Günlük yoluxma 427 mini ötdü - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 427 mindən çox artıb.

Avrasiya.net TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 427 964 nəfər yeni koronavirusa yoluxub, 8 156 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 349 248, ölənlərin isə 2 787 593 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 29 968 464 nəfər. Siyahıda daha sonra Braziliya (12 534 688), Hindistan (12 095 855), Rusiya (4 536 820), , Fransa (4 481 165), Böyük Britaniya (4 337 700), İtaliya (3 544 957), İspaniya (3 270 825), Türkiyə (3 240 577), Almaniya (2 791 822), Kolumbiya (2 382 730) və Argentina (2 308 597) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bu gün azərbaycanlıların soyqırımı günüdür31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
FHN intihar etmək istəyən şəxsi belə xilas etdi - Video30 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada intihara cəhdlə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Avrasiya.net xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki yaşadığı mənzilin eyvanına çıxaraq intihar niyyətini nümayiş etdirir.

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirməklə hadisə ilə bağlı zəruri və operativ məlumatlar toplayaraq, intihara cəhd edən vətəndaşla psixoloji söhbət taktikasını müəyyən edib onunla müvafiq söhbətlər aparıblar. Bu zaman, paralel olaraq, təhlükəsizlik məqsədilə eyvanın altında – binanın həyətində təhlükəsizlik yastığı da quraşdırılıb.

Aparılan psixoloji söhbətin nəticəsi olaraq vətəndaş intihar niyyətindən daşınıb və onun bağlı saxladığı mənzilin qapısının xilasedicilər tərəfindən xüsusi vasitələrlə açılması təmin edilərək vətəndaş xilas olunub.
Millimiz bu dəfə də məğlub olduFutbol üzrə Azərbaycan yığması 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Avrasiya.net xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.

Görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiya millisinin heyətində Aleksandar Mitroviç dubl edib. Seçməmizin qolunu isə Emin Mahmudov vurub.

Qeyd edək ki, Azərbaycan millisi bundan öncə Portuqaliya və Qətərə uduzmuşdu.

Vətəndaşların hüquqi maarifləndirilməsinə xidmət edən təşkilat yaranıbAzərbaycanda vətəndaş cəmiyyəti sıralarına daha bir təşkilat əlavə olunub.

"Olaylar" xəbər verir ki, sözügedən təşkilat İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması İctimai Birliyidir.

Mərkəzi ofisi Gəncədə yerləşən İctimai Birliyin sədri Sitarə İsrafilqızı bildirib ki, rəhbərlik etdiyi təşkilatı təsis etməkdə məqsəd əsasən vətəndaşlar, cəmiyyət arasında hüquqi maarifləndirməni inkişaf etdirməkdir:

"İlkin olaraq İctimai Birlik 44 günlük Vətən müharibəsinin iştirakçısı olan şəhidlərimizin ailələrinə, qazilərimizə hüquqi cəhətdən dəstək olmağı qarşıya məqsəd qoyub. Bir sıra məsələrə var ki, şəhid ailələri və qazilərimizin həmin istiqamətdə hüquqi cəhətdən maarifləndirilməsimə ehtiyac var. Bu sıraya əlillik dərəcələrinin verilməsi, müvafiq yardımların təyin edilməsi və s. istiqamətdə hüquqi cəhətdən maarifləndirmək daxildir. Biz də təşkilat olaraq qeyd etdiyimiz təbəqədən olan vətəndaşlarımıza bacardığımız qədər hüquqi dəstək oluruq".

Sitarə İsrafilqızı deyib ki, yaxın gələcəkdə İctimai Birlik cəmiyyətimizin digər təbəqədən olan vətəndaşları üçün də maarifləndirmə xarakteri daşıyan təlimlər təşkil etməyi, seminarlar keçirməyi nəzərdə tutur. Təşkilat sədri onu da diqqətə çatdırıb ki, ekologiyanın qorunması da İctimai Birliyin qarşısında duran mühüm vəzifələr sırasındadır:

"Təəssüflə qeyd etmək istərdim ki, bir çox hallarda ekoloji qanunvericiliyin tələblərinin pozulmasının şahidi oluruq. Bu kimi neqativ hallara qarşı biz də İctimai Birlik olaraq müvafiq dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ekologiyanın qorunması işində fəal iştirak edəcəyik".
Türkiyə Rusiya qırıcılarının qarşısını aldıRusiyanın bombardmançı təyyarələrinin və qırıcılarının qarşısını almaq üçün Norveç, İngiltərə, Belçika, İtaliya, Rumıniya, Bolqarıstan və Türkiyəyə məxsus qırıcılar havaya qalxıb.

Axar.az xəbər verir ki, NATO-ya məxsus qırıcılar Şimal dənizi, Qara dəniz, Baltik dənizi və Şimali Atlantika regionunda Rusiya təyyarələrinin gözlənilməz uçularına qarşı 10 dəfə havaya qalxıb və 6 dəfə yayındırma əməliyyatını icra edib.

Rusiya təyyarələrinin NATO hava məkanına daxil olmadığı da bildirilib.
Yazıçı Qalib Şəfahətin Türkiyədə kitabı dərc olunduYazıçı Qalib Şəfahətin “Ölümlə Yüz Yüzə” hekayələr kitabı qardaş Türkiyədə işıq üzü görüb.

Bu haqda Avrasiya.net-ə yazıçının özü məlumat verib
Kitab qardaş ölkənin ünülü nəşriyyatlarından olan “Asmaalti Yayınevi” də nəşr olunub .

Kitabı Türkiyə türkcəsinə Azərbaycan ədəbiyyatının yaxın dostu, yazıcı Abdulkadır Özkan tərəfindən tərcümə edilib.

Bu, müəllifin Türkiyyədə işıq üzü görən ikinci kitabıdır. Bundan qabaq, 2017-ci ildə yazıçının “Kırıq Merdiven” hekayələr kitabı işıq üzü görmüşdür.
Azərbaycan Ordusunun hərbçisi həlak olduAzərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Zöhrabov həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə martın 22-də baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər İlkin Ramin oğlu Zöhrabov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Hindistan müstəqilliyinin 75-ci ildönümünün qeyd edirHindistan hökuməti 15 avqust 2022-ci il tarixində müstəqilliyinin 75-ci ildönümünü qeyd edəcək və Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən festival müstəqilliyin 75 illiyinin qeyd olunacağı 15 avqust 2022-ci il tarixindən 75 həftə əvvəl başladı. Tədbirlər 15 avqust 2023-cü ilə qədər davam edəcək.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirlərin tərkib hissəsi kimi, Hindistanın Bakıdakı Səfirliyi 30 mart 2021-ci il tarixində onlayn interaktiv tədbir təşkil etdi. Tədbir Hindistan səfiri Zati-aliləri cənab B. Vanlalvavnanın açılış nitqi ilə başladı. Mili Məclisin deputatı və Azərbaycan-Hindistan parlament əlaqələri üzrə İşçi Qrupunun rəhbəri Zati-aliləri cənab Naqif Həmzəyev tədbirə fəxri qonaq qismində iştirak etdi. Tədbirdə Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak etdilər.

Tədbir iştirakçılarını salamlayan Hindistan səfiri, tədbirlərin əsasını təşkil edən 5 hissədən - azadlıq mübarizəsi, ideyalar, nailiyyətlər, fəaliyyətlər və qətiyyət barəsində danışdı və hər kəsi 75-ci ildönümünün qeyd olunması münasibətilə keçirilən tədbirlərə qoşulmağa dəvət etdi. Azadlıq uğrunda mübarizə aparan döyüşçülərin etdiyi saysız-hesabsız fədakarlığı böyük ehtiramla yad edən Səfir, fədakarlıqların sayəsində Hindistanın təməli olan demokratik qurumların illər keçdikcə inkişaf etdiyini və gücləndiyini söylədi. Səfir, həmçinin Hindistanın qlobal iqtisadiyyatda payının artırılmasında Atmarnirbhar Bharat kampaniyasının verdiyi əhəmiyyətdən bəhs etdi.

Cənab Naqif Həmzəyev çıxışında qeyd etdi ki, Hindistan ən böyük konstitusiya respublikasıdır. Hindistanın iqtisadiyyatı dünyanın ən sürətli böyüyən iqtisadiyyatıdır və iqtisadiyyatın artım nisbəti təxminən 7,5%-dir. Eyni zamanda Hindistan qlobal istehsal və innovasiya mərkəzidir. Daha sonra o bildirdi ki, Hindistanın canlı xarici siyasəti və ikitərəfli və çoxtərəfli səviyyələrdə diplomatik əlaqələri var. O, Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin xüsusi əhəmiyyət daşıdığını söylədi. Hindistan və Azərbaycanın sivil əlaqələri, mədəni yaxınlıqları və digər mədəniyyətlərə hörmət və anlaşma dəyərlərinə əsaslanan dostluq əlaqələri və inkişaf edən ikitərəfli əməkdaşlıq əlaqələri olduğunu söylədi.

Proqram zamanı İkinci katib cənab Suceş Çandra Sinha tərəfindən Hindistanın əldə etdiyi müvəffəqiyyətlərə dair təqdimat edildi. Azərbaycandakı Hindistan diasporasının rəhbərləri cənab Jacob Mathew, cənab Anand Menon və xanım Srucana Çandra Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması ilə əlaqəli mövzularda çıxış etdilər.
Azərbaycanda 19 yaşlı sevgilisini öldürən oğlandan ŞOK SÖZLƏR: Başqası ilə... - TƏFƏRRÜAT/VİDEOGəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.

Tələbə yoldaşı 20 yaşlı Sərdar Cəfərovla sevgili olan Pərvinin onunla münasibətləri fevral ayından pisləşməyə başlayıb.

Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.

Sərdar Cəfərov istintaqa ifadəsində deyib ki, keçmiş sevgilisinin bu sözləri ona pis təsir edib və onun başqa sevgilisi olduğu barədə sözləri eşitmək istəməyib: “Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq “Kəs səsini, sus, danışma” deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim”.

Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd “skoç” alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini “skoç”la bağlayıb. Daha sonra onu avtomobilində "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Pərvin Musayevanın axtarışda olduğu bir ay ərzində Sərdar Cəfərov dəfələrlə dindirilsə də, həmin görüşdən sonra qızın çıxıb getdiyini və daha sonra məlumat almadığını deyirmiş. Polisin onu dindirdiyi sonuncu ifadə zamanı isə sevgilisini öldürdüyünü etiraf etməli olub.

Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. (qafqazinfo)