Sizin Reklam Burada

Gədəbəy, Şəmkir və Gəncədə Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Gədəbəy, Şəmkir və Gəncədə Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilibŞəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti konfranslar may ayının 2-də və 3-də Gədəbəy, Şəmkir və Gəncədə təşkil olunub.

Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon və şəhər İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli xidmətlərdən bəhs ediblər. Bildiriblər ki, ağsaqqal sözünün, ağsaqqal məsləhətinin böyük önəm daşıdığı Azərbaycan cəmiyyətində gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac vardır. İnanırıq ki, ağsaqqallarımız bundan sonra da şəhər və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən mütəmadi olaraq gənclərimizin maariflənməsinə, əlamətdar və tarixi günlərə, cəmiyyətimizdə tolerantlıq ruhunun bərqərar olmasına və bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilib.

YAP-ın, Qərbi Azərbaycan İcmasının, Veteranlar Təşkilatının yerli qurumları ilə əməkdaşlıq daha da artırılıb, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər görülüb. Natiqlər, həmçinin, vurğulayıblar ki, hər zaman Ümummilli Liderimizin zəngin irsini cəmiyyət arasında təbliğ edən şəhər və rayon Ağsaqqallar Şuraları bu fəaliyyətlərini “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçiriblər. Hər zaman dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları ölkəmizin gələcək inkişafı naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edərək 7 fevral prezident seçkilərində də yüksək aktivlik nümayiş etdiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar.

Öz nitqində ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən Bayram Yusifov hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduğumuzu bildirən natiq əlavə edib ki, Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü bu seçkilərlə bağlı təbliğat-təşviqat və səsvermə prosesində fəal iştirak ediblər. Seçici olaraq prezident seçkilərində yekdilliklə qalib Liderə, xalqımıza möhtəşəm Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs veriblər. Bayram Yusifov Şura üzvlərinin, dəyərli ağsaqqallarımızın qarşıdan gələn parlament seçkilərində də dövlətimizin, dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı naminə aktiv iştirak edəcəklərinə əmin olduğunu bildirib.

Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, dahi lider, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunmasından və digər uğurlarımızdan bəhs edən Bayram Yusifov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. O, COP29-la bağlı Azərbaycan Ağsaqqallar Şurasının da yaxın zamanlarda böyük bir tədbir keçirəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və qazilər də çıxış edərək şəhər və rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Şəmkir rayonunda və Gəncə şəhərində keçirilən hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər seçilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər