Azərbaycan və ABŞ əməkdaşlığının iqtisadi və regional təsiri
Əli Səlimov
İqtisadçı
Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər tarixi baxımdan müəyyən mərhələlərdən keçmişdir. Əvvəlki illərdə iki ölkə arasında əlaqələr məhdud və daha çox formal xarakter daşıyırdı. Diplomatik əlaqələr mövcud olsa da, strateji əməkdaşlıq və iqtisadi layihələr hələ geniş inkişaf etməmişdi. Bununla belə, regional sülh və təhlükəsizlik məsələləri, enerji resurslarının idarə olunması və ticarət imkanlarının optimallaşdırılması üçün qarşılıqlı maraqlar mövcud idi.
2025-ci ilin avqust ayında ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsi bu münasibətlərin dərinləşməsində dönüş nöqtəsi oldu. Bu müqavilə yalnız regional təhlükəsizliyi gücləndirməklə kifayətlənmədi, həm də Azərbaycan-ABŞ dialoqunu yeni səviyyəyə qaldırdı. Müqavilənin imzalanması tərəflər arasında iqtisadi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait yaratdı. Bu, həmçinin Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi və regionda sülh təşəbbüslərinin dəstəklənməsinə zəmin formalaşdı.
2026-cı ilin fevralında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə bu inkişafın daha konkret və strukturlaşdırılmış formasıdır. Sənəd enerji, nəqliyyat, logistika və rəqəmsal inkişaf sahələrində əməkdaşlığı əhatə edir və iqtisadi inkişafın artırılmasına xidmət edir. Enerji sektoru bu əməkdaşlığın əsas və ayrılmaz elementlərindən biridir. Azərbaycan uzun illərdir ki, regionun enerji təhlükəsizliyində aparıcı rol oynayır və ABŞ ilə əməkdaşlıq enerji layihələrinin beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin edir.
Strateji tərəfdaşlıq həm də iqtisadiyyatın diversifikasiyasına xidmət edir.
ABŞ ilə əməkdaşlıq yalnız enerji sahəsini əhatə etmir, həmçinin rəqəmsal infrastruktur və innovasiya ekosisteminin inkişafını da təmin edir. Ölkə iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlılığı artır və ölkə uzunmüddətli dövrdə rəqabət qabiliyyəti inkişaf edəcək. Əməkdaşlıq Azərbaycanın həm beynəlxalq, həm də regional səviyyədə balanslı xarici siyasət strategiyasını gücləndirə bilər. Orta Dəhliz və digər nəqliyyat-logistika layihələri Azərbaycanın regional ticarət və nəqliyyat mərkəzinə çevrilməsinə imkan yaradır. Bu əlaqələr də həmçinin diplomatik manevr imkanlarını artıracaq, qonşu ölkələrlə münasibətlərin tənzimlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına dəstək verəcək. Bununla da Azərbaycanın yalnız iqtisadi baxımdan deyil, həm də diplomatik və geosiyasi baxımdan möhkəmlənməsinə xidmət edir. Regional təhlükəsizliyin qorunması və güclənməsi regiona xarici investorların marağının artmasına səbəb ola bilər, bu da həm Azərbaycanın, həm də digər region ölkələrinin iqtisadi inkişaflarına töhfə verəcəkdir.
Burada əsas məsələ gözləntilərlə reallığın balanslaşdırılmasıdır. Ümumilikdə isə 2025-ci ilin avqust ayında imzalanan sülh müqaviləsi və 2026-cı ilin Strateji Tərəfdaşlıq Xartiyası aydın şəkildə göstərir ki, əlaqələr yalnız rəsmi sənədlər deyil, həm də praktiki əməkdaşlıq və iqtisadi perspektivlərin genişləndirilməsi üçün əsas vasitədir. Beləliklə, Azərbaycan - ABŞ münasibətləri ölkənin iqtisadi və regional inkişafına əhəmiyyətli töhfələr verir və gələcəkdə daha geniş və dayanıqlı tərəfdaşlıq modelinin formalaşmasına zəmin hazırlayır.
