"Tərəflər hələ də hədə-qorxu ritorikası ilə danışmaqdadırlar"
Baş nazir Benyamin Netanyahunun Trampın elan etdiyi atəşkəs qərarına dəstək verməsi, lakin öz siyasi maraqlarına uyğun addımlar atması beynəlxalq aləmdə maraq doğurub. İranla başlayan müharibə konkret məsələlər ətrafında aparılan müzakirələrdən sonra başladı.
Bunu Avrasiya.net-ə politoloq Bakir Həsənbəyli deyib.
O, qeyd edib ki, bura İranın nüvə proqramı, ballistik raket layihələri, insan hüquqları və Tehranın dəstəklədiyi proksi qüvvələrlə bağlı problemlər daxildir. Bu məsələlərdə razılıq əldə olunmadığı üçün müharibə ilə bağlı qərar verildi:
"ABŞ hesab edir ki, İranla atəşkəs müddətində bu mövzularla bağlı razılıq əldə etmək mümükündür. Lakin bir neçə məsələ ilə paralele İranın Livanla bağlı tələblərininin İsrail tərəfindən qəbul etməsi sual doğurur.
Livan zəif dövlətdir və Hizbullaha təsir imkanları yoxdur. Hizbullah faktiki olaraq dövlət içində dövlət kimi fəaliyyət göstərir. İsrailin mövqeyi ondan ibarətdir ki, bu təşkilata qarşı hərbi əməliyyatlar davam etdirilməli və ölkənin əl-qolunu bağlayacaq hər hansı razılaşmaya yol verilməməlidir. İsrail İranı özünün strateji rəqibi olan dövlət kimi görür.
Livan isə müstəqil şəkildə idarə olunmayan, Hizbullahın fəaliyyət göstərdiyi ərazidir. İsrail öz sərhədlərində belə bir təhlükənin qalmasında maraqlı deyil, çünki Hizbullah uzun müddətdir ciddi hərbi təhdid kimi qiymətləndirilir. Üstəlik, Livanın atəşkəs sazişinə daxil edilməsi İranın əsassız şərtlərinin qəbul edilməsi kimi başa düşülə bilər" - politoloq deyib.
B.Həsənbəyli deyib ki, bu isə nəinki İsrail, həm də ABŞ üçün arzuolunmaz haldır. Trampın Tehrana öz nüvə proqramını bərpa edəcəyi təqdirdə Vaşinqton onu yenidən məhv edəcək bəyanatıda göz ardı edilən faktor deyil. ABŞ prezidenti davamlı olaraq qeyd edir ki, onlar bunu etməməli idilər. Biz onların nüvə potensialını məhv etdik. Onlar yenidən başlaya bilərlər. Əgər bunu etsələr, biz onu bir göz qırpımında məhv edəcəyik, - deməsi münaqişənin yenidən alovlanmasına işarədir:
"İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ rəsmilərinin son təhdidlərinə cavab olaraq sərt açıqlama verirr. O, bildirib ki, əgər hücumlar təkrarlanarsa, İran daha qətiyyətli cavab verəcək. Göründüyü kimi tərəflər hələ də hədə-qorxu ritorikası ilə danışmaqdadırlar. Görünən mənzərə ondan ibarətdir ki, İran nüvə proqramını davam etdirmək niyyətindədir.
Bəs növbəti ABŞ-İran qarşıdurması baş verə bilərmi? İran uranın zənginləşdirilməsinə davam edəcək. Savaş İrana zərbə vurdu. Lakin ölkədəki böhranları da müəyyən qədər pərdələdi. ABŞ liderinə İran xarici işlər nazirinin cavabı və ümumi mənzərə onu deməyə əsas verir ki, İranın uranın zənginləşdirilməsinə davam etməsi indiki problemlərin davam edəcəyini göstərir.
İqtisadi baxımdan, Fars körfəzindən neft ixracını təhdid edən və ya pozan hərbi toqquşma qlobal təsirlərə səbəb olacaq, neft qiymətlərində kəskin yüksəliş və enerji idxal edən ölkələrdə inflyasiyanın artması ilə nəticələnəcək. Bazarlar qeyri-sabit olacaq və zəif iqtisadiyyata malik ölkələrdə əlavə problemlər yaranacaq. Uzunmüddətli münaqişə regionda və ondan kənarda humanitar böhranları dərinləşdirəcək və miqrasiya təzyiqlərini artıracaq. Siyasi baxımdan, ABŞ-ın təhdidləri İranda radikal siyasət tərəfdarlarının mövqeyini gücləndirəcək.
Bu vəziyyət daxili islahatları və diplomatik əlaqələrin qurulması imkanlarını demək olar ki, qeyri-mümkün edəcək. Sözügedən vəziyyət həm ABŞ-a, həm də regional rəqiblərə və qlobal güclərə qarşı daha sərt mövqe ilə nəticələnəcək. Nəticə etibarilə, İranın ABŞ-ın açıq təhdidlərinə baxmayaraq nüvə proqramını davam etdirməsi çoxşaxəli bir böhranın alovlanması riskini daşıyır. Belə bir qarşıdurma onsuz da gərgin olan regionu daha da qarışdıra, diplomatik səyləri zəiflədə, qlobal enerji təchizatını pozacaq. Tehran və Vaşinqtonun bu kritik mərhələdə atacağı addımlar Yaxın Şərqdə təhlükəsizlik dinamikasını və beynəlxalq sistemin sabitliyinə uzun illər boyu təsirini qoruyacaq.
Görünən mənzərə onu deməyə əsas verir ki, Tehranın nüvə proqramından imtina etməməsi Qərbin sərt reaksiyası ilə qarşılaşacaq. Sözügedən vəziyyət böyük müharibəni qaçılmaz edə bilər".
