Direktordan üzrü günahından betər açıqlama: Hamını ələ saldı - Video
Bakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova təmtəraqlı yubiley mərasimi keçirməsi ilə bağlı yayılan videoya görə guya üzr istəyib.
Kult.az xəbər verir ki, internet kanallarından birinin canlı efirinə çıxan N.Məmmədova “cəbhə bölgəsinə gedib, əsgərləri ziyarət etməsinə”, “şəhidlər üçün ağlamasına” və s. hərəkətlərinə görə “əgər bunlar qəbahətdirsə, üzr istəyirəm” sözləri ilə əslində əməlinə haqq qazandırmağa cəhd göstərməklə bərabər, sözün bütün mənalarında hamını təhqir edib.
Üstəlik, yalan danışmağı da özünə rəva bilib. Deyib ki, guya ad günü keçirməyib, Qubadlının işğaldan azad olunmasını qeyd edib və bu, onun ad günü ilə üst-üstə düşdüyü üçün ona hədiyyə edilən tortu kəsib.
N.Məmmədovanın – özünün də canlı müraciətində qeyd etdiyi kimi – ad günü 27 noyabrdadır və yubiley mərasimi də 27 noyabrda keçirilib. Qubadlının azad olunduğu tarix isə 25 oktyabrdır.
Görünür, bu direktor-xanım bəhanə axtarıb və Qubadlını “tapıb”, ancaq bir ay fərqlə.
Videonu təqdim edirik və video-müraciətə baxanlar özləri qərar verəcək.
İnanırıq ki, N.Məmmədova təhsilimizin səviyyəsini və simasını özündə əks etdirən kadr deyil və Təhsil Nazirliyi də bunu belə qəbul edir.