Bakıda 18 yaşlı oğlan və qız itkin düşdüBakıda gənc qız və oğlan itkin düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, iyulun 25-də 2006-cı il təvəllüdlü Sevinc Habil qızı Həsənova yaşadığı paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa, eyni gündə 2006-cı il təvəllüdlü Namiq Məmməd oğlu Sadiqi yaşadığı Xətai rayonu, Levonovski küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsində və Xətai RPİ-in 37-ci Polis Bölməsində araşdırmalar aparılır.
Hökumət qapanmaya hazırlaşır? - AçıqlamaÖlkədə virusa yoluxanların sayı günbəgün artır. Bu səbəbdən də düşünürəm ki, qapanma olacaq. Hətta ola bilər ki, dərslər nəzərdə tutulduğu vaxtdan bir qədər gec başlasın. Əgər virusa yoluxma sayında ciddi artım olarsa, hökumət təhsil müəssisələrinin qapanmasına gedəcək və ölkədə yenidən distant təhsilin tətbiqinə başlanılacaq.

Bu sözləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

E.Qafarov qeyd edib ki, heç bir halda tədris prosesini dayandırmaq olmaz:

"Biz bir dəfə buna getdik və acı nəticələrini gördük. Hələ də bu nəticələr tam olaraq aradan qaldırılmayıb”.

Ekspertin dediyinə görə, əyani təhsilin yerini heç nə verə bilməz: "Bunu birmənalı şəkildə qəbul etməliyik. İndiki halda əyani təhsil əvəzolunmazdır".

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əgər aktiv xəstə sayı çox olarsa, məktəblərdə distant təhsil tətbiq oluna bilər:

“İndidən qəti bir söz demək bir qədər çətindir. Ancaq bütün dünyada, eyni zamanda Azərbaycanda da koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin mütəxəssisləri də yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacağını deyir. Fikrimcə, əgər yoluxma sayında kəskin artım müşahidə olunsa, təhsil müəssisələrində distant təhsil tətbiq olunacaq. Şagirdlər arasında kütləvi şəkildə virusa yoluxma hallarının qarşısını almaq üçün bu, qaçılmazdır”.
Hərbi gəmilərimiz Rusiyada - FotoAzərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Macarıstan irəliləyibAzərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin "Sürix" klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,750 xalla Polşa qərarlaşıb.

Azərbaycanın digər təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a rəqib olan "Ferentsvaroş" "Slovan" (Bratislava) komandasını əlavə vaxtda 4:1 hesablı qələbə sayəsində üstələyib və bununla da Macarıstan Slobakiyanı keçib. Hazırda Macarıstan 15,875 xalla 25-ci, Slovakiya 15,750 xalla 26-cıdır.

Eyni zamanda, Qazaxıstan aktivindəki xalların sayını 12,125-ə çatdıraraq, 30-cu pilləyə yüksəlib. 31-ci mövqeyə düşən Sloveniyanın 11,875 xalı var.

Litva 8,750 xalla 38-ci, Farer adaları 8,375 xalla 41-ci, İrlandiya 8,250 xalla 42-ci, Andorra 5,165 xalla 52-ci pilləyə yüksəlibsə, Lüksemburq 8,750 xalla 39-cu, Şimali İrlandiya 8,208 xalla 43-cü, Şimali Makedoniya 5,000 xalla 53-cü mövqeyə enib.
Tramp "CNN" telekanalını məhkəməyə verirABŞ-ın keçmiş prezidenti Donald Tramp "CNN" telekanalını məhkəməyə vermək niyyətindədir.

Bu barədə "The Hill" nəşri məlumat yayıb.

Bildirilib ki, Trampın vəkilləri telekanal rəhbərliyinə məktub göndərərək, böhtan xarakterli materialların silinməsini və buna görə üzr istənilməsini tələb ediblər.

Bu məqsədlə "CNN"ə 10 gün vaxt verilib. Əks təqdirdə vəkillər dəymiş ziyanı məhkəmə yolu ilə tələb edəcəklər.
Rusiya ərazisini vura bilərik - KiyevUkraynanın siyasi və hərbi rəhbərliyinin Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün kifayət qədər iradəsi var. Çünki onlar həmin mövqelərdən Ukraynanı atəşə tutur.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Milli Təhlükəsizlik və Müdafiə Şurası ərazimizdə baş verən bütün hərbi hadisələrə nəzarət edir. Biz Ukraynaya atılan bütün raketlərin hansı istiqamətdən gəldiyindən xəbərdarıq", - Danilov deyib.
"Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli oldu"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Avrasiya.net xəbər verir ki, təmsilçimiz Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gələcək.

Evdə Slovakiyanın "Slovan" (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan ölkə çempionu səfərdə üç top fərqi ilə qalib gəlib - 4:1

III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.

Qeyd edək ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.
"Qarabağ" Konfrans Liqasının qrupunu təmin edib"Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Avrasiya.net-in məlumatına görə, buna "köhlən atlar"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adlaması səbəb olub.

Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb.
Neqativ halların qarşısı qətiyyətlə alınacaq - Əli NağıyevBəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.

Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb.

O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq.
Ordumuz haqda xəbərə görə Şahmuradov həbs olunduSon günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.

Avrasiya.net Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət Fərəməz oğlu İbişbəyli, “miq.az” saytının rəhbəri Aqil Balabəy oğlu Alışov, Şirvan şəhər sakini Elçin Xankərəm oğlu İsmayıl, Lənkəran rayon sakini Əli Allahverdi oğlu Cabbarlı və Xaçmaz rayon sakini Nuranə Etibar qızı Fətəliyevaya “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, Feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Tofiq Təhmuraz oğlu Şahmuradovun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.