7%d9%84%d8%a3%d8%b1%d9%85/?fbclid=IwAR2dZ5n8poLNsVQpLmbA1QXb6TumIBYhUlFelGoo-Q5KTtSQpj2Px1-rRtc
İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT17 may 2021-ci il tarixində axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Rəfail Becanov: “Gürcülər də, svanlar da unutmasın ki, Azərbaycan ən çətin anlarda Gürcüstanı himayə edib”“Gürcüstanda soydaşlarımıza qarşı təşkil olunan hücum təxribatdır.

Ən pisi odur ki, bu hadisə birinci dəfə deyil. Yerli sakinlərin dediyinə görə, 15 ildir bu kimi hadisələr lokal formada olsa da təkrarlanır. Biz ikinci bir Göyçə, Zəngəzur yaşamalıyıqmı?”

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Gürcüstanda baş verən son olaylara münasibətində deyib.

O bildirib ki, Gürcüstan hökuməti birmənlı olaraq, yaranan insidenti detallarına qədər araşdırmalı və günahkarları ən sərt formada cəzalandırmalıdır:

“Azərbaycan hökuməti isə məsələni ciddi şəkildə nəzarətdə saxlamalıdır. Problemin qarşısı indiki durumda alınmasa, regionda ciddi qarşıdurma yarana bilər.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsini qəbul edə bilməyən bütün qüvvələr fəaliyyətdədir. Ona görə də müxtəlif formada bizə zərbə vurmağa çalışırlar. Haradan mümkündürsə, oradan təxribata cəhd edirlər. Bu da növbəti təxribat cəhdidir- qarşıdurma yaratmaq və Azərbaycanın başını bu hadisəyə qatmaq. Bu məsələdə maraqları üst-üstə düşən qüvvələr çoxdur. Gürcüstan hökuməti də ya bilərəkdən, ya da zəiflikdən buna rəvac verir”.

R.Becanov qeyd edib ki, problemin böyüməməsi üçün məsuliyyəti Gürcüstan hakimiyyəti daşıyır:

“Bu məsuliyyəti dərk etmək və nəticə çıxarmaq üçün Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və ona nota təqdim edilməlidir.

Gürcülər də, svanlar da unutmamalıdır ki, Azərbaycan ən çətin anlarda Gürcüstanı da, gürcüləri də, svanları da- orada yaşayan bütün xalqları himayə edib. Elə indi də. Gürcüstanın dövlət büdcəsinin bir hissəsi turizmdən formalaşır və Gürcüstanın turizm sənayesinin inkişafında ən böyük pay sahibi azərbaycanlılardır.

Bütün məsələlər bu qədər aydın olduğu halda indi nə baş verir? Təşəkkür borcu budurmu? O torpağın əzəli və əbədi sahibləri olan azərbaycanlılara qarşı hücum təşkil etmək və "sizə burada yer yoxdur” kimi hədə-qorxu gəlmək?

Ötən əsrin 90-cı illərində də eyni vəziyyət hökm sürürdü. Azərbaycanlıları güclə, təxribatla qədim Borçalı mahalından qovmağa çalışırdılar. O zaman xatırladığım və iştirakçısı olduğum bir hadisədə "Qeyrət" Xalq Hərəkatının necə fədakarlıq edərək, soydaşlarımızı qorumağa çalışdığının şahidi olmuşam.

Borçalı Azərbaycandır!”

Ermənistanın sabiq baş naziri: Azərbaycanlılar Süniki tamamilə “udacaqlar”Elçin Mirzəbəyli

Bir neçə gündür Qaragöl ətrafında yaranmış vəziyyətlə bağlı ermənilərin bütün populyar internet resurslarını və həmçinin Azərbaycan mediasının nəyin bahasına olursa-olsun “xəbər siyasətində” önə çıxmağa çalışan zümrəsinin fəaliyyətini izləyirəm. Sayı gündən-günə artmaqda olan ekspertlərimizin – buna ehtiyac var – bəzən tələmtələsik yazılan “şərhlərini” oxuyuram. Ermənilərlə bağlı vəziyyət aydındır. Keçmişin küllüklərində eşələnirlər. Gələcək haqqında heç nə deyilmir.

Bizimkilərin bir hissəsi ermənilərin sosial şəbəkələrdə paylaşdıqları “xəbərlər”in üzərində baş sındırır, başqa bir hissəsi isə mənşəyi bəlli olmayan, bir çox hallarda isə klassik erməni “yaradıcılığı”nın məhsulu olan “informasiyaları” təhlil edirlər... Bircə o qalıb ki, Qaragöl qlobal geosiyası proseslərin mərkəzi elan olunsun...
Əslində ermənilər Qaragöl məsələsində türklərin (azərbaycanlıların) istədiklərinə nail olduqlarını deyirlər. Məsələn, sabiq baş nazir Qrant Baqramyanın sözlərinə görə, bütün yüksəkliklər Azərbaycanın nəzarətindədir.

Sitat: “Hazırda azərbaycanlılar bizim qanuniləşdirdiyimiz razılaşmaya əsasən Sünik (Zəngəzur) ərazisindədirlər. Yalnız toyuq beyninə sahib olmalısan ki, yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası başa çatmayacaq. O zaman başa çatacaq ki, azərbaycanlılar Süniki (Zəngəzuru) tamamilə “udacaqlar”. Bəzi müxalifətçilər (Köçəryan və Sarkisyanı nəzərdə tutur) tələmtələsik və sevincək problemin həll olunduğunu bildirilər. Amma arxı hoppanmamış “hop” demək lazım deyil”.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan da Təhlükəsizlik Şurasının iclasında əsas diqqəti ölkə daxilindəki proseslərə yönəldib. Sitat: “Qeyd etmək istəyirəm ki, yaranmış vəziyyəti daxili siyasi spekulyasiyaların predmetinə çevrilməməsi ilə bağlı çağırışlarıma baxmayaraq, mahiyyət etibarilə Azərbaycanyönlü qüvvələr var və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bunu deməkdən çəkinmirəm: Ermənistan Respublikasında Azərbaycanın informasiya savaşının agentləri var”. Qrant Baqramyandan fərqli olaraq, Nikol Paşinyan Azərbaycan hərbçilərinin mövqelərində hər hansı bir dəyişikliyin baş vermədiyini vurğulayıb və yenidən baş verənləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müstəvisində çəkmək istəyib ki, burada da onun məqsədi müharibədən öncəki, xüsusulə də Tovuz döyüşlərindən sonrakı ritorikasını davam etdirməkdən, KTMT-nin, dolayısıyla isə Rusiyanın Ermənistanın təhlükəsizliyinə təminat verə bilmədiyini ictimai rəyə çatdırmaqdır.

Paşinyanın maraq doğuran iddialarından biri də sərhədlə bağlı məsələnin üçtərəfli formatda, yəni Rusiyanın iştirakı ilə tənzimlənməsidir. Nikol öz iddialarını əsaslandırmaq üçün Ermənistanla Azərbaycan arasında birbaşa əlaqənin olmadığını bildirir və 10 noyabr 2020-ci il bəyanatına istinad edir. 10 noyabr bəyanatında isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı heç nə yoxdur. Bu baxımdan da prosesdə üçüncü tərəfin iştirakı hüquqi baxımdan mümkün deyil.

Qeyd edim ki, Ermənistanın Kut qəsəbəsinin meri Sima Çitçiyan ölkə mətbuatına açıqlamasında azərbaycanlıların öz əvvəlki mövqelərində qaldığını bildirib. Sitat: “Hər şey olıduğu kimi qalır, onlar (Azərbaycan hərbçiləri –E.M.) yuxarıda, bizimkilər isə aşağıdadırlar. Biz iki müharibə görmüşük, amma düşmən heç vaxt bu qədər yaxınlıqda olmayıb”.
Sünikin sabiq qubernatoru, Robert Köçəryanın yeni müttəfiqi Vaqe Akopyan da Ermənistan mətbuatına açıqlamasında azərbaycanlıların mövqelərində hər hansı bir dəyişikliyin olmadığını bildirib. Sitat: “Azərbaycanlıların və ermənilərin bərabər sayda mövqeyi və əsgəri olacaq. Məndə olan məlumata görə, Hər tərəfdən 4 mövqenin və 60 əsgərin olacağı gözlənilir”.

Tamamilə fərqli siyasi baxışlara malik olan erməni siyasətçilərinin açıqlamalarından bəlli olur ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyib. Amma nədənsə “beşinci kolon”un ənənəvi təmsilçiləri və onların “ekspertləri” düşmənin belə etiraf etdiyi reallıqları həzm edə bilmirlər.

"Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub"Azərbaycan hazırda özünün Böyük Oyanış və Dirçəliş mərhələsini yaşayır. Biz bu günlərdə ən mühüm tarixi hadisələrin baş verməsinə şahidlik edirik. Dövlət başçısının mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bir sıra önəmli mesaylar verməsindən sonra, onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə mədəniyyət paytaxtımız Şuşaya səfər etməsi, açılış və təməlqoyma mərasimlərində, festivalda iştirak etməsi çox böyük bir geosiyasi və mədəni-iqtisadi strategiyanı gerçəkləşdirməyimizin tərkib hissələridir. Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi siyasət planlı siyasət, sistemli və məqsədyönlü siyasət olması ilə diqqəti cəlb edir. Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub.

Biz indi 30 il davam edən işğalın ağır sıxıntılarından, ağrı-acılarından sonra tariximizin ən gözəl günlərini yaşayırıq. Bu ilki Ramazan bayramımız Qarabağlı ilk Ramazanımız oldu. Və nə xoş təsadüf ki, bayram bayrama qarışdı. Şuşa şəhərində müqəddəs Ramazan bayramı qeyd olundu, bayram namazı qılındı, "Xarıbülbül" festivalı keçirildi. "Xarıbülbül" festivalında Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar və ölkəmizin hər yerindən Şuşaya gələn yaradıcı kollektivlərin ifaları həm ermənilərə dağ çəkdi, həm də Azərbaycanın mədəni potensialını, multikultural yaşam tərzini bir daha bütün dünyaya göstərdi. Hamımız möhtəşəm festival görüntülərini və Şuşadakı atəşfəşanlığı xüsusi qürur hissilə izlədik. Əlbəttə, bütün bunlar hamısı möhtəşəm tarixi anlardır.

Xalqımıza böyük sevinc və qürur hissi yaşadan bu bayram törənlərinin təşkil edilməsində heç şübhəsiz ki, Birinci vitse-prezidentin rolu və əməyi ayrıca qeyd edilməlidir. Belə ki, Heydər Əliyev Fondunun məhz Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil etdiyi festival konsertinin proqramı sadəcə zövqlərimizi oxşamadı. Prezidentin çıxışı və möhtəşəm “Bayatı-Şiraz” muğamı ilə açılan “Xarı bülbül” festivalı Nikol Paşinyan-Anna Akopyan kimi miskin və uğursuz cütlüyün idarə etdiyi işğalçı ölkəyə Azərbaycanın ən layiqli cavabı oldu. Eləcə də Şuşanın ən gözəgəlimli yerində rəmzi əhəmiyyət daşıyan məscidin Prezident tərəfindən təməlinin qoyulması da işğal dönəmində Qarabağın müxtəlif guşələrində 63 məscidimizi dağıtmış erməni vandallarına və onları himayə edən Fransa, Kanada kimi islamofob ölkələrə cavab xarakteri daşıyır. Bu məscid həm də Şuşamızın milli-mənəvi koloritini daha da zənginləşdirəcək və bu şəhərin müsəlman dünyasının mədəni mərkəzlərindən birinə çevrilməsinə bir növ körpü olacaq.

Bütün Türk-İslam dünyasının mədəniyyət paytaxtı statusunu daşımaq imkanlarına malik olan Şuşanın parlaq gələcəyinin təməli məhz bizim günlərdə cənab Prezident tərəfindən qoyulur. Şuşa özündə bütün Qarabağımızın müsbət aurasını, kosmoenerjisini birləşdirir. Bu şəhərin tam fərqli aurası var. Bunu cənab Prezident Şuşada jurnalistlərlə söhbətində qeyd etdi. Şuşa bütün Qarabağın lokomotivi rolunu oynayır. Şuşa dirçəlirsə, bu bütün Qarabağın dirçəlişi deməkdir. Şuşanın bərpası və yenidənqurulmasının Ermənistanın hakimiyyət və müxalifət dairələrini, revanşist qüvvələrini qıcıqlandırması da məhz bundan irəli gəlir. Düşmən Şuşanın işğaldan azad edilməsi faktı ilə heç cürə barışa bilmir. Lakin Ali Baş Komandanımız Hadrutu, Şuşanı yenidən ələ keçirmək çağırışları ilə çıxış edən düşmən ölkənin revanşist qüvvələrinə növbəti dəfə qəti xəbərdarlığını etdi, “Dəmir yumruğ”umuzun yerində olduğunu bildirdi.

Bundan sonra Şuşada yalnız yeni nəfəs, yeni həyat, sülh, və əmin-amanlıq hökm sürəcək. Mədəniyyət paytaxtımızda yerli və beynəlxalq miqyaslı bayramlar, festivallar, mədəniyyət tədbirləri keçiriləcək. Cıdır düzünə bir daha heç vaxt işğalçıların ayağı dəyməyəcək. Prezident də festivaldakı çıxışında dedi ki, “Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”. Bu sözlər sıradan bir söz deyil. Bu sözlər Şuşanın hansı ölkəyə, hansı xalqa mənsubluğunu təsdiqləyən sözlərdir. Ermənistanda olan bəzi siyasi qüvvələrin seçkiqabağı dönəmdə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini yenidən işğal etməyin mümkünlüyü barədə bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Erməni siyasətçilərində ağıl varsa, Şuşada “Xarıbülbül” festivalının keçirilməsini və bayram namazının qılınmasını tarixi ədalətin qalib gəlməsi kimi qiymətləndirməlidirlər. Bütün işğalların sonu işğalçıların məğlubiyyəti ilə bitir. Erməni xalqı və erməni siyasətçiləri bundan ciddi nəticə çıxarmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAMATƏT-in Minsk qrupunun həmsədri olan Fransada Azərbaycana qarşı növbəti qərəzli addım atıb.

Avrasiya.net xəbər verir ki, ermənipərəst mövqeyi ilə tanınan Emmanuel Makron öz Facebook səhifəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub. Onları dərhal ərazidən çıxarmaq lazımdır”-deyə Makron erməni dilində yazıb.

Fransa prezidenti Ermənistan dostluq mesajı da göndərməyi unutmayıb.

“Mən bir daha erməıni xalqına deyirəm ki, Fransa onlarla həmyəkdir və belə də qalacaq”.



Sərhəddə gərginliyin arxasında hansı plan ola bilər? - TƏHLİLAzərbaycan Ordusunun işğal dövründə qanunsuz irəli çəkilmiş dövlət sərhədini bərpa etməsi Ermənistan tərəfindən gərginlik ocağına çevrilir. Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı, Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova, ATƏT-in fəaliyyətdə olan sədrinə zəng etdi, daha sonra rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə müraciət ünvanladı.

İrəvanın zəng trafikinin ardınca Lavrovla Ceyhun Bayramov məsələni müzakirə etdi, Bayramov ATƏT sədri Ann Linde ilə də eyni mövzudan danışdı.

Baş verənlər suallar yaradır və diqqəti prosesin təkcə İrəvandan idarə olunmadığı fikrinə yönəldir.

- Dövlət sərhədinin bərpa edilməsi ilə bağlı şifahi razılaşmalar var, Ermənistan niyə indi məsələni bu qədər gərginləşdirdi?

- Bütün bunların Lavrovun bölgəyə səfərindən sonra olması təsadüfdürmü?

- Ermənistanın KTMT-yə müraciətini əslində necə oxuya bilərik?

Gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbi görünür:

a) Müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək;

b) Sərhədin bərpası qaçılmaz olacaqsa, KTMT-yə müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçki öncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər;

c) KTMT-yə müraciət nəticə verməyəcəksə, Nikol seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər;

Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi, görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir. Və Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var.

1. 30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır. Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələrin uzunmüddətli perspektivdə rıçaq olaraq istifadə etməyi çətinləşdirir.

2. Niyə Laçın-Gorus sərhədindəki Qaragöl hövzəsi? İstisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfin öz mövqeyində israrlı olmağa həvəsləndirmək gedişi ola bilər. Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər.

3. Yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir.

4. Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələrini Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Rusiyanın “zəif qarnı” olan Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.

Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür.

Asif Nərimanlı
Şuşada Heydər Əliyev, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana heykəl qoyulsun - TƏKLİFMilli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şuşa şəhərində Heydər Əliyev, İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl qoyulmasını təklif edir.

“Təklif edirəm ki, 28 illik işğaldan sonra azad olunmuş Şuşada - Azərbaycanın müqəddəs qala-şəhərində Ulu öndər Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyev və misilsiz qardaş dəstəyilə 44 günlük müharibədə Böyük Qələbəmizin memarlarından biri olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl ucaldılsın. Düşünürəm ki, bu təklif bütün xalqımızın ürəyindən olar. Azərbaycan xalqı qədirbilən xalqdır”, - deputat “AzPolitika”-ya açıqlanmasında deyib.

“Ola bilsin, kimlərsə hesab edir ki, sağlığında siyasətçilərə, böyük şəxsiyyətlərə heykəl ucaltmaq düz deyil. Əlbəttə, bu üç böyük şəxsiyyət onsuz da xalqımızın qəlbində ömürlük taxt qurublar. Amma mən hesab edirəm ki, insanlara elə sağlığında layiq olduqları qiyməti vermək lazımdır. Ona görə də, Şuşanın ən uca zirvəsində, ola bilsin ki, elə “Xarıbülbül” musiqi festivalının keçirildiyi yerdə bu üç Böyük Türk Oğluna, Türk Sərkərdəsinə möhtəşəm abidələr ucaldılmalıdır!”, - S.Qurbanov fikrini belə əsaslandırıb.