Rusiya Ukraynada gözlədiyini əldə edə bilməyibNail Cəlil: “Rəsmi Moskva neoimperialist maraqlarından geri çəkilməyə məhkumdur”

“Rusiya-Ukrayna müharibəsinin başlıca səbəbi rəsmi Moskvanın neoimperialist maraqları, yenidən supergücə çevrilmək iddiası, ən azı, keçmiş postsovet məkanında, eləcə də Avrasiya məkanında həlledici söz sahibi olmaq niyyəti ilə bağlıdır. Ukrayna keçmiş SSRİ məkanında əhalisinə görə, ikinci böyük dövlətdir və Avropanın ən böyük ölkələrindən biridir.

Ruslarla ortaq slavyan irsini bölüşməsinə, əhalisinin üçdəbirinin rusdilli olmasına, üç tərəfdən Rusiya və Belarusla həmsərhəd olmasına baxmayaraq, bu ölkə Avropaya inteqrasiyada, öz təhlükəsizliyini təmin etmək üçün NATO ilə sıx əməkdaşlıqda, sivil, demokratik inkişafda maraqlıdır. Ukrayna, Rusiya və Belarusla yanaşı, BMT-nin yarandığı gündən onun üzvü olub, keçmiş ittifaq respublikaları sırasında xüsusi statusu ilə seçilib. Maraqlıdır ki, məhz bu üç ölkə 1991-ci ilin 8 dekabr tarixində Belovejsk sazişini imzalayaraq, SSRİ-nin buraxıldığını, yerində sonradan Müstəqil Dövlətlər Birliyi adlandırılan Slavyan Dövlətləri Birliyinin yaradıldığını bəyan ediblər. Ukrayna ilə Rusiya arasında əsas mübahisəli məsələ 1954-cü ildə Krımın Ukraynanın tərkibinə verilməsi ilə bağlıdır. Krıma olan iddialarına baxmayaraq, Rusiya 1994-cü ilin 5 dekabr tarixində Budapeşt memorandumunu imzalamaqla nüvə silahından imtina müqabilində, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə birlikdə Ukraynanın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verib. Eyni təminat o zaman nüvə silahlarına malik olan Belarus və Qazaxıstana da verilib”.

Bu fikirləri Xalq Cəbhəsi qəzetinə özəl açıqlamasında Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının səbəblərini və onun mümkün siyasi-iqtisadi nəticələrini şərh edən politoloq, siyasi tədqiqatçı Nail Cəlil səsləndirib. Onun sözlərinə görə, artıq altı aydır, davam edən müharibə Rusiyanın arzuladığından və gözlədiyindən tam fərqli mənzərə yaradıb: “Paytaxt Kiyevi və bütün Ukraynanı ildırım sürəti ilə ələ keçirəcəyini bəyan edən Rusiya, Ukrayna ordusu və xalqının şiddətli müqaviməti, böyük itkilərlə üzləşib. Bu səbəbdən müharibənin davam etdiyi altı ərzində gözlədiyini əldə edə bilməyib. Digər tərəfdən, nüvə təhdidi qarşılığında demokratik Qərb ölkələrinin, Avropa Birliyinin, xüsusən, NATO üzvü olan ölkələrin səssiz qalacağına, Ukraynanın işğalına göz yumacağına dair gözləntilər özünü doğrultmayıb. Əksinə, hadisələrin gedişatı Rusiyanın bu hərbi müdaxilə nəticəsində sürətlə sivil dünyadan təcrid olunduğunu, ağır sanksiyalar nəticəsinə böyük iqtisadi itkilərlə üzləşdiyini göstərir. Müharibəyə başlamasına görə, Rusiya artıq bir çox nüfuzlu beynəlxalq təşkilatlardan qovulub, ölkənin azı, bir trilyon dollar həcmində vəsaiti beynəlxalq banklarda dondurulub, prezident Vladimir Putin də daxil olmaqla, ölkənin bütün rəsmiləri, iş adamları, tanınmışları, varlıları sərt sanksiyalarla üzləşiblər. Cəbhədə yaşanan uğursuzluqlar fonunda rus rublu sürətlə bahalaşmaqda, ölkənin daxili bazarı çökməkdədir. Artıq bütün sosial-iqtisadi fəaliyyət sferalarında kəskin durğunluq və geriləmə başlayıb, Avropanın hava məkanı Rusiyanın üzünə qapanıb. Rusları mümkün olan hər yerdə - idmanda, internet məkanında belə təcrid edirlər, beynəlxalq əməkdaşlıq platformalarından uzaqlaşdırırlar”.

Politoloqun fikrincə, sivil dünyanın maraqlarını suveren bir dövlətə - Ukraynaya hərbi müdaxilə yolu ilə təmin etməyə çalışan Rusiyaya qarşı belə sərt, kəskin addımları tədqirəlayiq və gözləniləndir. Burada Rusiyanı müdafiə etməyə çalışanların əsas arqumenti NATO-nun Şərqə doğru genişlənməsi və ABŞ-ın BMT ilə hesablaşmadan bir sıra ölkələrə, məsələn, İraqa, Suriyaya müdaxiləsidir: “Hətta bu deyilənlər doğru olsa belə, ədalətsizliyə başqa bir ədalətsizlik törətməklə cavab vermək beynəlxalq siyasi münasibətlərdə heç də adekvat, doğru addım deyil. Məsələn, Rusiyadan fərqli olaraq, ABŞ yaxın qonşusu, ərazisi geniş, əhalisi müqayisədə dəfələrlə az olan Kanadanı ortaq anqlo-sakson mənşəyini əsas götürərək, özünə birləşdirmək və ya ilhaq etmək niyyətində deyil. Əksinə, gücünü tərəfdaş ölkələrə sərmayə yatırmaqla, sənayeni, texnologiyanı inkişaf etdirməklə, dünyanın hər yerindən zəkalı, intellektual insanları cəlb etməklə, praktik elmi nailiyyələrə trilyonlar yatırmaqla artırmağa çalışır. Bunun qarşılığında paslanmış nüvə silahlarını oynatmaqla, bu və ya digər ölkəyə qoşun yeritməklə nəsə əldə etmək, ya bu barədə düşünmək sadəcə, xəyaldır”.

N.Cəlil vurğulayıb ki, Sovet İttifaqının süqutundan ötən 31 il ərzində Rusiya böyük gəlirlər əldə etsə də, iqtisadiyyatını yenidən qurub modernləşdirə bilməyib. Digər tərəfdən, əldə olunan kapital köhnə sovet nomenklaturasından törəyən məhdud inhisarçı qruplar tərəfindən mənimsənilib, yaxın və ya uzaq məkanda strateji tərəfdaş adlandırıla biləcək ölkələrin heç birinə ciddi sərmayə yatırılmayıb. Əksinə, Rusiya hibrid müharibələri, bu və ya digər ölkələrə qəfil hərbi müdaxilələri, məsələn, Ukraynada hakimiyyət böhranından faydalanaraq, Krımı döyüşsüz zəbt etməsi, bununla kifayətlənməyərək, həmin ölkənin şərqində iki separatçı yaratması, cəmi bir ay əvvəl KTMT çətiri altında Qazaxıstana qoşun yeritməsilə yadda qalır, xatırlanır: “Hesab edirəm ki, Rusiyanın Krımı anneksiya etmədən, hər hansı müdaxilə və güc tətbiqi olmadan, 60-70 milyard dollar həcmində böyük sərmayə yatırmaqla, Rusiya bazarını ukraynalılar üçün cəlbedici, əlçatan etməklə Ukraynanın neytrallığını, strateji tərəfdaşlığını, hətta müttəfiqliyini təmin etmək imkanı vardı. Davam edən müharibə onu göstərir ki, məhz Rusiya tərəfinin ambisiyası və aqressiyası səbəbindən ümumi anlaşma və kompromiss imkanı itirilib, vəziyyət fəlakətli müharibə həddinə gəlib çatıb”.

Politoloq onu da qeyd edib ki, münaqişənin çox zaman kölgədə qalan və axıradək qiymətləndirilməyən subyektiv səbəblərindən biri son 30 ildə formalaşan Ukrayna demokratiyası ilə Rusiya avtoritarizminin toqquşmasıdır. Məsələn, Putinin hakimiyyətdə olduğu 22 il ərzində Ukraynada 5 yeni prezident seçilib, ancaq Rusiyada demokratik təsisatlar bilərəkdən zəiflədilib, sıradan çıxarılıb: “Aydındır ki, rəsmi Moskva məhz bu səbəbdən demokratik, Qərblə sıx əməkdaşlığa açıq Ukraynanı bir dövlət, hakimiyyət modeli olaraq, öz varlığına, neoimperiya iddialarına təhlükə kimi görür”.

Siyasi tədqiqatçı bildirib ki, Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi, müharibəni altı aydır davam etdirməsi dünyada siyasi-iqtisadi vəziyyəti həddən artıq kəskinləşdirib: “Bu, rəsmi Kiyevi müdafiə edən ABŞ, NATO, Avropa Birliyi təmsilçilərinin ziddiyyətli bəyanatlarında da hiss olunur. Nəzər çarpan xüsusi məqam odur ki, Ukrayna geniş beynəlxalq humanitar, müəyyən dərəcədə hərbi-siyasi dəstək olsa da, NATO, eləcə də tərəfdaş dövlətlərdən heç biri Rusiya ilə açıq müharibəyə getmək, ona qarşı birbaşa döyüşmək istəmir. Səbəb bəllidir: tərəflər mümkün qədər məsələni siyasi, iqtisadi, texnoloji güc müstəvisində - nüvə təhlükəsi doğura biləcək iri miqyaslı müharibədən qaçmaqla həll etməyə çalışırlar. Hələ ki, tərəflər danışıqlara başlasalar da, bunun arzulanan nəticəni verdiyini söyləmək mümkün deyil. ABŞ prezidenti Coo Baydenin açıqlamalarından aydın olur ki, rəsmi Vaşinqton Ukraynaya daha çox maddi və hərbi-texniki dəstək göstərəcək ki, bu da müharibənin aylarla uzanmasına səbəb ola bilər. Çünki rəsmi Moskva bütün vasitələrlə baş verən eskalasiyanı, işğalı genişləndirməyə cəhd göstərdiyi kimi, rəsmi Kiyev isə axıradək ciddi müdafiə olunmaqda, hətta əlverişli məqamda əks hücuma keçib sərhədlərini, ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır”.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilibBakı şəhər regional miqrasiya baş idarəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclas keçirilib. Tədbirdə cari ilin birinci yarısında həyata keçirilmiş işlərə nəzər salınıb, ilin ikinci yarısında icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

Gündəlikdə duran məsələlər ətrafında danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov vurğulayıb ki, illik fəaliyyət planında yanvar-iyun aylarına dair yer almış fəaliyyətlər əsasən icra olunmuş və bu barədə məlumat həm mediada geniş işıqlandırılmış, həm də hesabat şəklində aidiyyəti üzrə Xidmətə təqdim edilmişdir. Xüsusilə qeyd olunub ki, Şuranın nəzdində psixoloji yardım, əmək miqrasiyası, təhsil, turizm və digər sahələrdə fəaliyyət göstərən işçi qruplar aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş, əcnəbilərin inteqrasiyasını şərtləndirən əlverişli mühitin yaradılması üçün zəruri səylər göstərmişlər.

Tədbir iştirakçılarının ümumi qənaətinə görə, cari ilin birinci yarısında həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.
2022-ci ilin ikinci yarısında icra olunacaq fəaliyyətlər barədə danışan İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra ediləcək tədbirlər barədə danışıb, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış ediblər.

Xüsusilə qeyd olunub ki, qarşıdan gələn aylarda miqrasiyanın aktual məsələləri ilə ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək, bölgələrdə monitorinqlər aparılacaq, əcnəbi miqrantların inteqrasiyası üçün dəstək proqramları icra ediləcəkdir.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şuranın illik planına uyğun icra edilmiş fəaliyyətləri müsbət qiymətləndirib, irəli sürülən yeni təkliflərə münasibət bildirib.
"Azərbaycan xalqı öz liderinə inanır"Azərbaycan Respublikasınının Prezidenti İlham Əliyev cənabları Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxış edərkən bir sıra vacib məqamlara toxunmuş və yeni təyin olunan icra başçılarına müvafiq tapşırıqlarını vermişdir.

Cənab Prezident ölkəmizin son illərdə daxili və xarici siyasətində əldə edilən uğurlardan geniş bəhs edərək bildirmişdir ki, hazırda Azərbaycan bütün sahələrdə böyük nailliyyətlər əldə edib. İqtisadi sahədə əldə edilmiş uğurlar digər sahələrin də inkişafına mühüm təkan vermişdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmizdən sonra dövlətimizin tarixində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Hazırda qalib dövlət kimi qarşıda duran əsas vəzifələrdən biri kimi işğaldan azad edilmiş və erməni vandallığı nəticəsində dağıdılmış yaşayış yerlərinin yenidən bərpası və qurulmasıdır. Bu istiqamətdə hazırda çox böyük işlər görülür. Bütün infrastruktur yenidən qurulur, müasir tələblər səviyyəsində tikinti-quruculuq və bərpa işləri ən müasir tələblər səviyyəsində aparılır. Sevindirici haldır ki, öz torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz tarixi torpaqlarına Böyük Qayıdışını reallışdırmaq üçün artıq əməli addımlar atılmaqdadır. Belə ki, bir neçə gün öncə Zəngilanda yenidən qurulmuş Ağalı kəndinə sakinlərin köçürülməsinin ilk mərhələsi həyata keçirilmişdir.

İnanırıq ki, Azərbaycanın öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri tezliklə yekunlaşacaq və soydaşlarımızın Böyük Qayıdışı başa çatacaqdır.

Cənab Prezidentin çıxışında toxunduğu digər vacib məqamlardan biri də Vətən müharibəsində qazandığımız şanlı qələbənin reallaşmasında böyük rolu olan şəhidlərimizin ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğının daha da artırılması istiqamətində olmuşdur. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğının göstərilməsi, onların problemlərinin həlli dövlətimizin sosial siyasətində əsas məqamlardan birini təşkil edir.

Qeyd etməliyik ki, tarixi qələbəmiz ölkəmizin ən böyük problemlərindən biri olan Qarabağ münaqişəsini birdəfəlik həll etmiş oldu. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Bundan sonrakı dövrdə Azərbaycanın daha da inkişaf etməsi üçün böyük perspektivləri və böyük potensialı vardır. Hazırda biz müzəffər dövlətin müzəffər xalqı kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Cənab Prezident bu məsələ ilə əlaqədar çıxışı zamanı qeyd etmişdir ki, “ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Ölkə başçısının Azərbaycanın gələcəy inkişafı barədə proqram xarakterli çıxışı, verdiyi tövsiyyə və tapşırıqlar inanırıq ki, bütün dövlət məmurlarının fəaliyyətində əsas istiqaməti təşkil edəcək və ölkəmizin qarşısında duran bütün problemlər qısa müddət ərzində həll ediləcəkdir. Azərbaycan xalqı öz liderinə, dövlət başçısına inanır və ölkəmizin gələcəyinə böyük ümid bəsləyir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
ABŞ-da yeni partiya yaranıbABŞ-da Demokratlar və Respublikaçılar partiyalarının keçmiş üzvlərindən ibarət yeni partiyanın yarandığı elan edilib.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, yeni partiyanın hədəfi ABŞ-da “qeyri-funksional ikipartiyalı sistemi”ndən narazı olan seçiciləri cəlb etməkdir.

Yeni siyasi təşkilat İrəli Partiyası ("Forward Party") adlanır. Məlumata görə, Nyu-Cersi ştatının keçmiş qurbenatoru Kristin Vitman və Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmuş Endrü Yanq İrəli Partiyasının həmsədri olacaq.
Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb“Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70%-ni alıb.

“Report” xəbər verir ki, bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.

Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.

"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.

Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin (“Optimal Elektronika” MMC) məhsullarının satışını maliyyələşdirməsidir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azfinance"ın direktoru İntiqam Səfərəliyev rəhbərlik etdiyi maliyyə qurumunun qərarını kiçik kreditləri maliyyələşdirmək istəyi ilə izah edib: "BOKT almaqda əsas məqsədimiz elektronika məhsullarının satışına dəstək vermək deyil, sadəcə mikromaliyə sektorunda ən yaxşı işləyən sahədə - istehlak malları sahəsində olmaqdır. 5-10 dənə ayrı-ayrı şəbəkə ilə müqavilə bağlamaqdansa, bir şəbəkə ilə işləyən BOKT-un payını almaq yaxşıdır və bununla biz o sektora birbaşa girmiş oluruq. Nəzərə alsaq ki, adı çəkilən şəbəkənin illik dövriyyəsi 120-130 milyon manat çivarındadır, onun da 70-80%-i kreditlə satılanda, bizim aldığımız BOKT-un müştəri problemi olmayacaq".
"Qarabağ"ın "Ferentsvaroş"la Bakıdakı oyununun vaxtı bəlli olub"Qarabağ"ın Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtı açıqlanıb.

Avrasiya.net "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Budapeştdəki cavab görüşünə avqustun 9-da saat 22:00-da start veriləcək.
Erməni analardan Ermənistana etiraz: Övladlarımızı qırdırmayın44 günlük Vətən Müharibəsindən sonra Ermənistanda sadə kütlə arasında müharibəyə etirazlar çoxalıb. Elə bu yaxınlarda erməni anaları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna müraciət edərək, övladlarının Azərbaycan ərazilərində hərbi xidmətə məcbur edildiyini bildiriblər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Erməni anaları mövcud duruma etiraz edirlər. Onlar övladlarının Azərbaycan torpaqlarında hərbi xidmət keçməsinin tam əleyhinədirlər və buna məcbur edilmələrindən narahatdırlar. Erməni anaları övladlarını itirmək istəmədiklərini bildirərək, etiraza qalxıblar:

“Ermənistan cəmiyyəti indi anlayır ki, Azərbaycan öz torpaqlarını geri alıb və həmin əraziləri nəinki Ermənistana qaytaran deyil, hətta yeni torpaqlar əldə etmək niyyətindədir”.

Erməni anaları övladlarının Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə cəlb edilməməsi üçün Ermənistan hakimiyyətinə güclərinin çatmadığını, buna görə erməni diasporuna ümid bağladıqlarını bildiriblər.

Qeyd edək ki, erməni anaları bundan əvvəl də dəfələrlə etirazlar səsləndirib, ayağa qalxıblar. Onlar Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində övladlarından xəbər ala bilmədiklərindən şikayətlənirdilər.

Erməni anaların sözlərinə görə, itkin düşən erməni hərbçiləri Ermənistan hakimiyyəti tərəfindən fərari kimi göstərilir. Hətta müharibə zamanı həlak olan hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna da müraciət ediblər. Erməni anaları övladlarının başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsinin yolverilməz olduğunu, övladlarının boşuna müharibələrdə itirilməsinə qarşı çıxıblar. Onlar nəhayət ki, bölgədə sülhün gətirilməsinin vacibliyini vurğulayıblar. 
Bakıda ana və 7 yaşlı qızı itkin düşdüBakıda ana və 7 yaşlı qızı itkin düşüb.

 Report xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Xətai rayonu, general Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində aradşdırma aparılır.
İstənilən an müharibəyə hazırıq – Kim Çen İnŞimali Koreya istənilən an nüvə qüvvələrini tez və dəqiq səfərbər etməyə tam hazırdır.

Bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.

“İndi silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə tam hazırdır. Seul Pxenyana qarşı qabaqlayıcı zərbəni mümkün hesab edirsə, yanılır”, - Şimali Koreya lideri bildirib.
155-ci gün: Rusiyanın itkiləri açıqlandıUkrayna müharibənin 155-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 40 230 hərbçi, 1 742 ədəd tank, 3 979 ədəd zirehli döyüş maşını, 894 ədəd artilleriya sistemi, 258 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 190 ədəd helikopter, 2 854 ədəd avtomobil texnikası, 729 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 75 xüsusi avadanlıq itirib.