Prezident onlara “Xalq artisti” fəxri adını verdi - 2 sərəncamPrezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Həşimov Elçin Ləzgi oğlu

Mansurov Elşən Məmməd oğlu

Mansurov Malik Məmməd oğlu

“Əməkdar incəsənət xadimi”

Hüseynova Lalə Şirməmməd qızı

“Əməkdar mədəniyyət işçisi”

Seyidova Yaqut Şıxseyid qızı

“Əməkdar müəllim”

Abdinzadə Firuz Zeynal oğlu

Ələkbərov Sabir Ələkbər oğlu

Əliyev Adgözəl Məmmədhüseyn oğlu

Nağıyev Elçin Ağaşirin oğlu

Şahməmmədova Naibə Məqsud qızı

Yusifova Təranə Əbülfəz qızı.

***

Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şərəf” ordeni ilə

Kərimi Siyavuş Əşrəf oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə

Kazımov Nazim Kazım oğlu

“Tərəqqi” medalı ilə

Bayramov Təyyar Allahverdi oğlu

Əhmədov Elnur Oruc oğlu

Əliyeva Ülkər Sabir qızı

Əzizov Ramiz Mahmud oğlu

Fətalıyev Şirzad Nizan oğlu

Hacızadə Hicran Səməd-ağa qızı

Hüseynli Anar Vaqif oğlu

Məmmədov Məmmədəli Mirəli oğlu

Müzəffərov Bakıxan Məmmədqulu oğlu

Paşazadə Sahib Ağaverdi oğlu.
Fuad Əliyev həmvətənləri təbrik etdiƏziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edirəm.

44 gün Vətən müharibəsində dünyada yaşayan azərbaycanlılar bütün dünyaya, əsil mənada həmrəylik nümayiş etdirdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə borcunu, Azərbaycan Ordusu Azərbaycan xalqınıb dəstəyilə yerinə yetirdi! Şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı! Birinci və ikinci Qarabağ müharibəsində olan bütün şəhidlərin ruhu şad olsun! Şəhid ailələri qarşısında baş əyirəm. Vətən sağ olsun! Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara, Allahdan şəfa diləyirəm! 44 gün ərzində bütün dünyaya nümayiş etdirən həmrəyliyimizi bundan sonra da qorumağı dünya azərbaycanlılarına arzulayıram.Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Bayramınız mübarək olsun!

Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

MHP sədri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik etdiMilli Həmrəylik Partiyasının (MHP) mətbuat xidmətinin verdiyi məlumata görə, partiyanın sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciət edib, bütün soydaşlarımızı təbrik edib.

Təbrik müraciətində deyilir:

Əziz həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı və uğurlar arzulayıram.

Biz dünyanın yeganə xalqıyıq ki, hər ilimiz Milli Həmrəylik ruhu ilə başa çatır. Hər ilin son günü bütün azərbaycanlıar bir nöqtədə birləşib, bir nota köklənərək, Həmrəylik Gününü ümummilli səviyyədə qeyd etməklə bir daha öz milli identikliyini, milli mənsubiyyətini təsdiqləmiş olurlar.
Həmrəylik Günü bir dəyərdir. Həmrəylik bayramı ildə bir dəfə bizi toplum olaraq format edən, yeniləyən bir prosesdir, sosial hadisədir. 31 dekabrda dünyanın harasında olmağımızdan asılı olmayaraq hamımızın nəzərlərimiz bir-birimizə və bütün azərbaycanlıların vahid dövlətinə - müstəqil Azərbaycan Respublikasına yönəlir. Başqa sözlə desək, 31 dekabrda biz hamımız saatlarımızı Bakı vaxtı ilə qururuq. Artıq 31 ildir ki, bu bir oturuşmuş ənənə halını alıb.

Bildiyimiz kimi Həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (o vaxtkı SSRİ-İran sərhədlərinin) dağılması ilə qoyulub. Həmin vaxt Quzey və Güney Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Beləliklə, iki əsrlik ayrılıqdan sonra, ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra Azərbaycan parlamentində Dünya azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edildi.

Daha sonra, 1993-cü ildə isə Ümummilli lider və dövlət başçısı Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub. Bu xronoloji faktları xatırlatmaqda məqsədim odur ki, xalqımızın milli birlik bayramının necə araya-ərsəyə gəldiyini orta və yaşlı nəslin nümayəndələri bildikləri kimi gənc nəsil də bu şərəfli tarixdən xəbərdar olsun.

Biz bu il ilk dəfədir ki, Həmrəylik Günümüzü "gələn il bayramı Qarabağda qeyd edərik" kimi şablonlaşmış deyimə ehtiyac olmadan qeyd edirik. Düzdür, 2020-ci ildə çox çətinliklər ortaya çıxdı, çox sınaqlarla üzləşdik. COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi bizim də həyatımızın düzənini pozdu, yaşam tərzimizi kökündən dəyişdi. Ancaq bütün çətinliklərə rəğmən dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar bu il sözün tam mənasında Qarabağ üçün, Azərbaycan üçün həmrəy oldular, birləşdilər, “Dəmir Yumruğ”a çevrilməyi bacardılar.

44 günlük Vətən Müharibəsi bütün dünyaya Azərbaycan xalqının və dövlətinin qüdrətini göstərdi, milli həmrəylik performansını nümayiş etdirdi. 1989-cu ildə “İlin xalqı” kimi adını tarixə yazdıran xalqımız 2020-ci ildə yenidən bütün dünyaya həmrəy xalq düsturunu təqdim etdi. Xalqımız pandemiyaya qarşı “Biz birlikdə güclüyük!” şüarı ilə mübarizə apardı, erməni faşizminə qarşı mübarizədə isə“Dəmir yumruq”prinsipi ilə hərəkət etdi. Bütün dünya Azərbaycan xalqının birliyindən doğan gücü gördü. Xalq öz Ordusuna qucaq açdı. Xalq öz Ali Baş Komandanının ətrafında birləşdi.

Xalq-Ordu-Ali Baş Komandan triumviratı tariximizin işğal səhifəsini qapadıb, ən yeni tariximizi – Zəfər tariximizi yazmağa başladı. Biz həmin 44 gün ərzində Azərbaycan xalqının qüdrəti ilə fərəhləndik. Sözlərlə anlada bilməyəcəyimiz tarixi anlara şahid olduq. Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik məharəti, hərbçilərimizin yenilməz gücü, siyasi qüvvələrin həmrəyliyi və xalqın birliyi 30 illik işğalın buxovlarını, maneələrini söküb atmağımız, haqqımızı bərpa etməyimiz üçün zəmin yaratdı, işğal altında qalan tarixi torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün artıq üç aydır ki, rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Mən fürsətdən istifadə edib Vətənimizin müstəqilliyinin, ərazi bötövlüyünün qorunması naminə əsl fədakarlıq göstərən, öz canlarından keçən bütün şəhid əsgər və zabitlərimizin xatirəsini böyük ehtiram hissi ilə yad edir, onların ruhuna Allahdan rəhmət diləyirəm. Eyni zamanda şəhid valideynlərinin, şəhid ailələrinin, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizin, qazilərimizin qarşısında baş əyirəm! Biz uzun bir aradan sonra, məhz şəhidlərimizin, qəhrəman əsgərlərimizin, könüllülərimizin şücaəti sayəsində son 30 ildə ilk dəfədir ki, Həmrəylik bayramımızı ərazi bütövlüyümüzə nail olmuş ölkə kimi, xalq kimi doğma Qarabağımızla birlikdə qarşılayırıq.

Əziz soydaşlar!

10 noyabr Bəyanatının imzalanması ilə müharibənin aktiv fazası bitsə də və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, lakin bütövlükdə isə siyasi-diplomatik davamız, ideoloji mücadiləmiz, informasiya savaşımız hələ bitməyib. Bu baxımdan qarşıdakı mərhələdə daxili ictimai-siyasi sabitliyə, milli həmrəyliyə daha çox ehtiyacımız olacaq. Çünki xalqımızın, dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli bunsuz mümkün deyil. İnanın ki, milli həmrəylik gələcək bütün qələbələrimizin əsas zəmini, həlledici amili ola bilər. Odur ki, sizi qarşıdakı ümummilli hədəflərimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə, 44 günlük savaş dönəmindəki birlik ovqatımızı qoruyub saxlamağa çağırırıq. Təcrübə onu göstərdi ki, biz birləşəndə həqiqətən də sarsılmaz gücə çevrilirik.

Mən Milli Həmrəylik Partiyasının sədri olaraq bütün soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edir, hər bir azərbaycanlıya ölkəmizin gələcək uğurlarının fəal iştirakçısı olmağı arzu edirəm. Bayramınız mübarək olsun, əziz həmvətənlər! Yaşasın Azərbaycan!

Hörmətlə

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Nərimanov RİH-in müharibədən qələbə ilə qayıdan əməkdaşı belə qarşılandı – FOTOLARAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də bütün şəhid ailələrini ziyarət etmiş, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər. Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.

O cümlədənqazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas istiqamət olaraq qalacaq.

O cümlədən həm Vətən Müharibəsi zamanı, həm də Şanlı Qələbədən sonrakı dövrdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi Bakı Sağlamlıq Mərkəzində müalicə olunan yaralı hərbçilərlə görüşüb, torpaqlarımız uğrunda gedən döyüşlərdəki cəsarətlərindən dolayı onlara təşəkkür edib.

Könüllü olaraq cəbhəyə gedən vətənpərvər gənclərdən biri də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Tahir İbrahimovdur. Vətən uğrunda gedən müharibədə onun zəfər yolu işğal olunmuş bir neçə rayonun azadlığı uğrunda gedən döyüşlərdən keçib. Qələbə ilə geri dönən Tahiri iş yerində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla İcra Hakimiyyətinin kollektivi böyük fəxrlə qarşılayıb. Qarşılanma zamanı çıxış edən Abdin Fərzəliyev xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək, bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyib.
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardıBakının Nizami rayonunda kişi həyat yoldaşının işlədiyi aptekin sahibini döyüb.

Avrasiya.net apa-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.

Əlif Hacıyev küçəsində yerləşən aptekin sahibi 1985-ci il təvəllüdlü Nəbiyev Əziz Abdulla oğlu işçisinin həyat yoldaşı ilə əlbəyaxa dava edib. 33 yaşlı Əzizov Sənur Saleh oğlu həyat yoldaşını qısqanaraq Ə.Nəbiyevə irad tutub. Onlar arasında əlbəyaxa dava zamanı S.Əzizov Ə.Nəbiyevin qulağını dişləyərək qoparıb. S.Əzizov isə başından bıçaq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır.


ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır...ABŞ kəşfiyyatı Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün ildönümündə Pentaqonun Yaxın Şərqdəki qüvvələrinə İranın zərbələr endirməyi planlaşdırdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

“Kəşfiyyat ABŞ-ın Yaxın Şərqdəki qüvvələri və Vaşinqtonun müttəfiqlərinə qarşı hücumların olacağını ehtimal edir. Narahatlıq doğuran ölkə isə İraqdır”, - kanal bildirib.

Qeyd edək ki, dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 2 ədəd B-52 strateji bombardmançı təyyarəsinin Yaxın Şərgə göndərildiyini bildirmişdi.
Paşinyan milyonlarla dolları mənimsəyib“Hayastan” Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dayandırıla bilər.

Bu barədə “Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan növbəti "Requiem 6. Money" videosunda bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib. Belə ki, fonda müharibə zamanı təxminən 170 milyon ABŞ dolları toplanıb.

Keçmiş səfirin sözlərinə görə, baş nazir fondun icraçı direktoru Aykak Arşamyana yığılmış puldan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon ABŞ dolları) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu qərarların heç biri fondun qəyyumlar şurasının üzvlərinə - Robert Köçəryana və Arkadi Qukasyana göndərilməyib, çünki ikincisi bu pulun büdcəyə hansı məqsədlə köçürüldüyünü soruşacaqdı.

Minasyan əlavə edib ki, doqquz qərarın yeddisinin əsli naməlum səbəbdən yox olub.

“Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sarkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan Maliyyə nazirinə məktub yazır və o, baş nazirə göndərir. Paşinyan isə məktuba cavab vermir. Mövcud vəziyyət, fond üçün bir çox, hətta bağlanmasına gətirib çıxara biləcək problem yarada bilər. Bu günlərdə fond beynəlxalq hüquq pozuntularını aşkar edə biləcək beynəlxalq auditdən keçir”.

Minasyan deyir ki, ABŞ başda olmaqla bir çox ölkələrdə diaspora fəaliyyəti ilə məşğul olan və fonda pul köçürən erməni çətinliklərlə üzləşə bilər:

“Məsələ burasındadır ki, ABŞ-da fonda köçürdüyün vəsait qədər vergilərdən azad olunursan. Ancaq pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq. Hazırda prezident Sarkisyan Paşinyandan pulu geri qaytarmasını tələb edib”.

Koronavirusun müalicəsi zamanı edilən TƏHLÜKƏLİ SƏHVLƏRKoronavirusun müalicəsi ilə bağlı olan ən ciddi və təhlükəli səhvlərə yol verilir.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ekaterinburq şəhərinin (Rusiya) koronavirus xəstəxanasının adını açıqlamaq istəməyən həkimi bu barədə məlumat verib.

Həkimin sözlərinə görə, koronavirusa təşvişə səbəb olduğu üçün insanlarda ağciyərin fəaliyyəti ilə bağlı olmayan boğulmalar meydana gəlir. Buna xüsusilə çox həssas və sinir sistemi zəif olan insanlarda rast gəlinir.

Həkimin sözlərinə görə, xəstəxanalarda yatan 40-50% xəstələr əslində infeksiyanı yüngül formada keçirir və onlarda olan boğulma, təngənəfəslik kimi simptomlar koronavirusla deyil, psixosomatika ilə bağlıdır. Belə xəstələrin koronavirus xəstəxanalarına yerləşdirilməsi nəticəsində infeksiyanı həqiqətən ağır keçirən xəstələrə yer qalmır. Digər tərəfdən yüngül formalı xəstələrin vəziyyəti xəstəxana şəraitində bakterial və digər infeksiyaların qoşulması səbəbi ilə daha da ağırlaşa bilər.

Digər böyük səhv dərmanların yerli-yersiz qəbuludur. Həkim bildirib ki, virus əleyhinə preparatların qəbulu bir çox hallarda mənasızdır: “Virus əleyhinə preparatların faydası sübut olunmayıb. Bu həm kovid, həm də kəskin-respirator viruslarına aiddir. Qripp virusuna təsir edən bir neçə preparat var. Lakin qripp virusun koronavirusla heç bir əlaqəsi yoxdur”.

Həkimin sözlərinə görə, koronavirus zamanı orqanizmə infeksiya ilə mübarizədə yardım etmək üçün daha çox maye içmək, dincəlmək və qızıdırma 38,5 C-dən yuxarı qalxdıqda parasetamol qəbul etmək lazımdır.

Daha sonra həkim koronavirus zamanı antibiotiklər, hormonlar və qan duruldan preparatların qəbulu ilə bağlı xəbərdarlıq edib. Həkim qeyd edib ki, koronavirus zamanı ağciyərdə baş verən prosess adi pnevmoniya deyil və onun müalicəsində antibiotiklərdə istifadə olunmamalıdır. Bu antibiotik rezistentliyinin formalaşmasına səbəb olur, bakteriyaların antibiotiklərə qarşı dözümlülüyü artır.

“İnsanlar 2-3 növ antibiotik qəbul edirlər. Bilmirəm, bu insanlar yaxın aylar və illər ərzində cərrahi müalicə aldıqda və ya bakterial infeksiyaya yoluxduqda nə ilə müalicə olunacaqlar. Onlar sepsisdən, pnevmoniyalardan həlak olmağa başlayacaqlar. Anginanı, osteomiyeliti müalicəsi etmək üçün vasitə olmayacaq. Niyə? Ona görə ki, kovidi müalicə edirdilər”.

Hormonların istifadəsinə gəldikdə həkim qeyd edib ki, bu preparatlar korovavirusun ağırlaşması olan sitokin qasırğası zamanı istifadə olunur. Ev şəraitində, yüngül formalı xəstələrin bu preparatlardan istifadəsi faydadan çox təhlükə və risklidir.

Həmçinin ev şəraitində qan duruldan preparatlardan istifadə də yolverilməzdir. Bu preparatlar daxili qanaxmaya səbəb ola bilir.
İran Qasım Süleymaninin qətlinə cavabdeh şəxsin adını açıqladıİran ABŞ prezidenti Donald Trampı İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinə cavabdehlik daşıyan bir nömrəli şəxs hesab edir.

“Fars” xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi açıqlama verib.

“Tramp şəhid Süleymaninin qətlinə görə məsuliyyət daşıyan bir nömrəli cinayətkardır” - deyə İ.Rəisi bildirib.

Qeyd edək ki, İran hökumət qurumları bir neçə gün əvvəl Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırladıqlarını bildirmişdi.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.