Sizin Reklam Burada

Kamillik zirvəsinin 80-ci pilləsi

Kamillik zirvəsinin 80-ci pilləsiƏməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi ilə bağlı Millət vəkili Sahib Alıyevdən duyğulu xatirələr

Bu ilin mayında dəyərli Qədir müəllimin 80, mənim dədəmin isə 90 yaşı tamam olur. Biri mayın 18-də, o biri 21-də doğulub. Bir-birindən xaraktercə fərqlənsələr də, bənzərlikləri də az deyil. Mənim dədəm sərt adamdır, Qədir müəllimsə mülayim. Hər halda, onu elə tanıyıram.
Amma uşaq vaxtı heç kimdən, hətta müəllimlərimdən də bu mülayim adamdan çəkindiyim qədər çəkinməmişəm. Nə gizlədim, eyni zamanda da içimdən böyüyəndə Qədir müəllim olmaq keçib. Düzdür, Qədir müəllim ola bilməsəm də, hər halda ona verdiyim sözü tutmuşam, yəni yoluyla getmişəm. Onda ya 7, ya da 8-ci sinifdə oxuyurdum.

O sözün necə verildiyinə keçməmişdən deyim ki, Göyçə mühitində şeir yazmaq, saz çalmaq istedad sayılmırdı. Bunlardan heç olmasa, birini bacarmayana qəribə baxırdılar. Mən ha cəhd etdim, saz çalmağı öyrənə bilmədim. Bir yolum qalırdı, özümü təsdiqləmək üçün şeir yazmalıydım. Yazdım da. Hətta şeirlərim o zaman “Pioner” jurnalında da çap olunmuşdu.

Bir gün Basarkeçərdə çıxan “Bolluq uğrunda” rayon qəzetində Zəlimxan Yaqubun şeirlərini görəndə mən də öz cızma-qaralarımı orada dərc etdirmək fikrinə düşdüm. Nə əcəbsə, dədəm də qoşuldu mənə və biz üz tutduq adı dəyişdirilib “Vardenis” qoyulan o qəzetin redaksiyasına. Onu da deyim ki, qəzetin baş redaktoru Yunis müəllim dədəmin dostu, baş redaktorun müavini Ənvər müəllim isə qohumumuz idi. İlk qapısın döydüyümüz də təbii ki, elə Ənvər müəllim oldu. Həm də ona görə Ənvər müəllim oldu ki, çox açıb-ağartmasa da, o da şeir yazırdı.

Şeirdən yaxşı başı çıxan qohumumuzun cızma-qaralarımı bəyənməsi, “bunları doğrudanmı özün yazmısan” deməsi məni ikiqat sevindirdi. Ancaq sual deyəsən dədəmin xoşuna gəlməmişdi, o üzdən də qayıtdı ki, “ay Ənvər, bəs kim yazasıdır, sən bilmirsən məndə o qabiliyyət yoxdur, bunda şair Məmmədhüseynin geni özünü göstərir”.

Açığı ilk dəfə orada bildim ki, Məmmədhüseyn (Göyçədə Məmmədsöyün deyirdilər) mənim ana babamın babası imiş. Nə isə Ənvər müəllim, dədəm və mən getdik baş redaktorun yanına. Bax, Qədir müəllimi də ilk dəfə onda gördüm. Yadımdadır ki, baş redaktor Qədir müəllimi qəzetdə gedən və deyəsən rəhbərliyin narazılığına səbəb olan hansı yazıylasa bağlı irad bildirmək üçün çağırmışdı. Elə oradaca belə başa düşdüm ki, xırda vergül səhvindən tutmuş, qəzetdə narazılıq doğuran nə olsa, buna görə məsul katib, yəni Qədir Aslanov cavabdehlik daşıyır. Və oradan çıxanda Ənvər müəllimin dədəmə deməsindən onu da öyrəndim ki, əslində Qədir müəllimə nahaq yerə irad bildirilirmiş.
Sonradan özüm jurnalistika fakültəsində təhsil alanda və redaksiyalarla sıx əməkdaşlıq edəndə tam anladım ki, qəzetdə məsul katiblikdən sözün hər anlamında çətin və qəliz bir iş yoxdur. Və qəribə görünsə də, baş redaktorun öz yerində olub-olmamasının, vəzifəsinin öhdəsindən gəlib-gəlməməsinin məsuliyyətini də sovet dönəmində elə məsul katib daşıyırdı.


Mənim jurnalistikaya üz tutmamın səbəbi də məsul katiblə o görüş oldu. Çünki baş redaktorun yanındakı söhbətdən anlaşıldı ki, şeirlərim rayon qəzetində dərc edilməyəcək. Basarkeçərin o zamankı daşnak rəhbəri kiçik istisnaları çıxmaqla yerli qəzetdə ümumiyyətlə, bədii yazıların çap edilməsinə qadağa qoymuşdu. Elə oradaca mənə məsləhət edildi ki, qələmimi qəzet üçün xəbər və reportaj yazmaqda sınayım. Bu xəbərlər və nə demək olduğunu anlamadığım reportajları isə aparıb verməli idim bizim rayon qəzetində çalışanlar arasında yeganə jurnalist təhsili almış, görünür ona görə də üstünə məsul katib yükü qoyulmuş Qədir Aslanova.

Bəlli səbəbdən reportaj janrına ümumiyyətlə, girişmədim, xəbərə gəldikdə, onu yazmaq mənə çox asan görünsə də, ilk təcrübələr göstərdi ki, bu, qətiyyən elə deyilmiş. Amma Qədir müəllim böyük humanistlik edərək heç vaxt üzümə vurmadı ki, gətirdiyin bir şeyə yaramır. Əksinə, hər dəfə həvəsləndirirdi ki, mən uşaq ola-ola guya orada işləyənlərin çoxundan daha yaxşı yazıram. Bilmirəm, bəlkə də elə idi, amma oxuyanda görürdüm ki, altında adım gedən, sonra da qonorarını aldığım yazıların az qala yarısı, bəzən isə daha çoxu öz qələmimin məhsulu deyil. Onu məsul katib yazırdı. Aradan 45 il, hətta bir az da artıq vaxt keçməsinə, gec olmasına baxmayaraq indi deyirəm ki, Qədir müəllim, haqqınızı halal edin!

Ancaq orasını da bilin ki, o zaman qəzetdə Sizinlə rastlaşmasa və haqqınızda “jurnalistika fakültəsini bitirmiş ilk göyçəli” sözlərini eşitməsəydim, mən jurnalist olmayacaqdım. Düzdür, Göyçədə Qədir müəllimdən öncə Qəşəm Aslanovun jurnalist təhsili aldığını deyənlər vardı. Amma rəhmətlik Qəşəm müəllim universitetdə oxuyanda jurnalistika ayrıca fakültə deyildi, filologiyanın tərkibində bir şöbəydi. Qədir Aslanov isə məhz jurnalistika fakültəsinin məzunu idi.

Yeniyetməykən belə bir adamın dilindən guya yaxşı qələmim olduğunu eşitməm məni öncə Azərbaycan Dövlət Universiteti, onun ardından da Moskva Dövlət Universitetinin Jurnalistika fakültələrinə aparıb çıxardı. Nəticədə, təvazökarlıqdan uzaq olsa da, deyim ki, bəlkə də, bir jurnalist kimi Qədir müəllimdən daha çox tanındım. Amma nə mən jurnalistikanı onun qədər sevdim, nə də jurnalistika məni.

Qədir müəllimin iki övladı – oğlu Möhsümlə qızı Esmiranın onun yolunu davam etdirməsi elə məncə, bu haqda çox şey deyir. Amma bizim yubilyarın jurnalistikaya sədaqəti özünü ən çox da onda göstərir ki, mən Sahib Alıyev bu sənətdə ilk addımlarımı atdığım zaman necə həvəsli idimsə, hazırda 80 yaşı olmasına baxmayaraq Qədir Aslanov bu gün də eyni şövqlə çalışır.

Ruslarda bir məsəl var deyirlər ki, general olmaq istəməyən əsgərdən yaxşı hərbçi çıxmaz. Amma türklər yaxşı generalı məhz əsgər adlandırırlar. Məncə, ikinci yanaşma daha doğrudur. Yəni əsl general öz millətinə və dövlətinə həmişə əsgər kimi xidmət etməlidir. İndi Qədir müəllim də neçə kitab yazmasına, təcrübəli publisist sayılmasına, jurnalistikanın generalı olmasına baxmayaraq, yenə də müxbirliyini, yəni əsgərliyini qoruyub saxlayır. Əminəm ki, o, şöbə müdiri işlədiyi “Respublika” qəzetində ən sıradan redaksiya tapşırığını yerinə yetirmək üçün hara lazımdır gedəsi və xəbər, reportaj, intervü, oçerk - fərqi yoxdur, bütün janrlarda eyni həvəslə yazası biridir. Bu baxımdan isə artıq Qədir Aslanov nəinki Göyçədə, məncə bötövlükdə Azərbaycanda barmaqla göstəriləcək ustaddır.

Ustadı təbrik edib, sağlam ömür və yeni yaradıcılıq uğurları arzulamamışdan öncə bu yazının əvvəlində dədəmlə bir ayda doğulub fərqli xarakter daşımaqla yanaşı, bəzi oxşarlıqlarının da olduğunu vurğulamışdım ki, indi ona qayıdıram. Öncə deyim ki, dədəm də Qədir müəllim kimi öz sənətinə sədaqətlidir. Ömrünün yarım əsrini təhsilə sərf etmiş, artıq 12 ildir təqaüdə çıxmış, daha dəqiqi çıxarılan bu adam baxırsan, arada yuxuda görür ki, guya yatıb dərsə gecikib. Onun ən qorxulu yuxusu da elə odur, təsəvvür edirsinizmi?

Qədir müəllim xoşbəxtdir ki, hələ də çalışır və işlə bağlı Eyvaz müəllim kimi röya görmür. Fəqət hər ikisi heç vaxt və heç kimə arzulamadıqları bir qorxulu röya ilə üzləşiblər – həyat yoldaşlarını çox tez itiriblər. Bu röyadan, bu itkidən keçirdikləri sarsıntı qədər də ancaq onu yaşayanların tam dərk edəcəyi əziyyət çəksələr də, nə Qədir, nə də Eyvaz müəllim yenidən evləndilər...

Davamını yazmaq olmur, çünki göz yaşları məni boğur. Eybi yox, yalquzaq haqqında anlayışı olanlar ardınca nə yazacağımı onsuz da bilirlər. Bilirlər ki, onlar hər ikisi Qurd oğlu Qurddur...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər