Biz heç vaxt müharibə istəməmişik
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Mayın 10-da, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və bura köçmüş ilk sakinlərlə görüşdülər. Dövlətimizin başçısı görüşdəki çıxışında Ümummilli Liderin ən böyük arzusunun bu reallıqları görmək, işğala son qoymaq olduğunu xüsusi vurğulayaraq bu reallığı da diqqətə çatdırdı ki, məhz onun fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoyduq. Ona qədər hansı hadisələrin baş verdiyi məlumdur. Hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi, bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi oldu. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi: “Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar.”
Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Şuşa yiyəsiz qaldı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı: “İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.”
Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Ulu Öndər Heydər Əliyev qurtara bilər. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə bugünkü reallıqların əsası qoyuldu. Ulu Öndər zəngin idarəçilik təcrübəsindən bəhrələnərək Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edib inkişaf, tərəqqi yoluna çıxardı. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ münaqişəsi gündəliyə daxil edilməsin, onun əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmasın. 1994-cü il mayın 12-də Ulu Öndərin səyləri nəticəsində atəşkəsə nail olmaqla sabitlik yarandı və bütün sahələrdə uğurlu inkişafa yol açıldı.
Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, o vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və nə mənim atam, nə də mən heç vaxt o atəşkəslə barışa bilməzdik: “Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.”
Cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən, soydaşlarımızın bu torpaqlara qayıdışından geniş bəhs etdi. “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpası da tarixi Zəfərimizin yaratdığı reallıqlar sırasındadır. Cənab İlham Əliyev Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində “Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır” söyləyərək onu da bildirdi ki, Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi də qiymətləndirə bilərik.