Ağciyər xərçənginin gözlənilməz əlaməti aşkarlandıQoltuqaltı şiş və ya şişmiş nahiyələr ağciyər xərçənginin (ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması-red) əlaməti ola bilər.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Cancer Research UK” təşkilatına istinadən "Express" nəşri bildirib.

Təşkilatda qeyd ediblər ki, xüsusən qoltuqlarda və ya boyundakı belə təzahürlər xəstəliyin limfa düyünlərə təsir etməsi əlaməti ola bilər.

Bu halda “Cancer Research UK”da qeyd ediblər ki, limfa düyünləri həmçinin yoluxucu xəstəliklər zamanı böyüyə bilər.

"Beləliklə, həkiminiz sizi müayinə etməyincə, bir neçə analiz aparmayınca, şişin yaranması səbəbinə əmin ola bilmirsiniz” - təşkilatda xəbərdarlıq ediblər.

“Express” qeyd edib ki, ağciyər xərçənginin daha az rast gəlinən əlamətləri arasında barmaq falanqalarının qalınlaşması, udqunma çətinliyi (disfaqiya) və ya udqunma zamanı ağrı, üz, yaxud boynun şişməsi, davamlı sinə və ya çiyin ağrıları da var.

Yeni virus ABŞ-a çatdıABŞ-da COVID-19-un Birləşmiş Krallıqda aşkar olunmuş yeni B.1.1.7 növünə birinci yoluxma halın qeydə alıb.

Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Cared Polis məlumat verib.

O bildirib ki, mütəxəssislər Koloradoda ilk dəfə koronavirusun yeni ştammına yoluxmanı qeydə alıblar.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, habelə digər ölkələrdə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.
Rusiya hərbçilərinə hücum oldu - 3 yaralı varSuriyanın İdlib vilayətində Rusiya hərbi polisini daşıyan zirehli avtomobilə hücum olub.

"TASS" xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnik bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində Rusiyanın üç hərbi polisi yaralanıb.

“Zərərçəkənlər dərhal hərbi xəstəxanaya təxliyyə olunub, onlara lazımi tibbi yardım göstərilib”, - deyə kontr-admiral bildirib.
Virusa yoluxanların sayı azalıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Bu sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcəkNazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

İkinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.

İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcəkdir.
Azərbaycanda bu tarixdən peyvəndləmə başlayacaq - TƏBİBTürkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.

Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.
Prezident dünya azərbaycanlılarını təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.

2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur.

Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir.

Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir.

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir.

Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram.

Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Əziz həmvətənlər!

Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Ermənilər bannerimizi ləkələdi - FotoXəbər verdiyimiz kimi, Azərbaycan Gorus-Qafan yolunun Ordumuzun nəzarətində olan hissəsinə banner vurub.

Avrasiya.net xəbər verir ki, “Azərbaycana xoş gəlmisiniz” banneri erməni mediasında səs-küyə səbəb olub.

Bunun nəticəsi olaraq erməni vətəndaşlar banneri məhv etməyə qalxıb, “Azərbaycana xoş gəlmişsiniz" sözünü qara boya ilə rəngləyiblər. Müvafiq foto və video materiallar erməni Teleqram kanallarında yayılıb.

Nazirdən yeni təyinatDaxili İşlər naziri, general-leytenant Vilayət Eyvazov Siyəzən Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əhməd Cəlilovu vəzifəsindən azad edib.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin xidmət üzrə müavini vəzifəsinə təyinat alıb.