"Hacı" olan çox oldu, bircəciyi Hacı Zeynalabdin olammadı"

Mübarək Ramazan ayı yaxınlaşmaqdadır. Xalqımıza xeyirli - uğurlu, bərəkətli olsun, inşallah. Türkiyə də qarışıq bir çox müsəlman ölkələrində, hətta müsəlmanlara hörmət olaraq bəzi qeyri - müsəlman ölkələrində bu ayda müəyyən güzəştlər, rahatlıqlar yaradılır, oruc tutanlar nəzərə alınır. Əsasən market və kafe-restoranlar endirim edir, iftarlar verilir...

Təəssüf ki, ölkəmizdə bunun əksini müşahidə edirik. Qiymətlər daha da bahalaşır, heç bir güzəşt olmur, fırıldaqçılar, işbazlar, dəllallar, fürsətcillər işə düşür, yalnız maddiyyat, qazanc düşünən şəxslər bu gözəl ayın mənəvi ab-havasına zəhər qatırlar. Yardımlaşma, sosiallaşma, iftarlaşma da ancaq tanışlar, dəstələr arasında baş tutur. Hələ də bəzi insanlar mağara təfəkkürü, tayfa düşüncəsi, xanlıqlar dövrünün ənənəvi məzhəbçilik tabusundan qurtula bilmir.

İftar süfrələrinin, qurban ətlərinin pulla satıldığı ikinci müsəlman ölkəsi varmı? İnanmıram olsun. Qəndə kirəc, düyüyə kauçuk, sumağa süpürgə toxumu, çörəyə sidr-kafur qatanlar Ramazanı da özlərinə qazanc sezonu hesab edirlər. Savab yox pul qazanmağı üstün tutanlar demək Allaha, Qurana, ilahi dərgahdan ruzi verilməsinə inanmayıblar. Yaxud şəkk içindədirlər ki, əşşi nə bilək o dünya var yoxsa yoxdur, Allah mənim bu səxavətimə əvəz verəcək yoxsa verməyəcək, yaxşısı budur "yüz nisyədən bir nağdı yaxşıdır" prinsipi ilə pulumu qazanım. Yaxşı, qazan. Lap güzəşt, endirim də etmirsən, etmə. Amma heç olmasa aldatma, qiymətləri süni şəkildə qaldırma. Menyunun adını "iftar süfrəsi" qoyub satma. İmanın yoxdursa, vicdanınısada itirmə.

Dini alverə, mənfəətə, ticarətə çevirənlər ən xəbis adamlardır. Din peşə deyil, mənəvi dəyərdir. Mənəvi dəyəri maddi mənfəət obyektinə çevirmək dələduzluqdur.

Böyük marketlər, böyük restoranlar var. Beşcə qəpik endirim etməzlər. Bilmirəm bu imansızlıq haradan keçib? Sovet dövründən qalma da deyil. Çünki Orta Asiya ölkələri də bizi kimi sovetin tərkibində olub, amma oralarda da belə insafsızlıq yoxdur.

14 dəfə Həccə gedib 8 min manatlıq saat taxan, 180 minlik maşın sürən adamlar Ramazanda 1-cə manat endirim etməyə can çəkirlər.

Qurban ətini, iftar süfrəsini pula satanlar əvvəlcə imanını satıb.

Bəziləri də sanki yaxşılıq etməyə qorxur. Səxavət göstərməyə çəkinir. Bəlkə də düşünür ki, vəhşi xislətli məmurların nəzər - diqqətinə gələ bilərlər. Çünki belə şeylər çox olub. Xeyirxahlıq, yaxşılıq edəni çağırıb deyiblər ki, deyəsən pulun çoxdur? Elə çoxdursa gətir bizə ver. İmtina edənlərin də başına nələr gəldiyi çoxuna məlumdur...

Amma bildiyim qədər daha belə şeylər yoxdur. Ramiz Mehdiyev də çökdü. Bəs nədir problem? Niyə imkanlı adamlar, iş adamları bircə ay yaxşılıq, xeyirxahlıq etmək istəmir?

Ramazan ayı təkcə ac qalmaq ayı deyil. Sədəqə, iftar vermək, ərzaq paylamaq, qiymətlərə endirim və güzəştlər etmək ayıdır. İbadətləri qarına bağlamaq yanlışdır. Dinin əsas tələbləri mənəviyyatı kamilləşdirməkdir. Oruc hədəf deyil, vasitədir. Orucla insan kamilləşmirsə ona qalan yalnız tibbi faydadır. Namazla insan sosial şəbəkələrdə söyüşü tərgitmirsə ona qalan əyilib qalxmaqdır. Həccə getməklə beş ailəyə yardım etməyə cəsarəti çatmırsa ona qalan səyahətdir.

İftar satan dəllallar, dini şüarlarla Ramazan ayında fürsətcillik edənlər savab qazana bilmirlərsə günah da qazanmasınlar heç olmasa.

Səd heyf! Sanki milyonlarını millətə sərf edən Hacı Zeynəlabidin kimi xeyriyyəçilər bu xalqın övladı deyilmiş. Kişinin ənənəsini davam etdirən olmadı. İndikilərin pulu ondan da çoxdur, amma imanı, cəsarəti, mürüvvəti, səxavəti yoxdur... "Hacı" olan çox oldu, bircəciyi Hacı Zeynalabdin olammadı.

Tural İrfan
İlahiyyatçı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər