"Bu gün formalaşan nəsil gələcək Azərbaycandır"Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor

Ölkməizin idman aləmində öndə tanınması, idmançılarımıza dəstək, gənclərin hərtərəfli formalaşması üçün lazımi strukturların uğurlu fəaliyyəti, beynəlxalq idman yarışlarına ölkəmizin yüksək səviyyədə ev sahibliyi etməsi və s. kimi uğurlarımız birmənalı olaraq ölkəmizin uğurlu idman siyasətinin nəticəsidir.

Məlum məsəlidir ki, hər bir demokratik dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də, gələcək inkişafının təminatçısı olan gənclərin yetişdirilməsidir. Bu missiyanın yerinə yetirilməsində təhsil və idman müəssisələrinin rolu böyükdür. Respublikamızda təhsillə bağlı qəbul edilən normativ hüquqi sənədlərdə tələbə-gənclərin şəxsiyyətinin formalaşdırılmasında fiziki tərbiyəyə xüsusi önəm verilir. Ulu öndər Heydər Əliyev demişdir ki, “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətlərdir. Azərbaycanda da idmanın fiziki tərbiyyənin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur. Bu xalqımızın gələcəyidir, gələcək nəsillərin daha sağlam olmasının əsasıdır. Biz idmana, fiziki tərbiyəyə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk...”
Həqiqətdir ki, artıq ölkəmizdə vətənpərvər, fiziki və mənəvi cəhətdən sağlam nəsil formalaşıb. Biz buna 44 günlük müharibədə tam əmin olduq.

Sağlam, gümrah, vətənpərvər, hərbi bacarıqlara yetərincə nail olan gənclər ordusu ölkəmizi məhz bu müharəbədən üzüağ çıxartdı. Biz bundan sonra da Azərbaycanın gələcəyini etibar edəcəyimiz şəxsiyyətlər yetişdirməyə davam etməliyik. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimizin yetişdirilməsi durur. Biz də bu müvəffəqiyyətli inkişafa nail olmaq üçün tədris müəssisələrində təlim-tərbiyə işini dövlətin maraq və tələbatına uyğun qurmalıyıq. Bütün fənlərlə yanaşı, fiziki tərbiyə dərslərinin tədrisində də xırda detallara belə ustalıqla fikir verməli və tətbiq etməliyik. Çünkü, orta məktəblərdən, xüsusən də ibtidai siniflərdən qoyulan mükəmməl bünövrə heç zaman sarsılmır. Dövlətin fiziki tərbiyə və idmanın inkişafına göstərdiyi yüksək diqqətə müvafiq olaraq məktəblərdə fənnin tədrisi keyfiyyətini yüksəltmək üçün peşəkarlıq imkanlarımızı artırmalıyıq. Məktəblərdə idman sahəsində kütləviliyə və fiziki tərbiyənin tədrisində müvəffəqiyyətə nail olmaq üçün yeni texnologiyalar işlənib hazırlanmalı, idman müəllimləri və mütəxəssislərin istifadəsinə verilməlidir.

Tədqiqatçılar, idman mütəxəssisləri, elm adamları araşdırmalarını və tədqiqatlarını müasir dünyanın tələbatlarını ödəyəcək standartlar çərçivəsində qurmalıdır. Faydalı məsləhət və təkliflərlə məktəblərdə fiziki tərbiyənin inkişafına yeni tövhələr verməli, bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında yaxından iştirak etməlidirlər. Bu müasir dövrdə bizim üzərimizə düşən ən ümdə vəzifələrdən biridir. Çünki, bu gün formalaşan nəsil gələcək Azərbaycandır.

Soyqırımı unutma ki, təkrar olmasın!Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Bildiyimiz kimi, Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarımızın isə bölünməsi və özgəninkiləşdirmə prosesinə 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə başlanılıb. Bu müqavilələrin nəticəsində ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, “böyük dayılarının” köməyi ilə yeni süni inzibati ərazi bölgünün yaradılmasına nail oldular ki, buda öz növbəsində azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaratdı. “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdərək yüzlərlə yaşayış məntəqəsini dağıdıb, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər.

1918-ci il martın 31-də isə erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Bu hadisə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Şaumyanın tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri 10 min silahlı qüvvə, eyni zamanda Bakı buxtasındakı hərbi gəmilər vasitəsi ilə şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.

Cənab Prezidentimiz İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

18 yanvar 2018-ci ildə isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur.

Azərbaycan xalqı Xocalı da daxil olmaqla bu qətliyamları hec vaxt unutmamalıdır.

Düzdür, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə xalqımızın şərəf tarixinə yeni bir “qızıl tarix” yazdı. Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti ilə nəinki düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi bu 44 gündə alt-üst elədi, eyni zamanda 200 ildən artıq aparılan mənfur ermənilik siyasətini darmadağın etdi. Dünya erməniliyinin iç üzünü hər kəsə göstərdi. Amma nəzərə almalıyıq ki, dünya elə həmin ikiüzlü dünya olaraq qalır........

Ona görə də biz yaşadığımız bu soyqırımılar barədə hər gün təbliğat aparmalıyıq. Soyqırımı unudan millət yeni soyqırım yaşamağa məhkumdur.

Başımıza gələnləri UNUTMAYAQ!



Nazirlik ova görə cərimələnən ərəblərin adlarını açıqladıƏrəblərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, ərəblər ovla yox, quş təlimi ilə məşğul idilər:

“Şahinlərinə ov etdirmələri, heyvanlara qarşı acımasız rəftarın günahları öz boyunlarına qalsın. Texniki və fiziki cəhətdən bizim üzərimizə nə düşmüşdüsə onu da etmişik. Kaş bizi qınayanlar orada olardı. Sonradan qoyulan videolar həqiqətən yasaqlıq ərazisində çəkilib? Orada 30-40 təsərrüfat sahələri var. Biz dəstək gözləyirdik, ancaq çox adam fərqli fikirlərdən çıxış edirdilər”.

Azərçin Muradov mətbuatda onlar barədə səsləndirilən ittihamların əsassız olduğunu bildirib: “Bizə qarşı mənfi fikirlər səsləndirilən insanlar səmimi deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov ərəblər barədə İnzibati xətalər məcəlləsi barədə cərimə təyin olunub: “Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib”.

O, cərimələnən ərəblərin adlarını da açıqlayıb:

"Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".
"Hər bir insanın özəl həyatı toxunulmazdır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Müxalifət liderlərindən biri, professor Cəmil Həsənlinin qızının özəl həyatına aid olduğu bildirilən intim görüntülərin yayılmasını və yayanları partiyası sədri olaraq da, bir azərbaycanlı olaraq da birmənalı şəkildə qınayıram. İlk növbədə ona görə ki, bu bizim mental dəyərlərimizə ziddir. İkincisi ona görə ki, hər bir insanın özəl həyatı toxunulmazdır.

İstər sıravi vətəndaşlarımızın, istər dövlət başçısının, istərsə də siyasətçilərin şəxsi həyatı, ailə məsələləri necə deyərlər, "terra inkoqnito" sayılır və kimsənin ailədaxili məsələlərə qarışmağa, özəl həyata müdaxilə etməyə və onu ictimailəşdirməyə ixtiyarı yoxdur. Bunu etmək açıq-aşkar tərbiyəsizlikdir, mənəviyyatsızlıqdır. Tanınmış insanların, o cümlədən siyasi liderlərin bu şəkildə mənəvi terrora məruz qoyulmasını doğru hesab etmirik. Biz iqtidarlı-müxalifətli əl-ələ verib bu terroru körükləyənləri zərərsizləşdirməliyik. Cəmiyyəti bu bəladan xilas etməliyik.

Bizim bu cür intim videoları qətiyyətlə pisləməyimizin üçüncü səbəbi isə 44 günlük müharibədə əldə etdiyimiz mənəvi birliyimizi, milli həmrəyliyimizi müharibədən sonrakı dönəmdə də qoruyub saxlamaq istəyimizlə bağlıdır. Bəli, bu videonu yayanlar birbaşa bizim milli həmrəyliyimizi hədəfə alıblar. Onların açıq-aşkar məqsədi Vətən müharibəsi zamanı ortaya çıxan iqtidar-müxalifət birliyini parçalamaq, siyasi konsensusu pozmaq, siyasi dialoq prosesinin dərinləşməsini əngəlləməkdir. Bu gün kimi aydındır. Onlar məhz bu yolla bizim milli birliyimizə və iqtidar-müxalifət münasibətlərinə sarsıdıcı zərbə vuracaqlarından əmin olduqları üçün belə bir videonu "dövriyyəyə" buraxıblar.

Onlar bunu etməklə təkcə iqtidarla müxalifəti qarşı-qarşıya gətirmək deyil, həm də cəmiyyətin bir tərəfini digər tərəfinin üzərinə qaldırmağı hesablayıb, planlaşdırıblar. Olduqca təhlükəli və məkrli plandır. Və gördüyümüz kimi bu videonu məhz Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 102 yaşının tamam olduğu gündə yaymaqla həm də bütövlükdə millətin, dövlətin təhlükəsizliyini hədəfə aldıqlarını sərgiləyiblər. Ancaq istər korrupsioner məmurlara qarşı mübarizə əməliyyatları ilə, istərsə də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə göstərdiyi misilsiz xidmətləri ilə cəmiyyətin böyük rəğbətini qazanan DTX-nin peşə bayramı gününü belə bir rəzalət dolu videonu yaymaqla qaraltmağa çalışmaq siyasi korazehinlikdən başqa bir şey deyil.

Aydın məsələdir ki, bunu edən qüvvə iqtidar deyil. Bu, üçüncü qüvvənin işidir. Ola bilsin ki, bu qüvvənin oturma yeri, mənzil-qərargahı heç Azərbaycanda da deyil. Bu cür "çirkli piar" texnologiyaları adətən ölkə hüdudlarından kənarda yerləşən qüvvələr, mərkəzlər tərəfindən düzənlənir, gündəmə gətirilir. Azərbaycan iqtidarının və xüsusi xidmət idarələrinin bu işdə əli olmadığı göz qabağındadır. Heç bir iqtidar dövlətin bel sütünu olan DTX-nin peşə bayramı günündə belə bir videonu yayımlayıb özü özünü zərbə altında qoymaz. Bu ayrıca isbata ehtiyacı olmayan açıq həqiqətdir, aksiomadır və dəmir məntiqdir. Odur ki, bu həqiqəti başa düşməyən bəzi düşüncəsizlərin məsələyə isti-isti münasibət bildirib Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilə etməkdə suçlamaları çevik və normal düşüncə deyil, əksinə, ağılsızlıqdır.

Axı hazırki iqtidar İkinci Qarabağ müharibəsindəki parlaq Qələbədən sonra öz hakimiyyətinin hər mənada triumf dövrünü yaşayır və hakimiyyəti üçün də heç bir təhlükə hiss etmir. Belə olan halda bu iqtidarın öz siyasi rəqiblərinə qarşı bu cür primitiv mübarizə üsuluna əl atmasına da heç bir ehtiyacı yoxdur. Bu adi həqiqəti nəinki biz siyasətçilər, hətta adi məktəbli də məncə, lap yaxşı başa düşür. Məhz bu baxımdan, sözün açığı, hörmətli Cəmil Həsənlinin Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham etməsi mənə biraz absurd göründü. Qızının yetkin insan olduğunu vurğulayan və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir" deyən Cəmil Həsənlinin bu reaksiya yazısını yəqin ki, hər kəs oxuyub. Cəmil bəyin əlində heç bir dəlil-sübut olmadan və baş verən hadisəni soyuq ağılla, eninə-boluna təhlil etmədən, bu olayın məsuliyyətini Prezident İlham Əliyevin üzərinə atmasını, təhlükəsizlik xidmətini suçlamasını heç bir halda doğru saymıram. Bu, dövlət başçısı olmağa iddialı bir şəxsin ortaya qoymalı olduğu adekvat reaksiya deyil. Düzdür, kəskin reaksiya gözlənilən idi. Çünki enində-sonunda Cəmil Həsənli də bir atadır və onu bir ata kimi başa düşmək olar. Ancaq Cəmil Həsənli ata olmaqla bərabər, həm də bir siyasətçidir. Onun bir siyasətçi olaraq bu hadisənin baş verməsində birbaşa dövlət başçısını və dövlətin xüsusi xidmət orqanını təqsirləndirməsi dövlətçilik yanaşması sayıla bilməz.

Zənnimizcə, Cəmil bəy olaya tələm-tələsik münasibət bildirmək əvəzinə bu olayı kimlərin ssenariləşdirməsi, icra etməsi barədə öncədən dərin-dərin düşünməli, məsələnin bütün boyutlarını incələməliydi. İlham Əliyevi və DTX-ni bu olayın baş verməsində ittiham etmək əlbəttə, ən asan yoldur və ən primitiv versiyadır. Çox təəssüf ki, hörmətli Cəmil bəy də məhz bu asan və primitiv yola, ucuz versiyaya əl atdı. Başqa sözlə desək, Cəmil bəy məsələyə geniş planda yanaşmaq və doğru nəticələrə gəlmək, pərdə arxasındakıları görmək istəmədi. Belə deyək də, o isti başla emosional reaksiyasını, ənənəvi radikal müxalifətçi tərzini, yanaşmasını ortaya qoydu.

Amma hər kəs nəzərə almalıdır ki, indi dünyanın ən müxtəlif ölkələrində istər dövlət başçılarının, istərsə də müxalifət liderlərinin özlərinin və yaxınlarının özəl həyatlarına bu və ya digər formalarda müdaxilə cəhdləri olur, bənzər videolar yayılır. Təəssüf ki, bizim ölkəmizdə də bu cür hallardan qaçmaq mümkün deyil. Bir çox hallarda isə həmin videolar, fotoşəkillər qurma (montaj) xarakterli olur, əsla həqiqəti əks etdirmir. Nə yazıq ki, hazırda texnologiyaların yüksək inkişafı hər cürə "feyk material"lar hazırlayıb sosial şəbəkələrə daşımağa imkan verir. Cəmil Həsənlinin qızına aid edildiyi bildirilən intim videoya da məhz bu aspektdən yanaşdıqda əsl həqiqət ortaya çıxır. Cəmil bəyin qızının bu videonun onun həyatına aid olmadığını bildirməsi də bir daha bu həqiqəti təsdiqləyir. Deməli, bu saxta videonu üçüncü tərəfin hazırlayıb gündəmə daşıması, ictimailəşdirməsi yüzəyüz aydındır.

Onu da nəzərə alsaq ki, hazırda bu üsuldan yalnız müxalifətə qarşı deyil, elə iqtidarın özünə qarşı da zaman-zaman istifadə edilir, deməli, iqtidar da, müxalifət də bu cür rəzalətlər baş verərkən, dərhal bir-birini əsassız olaraq ittiham etməyə qalxışmaq əvəzinə, sağlam düşüncə nümayiş etdirməli, bir araya gəlib dialoq qurmalı, olayın əsl səbəbkarlarını birlikdə axtarıb tapmalı, məsələni sivil yolla həll etməlidirlər. İndiki halda məlum video olayının Cəmil Həsənlinin qızı üzərindən düzənlənməsinə də məhz bu kontekstdən yanaşmaqda fayda olduğunu düşünürəm. Mən birmənalı olaraq əminliklə bildirirəm ki, milli dəyərlərimizə zidd olan bu cür video qalmaqalının arxasında kənar qüvvələr dayanır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı informasiya savaşının gündən-günə qızışdığı (daha doğrusu, qızışdırıldığı) hazırki dönəmdə bir tərəfdən Fransa və Almaniya kimi ölkələrin "lokomotiv"liyi ilə Cəbrayıldakı qondarma erməni "kilsə"si ilə bağlı ölkəmizə qarşı qarayaxma kampaniyasının miqyası gündən-günə genişlənir, o biri yandan isə elə həmin xarici qüvvələr bu cür rüsvayçı bir video məsələsini ictiamailəşdirməklə daxildə ictimai gərginlik və siyasi qarşıdurma yaratmağa çalışırlar. Yəni bunu görmək, başa düşmək bu qədərmi çətindir? Ortada çox təhlükəli bir oyun var, bəylər. Nə olur, biz bu oyuna gəlməyək. Bizi bu oyuna gətirmək istəyənlərin tələsinə düşməyək, anti-Azərbaycan qüvvələrə şans verməyək!

Bir-birimizi ittiham etməyə can atmaq əvəzinə, Azərbaycanı daxildən və xaricdən qarışdırmaq istəyən qüvvələrin oyunlarını birlikdə pozmaq üçün yollar axtaraq. Etiraf edək ki, gizli düşmənlərimiz çox ağıllıdır və düşmən bizi daxildə bir-birimizə qarşı düşmən etmək istəyir. Düşmən bir-birimizi elə öz əlimizlə vurdurmağa çalışır. Gəlin düşmənin bu hiylə və planlarının qarşısında maksimum soyuqqanlılıq nümayiş etdirək, ağıllı qərarlar verək. Hesab edirəm ki, bu gün bizim milli həmrəylik və siyasi dialoq yoluyla anlaşıb çözə bilməyəcəyimiz heç bir məsələ yoxdur. Bunu unutmayaq ki, ölkəmizin, cəmiyyətimizin tərəqqisi konfrantasiyadan yox, yalnız və yalnız milli həmrəylikdən, siyasi uzlaşmadan keçir.

Rəis həbs edildiÖz qanunsuz əməlləri ilə əmək və məşğulluq sahəsində dövlətin həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə tədbirlərdən biri kimi yerli icra hakimiyyəti orqanının vəzifəli şəxsinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.

Aparılmış istintaqla Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi vəzifəsində işləmiş Şaban Şəfiyevin öz vəzifə səlahiyyətlərinin icrası zəminində tabeliyində çalışan Anar Mirzəyev, rayon sakinləri Şəyyar Əliyev, Amil Məmmədov və Xoşbəxt İsrafilovun köməkçiliyi ilə ümumilikdə 15 nəfərdən ibarət ayrı-ayrı şəxslərin həmin müəssisəyə işə qəbul olunmasına dair yalan məlumatları rəsmi informasiya resursuna daxil etməklə 3 min 800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, həmin şəxslərin iş yeri olması ilə bağlı yalan məlumatlar əsasında onlara ümumilikdə 20 min 900 manat məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına və bununla da, büdcə vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Şaban Şəfiyevin istintaqın gedişində tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, qısa müddətdə rəsmi möhürün özündə olmasından istifadə edərək gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə ümumilikdə 8 nəfər şəxslə Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaratmaqla rəsmi sənəd hesab edilən əmək müqavilələri və əmrlərin imzalanmasına nail olmasına, bununla da bilə-bilə saxta sənədlərdən istifadə edib cinayət işi üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Şaban Şəfiyev Cinayət Məcəlləsinin 294.3 (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313 (vəzifə saxtakarlığı), 320 bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə) maddələri, Anar Mirzəyev, Şəyyar Əliyev, Xoşbəxt İsrafilov və Amil Məmmədov isə həmin Məcəllənin 32.5,311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət almağa köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Şaban Şəfiyev barəsində məhkəmənin qərarı ilə barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə, cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prezidentdən “Azərbaycan Hava Yolları” ilə bağlı sərəncamPrezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

***

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

"Heç bir namuslu kişi başqasının ailəsinə dil uzatmaz"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Cəmil Həsənlinin qızına aid olduğu iddia edilən videomateralın yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bir azərbaycanlı kimi baş verənlərdən narahatlıq keçirdiyini bildirib: “Həm ölkə Konstusiyasına görə, həm də mənəvi baxımdan başqalarının şəxsi həyatına bu dərəcədə müdaxilə etmək olmaz. Biz Şərq ölkəsiyik, özümüzə məxsus milli mentalitetimiz var, müsəlmanıq və bizim ölkədə ailə, qadın toxunulmazdır. Məhz bu səbəbdən, bu gün Azərbaycanda iqtidarı ittiham edən qüvvələrə zaman-zaman müraciət edirdim ki, siz xaricdə oturub iqtidar təmsilçilərinin ailələrini ağır formada təhqir edən insanları cəmiyyətə “bloqqer” kimi təqdim etməyin. Onlarla aranızda məsafə saxlayın, onların fəaliyyətini pisləyin və bəyan edin ki, əxlaqi dəyərləri ayaqlar altına atan insanlarla siyasətçi olaraq nə bu gün, nə də gələcəkdə bir yerdə ola bilmərik. Açıq şəkildə deyin ki, əgər hakimiyyətə gəlmək imkanımız olarsa, o zaman belələri mütləq məsuliyyətə cəlb olunacaq, qanunvericiliyə uyğun formada cəzalandırılacaqlar. Bunun qarşılığında isə çox təəssüf ki, “daha əxlaqlı və demokratik cəmiyyət uğrunda mübarizə apardıqlarını” bəyan edərək başqalarının tapşırıqları ilə yerinə yetirənlər susmağa üstünlük verdilər. Bəziləri isə həmin internet tv-lər vasitəsi ilə belələrini xalqa “bloger” kimi təqdim etməyə çalışdılar. Onların davranışlarında “pis heç nə görmədiklərini” vurğuladılar. Onları “qəhrəman” kimi Azərbaycan xalqına təqdim etməyə cəhd göstərdilər. Elə bu videomaterial yayılmamışdan öncə də biz növbəti dəfə belə yanaşmaları müşahidə etdik. Amma “qırmızı xətt”i keçənlər, başqalarının ailə üzvlərini təhqir edənlər və onlara dəstək verənlər başa düşməliydilər ki, cəmiyyətdə hər kəs bundan ziyan görəcək. Vaxtilə Milli Məclisin plenar iclasında çıxış edərkən demişdim ki, heç bir namuslu kişi başqasının ailəsinə dil uzatmaz, başqasının xanımını, uşağını təhqir etməz. Nə qədər geri zəkalı və hətta əxlaqsız olsan da, başa düşməlisən ki, əgər sən başqalarının ilə üzvlərini təhqir edirsənsə, o zaman sənin ailə üzvlərini bundan beş qat artıq söyüb təhqir edəcəklər, aşağılayacaqlar. Əgər sən başqasını söyürsənsə, o zaman belə anlaşılır ki, həmin söyüşləri özün də qəbul etməyə hazırsan. Bu fikirləri mən parlament kürsüsündən səsləndirmişəm, stenoqramlarda, iclasdan hazırlanan reportajlarda bütün bunlar qalır”.

BAXCP sədri mənəvi dəyərləri tapdalayan, əxlaq normalarını ayaqlar altına atan, mənəvi sərhədləri aşan şəxslərin öz həyatlarını da təhlükə qarşısında qoyduqlarını və bunun fərqində olmadıqlarını deyib: “Biz bilirik ki, həm xaricdə, həm də daxildə Azərbaycanda sabitliyi pozmaq istəyən, mənəvi dəyərləri aşındırmağı, cəmiyyəti tamamilə deqrodasiyaya uğratmağı arzulayan və bununla da ölkəmizi uçuruma yuvarlatmağa çalışan müəyyən qüvvələr var. Həmin qüvvələr tərəfindən bu insanların həyatına qəsd oluna, ailələrinə, qadınlarına aid materiallar toplanılıb müxtəlif resurslar vasitəsilə yayımlana bilər. Bunu xarici dövlətlərin xüsusi xidmət orqanlarının da, daxildə sabitliyi pozmaq istəyənlərin də etməsi mümkündür. İndi ölkəmizin daxilində bir dialoq mühiti yaranıb və bu mühiti pozmaq istəyən qüvvələr istənilən an hərəkətə keçə bilərlər. Bu baxımdan da həmin adamlar ciddi şəkildə düşünməlidirlər. Anlamalıdırlar ki, onlar özlərini Azərbaycan hökumətinin deyil, təxribatçı dairələrin hədəfinə çevirirlər. Bu formada mübarizə apardığını deyən, əslində isə əxlaqsızlıqla məşğul olan insanlar ciddi şəkildə qınanmalıdırlar. Əgər kim əxlaqlı, sivil mübarizə üsulunu məqbul sayırsa, belələrini qınamalıdır. Amma biz nəyin şahidi oluruq? Bəzən hansısa internet tv-də özünü qadın hesab edən birisi söyüş söyənləri ətrafına toplayıb dişini ağarda-ağarda onların təhqirlərindən zövq aldığını nümayiş etdirir. Və sonra da iddia edir ki, guya o demokratiya və yüksək dəyərlər uğrunda mübarizə aparır. Bütün bunlar bizim cəmiyyətimiz üçün çox üzücü hallardır və belə halları qətiyyətlə pisləyirəm, lənətləyirəm və hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu videonun kimlər tərfindən yayımlandığını, necə yayıldığını araşdırmalı, günahkarları tapmalı və çalışmalıdırlar ki. həmin şəxslər layiqli cəzalarını alsınlar”.

BAXCP sədri bir neçə il öncə “BBC Azərbaycanca”dan insan səsini və üzünü klounlaşdıran, müxtəlif, o cümlədən intim videolarda insanların üzünü yüksək dəqiqliklə dəyişən təhlükəli tətbiqlərin, proqramların yaradıldığı barədə məlumat oxuduğunu qeyd edib: “Doğrudur, belə tətbiqlər qadağan edilsələr də, reallıqda mövcuddurlar və gizli yollarla onları əldə etmək mümkündür. Ən qorxulusu odur ki, belə hallar ölkədə geniş vüsət ala bilər. Bu baxımdan, hesab edirəm ki, hər kəs papağını qarşısına qoyub ciddi şəkildə düşünməlidir. Necə etməliyik ki, cəmiyyətimizin bu şəkildə çirklənməsinə imkan verməyək? Nə etməliyik ki, birgəyaşayışı təmin edilməsində müstəsna yera sahib olan dəyərlər sıradan çıxarılmasın, əxlaq normalarının pozulması adi hala çevrilməsin? Amma diqqət yetirirəm ki, radikal düşərgədə təmsil olunan bəzi şəxslər yalnız Cəmil Həsənlinin müdafiəsinə qalxıblar, yalnız onun mənəvi terrorla üzləşdiyini deyirlər. Amma Cəmil Həsənli ilə əks düşərgədə təmsil olunan şəxslərə, iqtidar nümayəndələrinə, yaxud iqtidarı müdafiə edənlərə qarşı alçaldıcı, təhqiredici informasiyalar yayılanda radikal düşərgə təmsilçilərinin belə halları pislədiyini, lənətlədiyini müşahidə etmirik. Belə olmamalıdır. “Mənim rəqibimi söyən şəxs “mübarizdir”, “qəhrəmandır”, “haqq-ədalət uğrunda mübarizə aparır”, məni, yaxud mənimlə eyni düşərgədə təmsil olunan başqa birisini söyənlər isə əxlaqsızlıqla, mənəvi terrorla məşğuldurlar” kimi yanaşmalar olduqca təhlükəlidir və cəmiyyəti ayaqda saxlayan, birgəyaşayışı təmin edən mənəvi dəyərlərin sıradan çıxıralmasına xidmət edir. Əgər cəmiyyətimizdə bu kimi halların baş verməməsini istəyiriksə, oz zaman əxlaqi dəyərtlərə olan münasibətimiz ayrı-ayrı şəxslərə, onların siyasi baxışlarına görə dəyişməməlidir”.
İraq İrana olan 2,6 milyard dollarlıq borcunu ödəmirİraq ABŞ-ın sanksiyaları üzündən İrana olan 2,6 milyard dollarlıq təbii qaz borcunu ödəyə bilməyəcəyini açıqlayıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd əl-İbadi “Es-Sabah”-a açıqlama verib.

Əhməd əl-İbadi bildirib ki, ölkəsinin elektrik ehtiyacını ödəmək üçün İrandan idxal olunan təbii qaz borcunu ABŞ-ın 2018-ci ildən bəri İrana tətbiq etdiyi embarqolara görə ödəyə bilmir:

“İrana ödəniləcək məbləğin 2,6 milyard dollar civarında olduğunu, ancaq Bağdaddan Tehrana pul köçürülməsinin mümkün olmadığını söyləyən İbadi, İranın da təbii qaz ixrac etmək istəmədiyini vurğulayıb. İran gündəlik təbii qaz ixracatını 50 milyondan 22 milyon kubmetrə endirib”.
Koronaya yoluxanların sayı 2 mini keçdiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

Son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.
Bakıda polis bu şəxslərə atəş açdı: yaralanan varAzərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Avrasiya.net məlumatın mətnini təqdim edir:

"2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar.

Sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar.

Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.

Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəyib, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

"İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib, - məlumatda bildiirlib.