İlham Əliyev qalib kimi görünürdü, Paşinyan isə... - "Kommersant" Soçi görüşündən yazdıNoyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar keçirilib.

Görüşün yekunları barədə "Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikovun məqaləsi dərc edilib.

Müəllif xatırladıb ki, tərəflər ilin sonunadək iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi mexanizmi barədə razılığa gələcəklər.

Məqalədə vurğulanır ki, danışıqlar zamanı Prezident İlam Əliyev əvvəllər olduğu kimi təmkinlilik nümayiş etdirərək qalib kimi görünürdü. Nikol Paşinyan isə içində faciəvi emosiyaları gizlədən biri kimi danışırdı. Paşinyanın sözləri ilk baxışdan danışıqlara gələn insanın sözləri təsirini bağışlamırdı.

"Başa düşmək lazımdır ki, söhbət bu sərhədlərin xəritəyə köçürülməsindən gedir, və bu, onların münasibətində ən çətin məqam olacaq. Çünki Ermənistanın baş naziri sözün əsil mənasında öz məğlubiyyətinin altına imza atmalıdır", - A.Kokesnikov yazıb.


Mənsum İbrahimovun qızına yüksək vəzifə verildiAzərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

Avrasiya.net xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, Azərbaycanın Macarıstandakı səfirliyində 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli bir müddət əvvəl geri çağırılaraq, XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Bu günlərdə isə Xarici işlər naziri Ceyhun Bayramovun müvafiq əmri ilə diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Modern.az-ın məlumatına görə, Bakıda anadan olmuş xanəndənin böyük qızı Aysel İbrahimli orta və ali təhsili bitirəndən sonra diplomatiya sahəsində çalışmağa başlayıb. Aysel xanım uzun müddət Azərbaycanın Macarıstandakı səfirliyində işləyib.
Yeri gəlmişkən sənətkarın diplomat qızı elə həmkarı ilə ailə qurub. Belə ki, Aysel İbrahimlinin həyat yoldaşı Süleyman Rüstəmov da diplomatiya sahəsində çalışır.
Cütlüyün toyu 2011-ci ilin noyabrında olub.
"Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq"Soçi görüşü 10 noyabr bəyanatının bəndlərini həyata keçirilməsi üçün zirvə görüşü oldu. İki tərəf arasında bir çox önəmli məsələlərin həlli üçün müsbət, addımlar atıldı. Əsas müzakirə predimeti delimitasiya, demarkasiya və kommunikasiya problemləri oldu. Tərəflər bu seqmentdə razılığa gəldilər.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında siyasi analitik Elman Vəliyev bildirib.

Onun sözlərinə görə, bu problemlərin həlli istiqamətində işçi qrupu yaradılacaq və çox vaxt itkisinə yol vermədən həll ediləcək:

"Əsas məsələ burasındadır ki, hansı xəritələr əsasında delimitasiya prosesləri gedəcək?

Əminəm kimi, bu proses 1991-ci ilə qədər olan xəritələr əsasında aparılacaq. Bu proses nəticəsində Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq, əlindəki anklavaları geri qaytaracaq. “Dağlıq Qarabağ” adlı muxtar dövlət xəyal olaraq qaldı.
Tərəflər qarşılıqlı kompromis əsasında kommunikasiyaların, nəqliyyat yollarının açılmasına razılıq verdilər. Azərbaycan Naxçıvanla birbaşa əlaqə saxlaya biləcək və bunula da Naxçıvan daha azadə şəkildə gediş-gəliş obyektinə çevriləcək. Ermənistan da Azərbaycan ərazisindən istifadə edərək blokadadan çıxa bilmə şansı əldə edəcək. Ola bilər ki, bu yolların təhlükəsizliyini Rusiya öz üzərinə götürdü.

Rusiya tərəfinin hər iki tərəfə sülh simvolu olaraq zeytun budağı hədiyyə etməsi, münaqişə tərəfləri arasında sülhün başlanğıcını qoydu".
Bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaqNail Cəlil: “Ermənistan yeni reallıqları qəbul etməyə və sülh müqaviləsi imzalamağa məhkumdur”

“Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini yetərincə müsbət və nikbin ovqatda qiymətləndirmək mümkündür. Görüşün detalları, yekun olaraq qəbul edilən Soçi bəyanatının müvafiq bəndləri məhz belə qənaətə gəlməyə əsas verir. Bəyanatın məzmununa diqqət yetirdikdə ölkəmizin Soçi görüşü ərəfəsində qarşıya qoyulan hədəflərə əsasən, nail olduğu aydın görünür. Ən vacib məqam odur ki, 26 noyabr bəyanatında avtomobil və dəmir yollarının açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması, müvafiq həll mexanizmlərinin qısa müddətdə dəqiqləşdirilməsi nəzərdə tutulub”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə eksklüziv açıqlamasında üçtərəfli Soçi görüşünün yekunlarını şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyev haqlı, ədalətli və güclü mövqeyi hər hansı şərt qoyulmadan Soçi bəyanatında tam əksini, ifadəsini tapıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat konfransında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı “dəhliz” ifadəsini dəfələrlə vurğulaması belə nəticəyə gəlməyə əsas yaradır: “Digər tərəfdən, bir il əvvəl imzalanan 10 noyabr bəyanatında Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrinin maneəsiz, Rusiya silahlı qüvvələrinin nəzarəti altında bərpası şərti öz əksini tapıb ki, bu elə Zəngəzur dəhlizinin mütləq şəkildə açılması deməkdir”.

Politoloq Nail Cəlil onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması regional əlaqələrin genişlənməsi, “İpək yolu”nun 1000 kilometrdən artıq qısalması, Rusiyanın beynəlxalq vasitəçi və sülhün təminatçısı kimi, regionda rolunun möhkəmlənməsi, regional siyasi-iqtisadi əməkdaşlığın yeni müstəviyə keçməsi deməkdir: “Regional əməkdaşlıq və inteqrasiya müəyyən qlobal güclərin təsiri altında prosesə açıq və gizli müqavimət göstərməyə çalışan Ermənistanın da maraqlarına uyğundur. Bəlli olan odur ki, baş nazir Paşinyan xarici güclərin himayəsi və daxili müxalifətin təzyiqi altında bu prosesi yubatmağa çalışır. Lakin Soçi bəyanatı bir daha təsdiqləyir ki, Ermənistan yeni reallıqları qəbul etməyə və yekunda sülh müqaviləsi imzalamağa məhkumdur”.

Politoloqun sözlərinə görə, yeni reallıqlardan biri də Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində əhəmiyyətli dərəcədə möhkəmlənməsidir: “Bu dövlət başçılarının qarşılıqlı səmimiyyətində, regional problemlərin birgə, konstruktiv həlli ilə bağlı fəal dialoqda öz əksini tapır”.
Nail Cəlil sonda bildirib ki, Soçi bəyanatı Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşmanı və sülh müqaviləsinə hazırlıq prosesinin başlanması ilə bağlı konkret razılaşmanı ifadə edir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaq, proseslər əməkdaşlıq müstəvisində, konstruktiv məcrada cərəyan edəcək”.
Soçi görüşünün nəticəsi: üçtərəfli bəyanatda nələr var? - TƏHLİLSoçi görüşü üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşdı. Bəyanatı iki kontekstdə qiymətləndirmək olar.

Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır:

Tərəflər sərhədin müəyyənləşməsi ilə bağlı razılaşırlar. Burada diqqətçəkən məqam yaradılacaq ikitərəfli komissiyanın fəaliyyətidir. Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Bu qeyd iki fərqli fikri yaradır: delimitasiya və demarkasiya prosesini yaradılacaq ikitərəfli komissiya həyata keçiriləcək; delimitasiya – xəritə üzərində sərhədin müəyyən edilməsi - Rusiyanın vasitəçiliyi ilə həll olunur, demarkasiya – müəyyən edilən sərhədin yerində işarələnməsi – Azərbaycan və Ermənistanın ikitərəfli komissiyası tərəfindən aparılır;

İkinci fikir daha real görünür:

- əlində xəritələr olan Rusiya bütün prosesi ikitərəfli komissiyaya buraxmaq istəməz;
- mətndən də görünür ki, delimitasiyadan sonra tərəflər ikitərəfli komissiyanın yaradılması üçün Rusiyaya müraciət edəcəklər;
Məsələnin bu cür qoyuluşu sərhədin hansı xəritəyə əsasən aparılacağı üzərində şifahi razılaşmanın olduğu fikrini önə çıxarır və Moskva əlindəki xəritə üzərində sərhədin cızılması prosesində iştirak etdikdən sonra demarkasiyanı tərəflərin öhdəsinə buraxacaq.

İkincisi, kommunikasiyanın bərpasıdır;

Bəyanata görə, tərəflər kommunikasiya bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.

Bu, kommunikasiyanın bərpası qrafikinin təsdiq edilməsi deyil. Görünür, bununla bağlı hələ də dəqiqləşdirilməyən məqamlar var, xüsusilə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi irəliləyişi çətinləşdirir. Üçtərəfli görüşdə səslənən fikirlər yaxın vaxtlarda bununla bağlı addımların atıla biləcəyi yönündə idi.

Üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır. Müəyyən qədər irəliləyişin yalnız sərhədlə bağlı olduğunu deyə bilərik.

Asif Nərimanlı


Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidirCənubi Qafqazda süni və lokal qarşıdurma ocaqları, aqressiv və barışmaz mühit yaratmaqla 44 günlük müharibənin formalaşdırdığı reallıqların bölgədə sülhün, əminamanlığın təmin edilməsinə təsir imklanlarını məhdudlaşdırmağa çalışan qüvvələrin cəhdlərinə, həmçinin rəsmi İrəvanın daxili ictimai rəyə və regiondankənar amillərə istiqamətlənmiş ənənəvi manipulyativ davranışlarına baxmayaraq, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Errmənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş baş tutdu və 3 saaat davam edən müzakirərin nəticəsi olaraq, 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinin və dönmədən riayət olunmasının vacibliyinin vurğulandığı bəyanata imza atıldı.

Son 11 ay ərzində bölgədə cərəyan edən prosesləri, regiondaxili və xarici qüvvələrin spekulyativ revanşçı davranışlarını, Cənubi Qafqaza münaqişələr vasitəsilə təsir imkanlarının məhdudlaşması ilə barışa bilməyən, illeqal iqtisadi fəaliyyətdən və digər qeyri-qanuni, cinayət xarakterli gəlir mənbələrindən əli üzülən regional, subregional və qlobal subyektlərin pozucu cəhdlərini, uğursuz əzələ nümayişlərini, insan ölümləri ilə nəticələnən hərbi provakasiyaları, saysız-hesabsız digər təxribatları nəzərə alsaq, Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidir.
Şübhəsiz ki, keçirilməsi noyabrın 9-da gözlənilən və yuxarıda qeyd etdiyim səbəblərdən ertələnən görüşün keçirilməsi və imzalanan sənəd Azərbaycanın konkret fakt daxilində qarşısına qoyduğu məqsədlərə nail olduğunu nümayiş etdirir.

Yekun sənəddə rəsmi İrəvanın postmüharibə dövründə revanşçı daxili və maraqlı xarici dairələrə hesablanmış bütün bəyanat və açıqlamalarına rəğmən, “Qarabağ” ifadəsinə, Ermənistanın və istifadəçi-himayəçilərinin “əsir və girov”larla bağlı qondarma iddialarına yer ayrılmayıb. Bu isə rəsmi İrəvanın müzakirə predmetinə çevirmək istədiyi bütün məsələlərin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini və Ermənistanın növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyi ilə barışmağa məcbur olduğunu nümayiş etdirir.
Yekun bəyanatda yer alan daha bir önəmli məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Burada da Azərbaycanın mövqeyi əsas götürülüb. Fikrimi əsaslandırmaq üçün, Soçidə imzalanan üztərəfli bəyanatın müvafiq hissəsindən iqtibas gətirmək istəyirəm. Beləliklə bəyanatda qeyd olunur:

“Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Təqdim etdiyim iqtibasdan da göründüyü kimi, Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hissələri fərqli müzakirə və icra kontekstindən təqdim olunur. Və bəyanatdan nümunə gətirdiyim hissədən də göründüyü kimi, sərhədlərin delimitasiyası, yəni masa üzərində razılaşdırılması prosesində üçüncü tərəf iştirak etmir. Müzakirələr üçüncü tərəfin, yaxud tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında aparılır. Rusiya isə bu prosesə sonradan, həm də tərəflərin sorğusu əsasında, masa üzərində razılaşdırılmış məsələlərin icrası – sərhədlərin demarkasiyası (xətlənməsi) zamanı, məsələhətçi kimi qoşulur. Bu isə, qənaətimə görə, sərhəd dirəklərinin və nişanlarının yerləşdirilməsi zamanı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğu halda, Rusiya tərəfinin son zamanlar tez-tez xatırlatdığı hərbi xəritələrə müraciət edilməsiylə bağlı olan bilər. Düşünürəm ki, nümunə gətirdiyim iqtibasın izahı delimitasiya və demarkasiya prosesi ilə bağlı təəssüratın formalaşmasına imkan verir. Məlum olduğu kimi, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələlərin gündəmə gəldiyi ilk gündən prosesdə xarici dairələrin iştirakına zəmin yaratmağa çalışırdı. Gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını şantaj etməklə, sözügedən təsisatı bu prosesə cəlb etmək istəyir, gah da regionankənar qüvvələrin siyasi müstəvidə olsa da belə, aktiv müdaxiləsi üçün çeşidli bəhanələr yaratmağa çalışırdı. Söçidə imzalanan bəyanatdan da göründüyü kimi, rəsmi İrəvan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü şətlərlə şərçivəsində hərəkət etmək məcburiyyətində qalıb.

Soçi bəyanatında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı imperativ məqamların da yer alması, şübhəsiz ki, Azərbaycanın ilk növbədə Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə əlaqədar israrlı mövqeyinin nəticəsidir. Qeyd edim ki, Rusiya prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.
Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də, Azərbaycanla Ermənistan arasında bündan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir.

Elçin Mirzəbəyli
Siyasi şərhçi
Nikoldan Soçidə mühüm açıqlama: Hazırıq!Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə hazırdır, kommunikasiyaların açılması mövzusu da çox vacibdir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdə deyib.
Ya dəhliz olacaq, ya da müharibə - KalaşnikovÜçtərəfli görüş çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər həllini tapmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Yalnız Rusiya, Azərbaycan və Ermənistan istənilən çətin məsələni həll edə bilər. Məsələnin Avropa İttifaqı kimi mühüm beynəlxalq struktur çərçivəsində həlli təbii ki, yaxşı təşəbbüsdür, hər halda, Minsk Qrupu bura qarışmır. Amma hansısa irəliləyişin olacağını düşünmürəm. Tərəflər Aİ-nin sədri ilə görüşüb, onun sülh prosesini dəstəkləməsi barədə sözlərini eşidəcəklər, vəssalam. Əsas iş isə Rusiya, Azərbaycan və Ermənistanın üzərinə düşür. Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir.

Qərbçilərə baxanda burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik tez olmasa da, aradan qaldırılacaq”, - o bildirib.
İlham Əliyev Soçiyə getdiNoyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Yolu verməsək, Azərbaycan Ordusu girəcək - PaşinyanDünən Sünikin (Zəngəzur) meri ilə görüşdə Nikol Paşinyan təkcə dəhliz barəsində danışmayıb, eyni zamanda “arsax” barədə sensasiyalı bəyanat verib.

Bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Arsax Azərbaycanındır. Bizi 30 ildir aldadıblar, sonu belə olmalı idi, oldu da. Biz yolları bağlaya bilmərik, Zəngəzurdan Azərbaycanla Naxçıvanı birləşdirən yol verməyə bilmərik, çünki Əliyev buna hərbi vasitələrlə nail olmağa çalışacaq, bizim buna müqavimət göstərmək üçün resurslarımız yoxdur”, - Paşinyan bildirib.