Bir ömr nümunəsi...
“İnsanı yaşadan ömür yox, qoyduğu izdir”.
Bugünkü yazımın qəhrəmanı da hər zaman hörmət, etibar və xoş xatirələrlə yadda qalan insanlardandır.
Nurəddin (Nuru) Əliyev 1965-ci il aprelin 15-də Ağstafa rayonunun Köçvəlli kəndində, sadə və zəhmətkeş bir ailədə dünyaya göz açıb. Yazın gözəlliyi, təbiətin oyandığı bir vaxtda Əliyevlər ailəsinə nur kimi bir oğlan övladının gəlişi evə sevinc, ocağa işıq gətirir. Onun doğulduğu gün Ələddin kişi ilə Səməndər xanımın sevincinin həddi-hüdudu olmur. Bu körpə sanki ailəyə ümid, ürəklərə istilik bəxş edir. Həmin gün təkcə bir övladın deyil, yeni bir ümidin doğulduğu gün kimi yadda qalır. Atası ona “Nurəddin” adını verir və belə deyir: “Adını mən verirəm, bəxtini Allah versin.”
İlk təhsilini doğma Köçvəlli kənd orta məktəbində alan Nurəddin zəhmətə alışmış, sadəliyi və çalışqanlığı ilə seçilən bir gənc kimi formalaşır. Kənd mühitində keçən məktəb illəri onun torpağa, təbiətə bağlılığını daha da gücləndirir. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra həyatında yeni bir mərhələ başlayır — təhsilini davam etdirmək üçün Bakıya üz tutur. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini uğurla bitirir.![]()
Macarıstan Respublikasında iki illik hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində N. Nərimanov adına Qazçıxarma idarəsində mühəndis kimi əmək fəaliyyətinə başlayır. Qısa zamanda məsuliyyəti, işinə bağlılığı və səmimi münasibəti ilə kollektivin rəğbətini qazanaraq sevilən əməkdaşlardan birinə çevrilir.
Elm və bilik onun həyatında hər zaman xüsusi yer tutur. O, təkcə qazandığı təcrübə ilə deyil, həm də elmi dünyagörüşü ilə seçilir. Təbiətə və coğrafiyaya olan dərin marağı onu daha geniş araşdırmalar aparmağa sövq edir. Nəticədə elmi fəaliyyətlə məşğul olur, geologiya sahəsində tədqiqatlar aparır və coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür.
Məlum səbəblərdən zavod fəaliyyətini dayandırdıqdan sonra bir müddət işsiz qalır. Bu dövr onun həyatında sınaqlı mərhələ kimi yadda qalır. Lakin Nurəddin Əliyev ruhdan düşmür, özünə inamını itirmir və biznes fəaliyyətinə başlayır. Kiçik imkanlarla başladığı bu yolda səbir, zəhmət və düzgün qərarlar onun əsas dayağı olur. Tədricən işini genişləndirir, etibar qazanır və uğura doğru inamla irəliləyir.
Nurəddin Əliyev ailəlidir. Onun ailəsi sadəliyi və səmimiyyəti ilə seçilir. Həyat yoldaşı Sənubər xanım kitabxanada məsul vəzifədə çalışaraq cəmiyyətin maariflənməsinə öz töhfəsini verir. Bu fəaliyyət onun üçün yalnız iş deyil, həm də bir missiyadır. Övladları Orxan və Fidan gömrük sistemində məsuliyyətli və intizamlı fəaliyyətləri ilə ailənin adını layiqincə təmsil edirlər.
Qohumları və dostları arasında böyük hörmət və nüfuz sahibi olan Nurəddin Əliyev eyni zamanda üç nəvənin sevimli babasıdır — sevgi və qayğı mənbəyidir.
O, xeyriyyəçilik fəaliyyətində də fəallığı ilə seçilir. Onun gördüyü işlər yalnız maddi yardımla məhdudlaşmır — insanlara mənəvi dayaq olur, onların qayğısına qalır, ümid verir. Xüsusilə şəhid və qazi ailələrinə göstərdiyi diqqət onun Vətənə və millətə bağlılığının bariz nümunəsidir.
44 günlük Vətən müharibəsi dövründə də cəbhəyə dəstək göstərərək əsgərlərimizə həm maddi, həm də mənəvi dayaq olur. Bu, onun Vətən sevgisini sözlə deyil, əməli ilə yaşadan insan olduğunu bir daha sübut edir. Harada fəaliyyət göstərməsindən asılı olmayaraq, dürüstlüyü, məsuliyyəti və insanlara qayğısı ilə seçilir, gördüyü işlərlə hörmət və etibar qazanır.
Onun həyat yolu sakit, lakin mənalı bir iz kimi yadda qalır. O, böyük sözlər demədən, sadə əməlləri ilə insanların qəlbində yer tutanlardandır. Xeyirxahlığı ilə könüllərə yol tapır, mehribanlığı ilə insanları bir araya gətirir, Vətəninə sevgisini hər zaman əməli ilə göstərir. Dövlətinə sədaqəti, millətinə bağlılığı ilə seçilən, dar gündə dayaq olan, xoş gündə sevincə şərik çıxan bir insan kimi tanınır. Onun gördüyü işlər, göstərdiyi qayğı və etdiyi yaxşılıqlar zaman keçsə də unudulmur, yaddaşlarda yaşayır.
15 aprel Nurəddin Əliyevin doğum günüdür. Bu münasibətlə onu sevənlər və dostları adından səmimi təbriklərimizi çatdırırıq. Nurəddin müəllimə möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq. Qoy hər yeni yaşı ona sevinc, xoşbəxtlik və yeni nailiyyətlər gətirsin.
[
Ceyhun Şüküroğlu
