“İt var, qulağı kəsiləndə yaraşıqlı görünər”...
Vasif Əfəndi
Xalq məsəlləri bəzən bir cümlə ilə bütöv bir idarəçilik fəlsəfəsini ifşa edir. “İt var, qulağı kəsiləndə yaraşıqlı görünər” ifadəsi zahiri sərtliklə nüfuz qazanmağa çalışan, qorxu yaratmağı idarəetmə üsulu sayan rəhbərlərin iç üzünü açan güclü bir metaforadır. Bu məsəli qudurğan məmurlar və zalım rəhbərlər kontekstində düşündükdə, onun nə qədər acı həqiqətləri ifadə etdiyi aydın görünür.
İllər öncə çalışdığım bir müəssisədə yaşadığım hadisə bu məsəlin canlı təcəssümü idi. Müəssisənin adını çəkmirəm, çünki qanun qarşısında rəhbərini cəzalandırmışam və məsələ artıq tarixə çevrilib. İki aylıq sınaq müddətindən sonra rəhbərlik məni yanına çağırıb öz ərizəmlə işdən çıxmağımı istədi. Səbəbini soruşduqda, işçilərlə münasibətimin “uyğun olmadığını” dedi.
Mən bildirdim ki, işçilərlə ədalətli davranmağa çalışmışam və buna nail olduğumu düşünürəm. Rəhbər isə gülərək belə dedi:
“Bizi narahat edən elə budur. Mənə arxasınca işçilərin anasına söyülən istehsalat müdiri lazımdır. Sən onların rəğbətini qazanmısan, ona görə bizə sərf etmirsən. Hər gün bir neçə nəfərə 50–100 manat cərimə yazmalıydın ki, işçilər müti olsunlar.”
Bu sözlər təkcə bir rəhbərin düşüncə tərzini deyil, qorxu üzərində qurulmuş idarəetmə modelini açıq şəkildə göstərirdi. Orada məqsəd istehsalın səmərəliliyi deyil, insanların alçaldılması və itaətə məcbur edilməsi idi. Sanki rəhbərlik üçün ideal işçi hörmətlə çalışan deyil, qorxudan susan insan idi.
Mən o sahibkara tüpürüb işdən getdim. Bu, təkcə bir iş yerindən ayrılmaq deyildi — insan ləyaqətini alçaldan idarəetmə anlayışına etiraz idi. Lakin bununla məsələ bitmədi. Mən lazımi instansiyalara müraciət etdim və aparılan araşdırmalardan sonra müəssisənin rəhbəri ciddi şəkildə cəzalandırıldı. Qanunun qarşısında hamının bərabər olduğunu görmək həm şəxsi, həm də ictimai ədalət hissini bərpa edən bir an idi.
Bir zamanlar məni alçaq ifadələrlə təhqir edib işdən qovan həmin məmur sonradan qarşımda küçük kimi zingildəyərək onu bağışlamağımı istəyirdi. Onun qudurğan görünüşündən, amirlik təkəbbüründən əsər-əlamət qalmamışdı. Qorxu üzərində qurduğu nüfuz bir anda yox olmuşdu. Çünki o nüfuz həqiqi deyildi , saxta idi.
Mən də beş tanınmış kişinin yanında onun “qulağını kəsib” yaraşıqlı etdim ,yəni onu qanun və həqiqət qarşısında məsuliyyətini etiraf etməyə məcbur etdim. Bu, qisas deyil, ədalətin bərpası idi. Çünki bəzən insanın təkəbbürünü kəsən bıçaq fiziki deyil, hüquq və həqiqət olur.
Bu hekayə göstərir ki, qorxu üzərində qurulan sistemlər müvəqqətidir. Sərt görünmək, təhqir etmək, cərimələrlə insanları susdurmaq rəhbəri güclü etmir , əksinə, onun zəifliyini ört-basdır etməyə xidmət edir. Həqiqi liderlik isə ədalət, hörmət və insan ləyaqətinə dəyər verməklə ölçülür.
Zorla “yaraşıqlı” görünmək istəyənlər, bir gün həqiqətin qarşısında öz eybəcərlikləri ilə üz-üzə qalırlar.
