“KTMT-ya müraciət etmək Ermənistanın qorxaqlığının növbəti təzahürüdür” - İlham ƏliyevKTMT-ya müraciət etmək Ermənistanın qorxaqlığının növbəti təzahürüdür.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nın buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir.

Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-ya müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə. İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir. Yaxşı, necə ola bilər ki, bu yaxınlarda heç bir üzv ölkədən soruşmadan KTMT-nın baş katibini həbs etmisən.

Belə şeymi olar? Bu, tamamilə bütün beynəlxalq davranış qaydalarını pozan bir addım idi. KTMT-nın rəhbəri vəzifəsində olan insanı həbs etdilər. Onlara təzyiq olunandan sonra onu buraxdilar, amma cinayət işi hələ bağlanmayıb, davam edir. Beynəlxalq təşkilatın ali nümayəndəsini həbs edir. Ondan sonra bir il ərzində KTMT-ya rəhbər nəzərdə tutulmuş şəxsin namizədliyini bloklayıb, veto qoyub. Çünki əlifba sırası ilə olmalı idi. Ermənistandan sonra Belarusun nümayəndəsi olmalı idi, onun namizədliyi verildi. Amma bir il imkan vermədi ki, o öz fəaliyyətinə başlasın. Budurmu KTMT-ya münasibət? Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dan yardım istəyirsən? KTMT-nın Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır".
Prezident: "Qarabağda vuruşmaq istəyirəm" deyənlər hamısı...Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik.

Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var. Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır.

Yoxsa kimsə özündən burada küçə qəhrəmanı düzəltmək istəyirsə, bu, pis yoldur. Mən yenə də deyirəm, dünən Şəhidlər Xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır. Amma onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər.

O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”- deyə, dövlət başçısı qeyd edib.
Qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir - PrezidentBizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.

Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi.

Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək", - Prezident qeyd edib.
İlham Əliyev: Mən Xarici İşlər nazirini tapa bilmədim"Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De", - deyə dövlət başçısı Baş Nazir Əli Əsədova müraciət edib.

Hökumət başçısı isə bunları deyib: "Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur".

İ.Əliyev daha sonra deyib: "Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq".
Prezident: Erməni ordusu layiqli cavabını aldıBildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

“Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər.

Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar.

Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.

Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu” - deyə, dövlət başçısı bildirib.
Aqil Acalov: Biz təməli güclü milli birliyə dayanan millətik!İctimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov baş verən hadisələrlə bağlı öz fikirlərində bildirib:

Hər zaman qürur hissi yaşadan hadisələri gözü götürməyənlər olub və olacaqdır. Bu həyatın danılmaz reallığıdır.

Dünən xalqımız bir daha öz iradəsini, vətənpərvərlik hissinə əsaslanan milli mənəvi birliyimizin gücünü, dövlət və dövlətçiliyə olan bağlılığını bir daha göstərdi. Ancaq çox təəssüf ki, o möhtəşəm yürüşün arasında belə içimizdə olan xainlər bir daha öz üzlərini göstərdilər.

Xalqımızın bu cür həssas dövründə, müharibə şəraitində olduğumuz halda daxili çaxnaşma yaradaraq, provokativ hərəkətlər edərək öz məkrli siyasətlərini həyata keçirmək istədilər. Ancaq həmin anti-milli qüvvələrin və onların havadarlarının nəzərə almadıqları bir şey var - Azərbaycan xalqı öz dövləti və ordusu ilə həmrəydir! Gənclərimiz və bütün xalqımız cənab Ali Baş Komandanın ətrafında istər informasiya, istər silahlı müharibədə sıx birləşib. Biz təmkinlə ölkə başçısına güvənərək ən doğru qərarları ondan gözləyir, ondan alırıq, bu hər zaman belə olub, belə də olacaq.

Xainlər bilsin ki, biz milli ideologiyanın, milli ruhun bütünləşdirdiyi cəmiyyət olaraq onların vətənpərvərlik adı altında təqdim etmək istədikləri məkrli və qərəzli fikirlərinə uymarıq, dövlətimizi onlara yedirtmərik!

Biz təməli güclü milli birliyə dayanan millətik! Hər birimizin yolu Azərbaycançılıq yolu, dövlətçiliyimizin yolu olmalıdır.
Provokasiyalara, təxribatlara uymayın, prezidentimizə və dövlətimizə inanın.

Bu gün biz dövlət başçımızın ətrafında daha sıx birləşməli, var gücümüzlə dövlətimizə və ordumuza böyük inam hissi ilə dəstək olmalıyıq.
Güclü iqtidar, möhkəm siyasi iradə var - Sadiq Qurbanov“Dünənki aksiya, sonundakı bəzi təxribatçı hərəkətlər hesaba alınmazsa, ümumilikdə Azərbaycan xalqının öz dövləti, ordusu və prezidenti ilə həmrəylik nümayişi idi. Təəssüf ki, eynilə 90-cı illərin əvvəllərində olduğu kimi, yenə də müəyyən təxribatçı qüvvələr, qruplar birlik, həmrəylik nümayişimizə kölgə sala bildilər. O vaxt da Şuşa, Laçın, digər rayonlarımızın işğalı günlərində belə qüvvələr, qruplar Bakıda hər şeyi alt-üst edib, Azərbaycan xalqının fikrini cəbhədən yayındırmaq, şayiələr yaymaq, onun üzünəinamını qırmaqla məşğul idilər.”

Bunları Milli Məclisin Təbii Ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyulun 14-ü gecə Bakıda baş verənlərə münasibət bildirərkən deyib. Deputat “AzPolitika”-ya açıqlamasında xatırladıb ki, cəmiyyətdə təxribatçı qüvvələr, milli maraqları satanlar hələ də mövcud olsa da, Azərbaycan dövləti 90-cı illərin əvvəllərindəki dövlət deyil. “Əvvəla, o illərdən fərqli olaraq, güclü iqtidar, möhkəm siyasi iradə var. İkincisi, siyasi qüvvələr arasında həmrəylik var. Tasadüfi deyil ki, bu gün 43 siyasi partiya iqtidarla birlikdə həmrəylik bəyanatına imza atdı. Üçüncüsü, Azərbaycanda sabitliyin keşiyində möhkəm dayanan hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız var. Görünür hansısa dairələr Azərbaycan polisinin dünənki aksiyanın ümummilli məsələ - xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsilə bağlı olduğunu, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinin yaratdığı ovqatı nəzərə alaraq təmkinli davranmasından ruhlanıb, aksiyanın başa çatmasına yaxın təxribat törətməyə cəhd etdilər. Mən əminliklə bildirirəm ki, şəhidlərimizin, qəhrəman generalımızın qisası artıqlamasilə alınır və alınmaqda davam edəcək. Eyni zamanda ona da şübhə etmirəm ki, hüquq-mühafizə orqanlarımız dünənki təxribatın təhrikçilərini də qanun qarşısında cavab verməyə məcbur edəcək”.

“Hamı anlamalıdır ki, işğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir. Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”, - deputat fikrini yekunlaşdırıb.
QHT-lər Bakıdakı təxribatla bağlı bəyanat verdiAzərbaycanın Qeyri-Hökumət Təşkilatları orduya dəstək yürüşündə baş verən təxribatla əlaqədar bəyanat verib.

Avrasiya.net 846 QHT-nin imzaladığı bəyanatı təqdim edir:

- Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlərlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onun xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını darmadağın edərək canlı qüvvəsini məhv edib. İşğalçılar çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olub.

Ağır döyüşlər zamanı general-mayor Polad Həşimov, həmçinin, bir neçə zabit və əsgərimiz qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid olub. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə vətəni bərabər qoruduqlarını göstərən böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Eyni zamanda Ermənistanın artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu qətlə yetirilib. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, qadınları və uşaqları öldürmək erməni faşizminin və barbarlığının növbəti təzahürüdür. Tovuz rayonunda gedən döyüşlər bir daha onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa, düşmənin istənilən təxribatının və həmləsinin qarşısını almağa və işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Təəssüflə bildiririk ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, Azərbaycanın mülki əhalisini ağır silahlardan atəşə məruz qoyması, suveren ərazimizə hücum etməsi ilə bağlı məlumatlandırsa da, beynəlxalq təşkilatlar təcavüzkar dövlətə qarşı heç bir əməli tədbir görmür. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.

Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edib. Dəstək aksiyaları paytaxtla yanaşı ölkəmizin Xırdalan, Sumqayıt və digər şəhərlərində də keçirilib. Bu onu göstərir ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.

Bununla belə, təəsüflər olsun ki, bir qrup insan vətənpərvərlərin dünənki gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışıb. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib və orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq Milli Məclisin binasına qeyri-qanuni yolla daxil olaraq içəridəki avadanlığa zərər vurub, təxribat törədib. Bu zaman həmin qrup üzvləri tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş verib. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd ediblər.

Azərbaycan güclü dövlətdir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Biz, ictimai sektorun nümayəndələri olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin olunması və erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirik. Biz vətəndaş mövqeyi göstərərək milli birliyimizi və bərabərliyimizi pozmağa çalışan təxribatçılara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq.

Qeyd: Bəyanat ölkədə fəaliyyət göstərən 846 QHT tərəfindən qəbul edilmişdir.

15 iyul 2020-ci il Bakı şəhəri
"Biz rüsvayçı sülhü yox, ədalətli müharibəni seçmək zorundayıq"Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri


Əziz həmvətənlər!

Bu günlər ölkəmizin həyatında çox mühüm hadisələr baş verir. Məlum olduğu kimi Ermənistan Tovuz rayonu istiqamətindən ərazilərimizə hücum etdi. Ordumuz düşmənə layiqli cavab verdi, döyüşlər indi də davam edir, ermənilər canlı qüvvə sarıdan çoxlu itkilər verdi, düşmənin müdafiə qurğularına, istehkamlarına, ağır texnikalarına ordumuz tərəfindən ağır zərbələr vuruldu.

Ürək ağrısı ilə qeyd edirəm ki, ağır döyüşlər zamanı general-mayor Polad Həşimov və onunla bərabər bir neçə zabit və əsgərimiz qəhrəmancasına şəhid oldular. Şəhidlərimizə Allahdan rəhmət diləyir və millət olaraq onların qanını yerdə qoymayacağımızı əminliklə bildirirəm. Şəhidlərimizin qarşılanması mərasimində xalqımızın izdihamı, ruh yüksəkliyi, düşmənin başını əzmək istəyi və qərarlılığı bunu deməyə əsas verir.

Ermənistan ordusu mülki əhalimizə atəş açmaqla, sərhədlərimizdə təxribat törətməklə, ərazilərimizi işğalda saxlamaqla həm də dünyaya meydan oxuyur. Onun arxasında duran Rusiya da Ermənistanla bərabər ərazilərimizin işğalında məsuliyyət daşıyır. Eləcə də ATƏT-in Minsk qrupu, həmsədr ölkələr illərlə prosesi uzatdıqlarına, BMT Ermənistan -Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirməsinə nail olmadığına, Avropa Şurası və digər qurumlar ikili standartlar prizmasından hadisələrə yanaşdıqlarına görə qınanmalıdırlar.

Pandemiyanın tüğyan etdiyi, daxili gərginliyin yüksək səviyyəyə qalxdığı bir dövrdə Azərbaycana növbəti dəfə hücum etməklə Ermənistan rəhbərliyi həm daxili narazılıqlardan fikirləri yayındırmaqla gündəmi dəyişməyə çalışır. Belə bir zamanda hansısa hərəkəti hiss olunmayan bir sıra beynəlxalq təşkilatların heç nəyə yaramadığı üzə çıxır.

Azərbaycanın belə ağır şəraitində qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə hərtərəfli dəstək verməsi ilə bağlı sərgilədiyi mövqe xüsusi qeyd olunmalı və təqdir olunmalıdır. Azərbaycanın haqq işində ölkəmizə dəstək verən dövlətlərə və beynəlxalq qurumlara da təşəkkürümüzü bildiririk.

Qürurverici haldır ki, bu günlərdə xalqımız birlik və bərabərlik nümayiş etdirir. Şəhidlərimizə sayğı, ordumuza, əsgər-zabitlərimizə, dövlətimizə dəstək məqsədilə insanlarımız heç bir çağırış olmadan küçələri, meydanları doldurdular. Azərbaycan oğulları Qarabağ şüarı ilə dünyaya işğal altındakı torpaqlarımızı azad etmək üçün dava aparmağa hazır olduğunu hayqırdı, hamı yumruq kimi birləşdi. Belə bir zamanda, xalqımızın gücünü, birliyini dünyaya nümayiş etdirdiyimiz anda bir qrup təxribatçının Milli Məclisə, polis maşınlarına hücum etməsi qətiyyətlə pislənilməlidir. Birlik-bərabərliyimizə, şəhidlərimizin ruhuna hörmətsizlik edən 5-ci kalonun, müəyyən radikal kəsimlərin təmsilçiləri olduğu təxmin edilən hər bir təxribatçı sərt cəzalanmalıdır.

Belə bir həssas dönəmdə ölkənin əksər siyasi partiyalarının fikir müxtəlifliyinə baxmayaraq hakimiyyətlə birlik- bərabərlik nümayiş etdirməsi, birmənalı surətdə ordumuzu, dövlətimizi dəstəkləməsi çox təqdirəlayiq haldır. Dünyaya ciddi mesajdır. Hakimiyyət daha qərarlı surətdə problemin üstünə gedə bilər və getməlidir, çünki hamı bu ümummilli məsələdə hakimiyyətə dəstək mesajı verdi.

Azərbaycanda əsas gücləri kilidlədiyimiz, xalqımızın birliyini və ruh yüksəkliyini, ordumuzun qələbə əzmini gördüyümüz bir şəraitdə ərazilərimizi işğaldan azad etmək üçün sonadək qərarlı və əzmli surətdə döyüşməyə borcluyuq. Bu bir tarixi şəraitdir və bu tarixi şəraitdən istifadə etməliyik.
Biz illərlə millət və dövlət olaraq əraziləri işğal olunmuş, namusu tapdanmış, qüruru zədələnmiş, kimlərinsə səxavətinə sığınan boynu bükük toplum kimi dünyada rüsvay ola bilmərik. Biz rüsvayçı sülhü yox, ədalətli müharibəni seçmək zorundayıq. Ya Qarabağ, ya ölüm! Başqa yolumuz yoxdur...

Millət olaraq ya düşmənin başını əzib ərazi bütövlüyümüzü bərpa etməliyik, ya məhv olmalıyıq. Bu problem həll olunmalıdır, gələcək nəsillərə bu problemi miras buraxmaqdan şərəfsiz iş ola bilməz.

İllərlə Ermənistana dəstək verən və indinin özündə də bu dəstəyi davam etdirən Rusiya da bizim qərarlılığımızı, qəzəbimizi və sonadək mübarizə aparmaq əzmində olduğumuzu hiss etməlidir.

Bəsdir xırda hisslər və hədəflər uğrunda mübarizə apardıq. Biz daha böyük hədəflər Böyük Azərbaycan uğrunda mübarizə aparmalıyıq.
Ən yaxşı müdafiə hücumdur. Naxçıvandandan da, Qarabağdan da düşməni vurmalıyıq. Torpaqlar azad edilənədək müharibə aparmalıyıq.

İndiki həssas məqamda qətiyyən ən xırda təxribata belə yol vermək olmaz. Bütün sivil və dini qurumlar bunu qulaqlarında sırğa etsinlər.

Qələbə uzaqda deyil və biz, birlikdə qalib gələcəyik!
"Cəmiyyətimiz ordumuz kimi yüksək döyüş və həmrəylik notlarına köklənib"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədimizin Tovuz istiqamətində törətdiyi son təxribatları ilk növbədə düşmənin özü üçün ağır nəticələrə səbəb oldu. Belə ki, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi. Erməni silahlı qüvvələri 100 nəfərdən çox əsgər və zabitini itirərək geri çəkilməli oldu. Eyni zamanda Ermənistanın beynəlxalq imicinə ciddi zərbə dəydi.

Təəssüflə qeyd etməliyik ki, bu ağır döyüşlər zamanı ordumuz da itkilərlə üzləşdi. General-mayor Polad Həşimov başda olmaqla 11 zabitimiz və əsgərimiz şəhidlik zirvəsinə ucaldılar. General Həşimovun bu döyüş əməliyyatları zamanı şəhid olması hər birimizi məyus etsə də, lakin eyni zamanda hamımızın onunla qürur duymağımıza vəsilə oldu. Şəhid general əsgərlərin yanında, döyüşün lap ön mövqeyində olmağıyla tarix yazdı. Bu həm də Azərbaycan generallarının erməni generallarından fərqini ortaya qoydu. Haqq işi uğrunda, öz torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Polad Həşimovun bu nümunəsi onu göstərdi ki, Azərbaycan generalları əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni birlikdə, çiyin-çiyinə qoruyurlar. Belə zabitlərimizlə gerçəkdən də qürur duymağa dəyər. Allah hərbçilərimizə rəhmət eləsin. İnşAllah şəhidlərin qanı yerdə qalmayacaq.

Heç kimə sirr deyil ki, bu gün Ermənistan özünü sivil ölkə kimi, adekvat dövlət kimi yox, daha çox terrorçu təşkilat kimi aparır. Sərhəd rayonlarımızda mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni terrorizminin və vandalizminin bariz nümunəsidir. Məhz Ermənistanın son günlər dövlət səviyyəsində nümayiş etdirdiyi terrorizm nəticəsində Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi ilə Ağdam kəndinin sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlu həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək heç bir insanlıq normalarına sığmır. Bu dərəcədə faşizm və barbarlıq nümayiş etdirmək beynəlxalq konvensiyalara da tamamilə ziddir. Düşmənin mülki vətəndaşlarımızı hədəfə alması heç də təsadüfi deyil. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, dərhal bütün dünyaya bunu mülki obyektlərin Azərbaycan tərəfindən hədəf götürülməsi kimi təqdim etsin. Bu da bir erməni xislətinin iyrənc təzahür formasıdır. Bu ölkənin hakimiyyəti də bütün ermənilər kimi xəstə təfəkkür daşıyıcısıdır.

Ancaq bu kimi hiyləgər üsullar və saxtakarlıqlar nə Paşinyan iqtidarını, nədəki Ermənistanın millətçi-faşist ovqatına köklənmiş cəmiyyətini labüd məğlubiyyətdən xilas edə bilməyəcək. Çünki bu gün onların çox güvəndikləri Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Əksər erməni zabitləri və əsgərləri döyüşməkdən imtina edib, qaçmaq istəyirlər. Lakin onlar polislər və hərbi patrullar tərəfindən məcburən saxlanılır və həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi əks etdirən onlarla videoların yayılması da təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, zabitlər özləri də yayırlar; Bu görüntüləri hər kəs internet üzərindən izləyib Ermənistan ordusunda hökm sürən psixoloji çöküşün şahidi ola bilər.

Lakin Azərbaycan ordusunda isə durum tam fərqlidir. Bizim zabitlərimiz də, sıravi əsgərlərimiz də düşməndən yüksək döyüş əhval-ruhiyyəsi və Qələbə əzmi ilə fərqlənirlər. Son döyüşlər də bir daha göstərdi ki, hər bir hərbçimiz ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Erməniləri ciddi şəkildə narahat edən və qorxu altında saxlayan başlıca amil də elə budur. Erməni generalları dərk edirlər ki, bu gün onların qarşısında dayanan qüvvə artıq 90-cı illərin pərakəndə könüllü döyüş dəstələri deyil, yüksək hazırlıqlı nizami ordudur. Zənnimcə, Paşinyan da gördü və əmin oldu ki, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşlərində Serj Sərkisyan da bunun şahidi olmuşdu. Lakin Paşinyan öz sələfinin acı aqibətindən dərs çıxarmaq əvəzinə, əksinə, eyni səhvi təkrarladı. Bizim Silahlı Qüvvələrimiz adekvat cavab tədbirləri və döyüş hazırlığı ilə Ermənistanın baş nazirinin bütün planlarını alt-üst etdi. Hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr də bunu bir daha təsdiq edir.

Cəmiyyətimiz də ordumuz kimi yüksək döyüş və həmrəylik notlarına köklənib. Biz bunu ötən gecə baş tutan Orduya dəstək yürüşündən də hiss etdik, gördük. Minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, Ali Baş Komandanımıza, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirirdilər. Dəstək aksiyaları həmçinin Xırdalanda, Sumqayıtda və ölkəmizin digər şəhər və bölgələrində də keçirildi. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir.

Mən vətənpərvər gənclərimizin böyük bir coşğu ilə ordumuza dəstək yürüşünə çıxmalarını, Ali Baş Komandandan onları döyüşə göndərməsini istəmələrini əks etdirən kadrları izləyəndə inanın ki, çox duyğulandım, qürur duydum. Xalqın əsgər və zabitlərimizə səmimi və planlaşdırılmamış dəstəyini göstərən bu yürüşü əminəm ki, hərbçilərimiz də izləyiblər. Bu gün səngərlərdə düşmənlə üz-üzə duran hərbçilərimiz bir daha hiss etdilər ki, xalq onların arxasında dayanıb və insanlarımız ordumuzu sevir, ordumuzla qürur duyur. Bu olduqca qüvvətli psixoloji amildir.

Ancaq bir qrup insanın yaranmış vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə çalışmaqları heç də xoş olmadı. Onlar orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq süni surətdə iğtişaş yaratmağa çalışdılar. Qanunsuzluğa yol verərək zorla Milli Məclisin binasına daxil oldular. Bu təxribatçılar hətta jurnalistlərə də zorakılıq edirdilər. Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları qışqıran bu təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd göstərdilər. Ancaq onların qanunazidd əməllər törətmələri dünən gecə baş tutan möhtəşəm yürüşə kölgə sala bilməz. Çünki xalqımız və polislərimiz onlara bu fürsəti vermədi. Xalqımız və polislərimiz “beşinci kolon”un pozuculuq niyyətlərinin gerçəkləşdirilməsinə mane oldu.

Bu bir sarsılmaz həqiqətdir ki, xalqla dövlətin arasında kimsə sədd ola bilməz. Biz dünyaya dövlətlə xalqın birliyini, ordu ilə cəmiyyətin həmrəyliyini nümayiş etdirə bilirik. Axşamkı hadisəni törədən təxribatçı ünsürlər isə əminəm ki, tezliklə qanun qarşısına çıxarılacaq və cəzalarını alacaqlar. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifahı bir ovuc ünsürün pozucu niyyətlərinə qurban verə bilmərik. Onların nazıyla oynaya bilmərik. Əldə etdiyimiz bu böyük nailiyyətləri hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu gün ölkədəki sabitliyin və milli təhlükəsizliyimizin qorunması hər birimizdən asılıdır.

Bu arada siyasi partiyaların nümayiş etdirdiyi həmrəylik mövqeyini də olduqca təqdirəlayiq hal kimi qiymətləndirirəm. Sərhədimizin Tovuz istiqamətində düşmənin törətdiyi son təxribatla əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı belə bir kritik məqamda Ali Baş Komandana açıq dəstəyin təzahürüdür. Bu mənada istərdim ki, sözügedən bəyanatın mətni ilə hər kəs tanış olsun. Bəyanatda deyilir:

“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.

Bu bəyanat Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazıla biləcək hadisələrdən biridir. Çox şadam ki, bu bəyanatın altındakı imzaların içində mənim də imzam var. Hesab edirəm ki, siyasi partiyaların belə bir həssas dönəmdə birlik və bərabərlik nümayiş etdirmələri, onların xalqın və Ali Baş Komandanın yanında olmaları əslində hər kəsə nümunə olmalıdır. Biz hamımız təxribatçı qüvvələrin, “beşinci kolon”un vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısını birlikdə almağa çalışmalıyıq.

Bu da sevindirici haldır ki, dünyanın bütün mütərəqqi qüvvələri, əksər beynəlxalq təşkilatlar bizim haqq mövqeyimizi dəstəkləyirlər. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan isə KTMT-ni münaqişəyə cəlb etməklə dəstək qazanmağa çalışsa da, lakin bu məqsədinə nail ola bilmədi. Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq KTMT və üzv dövlətlər bu məsələdə olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar.

Bu isə Ermənistan rəhbərliyinə əsl şok yaşatdı. Paşinyan da, erməni xalqı da əmin oldu ki, Azərbaycanın KTMT-də müttəfiqləri daha çoxdur və Ermənistanın bundan sonra KTMT-dən heç vaxt ciddi gözləntiləri olmamalıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının belə bir mövqe tutması rəsmi İrəvan üçün həm siyasi, həm də hərbi müstəvidə ağır məğlubiyyət sayılır.

İndi biz ona çalışmalıyıq ki, Ermənistanın davakar rəhbərliyi ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən də, BMT və Avropa Birliyindən də, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlardan da eyni sarsıdıcı reaksiyanı və zərbəni alsın. Atəşkəs rejimini kobud surətdə pozmasına görə, mülki əhalimizi ağır silahlardan bombalamasına görə Ermənistana qarşı ciddi təzyiq edilməlidir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, erməni hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə görə bu ölkəyə sanksiyalar tətbiq etməlidirlər. Biz bütün beynəlxalq təşkilatları ədalətli qərarlar qəbul etməyə və dünyanı yeni faşizm meylləri ilə təhdid edən təcavüzkar Ermənistanı sanksiyalarla cəzalandırmağa çağırırıq!