ABŞ İranla ikinci danışıqlara hazırlaşır
Vaşinqton və Tehran arasında növbəti görüşlə bağlı ABŞ administrasiyası daxilində müzakirələr aparılır.
Bu barədə CNN danışıqlarla tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbə kanala bildirib ki, danışıqların daha bir mərhələsi baş tuta bilər və Türkiyə tərəflər arasındakı boşluqları aradan qaldırmaq üçün çalışır. Cenevrə və İslamabad yenidən növbəti mərhələ üçün potensial məkan kimi nəzərdən keçirilir. Dialoqla tanış olan rəsmilər diplomatik həll yoluna ümid bəsləyir və atəşkəsin uzadılması ehtimalını da nəzərə alırlar.
Qeyd edək ki, 11 apreldə İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident J.D. Vens rəhbərlik edib. Tehran və Vaşinqton fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmələr raundunun baş tutub-tutmayacağı hələlik məlum deyil. ABŞ 13 apreldən etibarən İrana qarşı dəniz blokadası tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
