"Komitə daha çox maarifləndirmə işlərinin artırılmasını diqqət mərkəzində saxlamalıdır"Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bugünkü plenar iclasda çıxış edib. Deputatın çıxışını təqdim edirik:

“Hörmətli deputatlar!

"Gender barabərliyinin təminatlan haqqında" Azərbaycan Respublikasının 10 oktyabr 2006-ci il tarixli Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Milli Maclisinə təqdim edilmiş məlumata dair aşağıdakı fikirləri qeyd etməyi zərurui hesab edirəm. Təqdim edilən məlumatdan görünür ki, 11 rayonda (Ağdam, Goygöl, İsmayıllı, Zaqatala, Qəbələ, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul, Goranboy, Bakı şəhəri Xəzər rayonu) Uşaq və Ailələrə dəstək Mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə gender məsələləri üzrə məsul şəxslər müəyyənləşdirilmişdir. Lakin hesabatda qeyd edilir ki, məsul şəxslərin funksiyası hüquq və vəzifələri müəyyənləşdirilməmişdir. Qanunvericiliyin təkminləşdirilməsi zamanı bu məsələ nəzərə alınmalı, adıçəkilən məsul şəxslərin səlahiyyətləri dəqiq müəyyənləşdirilməlidir. Gender zorakılığı və uşağlara qarşı zorakılıq üzrə monitorinq qrupu yaradılıb. Həmin qruplara yerli icra hakmiyyətinin hümanitar məsələləri üzrə müavinləri rəhbərlik edirlər. Qeyd etmək lazımdır ki, monitorinq qrupunun formalaşdırılması zamanı yerli QHT nümayəndələri və ictimaiyət nümayəndələrinin cəlb edilməsi də faydalı olardı. 9 rayonda isə (Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar, Zaqatala, Xaçmaz va Bakı şəhərinin Xəzər rayonu) Qadın Resurus Mərkəzləri fəaliyyət göstərir. Hesabatda bildirilir ki, bu mərkəzlərin dayanıqlığını təmin etmək məsədi ilə bu təşkilatları QHT kimi qeydiyyatdan keçiriblər. Diqqət etsək görərik ki, Uşaq və Ailələrə dəstək Mərkəzləri və həmçinin Qadın Resurus Mərkəzləri demək olar ki, eyni regionlarda fəaliyyət göstərir. Hesab edirəm ki, Komitə bu məsələni diqqətdə saxlamalıdır. Digər regionlarla bağlı araşdırmaları davam etdirərək lazımi tədbirlər görməlidir.

Hesabatda qeyd edilir ki, cəmiyyətdə ayrı-ayrı sahələrdə, xüsusilə də ailə həyatında müxtəlif formalarda ayrıseçkiliyin təzahürləri, gender əsaslı zorakılıq halları cəzasız qalır. Bir məsələni də xüsusilə qeyd etməliyəm ki, Avropa Şurasının “Ailə işlərində vasitəçilik”lə bağlı tövsiyələri də milli dəyərlər fonunda öyrənilməli və praktik olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, ailə, nikah münasibətləri dövlətin himayəsində olmaqla, dövlət tərəfindən qorunur. Ailə institutunun qorunması cəmiyyətin harmoniyasını təşkil edən ən mühüm amildir. Təsadüfi deyil ki, ailə institutunun qorunması, mühafizəsi və inkişafı milli qanunvericilikdə həm əsas qanunumuz olan Konstitusiyada, həmçinin digər maddi hüquq normalarında öz əksini tapmışdır. Hesab edirəm ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən məsələlərin həllində təkcə inzibati amirlik metodlarını əsas götürməməli, daha çox maarifləndirmə işlərinin artırılmasını diqqət mərkəzində saxlamalıdır.

Sonda qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə, başda cənab Prezidentimiz və Mehriban xanım Əliyeva olmaqla, bütün xalqımızı, azərbaycanlıları səmimi qəlbdən təbrik edirəm.

Tanrı müstəqillik və həmrəyliyimizi əbədi etsin!”
Sülhməramlılar ermənilərin mənafeyi üçün canfəşanlıq göstərirQarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının atəş hazırlığı təlimi keçirmələri nəyə gərəkdir? Axı sülhməramlıların əsas və birbaşa işi hərbi təlimlər keçirmək deyil. Onlar ilk növbədə bölgədə real sülhyaratma işləri ilə məşğul olmalıdırlar.

Xəbər saytlarında bildirilir ki, sözügedən təlimlərdə müxtəlif növ atıcı silahlardan istifadə olunub və Rusiya tərəfinin rəsmi açıqlamasına görə, sülhməramlılar bu təlimləri diversiya hücumlarına qarşı döyüş hazırlığı keçmək məqsədilə təşkil ediblər.

Ancaq reallıq budur ki, nə Azərbaycan hərbçiləri, nədəki hal-hazırda Qarabağda gizlənmiş erməni terror dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları Rusiya sülhməramlılarına qarşı diversiya hücumları təşkil etməyə hazırlaşmır. Odur ki, sülhməramlılar hərbi təlimlər təşkil etmək əvəzinə, real sülhün bərqərar edilməsi istiqamətində təcili və təxirəsalınmaz işlər görməlidirlər.

Fakt budur ki, 10 noyabr üçtərəfli atəşkəs razılaşmasının imzalanmasının üzərindən bir xeyli vaxt keçsə də, lakin Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı erməni terror dəstələrinin tərksilah edilməsi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması istiqamətində hələ ki heç bir iş görməyiblər. Erməni silahlıları Xankəndi küçələrində maneəsiz gəzib dolaşır, erməni diversantları isə Hadrut istiqamətində Azərbaycan hərbçilərinə qarşı xaincəsinə hücumlar təşkil edirlər. Ancaq Rusiya sülhməramlıları isə bütün bunları görməzdən gəlir, hadisələrə qarşı seyrçi mövqe nümayiş etdirirlər. Bu isə sülhməramlılıq anlayışına qəti zidd olan davranış nümunəsidir.

Biz hesab edirik ki, Rusiya sülhməramlıları birtərəfli mövqe tutmamalı və təkcə ermənilərin simpatiyasını qazanmağa səy göstərməməlidirlər. Onlar Azərbaycan torpaqlarında yerləşdiklərinə görə, ilk növbədə Azərbaycan ictimaiyyətinin sayğısını, etibarını qazanmağa cəhd göstərməlidirlər. Terrorçubaşı Araik Arutyunyanla illərin həsrətlisi kimi qucaqlaşıb öpüşən general Rüstəm Muradov bir az da bu haqda düşünsə yaxşı olar.

Bu yaxınlarda millət vəkili Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticələri də mənə elə gəlir ki, Rusiya sülhməramlılarını ciddi şəkildə düşündürməlidir. Təsadüfi deyil ki, sözügedən rəy sorğusunda iştirak edən respondentlərin cəmi 1%-i Rusiya sülhməramlılarının fəaliyyətinin müsbət nəticələnəciyinə inanır. Bu isə o deməkdir ki, hazırda Azərbaycan cəmiyyətində sülhməramlılara qarşı etimad göstəricisi həddindən artıq aşağıdır.

Bu da ilk növbədə Rusiya sülhməramlılarının ermənilərin mənafeyi üçün canfəşanlıq göstərmələrindən, erməni silahlılarının hələ də tərksilah edilməməsindən, sülhməramlıların keçirdikləri görüşlərdə və tədbirlərdə qondarma "dqr"in əski parçasının Rusiya bayrağı ilə yanaşı qoyulmasından və sair bu kimi hallardan qaynaqlanır. Lakin biz ümid edirik ki, sülhməramlılar tezliklə öz fəaliyyətlərində obyektivliyə və neytrallığa doğru dönüş yaradacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Pandemiya ilə əlaqədar güzəştlərin müddəti BU TARİXƏDƏK uzadıldıMərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının uzadılması barədə qərar qəbul edib.

Mərkəzi Bankdan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur.

Cari ilin sentyabr ayında Mərkəzi Bankın yayımladığı açıqlamada məlumat verildiyi kimi, Tədbirlər paketi ilə müəyyən edilmiş ilkin müddət keçdikdən sonra, pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müvafiq qərar və tövsiyələrin böyük əksəriyyətinin tətbiqi müddəti Mərkəzi Bankının İdarə Heyətinin 30.09.2020-ci il tarixli, 45 saylı qərarı ilə 01 yanvar 2021-ci il tarixinədək uzadılmışdır. Bununla, fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 01 yanvar 2021-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına 01 yanvar 2021-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir.

Pandemiyanın yenidən genişlənməsi ilə əlaqədar karantin tədbirlərinin və bəzi iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlərin yenidən tətbiq edilməsi fonunda müşahidə edilən biznes və ev təsərrüfatlarının iqtisadi aktivliyinin və gəlirlərinin aşağı düşmәsi təbii ki, maliyyə sektoruna təsirsiz qalmır.

Qeyd olunanları, habelə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla, Mərkəzi Bankın requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edilmişdir.

Belə ki, dövlətin dəstək mexanizmləri ilə əhatə olunan və restrukturizasiya olunmuş kreditlərlə, habelə kapital adekvatlığı əmsalının minimum həddi, əməliyyat və bazar risklərinin kapitalda nəzərə alınması və kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması, eyni zamanda, cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunmasına dair kredit təşkilatlarına verilmiş tövsiyələrin həmin tarixədək qüvvədə saxlanılması nəzərdə tutulur.

Pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50% aşağı salınması qərarı 01 aprel 2021-ci il tarixinədək uzadılmışdır.

Həmçinin, qiymətli kağızlar bazarı iştirakçılarına verilmiş requlyativ güzəştlərin müddətləri, eyni zamanda, qiymətli kağızlar bazarında bağlanan əqdlər üzrə tariflərin, habelə Bakı Fond Birjasında listinqə daxil olması tariflərinin tətbiqinin 01 aprel 2021-ci ilədək təxirə salınması qərara alınmışdır.
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri görüşəcək2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları barədə danışarkən deyib.

O bildirib ki, görüşün təşkil olunması ilə bağlı yaxın zamanlarda tərəflər arasında müzakirələr başlayacaq.

Nazir görüşün keçiriləcəyi tarixin açıqlanacağını bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, üçtərəfli görüşün Pakistanda keçirilməsi planlaşdırılır.
İsraildə səfirliyin açılmasına çox ciddi ehtiyac var - DeputatBiz Əfqanıstanda səfirlik açmaqla diplomatlarımızı və onların ailə üzvlərini də risk altında qoyacağıq. Amma əgər hökumət belə hesab edirsə, mən bu qanun layihəsinə səs verəcəyəm.

Avrasiya.net xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söyləyib. O, daha sonra həmkarı Fəzail Ağamalının Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlərini dəstəkləyib.

Bildirib ki, biz qonşu ölkə olan İranla İsrail arasında öz vasitəçilik missiyamızı təklif etməliyik, necə ki, İran Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyirdi. Deputat vurğulayıb ki, Azərbaycanın İsraildə səfirlik açmasına da çox ciddi ehtiyac var:

“İsrail Azərbaycana dost ölkədir. Sahibə xanım, ümid edirəm ki, siz də bizim fikirlərimizi icra hakimiyyəti orqanlarına çatdıracaqsınız. Ümid edirəm ki, biz 2021-ci ildə İsraildə səfirliyimizin açılmasına nail olacağıq”, - Q.Həsənquliyev söyləyib.
Nailə Məmmədovanın yeni işi barədə nazirlikdən - Açıqlama187 saylı tam orta məktəbin keçmiş direktoru Nailə Məmmədovanın çalışdığı İctimai Nəzarət Koalisiyası özəl və müstəqil ictimai təşkilatdır.

Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu təşkilatın dövlətə bağlılığı və ya hüquqi qərar qəbul etmə səlahiyyəti yoxdur:

"Nailə Məmmədovaya yüksək vəzifə verilməsi doğru ifadə deyil. Çünki bu, vəzifə deyil, sadəcə olaraq bir ictimai əsaslı özəl təşkilatın strukturdur. O xanım direktor kimi öz ərizəsi ilə işdən azad olunub. Amma həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir".

Məsələ ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bu təşkilatın Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gələn və öz ərizəsi ilə işdən azad edilən keçmiş direktor Nailə Məmmədovanın İctimai Nəzarət Koalisiyasında “vəzifəyə” təyin edilməsi barədə məlumat yayılıb.

Bu QHT-nin rəhbəri Rasim Məmmədov N.Məmmədovanın qardaşıdır.
18 əsgəri “ölümə verən” erməni polkovnik həbs edildiErmənistanda hərbi hissələrdən birinin komandirinin müavini həbs edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prokurorluğu yayıb.

Prokurorluq komandir müavininin adını şərti olaraq “polkovnik-leytenant A.V” olaraq təqdim edib. Onun Qarabağdakı hərbi əməliyyatlar zamanı 18 hərbçinin ölümünə və daha bir nəfərin yaralanmasına gətirib çıxaran əmri verməkdə şübhəli sayıldığı bildirilib.

Belə ki, ölən hərbçilərdən birinin atası olan X.O. Ermənistan Baş prokuroru Artur Davtyana məktubunda bu iddiaları təsdiqləyib. O, məktubda 9 oktyabrda Qubadlının Xanlıq kəndi yaxınlığında Azərbaycanın zərbə PUA-larından qaçmaq üçün avtomobildən çıxıb kənara çəkilən hərbçilərin məhz komandir müavininin əmri ilə yenidən maşınlarına əyləşərək, yola davam etdiklərini və az sonra PUA-nın zərbəsi nəticəsində hərbi maşının məhv edildiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun məhv etdiyi kolon Füzuli istiqamətində cəbhəyə gedirmiş.

Türkiyə NATO-dan çıxa bilər?Türkiyəyə qarşı sanksiya tətbiqi qüvvəyə mindiyi gündən Milli Müdafiə Nazirliyinin hər addımı izləniləcək. Bunun istər-istəməz strateji, hərbi və siyasi nəticələri var. Hətta Türkiyənin NATO ilə münasibətləri pozula bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı yazar, təqaüddə olan polkovnik Oleq Faliçev çıxış edib

O.Faliçev qeyd edib ki, Ankara bu günədək ABŞ və NATO-nu İncirlikdən qovmağa cəsarət etməsə də, indi buna cavab vermək üçün səbəbləri var.

Türkiyənin bu sanksiyadan sonra ABŞ və NATO müttəfiqləri tərəfindən istehsal olunan silahları ala bilməyəcəyini deyən Faliçev, eyni zamanda, Ankaranın hər hansı bir danışıq apara bilməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın vetosunu aradan qaldıraraq, 2021-ci il üçün müdafiə büdcəsinin layihəsini yenidən təsdiqləyib. Bu çərçivədə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi gözlənilir.
Rusiyanın PUA qorxusu: lazer silahı yaradır...Rusiyada dronlarla mübarizə aparmaq üçün lazer kompleksləri yaradılır.

Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko deyib.

"Hazırda pilotsuz uçan aparatlara, həmçinin düşmənin optik-elektron vasitələrinə qarşı lazer sistemlərinin yaradılması üzərində iş gedir”, - nazir müavini bildirib.
Jurnalist: "4 milyonluq mənzili hansı pulla almısınız?"Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün publik qaydada tənqid olunan və işdən çıxarılan Elmar Məmmədyarov "Azadlıq radiosu"na müsahibə verib.

Həmin müsahibədə belə bir fraqment də var. Jurnalist sabiq nazirdən soruşur ki, “Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla bağlı açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik”.

E.Məmmədyarov suala qısa cavab verir: “Mən də təkrar edirəm - bu, şəxsi məsələdir”.

Jurnalist bu fikirlə razılaşmır: “Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı?!”

E.Məmmədyarov yenə tövrünü pozmur: “Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər”.

Jurnalist bu dəfə də razılaşmır: “Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?”.

“Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?”.

Belə olanda jurnalist sualı başqa cür qoyur: “O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili?”

“Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”, - deyə sabiq nazir bu dəfə də olduqca sakit və arxayın cavab verir...